Məhkəmə qərarları › İş №2(105)-1370/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1370/2021

23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1370/2021 23.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, İddiaçı1 vəkili və nümayəndəsi X3, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı1 cavabdeh “xxxx” ASC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3502/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3502/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia qismən təmin edilmiş, «xxxx» Açıq Səhmdar Cəmiyyətindən 96 ədəd səhminə müvafiq olaraq 2009-2016-cı illər üzrə hesablanmış və ödənilməmiş səhm gəliri kimi 95,62 manat pulun, mənəvi zərərə görə 50 manat pulun və dövlət rüsumuna görə 10 manat pulun, cəmi 155,62 manat məbləğində pulun alınaraq İddiaçı1 ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı1 ondan apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-3502/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı1 «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.1997-ci il tarixindən xx.xx.2017-ci il tarixinə olan dövr üzrə səhm payının hesablanaraq 50000 manat məbləğində maddi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 tələbini bununla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.1997-ci il tarixində keçirilmiş çek auksionunda iştirak etmiş, həmin auksionun qalibi olmaqla «Pivə» Səhmdar Cəmiyyətinin səhmdarı olmuşdur. Qeyd olunan tarixdə səhmlərin ümumi miqdarı 650 016 ədəd olmaqla hər səhmin nominal dəyəri 10000 manat təşkil etmişdir. xx.xx.1997-ci il tarixdə «Pivə» Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı **********0 manat təşkil etmişdir. xx.xx.1997-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş bildirişə əsasən xx.xx.1997-ci il tarixindən etibarən «Pivə» Səhmdar Cəmiyyəti səhmdarı olaraq səhmdarlar reyestrində qeydiyyata alınmışdır. Cəmiyyət tərəfindən qeydiyyata alınması ilə bağlı 22 46 1 045 saylı qəbzə əsasən onun 8 ədəd özəlləşdirmə çek qəbul edilmişdir. xx.xx.1997-ci il tarixindən etibarən «Pivə» Səhmdar Cəmiyyəti səhmdarı olaraq səhmdarlar reyestrində qeydiyyata alınsa da Cəmiyyətin fəaliyyəti, nizamnamə kapitalının vəziyyəti, əldə olunan mənfəət və onun bölüşdürülməsi ilə bağlı İdarə Heyətinin sədri tərəfindən ona hər hansı bildiriş və məlumat verilməmişdir. Həmçinin qeyd edilən tarixdən hazırki dövrə qədər Cəmiyyətin gəlirlərindən ona hər hansı məbləğdə pul vəsaiti ödənilməmiş və Cəmiyyət tərəfindən belə bir təklif olunmamışdır. xx xxxxx 2017-ci il tarixli, 20 saylı vəkil sorğusuna əsasən «xxxx» ASC tərəfindən xx xxxxxx 2017-ci il tarixli, 23 saylı məktubla verilmiş cavabda Cəmiyyətin 2013-2017-ci il dövrü üçün səhmdarlarının növbəti ümumi yığıncağının protokollarını və həmin illər üzrə ASC-nin X2 haqqında sənədlər təqdim edilmişdir. Bu protokollardan görünür ki, axırıncı beş il üzrə ASC-nin ümumi yığıncağının gündəliyində maliyyə ilinin yekunları barədə hesabat təsdiq olunmuşdur. Həmçinin, ASC-nin X1 mənfəət göstərilsə də, ona hər hansı məbləğ ödənilməmişdir. Ona görə də, məhkəməyə müraciət etməyə məcbur olmuşdur və göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi hətərəfli araşdırmamış, iddia əsaslı olmasına baxmayaraq onun qismən təmin edilməsi barədə qanunsuz qətnamə çıxarılmışdır. O, ASC-nin səhmdarı olaraq ona verilmiş hüquqlardan istifadə etməkdən məhrum edildiyindən Cəmiyyətin gəlirlərinin həqiqiliyinə şübhə edir. Gəlirlərin məbləğini müəyyən etmək üçün məhkəmə tərəfindən mühasibatlıq ekspertizası keçirilməlidir. Digər tərəfdən məhkəmə ona dəymiş mənəvi zərəri 50 manat dəyərində müəyyən etmişdir. O, Naxçıvan MR-da yaşadığından məhkəmə iclasına gəlmək üçün biletə 50 manat xərcləyir, lakin evə getmək üçün də bu məbləğdə pul tələb olunur, lakin bu halı məhkəmə nəzərə almamışdır. Beləliklə də, qətnamə qəbul edilərkən maddi və prosessual normalar pozulduğundan qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı İddiaçı1 vəkili və nümayəndəsi X4 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə kəllegiyasının iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X6 şikayətə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan qiymətli kağız mülkiyyətşilərinin reyestrindən xx xxxx 2018-ci il tarixli çıxarışdan görünür ki, “xxxx” ASC-nin ******* səhmindən 96 ədədi İddiaçı1 məxsusdur (ümumi səhmlərin 0,0078%-i). Yenə işdə olan «xxxx» ASC-nin xx xxxxxxx 2018-ci il tarixli, 16 saylı arayışından görünür ki, İddiaçı1 96 ədəd səhminə müvafiq olaraq 2009-2017-ci illər üzrə hesablanmış və ödənilməmiş səhm gəliri cəmi 110,02 manat təşkil edir. Yenə də işdə olan «xxxx» ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağının protokollarından görünür ki, səhmdarlar 2010, 2011, 2012, 2013, 2014, 2015, 2016 və 2017-ci illər üzrə ümumi yığıncaqlar keçirmişlər. İş materiallarına əlavə edilmiş «xxxx» ASC-nin dövlət qeydiyyatına alınmış xx.xx.2010-cu il tarixli nizamnaməsindən (İİ redaksiya) görünür ki, Cəmiyyətin nizamnamə kapitalı ******* manat təşkil edir. Cəmiyyət tərəfindən bir ədədinin qiyməti 2 manat dəyərində olan ******* ədəd səhm buraxılmışdır. Mülki işin materiallarında olan internet vergi idarəsinin məlumat bazasından müəyyən edilir ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti ********** VÖEN-lə 2 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına qalınmışdır. İşə əlavə edilmiş 2 saylı Ərazi Vergilər İdarəsinin xx xxxxxxxx 2018-ci il tarixli məktubundan görünür ki, «xxxx» ASC-nin 2006, 2007, 2008, 2009, 2016-cı illər üzrə mənfəət vergisinə dair məlumatlar vardır. 1997-2005-ci illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələri əməli əhəmiyyətini itirmiş sənədlər kimi məhv edilmişdir. Yenə işə əlavə edilmiş “Respublika” qəzetinin nömrələrindən görünür ki, «xxxx» ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağının xx xxxx 2015-ci il, xx xxxx 2017-ci il və xx xxxx 2018-ci il tarixlərdə (ünvan göstərilməklə) keçirilməsi barədə məlumatlar verilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, mübahisə araşdırılarkən birinci instansiya məhkəməsi tərəfindən bir sıra prosessual pozuntulara yol verilmişdir. İş materiallarından görünür ki, İddiaçı1 «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı pulun qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.1997-ci il tarixindən xx.xx.2017-ci il tarixinə olan dövr üzrə səhm payının hesablanaraq 50000 manat məbləğində maddi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir, yəni tələb yalnız səhmdar kimi iddiaçıya çatmalı olan dividentlərin alınması barədədir. Birinci instansiya məhkəməsinin qətnaməsində isə qeyd edilir ki, sonradan iddiaçının nümayəndəsi iddianın həcmini artıraraq həmçinin 20 000 manat məbləğində mənəvi zərərin də cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında mənəvi zərərin tutulması barədə İddiaçı1 «xxxx» ASC-yə qarşı hər hansı tələbi yoxdur (iddianın həcminin artırılması və ya ayrıca iddia ərizəsi), həmin tələb üzrə məhkəmənin də hər hansı prosessual hərəkətini əks etdirən sənəd (qərardad və ya protokol) də mövcud deyildir. Buna baxmayaraq, məhkəmə qətnaməsilə cavabdehdən iddiaçının xeyrinə dəymiş mənəvi zərərəin əvəzi kimi 50 manat məbləğində pulun tutulması barədə nəticəyə gəlinmişdir ki, bu da qüvvədə olan prosessual normalara ziddir. Belə ki, AR MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İş materiallarından görünür ki, hazırkı iddianın predmetini səhmdarın səhminə uyğun divident ödənişlərinin verilməsi təşkil edir, iddiaçı məhkəmədən ona dəymiş mənəvi zərərin əvəzinin cavabdehdən tutulması barədə hər hansı tələb irəli sürməmişdir. Lakin işə baxan məhkəmə verilməyən həmin tələb üzrə də nəticəyə gəlmişdir və bu hal prosessual normanın pozulması kimi qiymətləndirilməlidir. AR MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmış, göstərilən prosessual hüquq normalarının pozulması nəticəsində düzgün olmayan qətnamə qəbul etmişdir ki, bu da MPM-nin 387-ci maddəsinin tələbinə əsasən onun ləğvi üçün əsas hesab edilir. Qeyd edilən prosessual pozuntulara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iş üzrə çıxarılmış qətnamə ləğv edilməlidir. Yaranmış mübahisə üzrə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, «xxxx» ASC-nin nizamnamə kapitalı ******* manat təşkil edir. Cəmiyyət tərəfindən bir ədədinin qiyməti 2 manat dəyərində olan ******* ədəd səhm buraxılmışdır. Həmin səhmlərin 96 ədədi isə İddiaçı1 məxsusdur və onun nizamnamə kapitalındakı payı 0,0078 % təşkil edir. 2009cu ildən «xxxx» ASC-nin 296 səhmdarından ən böyük pay (91%) sahibi “Pivovarennaya kompania Baltika”dır. Qalan 9 % səhmlər 295 nəfər səhmdarın mülkiyyətindədir. Hazırda İddiaçı1 iddia edir ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.1997-ci il tarixindən xx.xx.2017-ci il tarixinə olan dövr üzrə ona Cəmiyyətdəki səhmlərinə uyğun divident ödənilməmişdir və bu məbləğ 50000 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 98.1-ci maddəsinə görə nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. Yenə həmin Məcəllənin 103.1-ci maddəsinə görə səhmdar cəmiyyətinin nizamnamə kapitalı cəmiyyətin səhmdarlar tərəfindən əldə edilmiş səhmlərinin nominal dəyərindən təşkil olunur. Səhmdar cəmiyyətinin nizamnamə kapitalına qoyuluşların formaları, müvafiq olaraq, bu Məcəllə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunları və təsisçilər arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Səhmdar cəmiyyətinin nizamnaməsinə qoyuluşlar pul vəsaitləri, tam ödənilmiş qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlar ola bilər. Səhmdar cəmiyyətinin yaradılması zamanı pul olmayan əmlakın dəyəri təsis yığıncağının qərarı ilə, səhmdar cəmiyyəti yaradıldıqdan sonra isə - səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə müəyyən edilir. Yenə də həmin Məcəllənin 106-1.1-ci maddəsinə görə səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. Eyni Məcəllənin 106-1.3-cü maddəsinə görə səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq; cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək; cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək; cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; cəmiyyətin xalis mənfəətindən dividend almaq; cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək; cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək; bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək; bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq; bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq. Mülki Məcəllənin 106-3.1-ci maddəsinə görə səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. Həmin Məcəllənin 106-3.2-ci maddəsinə görə səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir. Yenə həmin Məcəllənin 106-3.3-cü maddəsinə əsasən adi səhm üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir. Yenə də həmin Məcəllənin 106-3.5-ci maddəsinə görə dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. Eyni Məcəllənin 106-3.6-cı maddəsinə əsasən səhmdar cəmiyyəti adi səhmlər üzrə dividendlərin hesablanmasını (bölüşdürülməsini) imtiyazlı səhmlərin bütün növləri üzrə dividendlərin hesablanmasından (bölüşdürülməsindən) sonra həyata keçirir. Mülki Məcəllənin 106-3.8-ci maddəsinə görə dividendlər hesablanarkən səhmlərin hər bir növü və nominalı üzrə hər səhmə düşən məbləğ eyni olmalıdır. Sadalanan normaların tələbindən də görünür ki, ASC-nin nizamnamə kapitalındakı payına uyğun olaraq onun hər bir üzvü cəmiyyətin xalis gəlirlərindən hissəvi paya (dividentə) malikdirlər və bu divident onlara ödənilməlidir. İş materiallarından görünür ki, İddiaçı1 96 ədəd səhminə müvafiq olaraq 2009- 2017-ci illər üzrə hesablanmış və bu zaman üçün ödənilməmiş səhm gəliri cəmi 110,02 manat təşkil edir. Bu barədə işdə mötəbər sübutlar («xxxx» ASC-nin xx xxxxxxx 2018-ci il tarixli, 16 saylı arayışı, səhmdarların ümumi yığıncaqlarının protokolları, mənfəət vergi bəyannamələri və s.) vardır və məhkəmə kollegiyası hesab edir ki, iddia məhz bu həcmdə təmin olunmalıdır. Lakin işə baxan məhkəmə iddia tələbinin xx.xx.2017-ci ilədək olan dövr üçün səhmlərə düşən payın hesablanıb ödənilməsi barədə olmasına baxmayaraq, ödəniləcək dividend məbləğini 2016-cı ilədək olan dövr üçün hesablamışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, «xxxx» ASC-nin səhmdarı kimi İddiaçı1 özünə aid olan səhmlərə uyğun həmin Cəmiyyətin xalis mənfəətindən gəlir (dividend) əldə etmək hüququ vardır və həmin dividendlərin ona verilməsini tələb etməkdə haqlıdır. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı1 iddia tələbinin əsası kimi istinad etdiyi halları və apelyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən, yəni 2009-2017-ci ilər üçün ona çatacaq dividend hissəsində sübut edə bilmişdir. O, 50000 manat maddi ziyan tələbinə dair məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, əksinə iş materiallarında olan sübutlarla onun bu iddiası təkzib olunur. Belə ki, iş materialarından görünür ki, SC üzrə 2009-cu ilədək olan dövr üçün xalis mənfəətdən dividend hesablanmamış, 2009-2017-ci illər üzrə isə ili cüzi gəlirlə başa vurmuşdur ki, bu da Cəmiyyətin xalis mənfəətinin az olması, bu səbəbdən də hər səhmə düşən dividend payının da az olması deməkdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən prosessual normaları kobud şəkildə pozmuşdur ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3502/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin olunsun. «xxxx» Açıq Səhmdar Cəmiyyətindən 96 ədəd səhminə müvafiq olaraq 2009- 2016-cı illər üzrə hesablanmış və ödənilməmiş səhm gəliri (dividend) kimi 110,02 manat və dövlət rüsumuna görə 10 manat olmaqla, cəmi 120,02 manat məbləğində pul alınaraq İddiaçı1 ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Apelyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu İddiaçı1 özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar