Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1378/2021 18.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il il tarixli, 2(060)-50/2021 saylı qərardadından İddiaçı verdiyi şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il il tarixli, 2(060)-50/2021 saylı qərardadı ilə (hakim A.İ.İsmayılov) İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı pul tələbinə dair mülki iş üzrə iddianın təmin tədbiri barədə ərizəsi təmin edilməmişdir. İddiaçı şikayət verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il il tarixli, 2(060)-50/2021 saylı qərardadının ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il il tarixli, 2(060)-50/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş 8500 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında X4 cavabdeh qismində işə cəlb edilmişdir. Həmçinin, İddiaçı iddianın təmini tədbiri barədə ərizə verib, tərəflər arasında mövcud iddia tələbi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər Cavabdeh X3 məxsus “Volkswagen Passat” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx.xx.2021-ci il il tarixli qərardadı qəbul edərkən Azərbaycan Respublikası MPM-nin 157.1, 157.2, 158.1.1, 163.1 və 163.2-ci maddələrinin tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddia tələbinin predmetini təşkil edən 8500 manat pul tələbi əsasında üzərinə həbsin qoyulması xahiş edilən avtomobilin gələcəkdə alqı-satqı ilə bağlı ona verəcəkləri vədlərinə dair onlara ödədiyi 8000 manat məbləğlə bağlıdır. Digər tərəfdən iddianı təmin etmə tədbiri iddia predmeti olan əmlakla deyil cavabdehə məxsus hər hansı bir əmlakla bağlı ola bilər. Burada məqsəd məhkəmə tərəfindən çıxarılmış qətnamənin icrasının mümkünlüyüdür. Başqa sözlə pul tələbinə dair iddia ərizəsi təmin edilərsə gələcəkdə qətnamənin icrasına dair cavabdehlərin hər hansı bir əmlakına tələbin yönəldilməsi mümkün olacaqdır. Bu səbəbdən iddianın təmini tədbiri barədə ərizənin təmin edilməsinin hüquqi əsası vardır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və tərəflər arasında mövcud iddia tələbi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər Cavabdeh X3 məxsus “Volkswagen Passat” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh və X3 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh və Y.İ.Ələkbərovun iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı iddianın təmini tədbiri barədə ərizə verib, tərəflər arasında mövcud iddia tələbi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər Cavabdeh X3 məxsus “Volkswagen Passat” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yevlax RQE və TBŞ tərəfindən xx xxxxxxx 2017-ci il tarixdə verilmiş AD seriyalı, 044691 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şöhadətnaməsinə əsasən “Volkswagen Passat” markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 adına dövlət qeydiyyatına alınmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(067)-1087/2018 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdeh İddiaçı qarşı əmlak tələbinə dair iddiası təmin edilib, “Volkswagen Passat” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin və onun texniki pasportunun cavabdeh İddiaçı qanunsuz istifadəsindən alınaraq iddiaçı X3 qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İdianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Müəyyən hərəkətləri etməyin cavabdehə qadağan edilməsi Azərbaycan Respublikası MPM-nın 158.1.2-ci maddəsində iddianı təmin etmə tədbiri kimi nəzərdə tutulmuşdur. İddianın təmin edilməsində əsas məqsəd məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz olacağı hallarla bağlıdır. Məhkəmə iddiaçının iddia tələblərinin icrasını gələcəkdə təmin etmək məqsədi ilə cavabdehə müəyyən hərəkətləri etməyi qadağan etmək hüququna malikdir. Bu halda qanunvericilik təmin olunması ehtimal olunan tələblərin məhkəmə tərəfindən təmin olunacağı təqdirdə maneə olmadan cavabdeh tərəfindən ödənilməsi (həyata keçirməsini) təmin etmək məqsədini güdür, lakin bu zaman məhkəmə cavabdeh tərəfindən iddia tələblərinin gələcəkdə icrasına maneə törədilə biləcəyi hərəkətlərin dairəsini dəqiq müəyyən etməli, həmin hərəkətlərin cavabdeh tərəfindən edilməsinə abstrakt baxımdan deyil, onların real olaraq törədilməsi baxımından yanaşmalıdır. İddianın təmini tədbiri prosessual bərabərlik baxımından mübahisə predmetinə münasibətdə hər iki tərəfin, həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğun olmalıdır. İddianı təmin etmə tədbirləri məhkəməyə verilməsi ilə qorunan əmlak mənafelərinin müdafiəsinin sürətləndirilmiş vasitəsi olduğuna görə, bu tədbirlərin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmur. Əks halda iddianı təmin etmə tədbirləri öz əhəmiyyətini itirmiş olar. Ona görə də bu tədbirlərin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş işdə iştirak edən şəxsin pozulmuş və ya mübahisəli hüququnun mövcudluğunu təsdiq edən sübutun məhkəməyə təqdim olunması həmin tədbirləri tətbiq etmək üçün kifayətdir. İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə iddianı təmin etmə tədbirlərinin görülməsi haqqında qərardadında bu tədbirlərin görülməsi barədə ərizəyə baxılmasının nəticəsi üzrə hansı qərara gəlməsindən asılı olmayaraq bütün hallarda həmin ərizədə göstərilən dəlillərin əsaslı olub-olmamasına qiymət verməlidir. İddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxsin irəli sürdüyü dəlillərə qiymət verilərkən məhkəmə həmin dəlillərin ağlabatan olmasını və əsasslılığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də işdə iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddianı təmin etmə tədbirləri tətbiq olunarkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə almalıdır. İddianı təmin etmə tədbiri barədə qərardad qəbul edən məhkəmə iddiaçının iddia tələblərinin nə qədər əsaslı olduğunu, habelə həmin tələblərin təmin edilməsi haqqında gələcəkdə qəbul ediləcək qətnamənin icrasına maneələr yarada bilən cavabdehin hansısa qanunazidd hərəkətlər edəcəyi haqqında şübhələrin əsaslı olub-olmadığını müəyyən etməlidir. İddianın təmin edilməsi məhkəmə qətnaməsinin reallaşdırılmasına yönələn əməli tədbirdir. Azərbaycan Respublikası MPM-nin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Həmin Məcəllənin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırki mülki iş üzrə iddianın predmeti cavabdeh X3 məxsus “Volkswagen Passat” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobil deyil, pul tələbidir. Cavabdeh X3 məxsus avtomobilin üzərinə həbs qoyulması mülkiyyətçi olaraq sonuncunun hüququnun məhdudlaşmasına gətirib çıxarır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Cavabdeh tərəf şikayətin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmişdir və birinci instansiya məhkəməsinin qərardadından ləğv edilib, iddiaçının iddianın təmini tədbiri barədə ərizəsinin təmin edilməməsini sübuta yetirə biməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlillərinin heç bir əsası olmayıb, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı verdiyi şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il il tarixli, 2(060)-50/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-1378/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1378/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver