Məhkəmə qərarları › İş №2(105)-1367/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1367/2022

31.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1367/2022 31.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(060)-1410/2022 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(060)-1410/2022 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Emin Abdullayev) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İddiaçı məhkəmə iclasında qətnamədən verdiyi apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, apellyasiya şikayətini elektron imza ilə vəkili imzalamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin fikrini dinləyib, İddiaçı apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, İddiaçı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(060)-1410/2022 saylı qətnaməsindən apellyasiya şikayəti versə də, apellyasiya şikayətini onun nümayəndəsi X3 imzalamışdır. Azərbaycan Respublikası MPM-nin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayəti iddiaçı tərəfindən deyil, nümayəndəsi X3 tərəfindən imzalanmış, X2 hazırki iş üzrə vəkil olmasını təsdiq edən order apellyasiya şikayətinə əlavə edilməmiş və ya elektron qaydada göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 363.1.1-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci insansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən yuxarıda qeyd edilən hala əhəmiyyət verməmiş, apellyasiya şikayətini geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, iddiaçının apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığına görə, apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş göstərilən mülki prosessual pozuntunun aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(060)-1410/2022 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar