Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1363/2023 07.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən və qeyri-yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(060)-364/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən və qeyri-yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi boyunca inşa edilən 10 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin ofis sahəsindən 72 kvadrat metr sahəyə və həmin 10 mərtəbəli yaşayış evinin blok 1, mərtəbə 7, ümumi sahəsi 144 kvadrat metr olan iki otaqlı mənzilinə onun istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(005)- 3095/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(005)-3095/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2(103)-6773/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(005)-3095/2021 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş aidiyyəti üzrə baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi 21 boyunca inşa edilən 10 mərtəbəli yaşayış evinin 1-ci blokun, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 72 kvadrat metr olan mənzilə görə 27 iyul 2007-ci ildə fiziki şəxs Hüseynov Şakir Hüseyn oğlu ilə müqavilə bağlamışdır. Müqavilədə mənzilin 1 kvadrat metr sahəsi üçün 500 manat ödənilməsinə razılaşmış və həmin məbləğin 37815 manatını nəğd şəkildə ödəmişdir. Pulun ödənildiyi vaxt bina 7-ci mərtəbəsinə qədər tikilmişdi. Müəyyən müddətdən sonra tikintinin aparılması dayandırılmışdır. Bundan sonra ona Şakir Hüseynovun həbsdə olduğu məlum olmuşdur. Şakir Hüseynov vəfat etdikdən sonra onun varisi hal-hazırda tikinti işlərini davam etdirir. Həmin müqavilədə göstərilən pulun 37815 manatı nəğd, qalan hissəsi isə tikinti materialları ilə onun atası tərəfindən əvəzləşdirilmişdir. Hüseynov Şakir Hüseyn oğluna ödədiyi 72000 manat pul onların iki otaqlı mənzili ilə bağlı idi. Hər dəfə mənzilə görə pul ödədikdə Şakirin özü, olmayanda həmin tikintidə işləyən Telman müqaviləni imzalayırdı. O, atası ilə birlikdə 72000 manat pul ödənildikdən sonra qeyd edilən ünvanda göstərilən tikintidə yoxlama getdiyi vaxtda Şakirlə görüşmüşlər. Şakir həmin vaxt onlara ikinci mənzili verə bilmədiklərini bildirmiş, bunun əvəzində 1-ci mərtəbədə ofis üçün 72 kvadrat metr sahənin ona verilməsini Telmana tapşırmışdır. Bundan sonra o, Telman və Şakirlə görüşə bilməmişdir. Şakir Hüseynov vəfat etdiyi üçün hazırda o, tələbini onun oğluna qarşı yönəltmişdir. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçının 2007-ci il tarixli müqavilə kimi istinad etdiyi kağız müxtəlif müdaxilələrlə hazırlanmış, saxtalaşdırıldığı gözlə görünür və bu səbəbdən müqavilə hesab edilə bilməz. "xxxx" Mənzil Tikinti Kooperativi onun tərəfindən 2016-cı ildə təsis olunmuşdur. Sumqayıt şəhəri 10-cu mikrorayon, Babək küçəsi boyunca inşa edilən 10 mərtəbəli yaşayış binası "xxxx" MTK tərəfindən inşa edilmiş və "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən də idarə olunur. Ən əsası isə iddiaçının eyni tələb üzrə iddia ərizəsinə mahiyyəti üzrə baxmış Nərimanov Rayon Məhkəməsi iddiaçının istinad etdiyi müqaviləni mötəbər hesab etməmiş və istifadə hüququnun tanınması üçün əsasların müəyyən olunmadığı barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, müqavilə iki ayrı-ayrı möhürlə möhürlənmiş, müxtəlif imzalarla imzalanmış və iddiaçı pul ödənişlərini müxtəlif şəxslərə ödənildiyini göstərməklə, mənzili və qeyri-yaşayış sahəsini guya barter etməklə əldə etdiyini qeyd edir. İddiaçı yaşayış binası üzərində səlahiyəti olmayan Telman adlı şəxsdən mənzil və qeyri-yaşayış sahəsi əldə etdiyini qeyd etməklə əsassız varlanmağa çalışır. Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(060)-364/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Sumqayıt şəhəri 10-cu mikrorayon, Babək küçəsi boyunca inşa edilən 10 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin ofis sahəsindən 72 kvadrat metr sahəyə və həmin 10 mərtəbəli yaşayış evinin blok 1, mərtəbə 7, ümumi sahəsi 144 kvadrat metr olan iki otaqlı mənzilinə iddiaçının istifadə hüququnun tanınması barədə iddiası təmin edilməmişdir (hakim Emin Abdullayev). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(060)-364/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bir 72 kvadrat metr mənzilin əvəzinə texniki səhvi nəzərə alaraq, 2 ayrı 72 kvadrat metr mənzilə, ümümilikdə 144 kvadrat metr mənzilə istifadə hüququnun tanımasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 10-cu mkr., Babək küçəsi boyunca inşa olunan yaşayış evinin 1-ci mərtəbəsində ofis sahəsindən (tikinti materiallarının əvəzində) 72 kvadrat metr sahə və həmin 10 mərtəbəli yaşayış evinin blok 1, mərtəbə 7-də 2 otaqlı mənzilin pulunu nağd ödəmişlər. (2 otaqlı mənzilin əvəzində ofis sahəsindən 72 kvadrat metr, həmin binanın 7-ci mərtəbəsində 72 kvadrat metr, ümumilikdə 144 kvadrat metr mənzillə bağlı ödəmə aparmışlar). Mübahisəli mənzilin müqaviləsinin 1 və 2-ci qrafası məhrum Şakir Hüseynov şəxsən özü imza etmişdir. Sonradan həmin müqavilənin 3 və 4-cü qrafasını Telman adında şəxs imzalamışdır. Belə ki, 2 mənzilin müqaviləsini hər iki fiziki şəxs onların yanında imza etmiş və möhürlə təsdiq etmişdir. Onu da bildirir ki, mübahisəli mənzilə görə pulu ödəyəndə sözü gedən müqavilənin üzərində kobud yazı xətti ilə onların yanında məhrum Şakir barter sözünü müqavilənin üzərinə yazmışdır. Belə ki, iddia ərizəsində Sumqayıt şəhəri 10-cu mkr, Babək küçəsində 10 mərtəbəli binanın, dəhliz 1, mərtəbə 7-də 72 kvadrat metr 2 otaq və ofis adlanan sahədən 2 otaqlı mənzil əvəzində 72 kvadrat metr razılaşma olduğu qeyd edilsə də, vəkil Nizami Salahov tərəfindən hazırlanan apellyasiya şikayətində texniki səhv olaraq ancaq 72 kvadrat metr mənzilin istifadə hüququnun tanınmasını göstərmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla mərhum Hüseynov Şakir Hüseyn oğlu arasında 27 iyul 2007-ci il tarixdə sonuncunun Sumqayıt şəhəri,10-cu mikrorayon, ünvan 1 ünvanında inşa etdiyi 10 mərtəbəli çoxmənzilli yaşayış binasının 1-ci blokunun 7-ci mərtəbəsində ümumi sahəsi 72 kvadrat metr olan iki ədəd mənzilin alqısatqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə razılaşdırılmış qaydada mənzilin hər 1 kvadrat metr sahəsinə görə 500 manat olmaqla, ümumilikdə 37 815 manat pul məbləği nağd şəkildə onun tərəfindən mərhum Ş.Hüseynova ödənilmiş və sonuncu da müvafiq sənədlərə imza etməklə həmin pulu ondan qəbul etdiyini təsdiq etmişdir. Qeyd edilən müqavilə üzrə ödənilməli olan qalan 37815 manat isə tikinti materialları şəklində Ş.Hüseynova ödənilərək qarşılıqlı razılıq əsasında ikinci mənzillin dəyəri ilə əvəzləşdirilmişdir. Sonradan Ş.Hüseynov yoxlamalar olduğunu səbəb gətirərək ikinci mənzili ona verə bilməyəcəyini bildirmiş və onun əvəzinə binanın birinci mətrəbəsində yerləşən və eyni sahəyə malik olan, yəni 72 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsini götürməyi təklif etmiş, o, da onun bu təklifi ilə razılaşmışdır. Həmin dövrdə binanın 7 mərtəbəsi artıq qaldırılmışdı. Lakin sonradan Ş.Hüseynov cinayət məsuliyyətinə cəlb edilərək azadlıqdan məhrumetmə cazası ilə məhkum edilmiş, həbsdə olarkən də vəfat etmişdir. Həmin sənədlərdə pulun ondan alınması ilə bağlı Ş.Hüseynovun özünün imzası, imzanın onunla birlikdə binaların tikintisində iştirak edən podratçı X2 aid möhürlə təsdiq edilməsi bütün bu halları tam şəkildə sübuta yetirir. Hüseynov Şakir Hüseyn oğlu vəfat etdikdən sonra sözügedən bina bir müddət baxımsız vəziyyətdə qalaraq tikinti işləri dayandırılsa da, 2020-ci ildən etibarən onun oğlu Cavabdeh tərəfindən yarımçıq qalmış binada tikinti işləri yenidən aparılmağa başlanılmışdır. Ancaq Cavabdeh mərhum atasından qalmış binada tikintini aparmağa başlasa da, atasının onunla bağladığı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin ona aid olmadığını bildirmişdir. Bu səbəbdən də o, mərhum Ş.Hüseynovun vərəsəsi olaraq Cavabdeh qarşı bu iddia tələbi ilə məhkəməyə müraciət edərək mübahisəli mənzil və qeyri-yaşayış sahəsi üzərində istifadə hüququnun tanınmasını xahiş etmək məcburiyyətində qalmışdır. Ancaq iş üzrə təqdim olunmuş sübutların ziddinə olaraq məhkəmə tərəfindən yanlış nəticəyə gəlinərək iddia tələbi təmin edilməmişdir. Cavabdehin vərəsəsi olduğu Ş.Hüseynovun qanunsuz hərəkətləri nəticəsində o, nəinki öz mülkiyyətinə verilməli olan daşınmaz əmlaklarından məhrum edilmiş, həm də kredit və borc müqabilində pul verərək aldığı həmin əmlaklar da əlindən alınaraq xeyli miqdarda maddi ziyana uğradılmışdır. Təəssüf ki, işə baxan birinci instansiya məhkəməsi mübahisələndirilən daşınmaz əmlaklar üzərində hüququn dövlət qeydiyyatından keçmədiyini bəhanə gətirərək işin mahiyyəti üzrə həllindən, o cümlədən onun pul verərək faktiki mülkiyyətinə keçirdiyi mənzil və qeyri-yaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüququnun müdafiəsindən kənarlaşmışdır. Halbuki, hazırda qüvvədə olan qanunvericilik özbaşına tikililərə mülkiyyət hüququnu istisna edir. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Lakin həmin tikiliyə çəkilən xərclərin tikintini aparan şəxsə məxsus olması, ondan bəhrələnmək hüququnun da məhz həmin şəxsə məxsus olmasını ehtiva edir. Mübahisəli mənzilin və qeyri-yaşayış sahəsinin inşasına çəkilən vəsait ondan alındığı və dolayısı ilə onun vəsaiti ilə inşa edildiyi üçün ondan bəhrələnmək hüququ da vəsaitin sahibi olaraq onun icazəsi əsasında baş tuta bilər. Məhkəmə üçün bu cür işlərə baxarkən başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunmasının üstün tutulmasıdır. Hətta ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məs: maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən (əşyanın maddiləşmiş kütləsində payı olmayan) digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Müasir dünyada hüququn inkişafı bu istiqamətdə inkişaf edir. Ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. Göründüyü kimi, müvafiq qanunvericilik aktlarına əsasən və formalaşmış məhkəmə praktikasına uyğun olaraq tikilinin hətta özbaşına tikili olması həmin tikilinin sahibinin bu tikiliyə hər hansı hüququnun olmaması kimi qəbul edilə bilməz. Sözügedən tikililərin onun vəsaiti ilə inşa edilməsi, cavabdehin həmin tikililərə hər hansı vəsaitinin xərclənməməsi yuxarıda sadaladığı sənədlərlə də sübuta yetirilmişdir. Hesab edir ki, məhkəmənin mübahisələndirilən qətnaməsi mülkiyyət hüququna dair sadalanan hüquq normalarının tələblərinə zidd olaraq çıxarılmışdır. Məhkəmə onun mülkiyyət hüququnu heçə sayaraq ciddi qanun pozuntusuna, o cümlədən mülkiyyət hüququna dair qanun normalarının pozuntusuna yol vermişdir. Cavabdehin hərəkətləri onun tikililər üzərində faktiki olaraq formalaşmış əşya hüququna müdaxilə kimi qiymətləndirilməli olduğu halda, məhkəmə nədənsə bu hallara fərqli qiymət verərək dövlət tərəfindən müdafiə olunan mülkiyyət hüququmun müdafiəsini təmin etməmişdir. Göründüyü kimi, mübahisələndirilən daşınmaz əmlaklar üzərində hüququn, o cümlədən onun mülkiyyət hüququnun dövlət qeydiyyatından keçirilməməsi həmin əmlakların sahibliyinə və istifadəsinə verilməsini istisna etmədiyi kimi, həmin sahiblik və istifadə hüququnun müdafiəsinin təmin edilməsinə də mane olmur. Başqa sözlə desə, onun bu tələblərlə çıxış etməsi üçün hüququnun olmadığı nəticəsinə gəlməklə məhkəmə maddi hüquq normalarının açıq pozuntusuna yol vermişdir. İş materiallarından göründüyü kimi, iddia tələblərində qaldırılan məsələlər məhkəmə ekspertizasının keçirilməsini zəruri hala gətirmişdir. Bununla bağlı onun tərəfindən məhkəmə xətşünaslıq ekspertizasının və tikintiyə məhkəmə baxışının keçirilməsi barədə iki vəsatətlə məhkəməyə müraciət edilsə də, məhkəmə hər hansı əsaslandırma aparmadan vəsatətlərini təmin etməmişdir. Məhkəmə araşdırılması mütəxəssis cəlb edilməklə aparılmalı olan məsələlərin aydınlaşdırılması üçün nə özü ekspertiza təyin etmiş, nə də onun tərəfindən bununla bağlı verdiyi vəsatətləri təmin etməyərək məhkəmə baxışını tələm-tələsik yekunlaşdırmışdır. Halbuki, mübahisəli daşınmaz əmlakların alqı-satqısına dair onunla mərhum Ş.Hüseynov arasında bağlanılmış müqavilədə, eləcə də maliyyə ödənişini təsdiq edən sənəddə Ş.Hüseynovun imzasının ona məxsus olub-olmamasının aydınlaşdırılması üçün mütləq şəkildə ekspertiza keçirilməli idi ki, məhkəmə əsassız olaraq bu ekspertizanın keçirilməsindəın imtina etmişdir. Məhkəmənin Ş.Hüseynovun ölməsi səbəbindən həmin ekspertizanın keçirilməsinin mümkün olmaması barədə gətirdiyi dəlilin də hər hansı hüquqi əsası yoxdur. Eynilə, məhkəmə tərəfindən tikiliyə baxış keçirilməsi barədə vəsatətinin təmin edilməməsi də qanunsuz olmuşdur. Belə ki, bu vəsatətinin məqsədi Cavabdeh bildirdiklərinin ziddinə olaraq onun tikintisini apardığı binanın atası Ş.Hüseynovun inşasına başladığı və onun da mənzil və qeyri-yaşayış sahəsi aldığı bina ilə eynilik təşkil etməsinin sübuta yetirilməsi idi. Çünki, Ş.Hüseynov Sumqayıt şəhərinin 10-cu mikrorayonu ilə yanaşı 36-cı məhəlləsi ərazisində də çoxmərtəbəli yaşayış binalarının inşasını aparırdı ki, həbs edildikdən sonra hər iki binanın tikintisi dayandırılmışdır. Sumqayıt şəhəri 36-cı məhəllədə yerləşən binanın inşası 2019-cu ildən başlayaraq Cavabdeh tərəfindən davam etdirilmiş və başa çatdırılmışdır. 2020-ci ildən də onun tərəfindən 10-cu mikrorayon ərazisində yarımçıq qalmış binanın inşası davam etdirilmişdir. Həmin tikililərin Cavabdeh təsisçisi olduğu "xxxx" adı altında yaradılmış MTK tərəfindən aparılması mübahisələndirilən daşınmaz əmlakların yerləşdiyi binanın məhz Ş.Hüseynovun ona satdığı mənzil və qeyriyaşayış sahəsinin olduğu bina ilə eynilik təşkil etdiyini sübuta yetirir. Hesab edir ki, məhkəmə tərəfindən verdiyi vəsatələrdə keçirilməsi xahiş olunmuş ekspertizaların təyin edilməməsi nəticəsində əhəmiyyət kəsb edən hallarla bağlı məsələlərə dair suallara cavab alınmasına nail olunmamışdır. Birinci instansiya məhkəməsinin onun guya Ş.Hüseynovla bağlanılmış müqavilə üzrə öhdəliklərini yerinə yetirməməyi və müqavilədəki imzaların bir hissəsinin Ş.Hüseynova deyil, Telman adlı şəxsə məxsus olması və sonuncunun həmin müqavilə üzrə ödənişləri qəbul etməsinə dair hüququnun olmaması barədə gəldiyi nəticə işə baxan hakimin şəxsi mülahizəsinə əsaslanmaqla hər hansı şəkildə sübuta yetirilməmişdir. Əksinə, məhkəmə onun Ş.Hüseynovla Telman adlı şəxsin həmin binanın tikintisində birgə iştirak etdikləri və birgə törətdikləri cinayət əməlinə görə birlikdə məhkum edildikləri ilə bağlı dəlillərini nəzərə alaraq məhkəmənin müvafiq hökmünü tələb edib araşdırmaqla bütün bu hallara aydınlıq gətirməklə ədalətli məhkəmə araşdırmasını təmin edə bilərdi. Məhkəmə müəyyən edilmiş saydığı halların qanunvericliklə müəyyən edilmiş qaydada hər hansı şəkildə sübuta yetirilmədiyini, əksinə məhkəməyə təqdim etdiyi sübutlarla bu halların təkzib edilməsini nədənsə nəzərə almamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan payçı İddiaçı ilə icraçı Hüseynov Şakir Hüseyn oğlu arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, Hüseynov Şakir Hüseyn oğlu Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi boyunca inşa edilən 10 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 72 kv.metr olan mənzili inşa edərək payçı İddiaçı verməyi, payçı isə mənzilin hər kv.metri üçün 500 manat olmaqla, ümumilikdə 36000 manat məbləğində pulu Şakir Hüseynova ödəməyi öhdələrinə götürmüşlər. Sadalananlara əsasən, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi boyunca inşa edilən 10 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin ofis sahəsindən 72 kvadrat metrlik sahənin ona verilməsini tələb etsə də, həmin sahəni fərdiləşdirməyə imkan verən heç bir rekvizit göstərməmişdir. Eyni zamanda iddiaçının istinad etdiyi xx.xx.2007-ci il tarixli müqavilədə bununla bağlı hər hansı müddəa yoxdur. Yaşayış binasının blok 1, mərtəbə 7, ümumi sahəsi 144 kvadrat metr olan iki otaqlı mənzilinə gəldikdə isə qeyd edilməlidir ki, müqavilədə yalnız blok 1, mərtəbə 7, ümumi sahəsi 72 kvadrat metr olan mənzildən söhbət gedir ki, hazırda yaşayış binasında belə bir mənzilin mövcudluğu da sual altındadır. Belə ki, müqavilədə həmin mənzili fərdiləşdirməyə imkan verən dəqiq rekvizitlər (mənzilin nömrəsi, yerləşmə planı və sair) göstərilməmişdir. Bundan əlavə iddiaçının əsas sübut kimi istinad etdiyi xx.xx.2007-ci il tarixli müqaviləyə iddiaçının etdiyi ödənişlərlə bağlı cədvəl əlavə edilmişdir. Həmin cədvəldə iddiaçının müqavilə üzrə cəmi 4 dəfə - xx.xx.2007-ci il (5000 manat), xx.xx.2007-ci il (7215 manat), xx.xx.2007-ci il (25600 manat) və xx.xx.2008-ci il (34850 manat) tarixlərində ödəniş etdiyi əks olunmuşdur. xx.xx.2007-ci il (5000 manat) və xx.xx.2007-ci il (7215 manat) tarixlərdə edilmiş ödənişlərin qarşısında ödənişləri qəbul edən şəxs qrafasındakı imza ilə müqaviləni imzlayan şəxsin imzası eyniyyət təşkil etsə də, xx.xx.2007-ci il (25600 manat) və xx.xx.2008-ci il (34850 manat) tarixlərində edilmiş ödənişlərin qarşısında ödənişləri qəbul edən şəxs qrafasındakı imza tamamilə fərqlidir. İddiaçı bunu həmin ödənişlərin Telman adlı şəxs tərəfindən qəbul edilməsi ilə izah etsə də, Şakir Hüseynovun bağladığı müqavilə üzrə ödənişlərin həmin şəxs tərəfindən qəbul edilməsi ilə bağlı Telman adlı şəxsin hüququnun olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi İddiaçı Sumqayıt şəhəri 10-cu mikrorayon, Babək küçəsi boyunca inşa edilən 10 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin ofis sahəsindən 72 kvadrat metr sahəyə və həmin 10 mərtəbəli yaşayış evinin blok 1, mərtəbə 7, ümumi sahəsi 144 kvadrat metr olan iki otaqlı mənzilinə onun istifadə hüququnun tanınması barədə iddiasını təmin etməmişdir. İşin araşdırılmış hallarından da göründüyü kimi, payçı İddiaçı ilə icraçı Hüseynov Şakir Hüseyn oğlu arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Hüseynov Şakir Hüseyn oğlu Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi boyunca inşa edilən 10 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 72 kv.metr olan mənzili inşa edərək payçı İddiaçı verməyi, payçı isə mənzilin hər kv.metri üçün 500 manat olmaqla, ümumilikdə 36000 manat məbləğində pulu Şakir Hüseynova ödəməyi öhdələrinə götürmüşdür. Hazırda iddiaçı qeyd edilən müqaviləyə istinad edərək həmin müqavilə üzrə razılaşdırılmış qaydada mənzilin hər 1 kvadrat metr sahəsinə görə 500 manat olmaqla, ümumilikdə 37 815 manat pul məbləği nağd şəkildə onun tərəfindən mərhum Ş.Hüseynova ödənildiyini və sonuncu da müvafiq sənədlərə imza etməklə həmin pulu ondan qəbul etdiyini, qeyd edilən müqavilə üzrə ödənilməli olan qalan 37815 manat isə tikinti materialları şəklində Ş.Hüseynova ödənilərək qarşılıqlı razılıq əsasında ikinci mənzillin dəyəri ilə əvəzləşdirildiyini, sonradan Ş.Hüseynov yoxlamalar olduğunu səbəb gətirərək ikinci mənzili ona verə bilməyəcəyini bildirdiyini və onun əvəzinə binanın birinci mərtəbəsində yerləşən və eyni sahəyə malik olan, yəni 72 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsini təklif etdiyini o, da bu təkliflə razılaşdığını, həmin dövrdə binanın 7 mərtəbəsinin artıq qaldırıldığını, lakin sonradan Ş.Hüseynov cinayət məsuliyyətinə cəlb edilərək azadlıqdan məhrumetmə cazası ilə məhkum edildiyini, həbsdə olarkən də vəfat etdiyini, həmin sənədlərdə pulun ondan alınması ilə bağlı Ş.Hüseynovun özünün imzası, imzanın onunla birlikdə binaların tikintisində iştirak edən podratçı X2 aid möhürlə təsdiq edildiyini, Sumqayıt şəhəri 10-cu mkr., Babək küçəsində 10 mərtəbəli binanın, dəhliz 1, mərtəbə 7-də 72 kvadrat metr 2 otaq və digər 2 otaqlı mənzil əvəzində ofis adlanan sahədən 72 kvadrat metr sahənin ona verilməsi barədə razılaşma olduğu qeyd edərək həmin mənzilə və ofisə (qeyri-yaşayış sahəsinə) istifadə hüqununun tanınmasını xahiş edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, iddiaçı xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi boyunca inşa edilən 10 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin ofis sahəsindən 72 kvadrat metrlik sahənin ona verildiyini qeyd etsə də, həmin sahəni fərdiləşdirməyə imkan verən heç bir rekvizit göstərməmiş, eyni zamanda xx.xx.2007-ci il tarixli müqavilədə bununla bağlı hər hansı müddəanın olduğu müəyyən edilməmişdir. Yaşayış binasının blok 1, mərtəbə 7, ümumi sahəsi 72 kvadrat metr olan iki otaqlı mənzilinə gəldikdə isə qeyd edilməlidir ki, xx.xx.2007-ci il tarixli müqavilədə blok 1, mərtəbə 7, ümumi sahəsi 72 kvadrat metr olan mənzildən söhbət getsə də, hazırda yaşayış binasında belə bir mənzilin mövcudluğu müəyyən edilməmiş, müqavilədə də həmin mənzili fərdiləşdirməyə imkan verən dəqiq rekvizitlər (mənzilin nömrəsi, yerləşmə planı və sair) göstərilməmişdir. Bundan əlavə iddiaçının əsas sübut kimi istinad etdiyi xx.xx.2007-ci il tarixli müqaviləyə əlavə edilmiş ödəniş cədvəli ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin cədvəldə iddiaçının müqavilə üzrə cəmi 4 dəfə - xx.xx.2007-ci il (5000 manat), xx.xx.2007ci il (7215 manat), xx.xx.2007-ci il (25600 manat) və xx.xx.2008-ci il (34850 manat) tarixlərində ödəniş etdiyi əks olunmuşdur. Belə ki, xx.xx.2007-ci il (5000 manat) və xx.xx.2007-ci il (7215 manat) tarixlərdə edilmiş ödənişlərin qarşısında ödənişləri qəbul edən şəxs qrafasındakı imza ilə müqaviləni imzlayan şəxsin imzası oxşarlıq təşkil etsə də, xx.xx.2007-ci il (25600 manat) və xx.xx.2008-ci il (34850 manat) tarixlərində edilmiş ödənişlərin qarşısında ödənişləri qəbul edən şəxs qrafasındakı imzanın 1 və 2-ci qrafalardakı imzalardan tamamilə fərqli olduğu müəyyən edilmiş, iddiaçı 3 və 4-cü qraflardakı ödənişlərin Telman Səlimov tərəfindən qəbul edildiyini bildirsə də, həmin şəxsin iddiaçı ilə Şakir Hüseynov arasında bağlanmış müqavilə üzrə tərəf olmadığı, eləcə də həmin 3 və 4-cü qrafalardakı ödənişlərin Telman Səlimovun qəbul etməsi ilə bağlı hüququnun olmasına dair sübut iddia ərizəsinə, eləcə də apellyasiya şikayətinə əlavə edilməmişdir. Əksinə məhkəmə kollegiyasının iclasında Telman adı şəxsin şirkətə tikinti materialı gətirən şəxs olduğu, onunla Şakir Hüseynov arasında heç bir podrat müqaviləsi və ya digər razılaşma olmadığı, iddiaçının materialları Telman adlı şəxsə verdiyi, Şakirlə Telman arasında heç bir ortaqlıq və ya şəriklik münasibətlərin olmadığı, Telman adlı şəxsin Şakir Hüseynovun adından istifadə edərək mənzilləri pul qarşılığında başqa-başqa şəxslərə sataraq pullarını mənimsədiyi, bu əməllərinə görə Telman Səlimov cinayət işi bağlandığı müəyyən edilmişdir. Yuxarıda göstərilənlərlə əlaqədar məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2007-ci il tarixli müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən xx.xx.2007-ci il tarixdə 5000 manat, xx.xx.2007-ci il tarixdə 7215 manat məbləğində, cəmi 12215 manat məbləğində ödənişlərin qəbul edilməsinə dair ödəniş cədvəlindəki imzaların məhz mərhum Ş.Hüseynova məxsus olmasına dair iddiaçının dəlillərinə əsasən iddiaçı 12215 manat məbləğin Ş.Hüseynovun hüquq varislərindən müvafiq iddia ərizəsi ilə geri qaytarılmasını təiəb edə bilər. Həmçinin iddiaçının həmin ödəniş cədvəlinə əsasən xx.xx.2007-ci il tarixdə 25600 manat və xx.xx.2008-ci il tarixdə 34850 manat, cəmi 60450 manat məbləğində pulun X5 tərəfindən qəbul edilməsi dəlilinə əsasən göstərilən pul məbləğinin geri qaytarılmasına dair müvafiq iddia tələbi ilə həmin şəxsə qarşı birinci instansiya məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmasını və iddiaçının pul tələbinin də məhz istinad edilən müqavilə hüququ çərçivəsində dəyərləndirilməli olması üçün müqavilə öhdəliyindən irəli gələn tələblə bağlı iddia irəli sürən şəxs yalnız etibarlı müqaviləyə əsaslana bilər. Qanunvericiliyə əsasən əgər müqavilə (və ya onun bir hissəsi) qanunun tələbləri baxımından etibarsızdırsa, tələb hüququnun (tam və ya qismən) istisna olunması və şəxsin belə müqaviləyə əsasən məhkəməyə müraciət edərsə, məhkəmə həmin müqavilənin (və ya onun bir hissəsinin) etibarsızlığı əsasına görə iddia tələblərinin (tam və ya qismən) təmin olunmasından imtina etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut etməli olduğu halda bu vəzifəsini yerinə yetirməmişdir. Halbuki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbi isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(060)-364/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1363/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1363/2023
07.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver