Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1377/2025 04.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Tağıyev şirkətinə qarşı mülki iş üzrə (Açar söz: dəymiş maddi ziyanın ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1853/2025 saylı qətnaməsindən cavabdeh Tağıyev şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Tağıyev şirkəti tərəfindən onun fərdi yaşayış evinə quraşdırılmış 4 ədəd qapının geri qaytarılması, 2000 manat maddi ziyanın və ödədiyi 40 manat dövlət rüsumunun cavabdehdən tutularaq, ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Məmmədli kəndində özü üçün inşa etdiyi fərdi yaşayış evinə otaq qapıları lazım olduğundan saytların birindən Tağıyev Şirkətinə məxsus mobil nömrələrin biri ilə əlaqə saxlayaraq telefona cavab verən Rəsmiyyə adlı xanımın vasitəsilə şirkətin ünvan 1 ünvanında yerləşən satış ofisinə yaxınlaşaraq ev qapıları ilə maraqlanmış və evinə 4 ədəd qapı sifariş vermişdir. Dörd ədəd qapı və qapı çərçivəsi üçün iddiaçı tərəfindən şirkətə, ümumilikdə 2000 manat pul ödənilmişdir. Şirkətin satış mağazasında işləyən nümayəndəsi qapılar hazır olduğu vaxt iddiaçını fabrikə dəvət edəcəklərini və qapını bəyəndiyi təqdirdə gətirib evə quraşdıracaqlarına söz vermişdir. Noyabr ayının 8-də iddiaçıya şirkət tərəfindən zəng olunaraq qapıların hazır olduğunu və quraşdırılmaq üçün ünvana çatdırılması barədə məlumat vermişdirlər. Şirkətin işçiləri tərəfindən qapılar iddiaçının yaşadığı evə gətirilmiş, iddiaçı qapıları nəzərdən keçirərkən onların qüsurlu olduğunu görmüş və bu barədə onunla telefonla əlaqə saxlayan Rəsmiyyə adlı xanıma məlumat vermişdir. Həmin xanım iddiaçıya narahatlığa əsas olmadığını, qapılar quraşdırıldıqdan sonra şirkət tərəfindən qüsurların yerindəcə aradan qaldıracağına söz vermişdir. Hər dəfə iddiaçı Rəsmiyyə xanıma zəng etdikdə o, iddiaçını müxtəlif bəhanələrlə aldatmışdır. Daha sonra iddiaçı şirkətin ofisinə yaxınlaşmış, şirkətin əməkdaşı olan Şahlar adlı şəxs Səftər adlı sex rəisinin mobil nömrəsini ona verərək onunla əlaqə saxlamasını bildirmişdir. Bir müddət şirkətin əməkdaşı Səftər adlı şəxs iddiaçını aldatmış, daha sonra Rəsmiyyə xanım şirkətin direktoru Aqil adlı şəxsin mobil nömrəsini iddiaçıya verərək onunla əlaqə saxlamasını bildirmişdir. İddiaçı da öz növbəsində Aqil adlı şəxs ilə əlaqə saxlamış, həmin şəxs ona tez bir zamanda problemi həll edəcəyinə söz vermiş və sonradan iddiaçının telefon zənglərinə cavab belə verməmişdir. Bir müddət keçdikdən sonra şirkətin işçisi və özünü usta kimi təqdim edən biri iddiaçı ilə əlaqə saxlayaraq qapıdakı qüsurları aradan qaldıracağını ona bildirmişdir. Hansı formada qüsurları aradan qaldıracağı barədə sual verdikdə, həmin şəxs həmin hissələri yapışdırıcı vasitəsilə bərpa edəcəyini demişdir. O, qapılarda başqa qüsurların olduğunu və həmin qüsurların yapışdırıcı vasitəsilə aradan qaldırılmasının mümkün olmayacağını demişdir. Şəxs isə “mənim əlindən başqa bir iş gəlmir” deyərək bu işi görməkdən imtina etmişdir. Hər dəfə şirkətin direktoru Aqil adlı şəxs ilə saxlayıb vəziyyəti ona izah etmək istəsə də Aqil adlı şəxs telefon zənglərinə cavab verməmişdir. Bundan sonra şirkətin satış ofisinin yerləşdiyi ərazi üzrə Nərimanov rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, Nərimanov Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis kapitanı X1 tərəfindən xx.xx.2024-cü il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. Bu səbəbdən də cavabdeh şirkət tərəfindən ona vurulmuş maddi ziyana görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1853/2025 saylı qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia tələbi təmin edilmiş, cavabdeh Tağıyev şirkətindən dəymiş maddi ziyana görə 2000 manat pul vəsaitinin və 40 manat dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi, cavabdeh Tağıyev şirkəti tərəfindən İddiaçı fərdi yaşayış evinə quraşdırılmış 4 ədəd qapının geri qaytarılması qət edilmişdir.
5. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, cavabdeh şirkət tərəfindən İddiaçı evinə quraşdırılmış qapılarda aşkar şəkildə görülən qüsurlar mövcuddur. Tərəflər arasında mübahisələndirilən qapıların sifarişi ilə əlaqədar podrat müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən öhdəlik icra edilərək 2000 manat ödəniş həyata keçirilmiş, cavabdeh tərəfindən həmin qapılar iddiaçının evində quraşdırılmışdır. İddiaçı həmin qapıların hər birində bərpa edilməyən qüsurlar mövcud olduğuna görə dəfələrlə cavabdehə müraciətlər etməsinə baxmayaraq heç bir nəticə əldə edə bilməməsinə istinad edərək, həmin qapıların geri qaytarılmasını və onların hazırlanmasına və quraşdırılmasına görə ödədiyi pul vəsaitini geri tələb edir. Mübahisələndirilən qapılara dair müqavilə üzrə cavabdeh tərəfindən qüsurlu icra iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillər ilə də təsdiqini tapmış, qapılarda mövcud olan əhəmiyyətli qüsurlar adi gözlə görünə bilən və aşkar şəkildə olduğundan, cavabdeh tərəfindən edilmiş etiraz formal mülahizələrə əsaslandığından, həmçinin cavabdehin sifarişdən öncə lazımi ölçüləri götürmək, mövcud qüsurları aradan qaldırmaq və ya qüsursuz icranın mümkün olmayacağı barədə qabaqcadan iddiaçıya məlumat vermək imkanı olduğu halda göstərilən zəruri hərəkətləri lazımınca icra etmədiyindən dəymiş ziyan ilə bağlı hazırki iş üzrə məhkəmə ekspertiza təyin edilməsinə ehtiyac bilməmişdir.
6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 752.1, 752.2, 752.3, 753.1, 753.2, 753.3, 753.4, 762.1, 762.2, 762.3, 762.4, 763.1, 763.2, 763.3, 765-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Tağıyev şirkəti apellyasiya şikayəti verərərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1853/2025 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki mübahisə alqı-satqı müqaviləsinin tələblərinə uyğundur. Cavabdeh qapıları iddiaçıya sifarişdə qeyd olunan vəziyyətdə təhvil vermişdir. Qapılar təhvil verildikdən sonra yararsız hala əgər düşübsə iddiaçının təqsiri nəticəsində baş veribdir. Bütün bunları aydınlaşdırmaq üçün iş üzrə ekspertiza təyin edilməli, müstəqil ekspert rəyi alınmalı idi. Çox təəssüf ki, məhkəmə bunu etməmişdir. Məhkəmə qətnaməsində qeyd edir ki, mübahisələndirilən qapılara dair müqavilə üzrə cavabdeh tərəfindən qüsurlu icra iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillər ilə də təsdiqini tapmışdır. Bununla bağlı olaraq qeyd edilir ki, məhkəmə ekspert rəyi olmadan birbaşa münasibət bildirilməsi tamamilə əsassızdır. Birincisi foto şəkildə olan qapılar həqiqətən şirkətə aid olub-olmaması bu özü sual doğurur, ikincisi həmin fotolar nə zaman kim tərəfindən çəkilməsi də sual doğurur. Bundan başqa, iddiaçıya satılmış və sifarişə uyğun hazırlanmış qapılarda qüsurlar mövcuddurmu? Əgər mövcuddursa hansı qüsurlar var? Həmin qüsurlar qapıların istismarı, yoxsa istifadəsi, kənar müdaxilənin təsiri nəticəsində yarana bilərdimi? Təbii ki, bütün bunların cavabını müstəqil ekspert rəyi ilə aydınlaşdırılıb müəyyən edilməsə mümkündür. Təəssüf ki, məhkəmə bütün bunları aydınlaşdırmadan qanunsuz qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, qarşı tərəfin işçiləri şifahi razılaşmanın bütün şərtlərini pozublar. Razılaşmaya əsasən qapılar hazır olduqdan sonra 1 ay müddətində təhvil verilməli, yalnız onun qapıların keyfiyyətindən əmin olduğu halda qapılar evə gətirilməli idi. O, qapılara baxmalı idi, daha sonra təhvil verməli idilər. Lakin cavabdeh o, qapılara baxmadan qapıları evə gətiriblər, işi ilə bağlı evdə olmamış bildirmişdir ki, qapıları qayıtdıqdan sonra montaj etsinlər. Evə qayıtdıqdan sonra cavabdehin əməkdaşları qapıları montaj etməyə gələndə qapılarda qüsurların olduğunu görmüşdür. Qüsurların şəkillərini də gördüyü anda çəkib şirkətin əməkdaşına göndərmişdir. Həm qapının üstündə, həm də çərçivələrdə qüsurlar var, mismar vurulub qapı zədə alıb, lakin düzəldilmədən sadəcə rənglənərək gətirilib. Oktyabr ayında alış-veriş etmiş, 1000 manatı kart vasitəsilə, 1000 manatı isə nağd qaydada ödəmişdir. Qapıların qüsurlu olduğunu öyrənəndən sonra qüsuru aradan qaldırmadıqlarını görmüş, bundan sonra nağd qaydada edilmiş ödənişə dair qəbzi tələb etmişdir, onlardan şikayət edəcəyini bildirmişdir. Əslində ödənişi oktyabr ayında etmiş, lakin şikayət edəcəyini bildirdikdə cavabdeh noyabr ayında ödənişi edəərk qəbzi ona təqdim etmişdir. Noyabr ayında onunla əlaqə saxlayaraq qapıların evə gətirildiyini bildiriblər, o, isə işdə olduğunu bildirərək qapıları evə qoyub montaj etməmələrini, yalnız o, qayıtdıqdan sonra montaj etmələrini istəmişdir. İşdən qayıtdıqdan sonra isə qapılar quraşdırılmış, lakin qapılarda qüsurlar mövcud olmuş, cavabdehin əməkdaşları qüsurların aradan qaldıracaqlarını bildirsələr də, qüsurları aradan qaldırmamışlar. Bəzi qüsurlar yalnız fabrikdə aradan qaldırıla bilər. Qapıları götürüb pulunun geri qaytarmalarını xahiş edir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh Tağıyev şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
12. xx.xx.2024-cü il tarixli, 79 nömrəli və xx.xx.2024-cü il tarixli, 86 nömrəli çeklərin surətindən görünür ki, İddiaçı tərəfindən “Avropa qapıları” mağazasına (Tağıyev şirkətinə) cəmi 2000 manat məbləğində ödəniş edilmişdir.
13. Bakı şəhəri Nərimanov RPİ-in İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X1 tərəfindən qəbul edilmiş 12 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yaşayan İddiaçı 27 noyabr 2024-cü il tarixdə Nərimanov RP-nin 16-cı Polis Şöbəsinə ərizə ilə müraciət edərək, 14 oktyabr 2024-cü il tarixdə ünvan 2 ünvanda yerləşən “Avropa qapıları” mağazasında işçi olan Rəsmiyyə adlı şəxs ilə 4 qapı və 1 qapı çərçivəsi almaq barədə razılaşaraq 2000 manat pul ödədiyini, lakin həmin qapıları yaşadığı evə gətirib çatdırdıqda sifariş etmiş olduğu keyfiyyətdə olmadığını görüb Rəsmiyyə adlı qadına dedikdə ustaları göndərib qapıları düzəltdirəcəyini desə də vədinə əməl etməyərək aldadıb pulunu ələ keçirdiyini bildirmiş, aparılmış araşdırma zamanı İddiaçı müraciəti əsasında Rəsmiyyə adlı şəxsin müəyyən edilərək izahatının alınması mümkün olmadığından, material üzrə hüquqi qiymət verilməsi mümkün olmamış, buna görə toplanmış materialda cinayət tərkibinin olması müəyyən edilmədiyindən hazırda prosessual qanunvericilikdə nəzərdə tutulmuş araşdırma müddəti bitdiyindən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.3. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər.
765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 624.1. Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: 624.1.1. keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; 624.1.2. alış qiyməti mütənasib surətdə azaldılsın; 624.1.3. malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; 624.1.4. malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. 624.3. Malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (qida məhsulları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. 624.4. Bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.
15. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
16. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1853/2025 saylı qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1853/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. Belə ki, işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında iddiaçının evinə cavabdeh tərəfindən qapıların hazırlanması və quraşdırılması ilə bağlı podrat müqaviləsi bağlanılmış, podratçı olan cavabdeh tərəfindən hazırlanmış qapılar 2024-cü ilin noyabr ayında iddiaçının evinə quraşdırılsa da həmin qapılarda qüsurlar mövcud olmuşdur. Qapılarda mövcud olan qüsurların aradan qaldırılması ilə bağlı iddiaçının müraciətləri cavabdeh tərəfindən təmin edilməmiş və qüsurlar aradan qaldırılmamışdır. Cavabdeh iddiaçıya satılmış və sifarişə uyğun hazırlanmış qapılarda qüsurlar mövcud olub-olmamasının, qüsurların qapıların istismarı və ya kənar müdaxilənin təsiri nəticəsində yaranmasının müəyyən edilməsi üçün ekspertiza keçirilməsinə dair vəsatət vermişdir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin vəsatət haqlı olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyası nəzərə almışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdə qapılarda qüsurlarn mövcu olması açıq-aşkar görünməklə yanaşı həmin qüsurların istifadə nəticəsində yaranması da iş materialları ilə istisna olunmaqdadır. Belə ki, işdə olan sübutlarla müəyyən edilir ki, iddiaçının evinə qapların quraşdırılması 2024-cü ilin noyabr ayında həyata keçirilmişdir ki, iddiaçı tərəfindən qapılarda qüsurların olması ilə bağlı polis orqanına şikayət də iddiaçı tərəfindən 27 noyabr 2025-cü il tarixdə edilmişdir. Göründüyü kimi iddiaçı qapılardakı qüsurlarla bağlı cavabdehə, daha sonra isə polis orqanına çox qısa müddət ərzində mürciət etmişdir ki, qeyd olunan qısa müddət ərzində qapılarıdan istifadə nəticəsində həmin qüsurların əmələl gəlməsi mümkün hesab olunmur. İddiaçının isə evinə quraşdırılmış qapılarda qəsdlə qüsur yaratması isə ağılabatan deyildir. İddiaçının qapılardakı qüsurların aradan qaldırılması ilə bağlı qanuni tələbinə müvafiq olaraq cavabdehin öz öhdəliyini yerinə yetirməməsi iddiaçıya Mülki Məcəllənin 624.4 və 765-ci maddələrinin tələbinə müvafiq olaraq, müqavilədən imtina etmək hüququ vermişdir.
19. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1853/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.1, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1853/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.