Məhkəmə qərarları › İş №2(105)-1374/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1374/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1374/2021 20.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(067)-1562/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(067)-1562/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Xıdır Quliyev) İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 150.000 manat pul, dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq İddiaçı verilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh (ipoteka qoyan) məxsus olan, Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş əmlak olan, Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsinin açıq hərracda satılması və həmin əmlakın satışından əldə edilən məbləğ hesabına Cavabdeh İddiaçı olan borcunun ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılması nəticəsində əldə ediləcək məbləğ borc məbləğinin tam ödənilməsinə kifayət etmədiyi təqdirdə, qalıq borc məbləğinin Cavabdeh vəsaiti hesabına ödənilməsinin təmin edilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 150.000 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun onun xeyrinə tutulması, tutmanın ipoteka predmetinə, cavabdehə (ipoteka qoyan) məxsus olan Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması və əldə edilən pul vəsaiti hesabına borc məbləğinin ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılması nəticəsində əldə ediləcək məbləğin borc məbləğinin tam ödənilməsinə kifayət etmədiyi təqdirdə, qalıq borc məbləğinin Cavabdeh vəsaiti hesabına ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 12 fevral 2018-ci il tarixdə Xaçmaz rayonu 1 saylı notariat kontorunda kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh aldığı 150.000 manat məbləğində borc pulu 25 avqust 2018-ci il tarixinə kimi ona qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsi üzrə yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh məxsus olan, Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Bu məqsədlə ipoteka qoyan Cavabdehlə onun arasında 12 fevral 2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka predmeti olan torpaq sahəsinin dəyəri tərəflərin razılığı ilə 160000 manat məbləğində müəyyən edilmişdir. Kredit müqaviləsinin 8ci bəndinə əsasən borcalan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə ödəməyi öhdəsinə götürdüyü borc məbləğini bu günə kimi ona ödəməmişdir. Bu barədə dəfələrlə cavabdehə bildirilmiş, lakin bir nəticə əldə edilməmişdir. Hətta cavabdehə pretenziya (bildiriş) göndərilməklə borclu olduğu 150.000 manat pulu bir həftə ərzində ödəməsini xahiş etmişdir. Lakin cavabdeh yenə borcunu ödəməkdən imtina etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmənin gəldiyi nəticə ilə qətiyyən razı deyildir. İddiaçı ilə aralarında 12.02.2018-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsinə əsasən aldığı 150.000 manat məbləğində pulu 25.08.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürsə də, həmin kredit müqaviləsində göstərilən 150.000 manat məbləğində pul faktiki olaraq onun tərəfindən alınmamış və İddiaçı tərəfindən ona verilməmişdir. Məsələnin mahiyyəti tamamilə başqadır. Belə ki, X19 Həsənpaşa oğlu 20.06.2017-ci il tarixdə Bakı şəhəri 54 saylı notariat ofisində bağlanmış kredit müqaviləsinə əsasən biznes fəaliyyəti ilə bağlı X7 60000 ABŞ dolları məbləğində pul almışdır. Həmin kredit borcunun təminatı kimi hər hansı əmlak girov qoyulmamış və ya hər hansı digər təminat vasitəsi ilə qarantiyalanmamışdır. X1 biznes fəaliyyəti ilə əlaqədar aldığı həmin məbləği biznes fəaliyyətində yaranmış çətinliklə əlaqədar qaytara bilmədiyinə görə pul sahibi-kreditor pulun təminatı üçün daşınmaz əmlakın girov qoyulmasını tələb etmiş, o da qardaşının 60000 ABŞ dolları borcunun təminatı kimi Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsinin ipoteka ilə X11 qardaşı İddiaçı adına yüklü etmiş və həmin əmlak razılıqlarına əsasən 150.000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı ilə aralarında 12.02.2018-ci il tarixdə kredit müqaviləsi rəsmiləşdirilsə də, həmin vaxt yanlarında olmuş qardaşı X8, İddiaçı qohumu Ramazan Mütəllimov təsdiq edə bilərlər ki, həqiqətən də iddiaçı ona 150.000 manat pul verməmiş, o da iddiaçıdan 150.000 manat pul almamışdır. Digər tərəfdən, elə müqavilənin özündən də görünür ki, 2018-ci ilin fevral ayının 12-də rəsmiləşdirilmiş müqavilə üzrə guya borc aldığı 150.000 manat pulu 2018-ci ilin avqust ayının 25-dək qaytarmalıdır. Başqa sözlə, guya beş ay ərzində hər ay 30.000 manat pulun qaytarılması barədə öhdəlik götürmüşdür. Halbuki hər ay 30.000 manat hesabı ilə beş ay ərzində 150.000 manat pulun ödənilməsi mümkün deyildir. Bu halın özü də tam təsdiq edir ki, müqavilə sırf formal xarakter daşıyır və əslində qardaşı X5 borcunun təminatı kimi ipoteka ilə yüklü edilmiş, 0,16 ha torpaq sahəsinin razılaşdıqları dəyəridir. Xaçmaz rayonu 1 saylı notariat kontorunda qeyd olunan müqavilə rəsmiləşdirilərkən göstərilən 150.000 manat pulun iddiaçı tərəfindən notariat ofisində ona təqdim olunmamasını müqaviləni rəsmiləşdirmiş notarius da təsdiq edə bilər. Xaçmaz Rayon Məhkəməsinin 02.06.2020-ci il tarixli, 2(067)-810/2020 saylı qətnaməsi ilə X11 X6 qarşı borc tələbinə dair iddiası qismən təmin edilərək X3 60.000 ABŞ dolları və ya onun manatla məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə pulun alınaraq iddiaçı X13 verilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, 20.06.2017-ci il tarixli, 3M-231 reyestr nömrəli kredit müqaviləsi əsasında X20 Abdullayev arasında Bakı şəhəri 54 saylı notariat ofisində rəsmiləşdirilmiş borc öhdəliyinə dair müqaviləyə əsasən X6 60.000 ABŞ dolları məbləğində borc verilmiş və həmin borcun 20.06.2019-cu il tarixədək iddiaçıya qaytarmağı Azər Abdullayev öhdəsinə götürmüşdür. Eləcə də qətnamədən görünür ki, qeyd edilən borcun təminatı kimi hər hansı əmlak girov qoyulmamış, ipoteka ilə yüklü edilməmiş və zaminlik müqavilələri ilə qarantiyalanmamışdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 12.10.2020-ci il tarixli, 2(105)-2558/2020 saylı qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdiriİmədən saxİanılmışdır. İddiaçı aralarında rəsmiləşdirilmiş formal müqavilədən sui istifadə etməklə ondan əlavə olaraq 150.000 manat pul əldə etmək niyyəti güdmüşdür. Məhkəmə bütün yuxarıda göstərilənləri nəzərə almadan sırf formal mülahizələr əsasında iddianı təmin etmiş, bununla da Azərbaycan Respublikası MPM-nin 8, 9, 14.1, 88, 217.3-cü maddələrinin tələblərini pozmuşdur. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X9 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinə tutmanın yönəldilməsinə aid hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə iddianın təmin edilmiş qalan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 12 fevral 2018-ci il tarixdə Xaçmaz rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş 2 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh 150.000 manat məbləğində borc pul vermiş, Cavabdeh krediti 25.08.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 12 fevral 2018-ci il tarixdə Xaçmaz rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 150.000 manat məbləğində 12 fevral 2018-ci il tarixli, 2 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi Cavabdeh mülkiyyətində olan Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 160000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına 09.12.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 216 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 19 dekabr 2019-cu il tarixli pretenziyadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh pretenziya (bildiriş) göndərilməklə borclu olduğu 150.000 manat pulu 26 dekabr 2019-cu il tarixədək ödəməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi və borcun ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin 19 aprel 2021-ci il tarixli məktubundan görünür ki, Xaçmaz rayonunun Yergüc kəndində yerləşən Cavabdeh məxsus 0,16 ha torpaq sahəsi Xaçmaz rayonu 1 saylı notariat kontorunun 12.02.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə ipoteka müqaviləsi əsasında yüklülüyü dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət reyestrində qeydiyyata alınması barədə hər hansı bir məlumat yoxdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 fevral 2018-ci il tarixli borc müqaviləsinin 2-ci bəndinə əsasən Cavabdeh 150000 manatı 25.08.2018-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MM-nin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdeh borc aldığı 150000 manatı 25.08.2018-ci il tarixədək qaytarmadığından birinci instansiya məhkəməsinin Cavabdeh İddiaçı xeyrinə 150000 manat tutması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 34-cü maddəsinin mənasına görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Qeyd edilən hallar Cavabdeh ilə İddiaçı arasında bağlanmış 12 fevral 2018-ci il tarixli ipoteka müqaviləsinin 9.1-ci bəndində də nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbinin ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsini təmin edərkən qanunla müəyyən edilmiş tutmanın ipoteka predmetinə yönəldilməsi proseduruna əməl edilib-edilməməsini kifayət qədər araşdırmamışdır. “İpoteka haqqında” qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 36.3-cü maddəsinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 36.4.1-ci maddəsinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə, tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Birinci instansiya məhkəməsi ipoteka predmetinə tutma yönəldərkən iş materiallarında olan 19 dekabr 2019-cu il tarixli pretenziyaya istinad etmişdir. Həmin pretenziyada İddiaçı Cavabdeh borclu olduğu 150.000 manat pulu 26 dekabr 2019-cu il tarixədək ödəməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi və borcun ipoteka predmetinə yönəldiləcəyi barədə Cavabdeh xəbərdar etmişdir. Lakin qeyd olunan pretenziyanın Cavabdeh verilməsi barədə iş materiallarında heç bir sübut yoxdur. Halbuki “İpoteka haqqında” qanunun 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Göründüyü kimi, qanunun bu norması imperativ xarakter daşıyır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş daşınmaz əmlakın dövlət reyestrində də qeydə alınmamışdır və belə olan halda, “İpoteka haqqında” qanunun 36.4.1-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsini təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinə tutmanın yönəldilməsinə aid hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Cavabdeh apellyasiya şikayətində iddiaçıdan hər hansı məbləğdə pul almadığını göstərmişdir. Cavabdehin bu dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, 12 fevral 2018-ci il tarixdə kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 150.000 manat məbləğində borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən Cavabdeh krediti 25.08.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh borc müqaviləsi üzrə hər hansı məbləğdə pul almadığı göstərdiyi halda, müqavilə onun tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinə tutmanın yönəldilməsinə aid hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə iddianın təmin edilmiş qalan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(067)- 1562/2020 saylı qətnaməsi qismən, tutmanın ipoteka ilə yüklü edilmiş, xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh (ipoteka qoyan) məxsus olan, Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş əmlak olan, Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsinin açıq hərracda satılması və həmin əmlakın satışından əldə edilən məbləğ hesabına Cavabdeh iddiaçı X12 olan borcunun ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılması nəticəsində əldə ediləcək məbləğ borc məbləğinin tam ödənilməsinə kifayət etmədiyi təqdirdə, qalıq borc məbləğinin Cavabdeh vəsaiti hesabına ödənilməsi hissəsində ləğv edilsin. İddia tələbi ipoteka predmetinə tutmanın yönəldilməsinə aid hissədə təmin edilməsin. Qətnamə iddianın təmin edilmiş qalan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar