Məhkəmə qərarları › İş №2(105)-138/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-138/2021

30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-138/2021 30.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh1 və onun vəkili Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, 2(060)-7318/2019 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, 2(060)-7318/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Günel Tanrıverdiyeva) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 20000 manat məbləğində pulun və 15 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 40000 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 onun oğlu, Cavabdeh1 isə oğlunun həyat yoldaşıdır. Cavabdehlər 26.07.2005-ci il tarixdə faktiki, 11.09.2009-cu il tarixdə isə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından iki övladları vardır. Hazırda cavabdehlərin ailə münasibətləri faktiki olaraq dağılmış və ayrı yaşayırlar, boşanmaq ərəfəsindədirlər. Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində 3 sot torpaq sahəsində yerləşən sənədsiz ikimərtəbəli fərdi yaşayış evi onun faktiki mülkiyyətində olmuşdur. 2016-cı ilin noyabr ayında həmin evini 30000 manata X1, əldə edilən pula və digər oğlu Natiqdən aldığı 10000 manata, cəmi 40000 manat məbləğində pula Cavabdeh2 adına ünvan 1 ünvanında yerləşən 14 saylı mənzili almışdır. Bu faktı Cavabdeh1 Cavabdeh2 qarşı verdiyi iddia ərizəsində də açıq aydın onun evinin 30000 manata satılaraq guya 20000 manatının həmin mənzilin alınmasına sərf olunduğunu göstərmişdir. Əslində isə bütün məbləği və digər oğlundan aldığı 10000 manat pulu həmin mənzilin alınmasına sərf etmiş və özünə məxsus başqa bir mənzil satıldıqdan sonra oğlu Natiqdən aldığı 10000 manatı qaytarmışdır. Bu mənzili cavabdehlərə ona görə almışdır ki, cavabdehlər bir ailə kimi həmin mənzildə yaşasınlar. Lakin cavabdehlər hazırda ayrıldıqlarına və öz aralarında həmin evi bölmək barədə məhkəmədə iddia qaldırdıqlarına görə belə qərara gəlmişdir ki, mənzilin alınması üçün ödədiyi 40000 manat pulu cavabdehlərdən müştərək qaydada tələb etsin. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5682/2019 saylı mülki iş üzrə 19 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlakda payların müəyyən edilməsi və paylara uyğun çıxarışın verilməsi, birgə nikah dövründə əldə edilmiş daşınar əmlakların və qızıl zinyət əşyaların bölünməsi tələbinə dair iddiası qismən təmin edilərək, Sumqayıt şəhəri, 48-ci məhəllə, 2 saylı evin 31 saylı mənzil üzərində birgə əmlak payı (½ hissəsi Cavabdeh2, ½ hissəsi Cavabdeh1) müəyyən edilərək Cavabdeh1 övladları 12.05.2007-ci il təvəllüdlü X5 və 12.02.2009-cu il təvəllüdlü X7 ilə birlikdə Sumqayıt şəhəri, 48-ci məhəllə, 2 saylı evin 31 saylı mənzilinə köçürülmələri, Cavabdeh2 899 manat dəyərində “Samsung” markalı paltaryuyan maşın, 1199 manat dəyərində “BOSH” markalı soyuducu, 560 manat dəyərində “ВЕКО” markalı televizor, birinin dəyəri 250 manat olan 2 ədəd çarpayının alınaraq Cavabdeh1 verilməsi, qeyd olunan əşyalar mövcud olmadıqda onların dəyərinin cavabdehdən alınaraq Cavabdeh1 ödənilməsi qət edilmiş, iddianın qalan hissəsi rədd edilmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə çıxarıldığı üçün ləğv edilməli və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işə baxan məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı faktiki istifadəsində olan Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində 3 sot torpaq sahəsində yerləşən sənədsiz ikimərtəbəli fərdi yaşayış evini 2016-cı ilin noyabr ayında 30000 manata X1, həmin pulun 20000 manatını Sumqayıt şəhəri, 48-ci məhəllə, 2 saylı evin 31 saylı mənzilin alınması üçün oğlu Cavabdeh2 və ona vermişdir. Məhkəmə iddianı təmin edərkən İddiaçı 3 sot torpaq sahəsində tikilən iki mərtəbəli həyət evini X6 30000 manata satması barədə əlyazmaya istinad etmişdir. Halbuki, həmin ev iki mərtəbəli deyil, zirzəmili (kürsülü) və onun üstündə tikilmiş iki otaqdan ibarətdir, sənədsizdir və zəbt olunmuş torpaq sahəsində tikilmişdir. Ev üzərində iddiaçının hüquqları dövlət qeydiyyatına alınmadığına görə evin mülkiyyətçisi hesab edilmir. Evin satılması barədə əlyazma da evin İddiaçı tərəfindən və onun vəsaiti ilə tikilməsini təsdiq edən mötəbər sənəd deyildir. İddiaçının həmin evi tikməsini və tikməyə maddi imkanı olmasını təsdiq edən gəlirləri, qazancı barədə sənədlər isə iddiaçının ərizəsinə əlavə edilməmiş, qətnamənin təsviri hissəsində və məhkəmənin iş üzrə nəticəsini təsdiq edən sübutlar sırasında öz əksini tapmamışdır. Belə ki, iddiaçı iddia ərizəsində və məhkəməyə verdiyi izahatında göstərir ki, evini 40000 manata satıb Sumqayıt şəhəri, 48-ci məhəllə, 2 saylı evin 31 saylı mənzilini almış, onun mənzilin bölgüsü ilə bağlı məhkəməyə müraciət etdikdən sonra ondan və oğlundan həmin pulu geri almaq qərarına gəlmişdir. Göründüyü kimi, iddiaçı ərizəsində və məhkəmədə verdiyi izahatında onlara borc verdiyini göstərməmişdir. İddiaçı özünü mənzilin mülkiyyətçisi hesab etsə də, mülkiyyət hüquqlarının tanınması barədə tələblə məhkəməyə müraciət etməmişdir. Məhkəmə həmçinin həyət evini kimin tikməsini, 2006-cı ildə evə gəlin köçərkən evin tikintisinin hansı vəziyyətdə olması, həmin evdə kimlərin yaşamasını, onların bu evin tikintisində və təmirində iştirak etməsi, evdə əsaslı təmir, yenidənqurma işlərinin və s. işlərin görülüb-görülməməsini, görüldüyü halda, kimlər tərəfindən və nə vaxt görüldüyü, həmin vaxt 70 yaşında olan, 1940-cı il təvəllüdlü, yaşlı, xəstə, minimum məbləğdə pensiya alan iddiaçının həmin evi tikməyə və təmir etməyə maddi və fiziki imkanı olmasını, evi satdıqdan sonra iddiaçının 4 nəfərdən ibarət ailəsinin köçüb harada yaşaması, pulun hansı məqsədlə verilməsini (bağışlama, borc, ev özlərinin olduğuna görə) aydınlaşdırmamışdır. Halbuki, işin bu faktiki halları məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb etmişdir. O, 26.07.2006-cı il tarixdə olmuş toy günü İddiaçı məxsus Sumqayıt şəhəri, 48-ci məhəllə, 1 saylı 3 otaqlı 14 saylı mənzilinə gəlin köçürülmüşdür. Valideynlərinin ona hədiyyə etdiyi yataq mebeli və digər cehiz əşyaları toydan əvvəl həmin mənzilə yerləşdirilmişdir. İddiaçı elçilik zamanı toydan sonra Faiqlə onun Sumqayıt şəhəri, 48-ci məhəllə, 1 saylı 3 otaqlı 14 saylı mənzilində yaşayacaqlarını, Faiq onların kiçik oğlu olduğuna görə mənzilin onların olduğunu bildirmələrinə baxmayaraq, sözlərinin üstündə dayanmayıb onları aldatmış və həmin mənzili ortancıl oğu Natiq Məmişova vermişdir. 2006-cı ilin sentyabr ayında, iddiaçı arvadı ilə ona və Cavabdeh2 “Sizin eviniz Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivindəki evdir” deyərək onları tam təmirsiz, yaşayış üçün heç bir şəraiti olmayan sənədsiz evə köçürmüşdülər. Evin yalnız divarları hörülmüş və tavanı vurulmuşdu. Həmin vaxt iki otaq və iki zirzəmidən ibarət olan evin zirzəmili otaqlarının birində qayınatası və qayınanası, birində isə o əri ilə yaşamağa başlamışdır. Otaq və zirzəmilərin döşəmə və tavanı vurulmamış, divarlarına rəng, divar kağızı vurulmamışdı. Cehiz əşyalarını üst otaqlarda yerləşdirmək üçün atası hər iki otağı təmir etmişdir. İddiaçı evin Cavabdeh2la onun yaşamasını dediyi üçün atası həmin evi təmir etmişdir. Valideynlərinin ona hədiyyə verdiyi yataq və qonaq otağı mebelini yə “Çinar“ markalı soyuducunu həmin iki otaqda yerləşdirmişdi. O, əqli zəif uşaqlar üçün nəzərdə tutulan “İnteqrasiya təlimli internat tipli” gimnaziyada loqoped-müəllim işləyir. Evləndiyi gündən ailə münasibətlərinin pozulduğu 2019-cu ilin fevral ayına kimi aldığı əmək haqqını ərinə vermişdir. Köçdükləri gündən 3 il müddətində şəraitsiz vəziyyətdə yaşadıqdan sonra, 2009-cu ilin sentyabr ayında əri ilə birlikdə zirzəmi otaqlara bitişik hamam, ayaqyolu və mətbəx, onların üstündə uzunluğu 9 metr eni, 3 metr olan aynabənd və bir otaq tikmiş, təmir işlərini isə atası görmüşdür. Yaşadığı otağa kreditlə götürdüyü 1200 manat pul ilə yeni yataq mebeli almışdır. Yaşadığı zirzəmi və üstündə olan otaqlar təkqat daşdan tikilmiş, rütubətli idi. Sonra evdə iri çatlar əmələ gəldiyinə görə yaşamaq təhlükəli olmuş, 2013-cü ildə artıq həmin evdə yaşamaq mümkün olmadığını görüb ərilə birlikdə torpaq sahəsinin o biri hissəsində şəraitli ev tikmək qərarına gəlmişdilər. Həmin vaxtlar həyat yoldaşı avtomaşın alveri ilə məşğul olurdu. Artıq ailə büdcəsi yeni evin tikintisinə imkan verirdi. 2013-cü ilin dekabr ayında əri ilə birlikdə 1 mərtəbəli, kürsülü, 4 otaqlı ev tikməyə başlamış və 2014-cü ilin yayında tam başa çatdırmış, evi yüksək zövqlə, super təmir etdirmişdilər. 2014-cü ilin fevral ayının 12-də oğlunun kiçik toyunda iştirak edən müəllim yoldaşlarının ona verdiyi 2380 manat və 250 dollar pulu da evin tikintisinə sərf etmiş, 24.02.2014-cü ildə “DəmirBank”dan kredit götürdüyü 2000 AZN pulla otaqların qapı və pəncərələrini qoydurmuş, “Kapital Bank”dan 23.12.2015-ci ildə götürdüyü 1500 manat kredit pulla mətbəx mebeli yığdırmışdır. 2014-cü ilin yayın axırında tam təmirli vəziyyətdə, super şəraitə malik olan evə əri və iki uşağl ilə birlikdə köçüb yaşamağa başlamışdılar. İddiaçı isə arvadı ilə birlikdə əvvəlki zirzəmili evdə yaşamaqda davam etmişdilər. İşlədiyi məktəbin direktorunun imzası ilə verilən arayışdan görünür ki, ərə getdiyi 2006-cı ildən münasibətləri pozulduğu 2019-cu ilin mart ayına kimi 41698 manat əmək haqqı almışdır. Göründüyü kimi, ərə getdiyi vaxtdan zirzəmili evin satıldığı 2016-ci ilə qədər əri ilə birgə nikah dövründə hər ikisinin vəsaiti ilə zirzəmili evlə yanaşı, həmin torpaq sahəsində başqa 1 mərtəbəli, kürsülü, 4 otaqlı yüksək zövqlə, super təmir edilmiş ev tikmişlər. Bundan sonra, zirzəmili evi satıb binada mənzil almaq qərarına gəlmiş, atasıgilin evi ilə bir mərtəbədə yerləşən 3 otaqlı qonşu mənzili almaq istəmiş, mənzili almaq üçün 5100 manata qızıl zinət əşyalarını, yoldaşı isə 7000 manat birgə nikah dövründə aldıqları “OPEL” markalı avtomobili satmış, atasından 2500 manat borc pul almış, özünün də yığdığı pulla 2016-cı ilin noyabr ayında, ərinin adına 43000 manata tam təmirsiz vəziyyətdə həmin mənzili almış, 2017-ci ilin may ayına kimi orada təmir işləri gördürmüş, mənzilin təmirinə 18000 manat pul xərcləmişdilər. 2018-ci ilin aprel ayında iddiaçı özünə maşın aldırmaq üçün, ərini sonradan tikdiyi həmin evini satmağa məcbur etmişdir. Ev 65000 manata satıldıqdan sonra əri atasına 14000 manata “Nissan X-TRAİL” markalı avtomobil, 42000 manata isə gələcəkdə oğluna vermək üçün nəzərdə tutduğu Sumqayıt şəhəri, 42-ci məhəllədə 13 saylı evin 2 otaqlı 3 saylı mənzilini almışdır. Bu mənzili də yüksək səviyyədə təmir edib kirayə vermişdilər. Sumqayıt şəhəri, 42-ci məhəllədə 13 saylı evin 2 otaqlı 3 saylı mənzili birgə tikdikləri ikinci evin satışından əldə olunan vəsaitlə alınmışdır. Həmin mənzilin bir müddət sonra Cavabdeh2 bağışlanması bu fikri təsdiq edir. Artıq yaşlaşmış, əmək qabiliyyəti və heç bir gəlirə malik olmayan İddiaçı Sumqayıt şəhərində 2 həyət evi tikməmişdir və buna nə maliyyə vəsaiti, nə də fiziki gücü olmuşdur. Məhkəmədə dindirilmiş şahidlər də zirzəmili evin onların ailəsinə məxsus olmasını, atasının evi təmir etməsini, əməyi və vəsaiti ilə həmin evi əsaslı təmir etməsi, yenidənqurma işləri aparmasını, avadanlığın dəyişdirilməsində iştirak etməyini təsdiq etmişlər. Zirzəmili ev əri ilə onun birgə əmlakı olmuş, həmin evi 30000 manata satdıqdan sonra ərinin məsləhəti ilə 10000 manatını qaynına vermiş, 20000 manatı isə üstünü düzəldib məhkəmənin qərarı ilə payları müəyyən edilmiş mənzili almışlar. Göründüyü kimi, birgə nikah dövründə ərilə iki həyət evi tikib, əvəzində 2 mənzil almışlar. İddiaçı da həmin əmlakların onların olduğunu bilirdi və 3 ildən sonra Cavabdeh2la boşandıqları üçün bütün evlərin onun olduğunu bildirib əsassız ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianı təmin edərkən keçmiş əri Cavabdeh2 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü barədə məhkəməyə yazdığı ərizəyə istinad etmişdir. İşə baxan məhkəmə göstərmişdir ki, həmin iddia ərizəsində o, qeyd etmişdir ki, qayınatasının adına olan 3 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evi 30000 manata satılmış, həmin pulun 20000 manatını o və yoldaşı Cavabdeh2 götürmüş, 10000 manatını isə yoldaşının məsləhəti ilə qaynı Natiq Məmişova vermişlər. İstər iddia ərizəsində, istərsə də qətnamədən göründüyü kimi, məhkəməyə verdiyi izahatında 2016-cı ilin sentyabr ayında zirzəmisi çat verən evin 30000 manata satıldığını bildirmişdir. Qayınatasının adına olan 3 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evini satılması, həmin evin qayınatasına məxsus olması, evi satıb onlara pul verməsi ifadəsini işlətməmişdir. Bununla belə məhkəmənin yanlış olaraq etirafı hesab etdiyi cümlədən bunun tam əksi, evin əri tərəfindən satıldığı və evin satışından əldə edilən pulun bir hissəsinin onun razılığı ilə ərinin qardaşına verilməsi aydın görünür. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia tələbi bu hissədə təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan əlyazmadan görünür ki, İddiaçı özünə məxsus 3 sot torpaq sahəsində tikdiyi iki mərtəbəli həyət evini şahidlərin iştirakı ilə X6 30000 manata satmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5682/2019 saylı, 19 iyul 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlakda payların müəyyən edilməsi və paylara uyğun çıxarışın verilməsi, birgə nikah dövründə əldə edilmiş daşınar əmlakların və qızıl zinyət əşyaların bölünməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilərək, Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 2-də yerləşən 31 nömrəli mənzil üzərində birgə əmlak payı (½ hissəsi Cavabdeh2, ½ hissəsi Cavabdeh1) müəyyən edilməsi, Cavabdeh1 övladları 12.05.2007-ci il təvəllüdlü X5 və 12.02.2009-cu il təvəllüdlü X7 ilə birlikdə Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 2-də yerləşən 31 nömrəli mənzilə köçürülmələri, Cavabdeh2 899 manat dəyərində “Samsung” markalı paltaryuyan maşın, 1199 manat dəyərində “BOSH” markalı soyuducu, 560 manat dəyərində “ВЕКО” markalı televizor, birinin dəyəri 250 manat olan 2 ədəd çarpayının alınaraq Cavabdeh1 verilməsi, siyahıda adları qeyd olunan əşyalar mövcud olmadıqda, onların dəyərinin cavabdehdən alınaraq Cavabdeh1 ödənilməsi qət edilmiş, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 noyabr 2020-ci il tarixli, 2(105)-267/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2(060)-5682/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli, 2(102)-2498/2021 saylı qərarının surətindən görünür ki, Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-267/2020 nömrəli iş üzrə 13 noyabr 2020-ci il tarixli dəyişdirilmədən saxlanılmışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən İddiaçı öz mənzilini sataraq onun dəyərinin bir hissəsini, yəni 20000 manatını cavabdehlər Cavabdeh2 və Cavabdeh1 verməsinin iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığına isitnad etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1 və 445.2.1-ci maddələr ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş hissəsində gəldyi bu nəticə qanunsuz və əsassız olmaqla, işin faktiki hallarına uyğun deyildir. İşin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 26 iyul 2005-ci il tarixdə faktiki, 11 sentyabr 2009-cu il tarixdə isə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından 12.05.2007-ci il tarixdə X5 və 12 fevral 2009-cu il tarixdə X7 anadan olmuşlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinəonların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası MM-nin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarına görə Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: 1) əmlakın ər-arvadın nikah müddətində əldə olunması; 2) əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Göründüyü kimi, əmlakın ər-arvadın ümumi birgə əmlakı hesab edilməsi üçün həmin əmlak birgə nikah dövründə və onların ümumi gəlirləri hesabına əldə edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və Azərbaycan Respublikası MM-nin 225-ci maddələrinin dispozisiya şərtlərinin yaranması üçün eyni zamanda həmin əmlakların ər-arvadın ümumi gəlirləri hesabına alınması da sübut olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmədiyindən iş üzrə yanlış nəticəyə gəlmişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5682/2019 saylı, 19 iyul 2019-cu il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri, 48-ci məhəllə, 2 saylı evin 31 saylı mənzilinin Cavabdeh2 və Cavabdeh1 birgə nikahları müddətində əldə edilməsi, onların birgə mülkiyyəti hesab edilməsi müəyyən edilmiş, birgə əmlak kim həmin mənzildə hər birinin payı ½ hissədə müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5682/2019 saylı, 19 iyul 2019-cu il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və Azərbaycan Respublikası MM-nin 225-ci maddələrinin dispozisiya şərtlərinə uyğun olaraq Sumqayıt şəhəri, 48-ci məhəllə, 2 saylı evin 31 saylı mənzilinin Cavabdeh2 və Cavabdeh1 birgə nikahları müddətində və onların ümumi gəlirləri hesabına alınması qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5682/2019 saylı, 19 iyul 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, İddiaçı Cavabdeh2 ilə Cavabdeh1 arasında Sumqayıt şəhəri, 48-ci məhəllə, 2 saylı evin 31 saylı mənzilinin bərabər hissədə bölünməsi barədə qətnamə qəbul edildikdən sonra hazırki pul tələbi ilə məhkəməyə məhkəməyə müraciət etmiş və Cavabdeh2 da ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşısında hər hansı öhdəliyinin olması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia tələbi bu hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, 2(060)-7318/2019 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi bu hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar