Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-136/2024 17.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X4 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1978/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddia tələbinin təmin edilməsi, Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, HO0003042-2022 saylı kredit müqaviləsi üzrə 1610.93 manat əsas, 22.56 manat faiz, 20.94 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, HO0003175-2022 saylı kredit müqaviləsi üzrə 614.65 manat əsas, 4.54 manat faiz, 12.98 manat cərimə borcu olmaqla, ümumilikdə 2286.6 (iki min iki yüz səksən altı manat altmış qəpik) manat borc və 42.87 (qırx iki manat səksən yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2022-ci il tarixli, HO0003042-2022 saylı kredit müqaviləsi üzrə 1610.93 manat əsas, 22.56 manat faiz və 20.94 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, HO0003175-2022 saylı kredit müqaviləsi üzrə 614.65 manat əsas, 4.54 manat faiz və 12.98 manat cərimə borcu, məhkəmədə iddia verilməsi üçün ödənilmiş 42,87 manat məbləğində dövlət rüsumu, ümumilikdə 2329,47 manatın cavabdehdən tutularaq iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, HO0003042-2022 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 48% ödəmək şərti ilə 4200 (dörd min iki yüz) manat və xx.xx.2022-ci il tarixli, HO0003175-2022 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 48% ödəmək şərti ilə 1619 (bir min altı yüz on doqquz) manat məbləğində kredit verilmişdir. İddiaçı hər iki müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmiş olsa da, Cavabdeh hər iki kredit müqaviləsi üzrə razılaşdırılmış müqavilə şərtlərini pozaraq, üzərinə götürdüyü öhdəliyini vaxtında icra etməmişdir. Bu səbəbdən də cavabdehin iddiaçı təşkilata girov qoyduğu qızıl-zinət əşyaları onun razılığı əsasında satılaraq, kredit müqaviləsi üzrə borc məbləğindən silinmişdir. Buna baxmayaraq hazırda xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-yə xx.xx.2022-ci il tarixli, HO0003042-2022 saylı kredit müqaviləsi üzrə 1610.93 manat əsas, 22.56 manat faiz və 20.94 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, HO0003175-2022 saylı kredit müqaviləsi üzrə 614.65 manat əsas, 4.54 manat faiz və 12.98 manat cərimə borcu olmaqla, ümumilikdə iki kredit üzrə cəmi 2286.6 manat kredit borcu qalmaqdadır. Dəfələrlə, cavabehə iddaiçıya olan qalıq borcunu bağlaması barədə xəbərdarlıq olunmasına baxmayaraq, bunun bir müsbət nəticəsi olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, girov əmlakın real qiymətinin müəyyən edilməsi üçün əmtəəşünaslıq, borcun müəyyən edilməsi üçün mühasibatlıq ekspertizası keçirməklə, borcun müəyyən olunaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, naməlum, ekspert kimi fəaliyyəti müəyyən edilmədən, açıq hərrac olmadan əmlakı publisisitik qaydada satılması əmlakın qanunsuz mənimsənilməsidir. İddia ərizəsində qeyd edilməsə də, pretenziya məktubu ilə iddia ərizəsindəki məbləğin müqayisəsindən də görünür ki, qeyd edilən yüksək 77.9 qram (nisbi olaraq) azalma qızıl zinət əşyalarının girov predmeti olaraq naməlum formada realizəsi ilə azaldılmışdır. Belə ki, borclunun bilavasitə ödənişi olmamışdır. Hərrac təşkilatlarına edilən müraciətə əsasən bildirildi ki, tərəfələr arasında hər hansı qızıl-zinət əşyalarının açıq auksion keçirilməmişdir. Sifariş daxil olmamışdır, nə də ki, notarial qaydada qanunvericiliyin tələbinə əsasən girovqoyanın razılığı olmamışdır ki, bank istədiyi kimi publisistik qiymətə realizə eləsin. Əmlakın hansı mütəxəsis tərəfindən hansı əsasla müqayisəli tədqiqat üsulu ilə qiymətləndirilməsi, orta bazar qiyməti hansı formada müəyyən edilməsi, hansı formada, hansı hərracda keçirilməsi və girov predmeti üzrə sərəncamı kimin verməsi bilinmir, və əvvəllər də məlumatlandırılmayıb. 77.9 qram qızıl zinət əşyalarının realizəsindən məlumatı olmaması hesab edilir ki, qiymətinin də 3 qat azlığı ilə müşaiyət edilib ki, BOKT tərəfin əmlakının taleyini mülkiyyətçiyə bildirilməyərək və borcunu naməlm formada, publisistik məbləğlə azaldılıb. Nəticədə borclu olaraq cavabdehdən yenə qalıq məbləğ istənilir. Əmlak dogru formada qiymətləndirilib, açıq hərracda satılsaydı, borc tam bağlana hələ ona çatacaq fərq də qalmalı idi. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsində gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Real situasiyanı əsk etdirmir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticəni avabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, HO0003042- 2022 saylı kredit müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. İşdən göründüyü kimi tərəflər arasında bağlanmış kreditin təminatı kimi cavabdehə məxsus qızıl-zinət əşyaları girov qoyulmuşdur. Müqavilənin 8.1-ci bəndində girov predmetinin dəyəri 6348,30 manat müəyyən edilmişdir. Hazırda cavabdeh müqavilə şərtini pozaraq borcunu vaxtında ödəniş etmədiyindən, iddiaçının mövcud iddianı qaldırmaq hüququ yaranmışdır. Lakin iddiaçı məhkəməyə müraciət etmədən girov qoyulmuş əşya hesabına tələbinin ödənilməsi prosedurunu həyata keçirərkən Mülki Məcəllənin 296.1-ci maddəsinin tələbini pozmuşdur. Qeyd olunan maddədə girov münasibətlərinin çox vacib bir məsələsi girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydaları müəyyən edilmişdir. Girov saxlayanla girov qoyan arasında notariat qaydasında təsdiqlənmiş razılaşma olmadıqda öhdəliyin girov predmeti hesabına ödənilməsi məhkəmə yolu ilə həll edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəfindən girovsaxlayanın borcunu ödəmək məqsədilə məhkəmədən kənar qaydada girovu satmaq səlahiyyətinin olması barədə verilmiş razılıq ərizəsi notarial qaydada təsdiq edilməmişdir. Belə ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə əsasən girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın razılaşması notariat qaydasında təsdiqlənməlidir. Lakin həmin razılıq ərizəsi qanunvericiliyin tələbinə uyğun qaydada notarial qaydada təsdiq edilmədiyindən, iddiaçı qanunvericiliyin tələbini pozaraq girov əmlakı satmışdır. Baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinin dəlili isə girov əmlakın real qiymətinin müəyyən edilməsi üçün əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədədir. Məhkəmə kollegiyası tərəfindən işin hərtərəfli araşdırılması məqsədilə mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 30 noyabr 2023-cü il tarixli 9/7295 nömrəli ekspert rəyi ilə əyarı 585 çəkisi 1,2 qram təşkil edən 1 ədəd kulon, əyarı 585 çəkisi 3,3 olan 1 cüt sırğa, əyarı 585 çəkisi 16,7 qram olan 2 ədəd boyunbağı, əyarı 585 çəkisi 20,2 qram olan boyunbağının, əyarı 750 çəkisi 15,2 qram olan 3 ədəd komplektin, əyarı 585 çəkisi 2,8 qram təşkil edən 1 cüt sırğa, əyarı 585 çəkisi 11,2 olan 2 ədəd boyunbağı-qolbaq, əyarı 585 çəkisi 5,0 qram olan 1 ədəd qolbaq, əyarı 750 çəkisi 2,3 qram olan 1 cüt sırğanın nəzəri qaydada hazırkı dövrə orta bazar qiyməti təxminən 7059,0 manat müəyyən edilir. Göründüyü kimi ekspert rəyi ilə girov qoyulmuş qızıl-zinət əşyalarının ümumi dəyəri 7059,0 manat təşkil edir. Lakin iddiaçı akta əsaslanaraq həmin qızıl-zinət əşyalarını 3000 manat dəyərində qiymətləndirərək, həmin məbləği cavabdehin kredit müqaviləsi üzrə yaranmış borcundan çıxaraq, qalan məbləğin geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki ekspertiza rəyi ilə qiymətləndirilən girov qoyulmuş qızıl-zinət əşyalarının dəyəri cavabdehin iddiaçıya olan borcunu tam ödəyir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçi "xxxx" BOKT MMC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə borcun məbləği 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı borcun tutulmasına dair iddia tələbi rədd edilsin. İddiaçı "xxxx" BOKT MMC-dən ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-136/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-136/2024
17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver