Məhkəmə qərarları › İş №2(105)-1379/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1379/2023

27.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1379/2023 27.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi paylı mülkiyyətdən payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(067)-10/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi paylı mülkiyyətdən payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu Həsənqala kəndində yerləşən JN-0098 KOD 30213078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ümumi paylı mülkiyyətlərində olan 2.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onların paylarının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onların və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi paylı mülkiyyətlərinə Xaçmaz rayonu Həsənqala kəndində yerləşən JN-0098 KOD 30213078 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən olan 2.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi onların və cavabdehlərin paylı mülkiyyətindədir. xx.xx.2005-ci il tarixdə İddiaçı1 ilə Cavabdeh1 arasında nikah pozulmuş və X1 “Əliyeva” soyadını qəbul etmişdir. Hazırda iddiaçılar Xaçmaz rayonunun Ağyazı Buduq kəndində yaşayırlar. Cavabdehlər onların qeyd edilən torpaq sahəsindən istifadələrinə mane olurlar. Bu səbəbdən də həmin torpaq sahəsindən istifadə edə bilmirlər. Torpaq sahəsindən istifadə etmələri ilə bağlı cavabdehlərlə razılığa gəlmələri mümkün deyildir. Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(067)-10/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək torpağa mülkiyyət hüququna dair JN-0098 nömrəli 30213078 kodlu dövlət aktına əsasən Xaçmaz rayonunun Həsənqala kəndində yerləşən paylı (birgə) mülkiyyətdə olan 2,61 ha torpaq sahəsinə münasibətdə iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin payı 1/5 və 1/5 olmaqla, birlikdə paylarının 2/5 hissədə müəyyən edilməsi və həmin hissədə həmin torpaq sahəsindən payların naturada ayrılması, iş üzrə mütəxəssis rəyləri üçün ödənilmiş 432 (327+105) manat məbləğində pulun və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçılara verilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul cavabdehlərdən alınaraq Məhkəmə Eksperizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim Anar Sadıqov). Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(067)-10/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X1 ondan xəbərsiz boşandıqdan sonra, müəyyən etmişdir ki, onun əmisi oğlu qanunsuz vəkillik fəaliyyəti ilə məşğul olan təcrübəli polis X6 Azərbaycan Respublikası MPM-nin tələbinə, forma və məzmununa uyğun olmayan tarixsiz, barəsində qərəzli, böhtan xarakterli, həqiqətə uyğun olmayan əsassız qeydlər olunmuş, natamam, qüsurlu (nikahın pozulmasına dair) İddiaçı1 adından iddia ərizəsi tərtib edərək, cavabdeh olduğunu təsdiq edən hüquqi sənədlər olmadan Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə sənədləri qərardadla geri qaytarmayaraq icraata iş götürərək qanunvericiliyin tələblərini pozmuşdur. xx.xx.2005 tarixli, 2-69 saylı qətnamə ilə iddiaçının tələbini təmin etmişdir. Qüvvədə olan qətnamədə tərəflər arasında hal-hazırda əmlak və s. tələbə dair heç bir mübahisə yoxdur qeydi hələ də qüvvədə olduğu halda, mülkiyyətində olan 1 ha 04 sot kənd təsərrüfat təyinatlı torpağı dələduzluq yolu ilə ələ keçirərək, aralarındakı prinsipial razılaşmaya əsasən qardaşı X2 35000 manata sataraq, əldə etdikləri pulu aralarında bölüşməklə əlavə qazanc əldə etmək məqsədilə X6 Azərbaycan Respublikası MPM-nin tələbinə, forma və məzmununa uyğun olmayan – tarixsiz, qərəzli, böhtan xarakterli, həqiqətə uyğun olmayan əsassız qeydlər olunmuş, natamam, qüsurlu (ümumi paylı mülkiyyətdən payın naturada ayrılması tələbi barədə) İddiaçı1, İddiaçı2 adından iddia ərizəsi tərtib edərək, mülkiyyət sənədlərini, şəxsi məlumatlarını qanunsuz yolla əldə edərək vəkilə ötürmüşdür. Vəkil Ziyəddin oğlunun məqsədyönlü sorğusuna əsasən, Qusarçay İƏD-nin icra nümayəndəsi X5 ailə tərkibində qeydiyyatda olan şəxslər barədə verdiyi arayışı saxtalaşdıraraq, İddiaçı2 ailə tərkibində olduğu halda, qeyd etməyərək, cavabdeh mövcud olmayan şəxs Cavabdeh3 ailə tərkibində qeyd etmişdir. Vəkil iddia ərizəsinə əlavə olunmuş sənədləri Xaçmaz Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə mövcud olmayan cavabdeh şəxsi bütün məhkəmə iclaslarına bildirişlə çağırmış, barəsində verdiyi rəsmi sənədləri, Quba “ASAN Xidmət”-dən aldığı ailə tərkibinə qeydiyyatda olan şəxslər barədə arayışı, Ağyazı Buduq kəndində iddiaçının adına aldığı torpaqda tikdiyi evin sənədlərinin surətlərini, qarşılıqlı iddia ərizəsi, iddia həcminin artırılması barədə ərizə, vəsatətləri, etirazları, tələbnamələri və digər sübutları nəzərə almayaraq, iş materialı ilə tanış olmağa şərait yaratmayaraq, iş materialında olan sənədlərin surətlərini verməyərək, 2005-ci il tarixdə iddiaçı boşanarkən aliment və əmlak tələb etməməsinin səbəbini araşdırmayaraq, onu münaqişələrə cəlb etməklə zərərə məruz qoyaraq, infarkt keçirtdirərək sağlamlığına zərər vuraraq, dəfələrlə ekspertiza mərkəzinə müraciət edərək, müvafiq rəyi alaraq, xx.xx.2023-cu il tarixdə qətnamə ilə cinayət xarakterli tələbi maraqlı olduğundan təmin edərək qanunvericiliyin tələblərini pozmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0098 KOD 30213078 saylı dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarı ilə Cavabdeh1, İddiaçı1, Cavabdeh2 və Cavabdeh3 və İddiaçı2 mülkiyyətinə 2.61 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/379 nömrəli ekspert rəyindən müəyyən olunur ki, torpağa müikiyyət hüququna dair JN0098 kod 30213078 kodlu dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonunun Həsənqala kəndi ərazisində yerləşən 2.61 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir (sxem tərtib edilib). Torpağa mülkiyyət hüququna dair JN- 0098 kod 30213078 kodlu dövlət aktında göstərilmiş 2.61 ha torpaq sahəsinin sxeminə əsasən mülkiyyətçilər arasında bərabər hissələr bölünməsi mümkündür. Mütəxəssis rəyində qeyd edilir ki, bu sualın cavabı bölgü sxemində əksini tapmışdır. JN-0098 kod 30213078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi paylı mülkiyyətlərinə verilmiş Xaçmaz rayonunun Həsənqala kəndi ərazisində yerləşən 2.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 paylarının naturada ayrılması (payçıların öz payından maneəsiz istifadə etmələrini təmin etmək şərtilə) mümkündür (bölgü sxemi tərtib edilib). JN-0098 kod 30213078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi paylı mülkiyyətlərinə verilmiş Xaçmaz rayonunun Həsənqala kəndi ərazisində yerləşən 2.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 paylarının naturada ayrılması texniki cəhətdən hansı digər variantlarda ayrılması bölgü sxemində əks olunur. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarı ilə Cavabdeh1, İddiaçı1, Cavabdeh2 və Cavabdeh3 və İddiaçı2 mülkiyyətinə 2.61 ha torpaq sahəsi verilmişdir. Verilən torpaq sahəsinə uyğun olaraq onlara JN-0098 seriyalı, kod 30213078 olan dövlət qeydiyyatlı dövlət aktı verilmişdir. Həmin sənəddə bütün ailə üzvlərinin adları qeyd edilmişdir. İddiaçılar paylı mülkiyyətlərində olan əmlakdan öz paylarınınının naturada ayrılması və onlara verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər isə iddianı qəbul etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci və 157.2-ci maddələrinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəlləsinin 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, işdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/379 nömrəli ekspert rəyindən görünür ki, torpağa müikiyyət hüququna dair JN0098 kod 30213078 kodlu dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonunun Həsənqala kəndi ərazisində yerləşən 2.61 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmiş, torpağa mülkiyyət hüququna dair JN-0098 kod 30213078 kodlu dövlət aktında göstərilmiş 2.61 ha torpaq sahəsinin sxeminə əsasən mülkiyyətçilər arasında bərabər hissələr bölünməsi mümkündür. Beləliklə, JN-0098 kod 30213078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi paylı mülkiyyətlərinə verilmiş Xaçmaz rayonunun Həsənqala kəndi ərazisində yerləşən 2.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 paylarının naturada ayrılması (payçıların öz payından maneəsiz istifadə etmələrini təmin etmək şərtilə) məqsədəmüvafiq hesab edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, torpağa mülkiyyət hüququna dair JN- 0098 nömrəli 30213078 kodlu dövlət aktına əsasən Xaçmaz rayonunun Həsənqala kəndində yerləşən paylı (birgə) mülkiyyətdə olan 2,61 ha torpaq sahəsinə münasibətdə iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin payı 1/5 və 1/5 olmaqla, birlikdə paylarının 2/5 hissədə müəyyən edilməsində və həmin hissədə həmin torpaq sahəsindən payların naturada ayrılmasının məqsədəmüvafiq olması barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(067)-10/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar