Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-25/2022 03.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12, İddiaçı, onun vəkili X4, Cavabdeh2 Balabəg oğlunun, onun nümayəndəsi və vəkili X16 iştirakları ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli, 2(067)-1221/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 Balabəg oğlunun və Cavabdeh1, İddiaçı apellyasiya şikayətlərinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli, 2(067)-1221/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Anar Sadıqov) İddiaçı cavabdehlər Cavabdeh2 Balabəg oğluna və Cavabdeh1 qarşı qızıl zinət əşyalarının qaytarılması və birgə nikah dövründə alınmış torpaq sahəsinin bölünməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Xaçmaz rayon Qaracik-Zeyid kəndində yerləşən 0,74 ha torpaq sahəsinin Cavabdeh2 Balabəg oğlunun və Cavabdeh1 ümumi paylı mülkiyyəti hesab olunması, həmin torpaq sahəsində İddiaçı payının ½ hissədə, Cavabdeh2 Balabəg oğlunun payının ½ hissədə müəyyən edilməsi qət edilmiş, cavabdehlər Cavabdeh2 Balabəg oğlu və Cavabdeh1, İddiaçı qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək ona məxsus 7440 manat dəyərində qızıl zinət əşyalarının və ya onların dəyərinin cavabdehlərdən alınaraq ona qaytarılması, birgə nikah dövründə alınmış Xaçmaz rayon Qaracik-zeyid kəndində yerləşən 0,74 ha torpaq sahəsinin Cavabdeh2 Balabəg oğlu ilə 2 uşağın onun himayəsində olması nəzərə alınmaqla aralarında bölünməsi, həmçinin 30 manat dövlət rüsumunun, hüquqi yardıma görə ödədiyi 50 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh2 Balabəg oğlu ilə 12.11.2011-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 02.10.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşaqlar onun himayəsinə verilmişdir. Ailə qurduqları zaman, yəni nişan və toy zamanı ona hədiyyə olunmuş qızıl zinət əşyalarını cavabdehlər onun əlindən alaraq özlərində saxlamış, münasibətləri pozulub ata evinə qayıdan zaman qızıllarını ona qaytarmamışlar. Hazırda cehiz əmlakı və qızıl zinət əşyaları cavabdehlərin evindədir. Qızıl zinət əşyaları İtaliya istehsalı, qiyməti 5200 manat olan 1 ədəd komplekt (sırğa, boyunbağı, qolbaq, üzük), brilyant qaşlı, qiyməti 720 manat olan qızıl komplekt (üzük, sırğa), brilyant qaşlı, qiyməti 1100 manat dəyərində qızıl nişan üzüyü, brilyant qaşlı, qiyməti 420 manat dəyərində qızıl üzükdür. Bundan əlavə, birgə nikah dövründə, yəni 2017-ci ilin noyabr ayında Xaçmaz rayon Qaracik-zeyid kəndində yerləşən 0,74 ha torpaq sahəsini satın almış və birgə istifadə etmişlər. Həmin torpaq sahəsi üçün Cavabdeh2 Balabəg oğlunun adına çıxarış verilmişdir. Torpaq sahəsi birgə nikah dövründə alındığı üçün 2 uşağın onun himayəsində olması nəzərə alınmaqla aralarında bölünməlidir. Xaçmaz Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli, 2(067)-1221/2019 saylı qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli, 2(067)-1221/2019 saylı qətnaməsində yol verilmiş yanlışlıq düzəldilmiş, qətnamənin nəticə hissəsində “Xaçmaz rayon Qaracik-Zeyid kəndində yerləşən 0,74 ha torpaq sahəsinin Cavabdeh2 Balabəg oğlunun və Cavabdeh1 ümumi paylı mülkiyyəti hesab olunsun” cümləsi, “Xaçmaz rayon Qaracik-Zeyid kəndində yerləşən 0,74 ha torpaq sahəsinin Cavabdeh2 Balabəg oğlunun və İddiaçı ümumi paylı mülkiyyəti hesab olunsun” kimi oxunması qərara alınmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamənin torpaq sahəsinin ½ hissəsinə İddiaçı payının müəyyyən edilməsi hissəsindən narazıdırlar, qətnamə həmin hissədə ləğv edilməli və iddia həmin hissədə də təmin edilməməlidir. Məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qızıl zinət əşyalarına dair hissədə düzgün nəticəyə gəlsə də, 0,74 ha torpaq sahəsinin ½ hissəsinə iddiaçının payını müəyyən etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, mübahisə predmeti olan 0,74 ha torpaq sahəsi cavabdehlərdən Cavabdeh2 Balabəg oğlunun əmisi X9 məxsus olmuş, həmin torpaq sahəsi 2002-ci ildə Cavabdeh2 Balabəg oğlunun atası X1, 2002-ci ildən 2016-cı ilə qədər, yəni X5 vəfatına qədər onun istifadəsində olmuş, istifadə etdiyi dövrdə qeyd olunan 0,74 ha torpaq sahəsində bağ salmış, ölümündən sonra torpaq sahəsi cavabdehlərdən Cavabdeh2 Balabəg oğlunun adına alqı-satqı yolu ilə rəsmiləşdirilmişdir. Xaçmaz rayonun Qaraçaycek bələdiyyəsinin 22 aprel 2019-cu il tarixli, 32 nömrəli rəsmi arayışından görünür ki, hazırda Cavabdeh2 Balabəg oğlunun mülkiyyətində olan 0,74 ha torpağın vergi pulunu 2002-2016-cı illərdə onun əvvəlki sahibi X8 yerinə bu torpaqdan istifadə etdiyi üçün qardaşı X10 ödəmişdir, 2002-ci ildə X10 bu torpaqdan istifadə edərkən sahədə ağac əkilməmişdi. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi İddiaçı ilə 2011-ci ildə rəsmi nikah əsasında evlənənə qədər ailələri tərəfindən əldə edilmiş əmlak olmuşdur. Bələdiyyənin verdiyi arayışdan da görünür ki, 2002-ci ildən etibarən torpaq sahəsi onların ailəsinin sahibliyinə keçmiş, atası öz zəhməti hesabına həmin boş torpaq sahəsində bağ salmış, vəfat etdiyi günə qədər həmin torpağa sahiblik etmişdir. Bu torpaq sahəsinin İddiaçı heç bir aidiyyatı yoxdur və ola da bilməz. Həmin əmlak birgə nikah dövründən xeyli əvvəl əldə edilmiş əmlakdır. Məhkəmə işə baxarkən 0,74 ha torpaq sahəsinin hansı vaxtdan ailələrinin faktiki sahibliyində olmasına əhəmiyyət verməmişdir. Cavabdehlər apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin Xaçmaz rayon Qaracik-Zeyid kəndində yerləşən 0,74 ha torpaq sahəsində İddiaçı payının ½ hissədə müəyyən edilməsi hissəsində ləğv edilərək iddianın həmin hissədə də təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh2 Balabəg oğlu ilə ailə qurduğu zaman ona hədiyyə olunmuş cəmi 7440 manat dəyərində olan İtaliya istehsalı, 5200 manat qiyməti olan 1 ədəd qızıl komplekt (sırğa, boyunbağı, qolbaq, üzük), brilyant qaşlı qiyməti 720 manat olan qızıl komplekt (üzük, sırğa), brilyant qaşlı qiyməti 1100 manat olan qızıl nişan üzüyü, brilyant qaşlı qiyməti 420 manat olan qızıl üzüyün ona hədiyyə olunmasını və cavabdehin evinə aparmasını toyda iştirak edən çoxsaylı şəxslər görmüşlər və bunu təsdiq edə bilərlər. Toyda çəkilmiş şəkillər və videolarla həmin qızıl zinət əşyalarını cavabdehin evinə aparması sübut olunur. Cavabdehlər də bu halı etiraf etmişlər. 08.08.2019-cu il tarixdə saat 12 radələrində cavabdehin evində onun telefonla başqa şəxslə danışdığını bəhanə edərək Cavabdeh2 onunla mübahisə etmiş və onu ev paltarında anası Humayla birlikdə həmin kənddə yaşayan valideynlərinin evinə aparmışdır. Həmin vaxt qayınanası Humay ona hədiyyə olunmuş qızıl zinət əşyalarını alıb özündə saxlamışdır. Cavabdeh2 isterik vəziyyətdə onu küçə paltarını da geyməyə imkan vermədən qolundan tutub evdən çıxarmışdır. Valideynlərinin evinə çatan vaxt evdə anası Kəklik, qonşuları Ayişə və onun əri Gülməddin Zahirov olmuşlar. Bu şəxslər də onun ev paltarında və üstündə qızıl zinət əşyalarının olmadığını görmüşlər. Sonra atası Almas işdən evə gəlmiş və uşaqları ilə birlikdə onu cavabdehin evinə aparmışdır. Lakin 09.08.2019-cu il tarixdə cavabdehlər yenidən anasını öz evlərinə çağırıb onu uşaqları ilə birlikdə valideynlərinin evinə yola salmışlar. Həmin vaxt ev paltarında olmuş, qızıl zinət əşyaları da üstündə olmamışdır. Belə ki, qızıllarını əvvəlki gün, yəni 08.08.2019-cu il tarixdə qayınanası Cavabdeh1 ondan alıb özündə saxlamışdır. 09.08.2019-cu il tarixdə anası ilə birlikdə ikinci dəfə valideyn evinə qayıdan zaman evdə atası, qonşuları Gülməddin və onun arvadı Ayişə olmuş, ev paltarında olduğunu və qızıl zinət əşyalarının üstündə olmadığını görmüşdülər. Birinci instansiya məhkəməsində həmin şahidlər ifadə verərək həqiqəti söyləmiş və bildirmişlər ki, valideynlərinin evinə qayıdan zaman qızıl zinət əşyaları üstündə olmamışdır. Lakin məhkəməyə dəvət etdiyi şahidlərdən seçmə üsülü ilə dindirdiyi şahidlər X11 və X7 ifadələrinə şübhə ilə yanaşaraq məhkəmə qətnamədə “ağlabatan aydınlıq gətirməmişlər və israrla qızılların cavabdehdə qalmasını təkid etmişlər” yazmaqla kifayətlənmişdir. Məhkəmə həmin şahidlərin ifadələrinə şübhə ilə yanaşmasını əsaslandırmamış və əlavə təqdim etdiyi, valideynləri evinə qayıdan zaman evdə olmuş şahidlər Almas Almasov və X17 və başqalarının dindirilməsinə dair vəsatətini təmin etməmişdir. İddiaçı apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 Balabəg oğlu özünün apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Cavabdeh2 Balabəg oğlunun nümayəndəsi X26 da məhkəmə iclasında Cavabdeh2 Balabəg oğlunun apellyasiya şikayətinin təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı özünün apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək cavabdehlərin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin Xaçmaz rayon Qaracik-Zeyid kəndində yerləşən 0,74 ha torpaq sahəsində İddiaçı payının ½ hissədə müəyyən edilməsi, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin qızıl zinət əşyalarına aid hissələrdə ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2(067)-3033/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 Balabəg oğlunun cavabdeh İddiaçı qarşı nikahın pozulmasına dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh2 Balabəg oğlu ilə cavabdeh İddiaçı arasında 12 noyabr 2011-ci il tarixdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının X34 Ərazi Dairəsi üzrə nümayəndəliyində 23 sayla qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan uşaqları-28 iyun 2014-cü il ildə anadan olmuş Gülay və 15 oktyabr 2016-cı ildə anadan olmuş Nəzrinin anaları-cavabdeh İddiaçı himayəsində saxlanılmaları qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 Balabəg oğlu ilə X18 arasında nikahın pozulması 06.11.2018-ci il tarixdə qeyd edilmişdir. İş materiallarında olan 07 noyabr 2017-ci il tarixdə Xaçmaz rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X13, X19 və X2 rayon Qaracik-Zeyid kəndində yerləşən 0,74 ha torpaq sahəsini Cavabdeh2 Balabəg oğluna 10000 manata satmışlar. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 02 may 2019-cu il tarixli, **********51 nömrəli məktubundan görünür ki, AN-İ seriyalı, ******* nömrəli, 07 noyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə alınmış 0,74 ha torpaq sahəsi dövlət reyestrində Cavabdeh2 adına qeydə alınmamışdır. İş materiallarında olan Xaçmaz rayon İstehsal-İstehlak Kooperativinin 08 saylı, 08 may 2019-cu il tarixli məktubundan görünür ki, İtaliya istehsalı brilyant qaşlı qızıl komplektin (sırğalar, boyunbağı, qolbaq, üzük) qiyməti 5200 manat, brilyant qaşlı qızıl komplektin (üzük və sırğa) qiyməti 720 manat, brilyant qaşlı qızıl nişan üzüyünün qiyməti1100 manat, brilyant qaşlı qızıl üzüyün qiyməti 420 manat, cəmi 7440 manatdır. İş materiallarına əlavə olunmuş Xaçmaz rayonunun Qaraçaycek Bələdiyyəsinin 22 aprel 2019-cu il tarixli, 32 saylı arayışından görünür ki, hazırda Cavabdeh2 Balabəg oğlunun mülkiyyətində olan 0,74 ha torpağın vergi pulunu 2002-2016-cı illərdə onun əvvəlki sahibi X8 yerinə bu torpaqdan istifadə etdiyi üçün qardaşı X10 ödəmişdir, 2002-ci ildə X10 bu torpaqdan istifadə edərkən sahədə ağac əkilməmişdi. İş materiallarına əlavə olunmuş 10 noyabr 2019-cu il tarixdə Xaçmaz rayonu 1 saylı notariat ofisində təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Zahirov X21 rayonu Qaracik-Zeyid kəndində yerləşən 0,74 ha torpaq sahəsini X20 4000 manata satmışdır. İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 23.10.2020-ci il tarixli, 2(067)-654/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 Balabəg oğluna və X20 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(105)-930/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-654/2020 saylı, 23.10.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2 Balabəg oğluna və X20 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası təmin edilmiş, Cavabdeh2 Balabəg oğlu ilə X23 arasında 10 noyabr 2019-cu il tarixdə bağlanmış AN-1 ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2021-ci il tarixli, 2(102)-5265/2021 saylı qərarından görünür ki, cavabdehlər Cavabdeh2 Balabəg oğlu və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(105)-930/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası MM-nin 225.2-ci maddəsinə görə nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqasının qanunsuz sahibliyindən geri ala bilər. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, qızıl zinət əşyalarının qaytarılması tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, iddia ərizəsindən, iş materiallarından görünür ki, iddiaçı cavabdehlərdən İtaliya istehsalı brilyant qaşlı qızıl komplekt (sırğalar, boyunbağı, qolbaq, üzük), brilyant qaşlı qızıl komplekt (üzük və sırğa), brilyant qaşlı qızıl nişan üzüyü, brilyant qaşlı qızıl üzük və ya onların dəyəri olaraq 7440 manat pul tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. İddia ərizəsində göstərilən qızıl zinyət əşyalarının cavabdehlərdə qalmasını sübut etmək yükü iddiaçının üzərinə düşsə də, iddiaçı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiya məhkəməsində bunları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinəonların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası MM-nin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən isə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası MM-nin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İşin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh2 Balabəg oğlu və İddiaçı 12.11.2011-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuş, onların arasında olan nikah Xaçmaz Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2(067)-3033/2018 saylı qətnaməsi ilə pozulmuşdur. İşdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 Balabəg oğlu və İddiaçı birgə nikahları dövründə Xaçmaz rayon Qaracik-Zeyid kəndində yerləşən 0,74 ha torpaq sahəsini almışlar. Hazırki mübahisəyə məhkəmədə baxılarkən Cavabdeh2 Balabəg oğlu həmin torpaq sahəsinə dair 4 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alaraq 10 noyabr 2019-cu il tarixdə torpaq sahəsini X3, lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə görə məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin birgə nikah dövründə alınmış torpaq sahəsində payların müəyyən edilməsinə aid hissədə düzgün nəticəyə gəlmişdir. Cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(105)-930/2021 saylı qətnaməsi ilə təkzib olunur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətlərində göstərdikləri dəlilləri əsasız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, apellyasiya şikayətlərində sadalanan digər dəlilləri də araşdıraraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehlər Cavabdeh2 Balabəg oğlunun və Cavabdeh1 və İddiaçı apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli, 2(067)-1221/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-25/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-25/2022
03.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver