Məhkəmə qərarları › İş №2(105)-1365/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1365/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1365/2021 29.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli, 2(067)-473/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli, 2(067)-473/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Xıdır Quliyev) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 3700 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın alınaraq İddiaçı verilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 3700 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir tanıyır. O, un məmulatlarının satışı ilə məşğul olur. Cavabdeh onun etibarlı müştərisi olmuş, həmişə ondan nisyə olaraq un məmulatları almış və vaxtlı-vaxtında pulunu qaytarmışdır. Lakin son dəfə Cavabdeh ona 3700 manat borcu yaranmışdır. O, cavabdehdən borclu olduğu məbləği tələb etdikdə, cavabdeh yaxın vaxtlarda borclu olduğu pulu qaytaracağını vəd etmişdir. Hətta cavabdehlə aralarında qarşılıqlı olaraq 11.12.2019-cu il tarixdə üzləşmə aktı tərtib edilmişdir. Həmin sənədə cavabdeh şəxsən imza edərək borclu olduğunu etiraf etmişdir. Lakin sonradan dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh borclu olduğu pulu qaytarmamışdır. Cavabdeh könüllü olaraq ona borclu olduğu pulu ödəmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı məhkəməyə pul tələbi barədə iddia ərizəsi versə də, İddiaçı özünün də ona borcu vardır. Onların arasında olan borc məsələsi sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmışdır. Belə ki, o, Bakı şəhəri, Yasamal rayon ərazisində un məmulatlarının istehsalı və satışı ilə məşğul olur. O, mütəmadi olaraq İddiaçı müxtəlif miqdarlarda buğda unu götürmüşdür. Lakin İddiaçı ona verdiyi un dəfələrlə keyfiyyətsiz olduğu üçün həmin undan bişirdiyi çörək məmulatları keyfiyyətsiz olmuş və satışa yararsız hesab edilmişdir. Buna görə də o, xeyli miqdarda ziyana düşmüşdür. Bununla əlaqədar dəfələrlə İddiaçı öz iradını bildirsə də, iddiaçı heç bir tədbir görməmiş və bu hadisə ən azı 5-6 dəfə təkrarlanmışdır. Aralarında olan münasibət də bundan sonra korlanmışdır. O, İddiaçı onun günahı üzündən xeyli miqdarda ziyan çəkdiyini bildirsə də, iddiaçı ona heç bir güzəşt etməmiş, əksinə, ona olan borcunu daha da aqressiv şəkildə tələb etməyə başlamışdır. Hüquqi təhsili olmadığı üçün ona dəymiş ziyanın ödənilməsi ilə əlaqədar Xaçmaz Rayon Məhkəməsində İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verməmişdir. Hazırda həmin ziyanın ödənilməsi ilə əlaqədar İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Ona görə də hesab edir ki, aralarında olan həmin borc məsələlərinə daha obyektiv araşdırma aparıldıqdan sonra düzgün hüquqi qiymət verilməlidir. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, fərdi sahibkar deyildir, vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 11 dekabr 2019-cu il tarixli İddiaçı ilə Cavabdeh arasında tərtib edilmiş üzləşmə aktından görünür ki, qarşılıqlı apardıqları hesabata əsasən Cavabdeh İddiaçı 3700 manat pul borcu vardır. İş materiallarında olan Cavabdeh 30 yanvar 2020-ci il tarixli məhkəməyə ünvanlanmış ərizəsindən və məhkəmə iclası zamanı verdiyi izahatından görünür ki, iddianı qəbul etdiyini, İddiaçı ilə iş birliklərinin olduğunu, çörək sexi işlətməklə iddiaçıdan həmişə un məmulatı aldığını və pulunu ödədiyini, lakin son vaxtlarda işi zəiflədiyindən iddiaçıya 3700 manat borcu yarandığını, iddiaçıya olan borcunu ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında unun nisyə alqı-satqısı olmuş, cavabdeh nisyə aldığı unun dəyərinin müəyyən hissəsini ödəmiş, 3700 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsi mübahisəyə borc münasibətlərini nizama salan normaları tətbiq etsə də, mahiyyəti üzrə düzgün nəticəyə gələrək tərəflər arasında unun nisyə alqı-satqısından yaranmış 3700 manat borcu cavabdehdən iddiaçının xeyrinə tutmuşdur. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh iddianı etiraf etmiş, İddiaçı ilə iş birliklərinin olduğunu, çörək sexi işlətməklə iddiaçıdan həmişə un aldığını və pulunu ödədiyini, lakin son vaxtlarda işi zəiflədiyindən iddiaçıya 3700 manat borcu yarandığını, iddiaçıya olan borcunu ödəyəcəyini göstərmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçı ilə arasında olan borc məsələsinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar yarandığını göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin 06.04.2021-ci il tarixli, **********780500 saylı məktubundan görünür ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən İddiaçı vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli, 2(067)-473/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar