Məhkəmə qərarları › İş №2(105)-1367/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1367/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1367/2021 28.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X9, İddiaçı, qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs X5 iştirakı ilə Quba Rayon Məhkəməsinin 04 fevral 2011-ci il tarixli, 2(027)-72/2011 saylı qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs E.X.Şahmərdanovun verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 04.02.2011-ci il tarixli, 2(027)-72/2011saylı qətnaməsi ilə (hakim Z.C.Tahirov) İddiaçı cavabdehlər Xaçmaz rayonu 1 saylı Dövlət notariat kontoru və Cavabdeh2 qarşı əqdin etibarsızlığının tanınması tələbinə dair iddiası təmin olunmamışdır. Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs E.X.Şahmərdanov apelyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 04.02.2011-ci il tarixli, 2(027)-72/2011saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, 2008-ci ilin fevral ayında Bakı şəhər sakini Cavabdeh2 ilə aralarında şifahi razılaşmaya əsasən ondan 9933 manat dəyərində 125 baş irili-xırdalı qoyun-keçi, 2 dana və 2 inək nisyə almış, həmin heyvanların dəyərini 2010-cu ilin yanvar ayının axırında ödəməyi öhdəsinə götürmüşdür. Özündən asılı olmayan səbəblərə görə həmin pulu ödəyə bilməmiş, Cavabdeh2 özünə məxsus 7000 manat dəyərində 67 baş qoyunu aparmış, onun Cavabdeh2 2933 manat borcu qalmışdır. 24.04.2010-cu il tarixdə Cavabdeh2 ona qaytarmalı olduğu pulun ödənilməsini tələb etdikdə, evini girov qoymaqla banklardan pul götürüb borcunu ödəmək istəməsini demişdir. Cavabdeh2 banklarda tanışları olmasını deyərək, tez vaxtda kredit götürməyə kömək edə biləcəyini bildirmiş, o, da inanaraq evin sənədlərini Cavabdeh2 vermişdir. Cavabdeh2 isə onun əri X6 hədə-qorxu gəlməklə, həmin gün guya 13200 manat borclu olması barədə borc müqaviləsi, 20 may 2010-cu il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Quba rayonu Zərdabi kəndində olan fərdi yaşayış evlərini altında olan 0,07 hektar torpaq sahəsi ilə birlikdə 15000 manata satılması barədə müqaviləyə imza etdirmiş, ailə üzvlərinin razılığının olmadığı halda, həmin dövrdə Quba rayon Dövlət notariusunu əvəz edən Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu Firdovsi Məmmədov həmin müqavilələri təsdiq etmişdir. Ona görə də, Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş, əri X8 ilə Cavabdeh2 arasında bağlanmış 24.04.2010cu il tarixli borc müqaviləsinin və 20.05.2010-cu il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısı barədə AN-1 №0212826 saylı müqavilənin etibarsız əqd sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs E.X.Şahmərdanov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 04 fevral 2011-ci il tarixli qətnaməni qəbul edərkən madi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs E.X.Şahmərdanov apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Xaçmaz rayonu 1 saylı Dövlət notariat kontoru və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü olması barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan borc müqaviləsindən görünür ki, həmin müqavilə 24 aprel 2010-cu il tarixdə Cavabdeh2 ilə X5 arasında bağlanmış və müqaviləyə əsasən X1 Aydın Xaliq oğlundan borc almış olduğu 13200 manat pulu 20 may 2010-cu il tarixdə nəğd qaydada qaytarmağı öhdəsinə götürmüş və müqavilə Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu X7 tərəfindən təsdiq edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* №-li Çıxarışdan görünür ki, Quba rayonu Zərdabi qəsəbəsində mülkiyyətində olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 54,5 kv.metr yaşayış, 14,5 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. Quba rayon İHB-nın Zərdabi İnzibati Ərazi Vahidi üzrə nümayəndəsinin 22.04.2010-cu il tarixli 374 saylı arayışdan görünür ki, X6 məxsus Quba rayonu Zərdabi kəndində yerləşən yaşayış evində arvadı İddiaçı, 1983-cü il təvəllüdlü Vüsalə, 1987-ci il təvəllüdlü Aynura və 1996-cı il təvəllüdlü Aytəkin adlı qızları pasport qeydiyyatındadırlar. X2 ünvan 1 ünvanladığı və notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, atası X6 məxsus olan və Quba rayonu Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evinin satılmasına etiraz etmədiyini göstərmişdir. X3 Quba rayon Dövlət Notariat Kontoruna ünvanladığı və notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, atası X6 məxsus olan və Quba rayonu Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evinin satılmasına etiraz etmədiyini göstərmişdir. İddiaçı ünvan 1 ünvanladığı və notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, həyat yoldaşı X6 məxsus olan və Quba rayonu Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evinin satılmasına etiraz etmədiyini göstərmişdir. X5 Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontoruna ünvanladığı ərizəsindən görünür ki, o, Quba rayonu Zərdabi kəndində yerləşən fərdi yaşayış evini Cavabdeh2 15000 manat satmış və alqı-satqı müqaviləsi bağlanarkən satış qiyməti kimi 15000 manat göstərilməsini xahiş etmişdir. Cavabdeh2 Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontoruna ünvanladığı ərizəsindən görünür ki, o, Quba rayonu Zərdabi kəndində yerləşən fərdi yaşayış evini X4 15000 manata almış və alqı-satqı müqaviləsi bağlanarkən satış qiyməti kimi 15000 manat göstərilməsini xahiş etmişdir. Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, AN-1 № ******* saylı həmin müqavilə 20 may 2010-cu il tarixdə X8 ilə Cavabdeh2 arasında bağlanmış və müqaviləyə əsasən X8 özünə məxsus Quba rayonu Zərdabi qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 69 kv.metr, yaşayış sahəsi 54,5 kv.metr, köməkçi sahəsi 14,5 kv.metr olan, 2 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evini 15000 manata Cavabdeh2 satmış, sonuncu isə evin qiymətini 24.04.2010-cu il tarixdə Cavabdeh1 bağlanmış 3M-251 reyestrli borc müqaviləsinə əsasən, satıcının borclu olduğu 13200 manatın borc hesabına ödənmiş hesab olunmasını və qalan 1800 manatı isə üç ay müddətində ödəməyi öhdəsinə götürmüş, satıcı da həmin məbləği və şərtləri qəbul etmişdir. Müqavilə Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu X7 tərəfindən təsdiq edilmişdir. Mülki işin materiallarında olan 16.09.2010-cu il tarixli kassa məxaric/mədaxil orderindən görünür ki, Cavabdeh2 Xəlil oğlu tərəfindən 1800 manat X6 verilməsi üçün Texnikabank ASC-nə ödənilmişdir. Quba rayon Dövlət Notariat Kontorunun 25 yanvar 2011-ci il tarixli 09 №-li məktubundan görünür ki, 01.06.2008-ci il tarixdən 27.10.2010-cu il tarixə kimi Quba rayon notariat arxivi Xaçmaz 1 saylı dövlət notariat kontorunda saxlanılır. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, tanışı Quba rayonu Zərdabi kənd sakini X8 müraciət edərək, ona borc pul lazım olmasını demiş və ona borc pul verməsini xahiş etmişdir. 24 aprel 2010-cu il tarixdə o, Eynulla Şahmərdanova 20 may 2010-cu il tarixədək qaytarmaq şərti ilə 13200 manat borc pul vermiş və bu barədə müqavilə tərtib edilərək imzalanmışdır. Həmin dövrdə Quba rayon dövlət notariusunu Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu Firdovsi Məmmədov əvəz etdiyindən müqaviləni də həmin notarius tərtib etmişdir. Lakin razılaşdıqları vaxtda Eynulla Şahmərdanov pulu qaytarmadığından evini satmasını bildirmiş və razılığa gəlmişlər ki, dəyəri 15000 manat olan həmin ev ona satılsın, əvəzində borc vermiş olduğu 13200 manat pul evin dəyəri ilə əvəzləşdirilsin və qalan 1800 manat pulu isə o, üç ay ərzində ödəsin. Bununla bağlı həmin dövrdə Quba rayon notariusunu əvəz edən Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu Firdovsi Məmmədov müqavilə tərtib etmiş və imzaladıqları həmin müqaviləni təsdiq etmişdir. Müqavilə bağlanarkən Eynulla Şahmərdanov üç qızı və həyat yoldaşından ibarət ailə üzvlərinin olması barədə arayış təqdim etmiş, həmin şəxslər də evin satılmasına razı olmaları barədə ərizələr təqdim etmişlər. Həm borc, həm da alqı-satqı müqaviləsini onlar özləri heç bir kənar təsir olmadan imzalamışlar və o, Eynulla Şahmərdanova, həmçinin onun ailə üzvlərinə hədə-qorxu gəlməmişdir. İddiaçı əri X8 ilə Cavabdeh2 arasında bağlanmış 24.04.2010-cu il tarixli borc müqaviləsinin və 20.05.2010-cu il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısı barədə AN-1 №0212826 saylı müqavilənin etibarsız əqd sayılmasını həmin əqdlərin Cavabdeh2 hədə-qorxusu təsiri altında bağlanması, reallığa uyğun olmaması, ailə üzvlərinin razılığının olmaması, həmin əqdləri təsdiq etmiş notariusun ərazi aidiyyəti üzrə buna səlahiyyətinin olmaması ilə əsaslandırmışdır. İddia tələbini təmin etməkdən imtina etdikə birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən 24.04.2010-cu il tarixli borc müqaviləsinin və 20.05.2010-cu il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısı barədə AN-1 №0212826 saylı müqavilənin Cavabdeh2 hədə-qorxusu təsiri altında bağlanması, reallığa uyğun olmaması, ailə üzvlərinin razılığının olmaması, həmin əqdləri təsdiq edən notariusun buna səlahiyyətinin olmaması sübut olunmur. İddiaçı da bu halları təsdiq edlən hər hansı sübutu məhkəmə təqdim etməmiş və bununla da idda tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası işin tədqiq olunan faktiki hallarına əsaslanaraq hesab edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyesterində qeydiyyat anından keçir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın aktlarının Azərbaycan Respublikasının Konstitutsiyasının və qanunların uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusya Məhkəməsinin hüququ mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin müəyyən iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Əqdin notariat təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin müddəalarına görə, notariat hərəkətlərinin aparılması qaydaları bu qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. Həmin qanunun 46-cı maddəsində göstərilir ki, qeydiyyatdan keçməli olan əmlakın, özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, habelə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. «Notariat haqqında» qanuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdləri təsdiq edərkən, digər vəzifələrlə yanaşı, notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı; əmlakın özgəninkiləşdirən şəxsə məxsus olmasını yoxlamalı; özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır (17,38,46 və 49-cu bəndlər). İddiaçı mübahisələndirdiyi əqdlərin etibarsızlığının digər əsası kimi alqı-satqı müqaviləsinin predmeti olan daşınmaz əmlakın Quba rayonunda yerləşdiyi halda, müqaviləni Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontorunun dövlət notariusunun təsdiq etməsini göstərmişdir. Lakin mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, 01.06.2008-ci il tarixdən 27.10.2010-cu il tarixədək olan dövrdə Quba rayon Dövlət Notariat Kontorunun dövlət notariusunu Xaçmaz rayon 1 saylı X14 dövlət notariusu əvəz etmiş və onun səlahiyyətlərini həyata keçirmişdir. Buna görə də daşınmaz əmlakın alqı-satqısına dair 20.05.2010-cu il tarixli müqavilənin Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiq edilməsi qanunamüvafiqdir. İşin faktiki hallarından aydın olur ki, mübahisələndirilən alğı-satqı müqaviləsi bağlanarkən sadalanan hüquq normalarının pozuntusu halları olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qanuni əsaslarla bağlanmış alğı-satqı müqaviləsinin etibarsızılığı üçün qanunvericiliklə müəyyən edilmiş yuxarıda qeyd edilmiş əsaslardan heç biri mövcud deyildir. AR MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs E.X.Şahmərdanov apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs E.X.Şahmərdanovun verdiyi apelyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 04 fevral 2011-ci il tarixli, 2(027)-72/2011 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar