Məhkəmə qərarları › İş №2(105)-138/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-138/2022

31.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-138/2022 31.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-199/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Xaçmaz Rayon Məhkəməsinin 2(067)-199/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh əmlaka dəyən zərərin əvəzi kimi 35321 (otuz beş min üç yüz iyirmi bir) manat pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. (hakim Xıdır Quliyev) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin 1200 manat həcmində təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “Mercedes Benz E270 CDİ” markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtomaşınla törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində “BMW M6 Cabriolet” markalı, ** KO *** dövlət nömrə nişanlı avtomaşına dəymiş ziyanın əvəzi kimi qalan 64614,11 manat məbləğində pul vəsaitinin cavabdehdən tutlaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək Cavabdeh “Mercedes Benz E270 CDİ” markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtomaşınla törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində “BMW M6 Cabriolet” markalı, ** KO *** dövlət nömrə nişanlı avtomaşına dəymiş ziyandan ödənilməmiş qalan 38950 manat məbləğində pul vəsaitinin cavabdehdən tutlaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh 08 iyul 2020-ci il tarixdə idarə etdiyi «Mersedes Benz E270 CDİ» markalı, ** RX *** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Neftçilər prospektində yol-nəqliyyat hadisəsi törətmiş, onun törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “BMW M6 Cabriolet” markalı, ** KO *** dövlət nömrə nişanlı avtomaşın əzilməklə iddiaçıya xeyli miqdarda ziyan dəymişdir. Bakı şəhər X5 İdarəsinin polis kapitanı X1 inzibati tənbeh vermə haqqında ******* nömrəli, 08 iyul 2020-ci il tarixli qərarı ilə yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirkar olan Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 60 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Avtomaşına yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın həcmini müəyyən etmək üçün «BMW» avtomobillərinin Azərbaycanda rəsmi distribyutoru və servisi olan "xxxx" şirkətinə müraciət edilmiş, servisin mütəxəssisləri tərəfindən tərtib edilmiş qüsur aktına əsasən müəyyən olunmuşdur ki, «Mersedes Benz E 270 CDİ» markalı, ** RX *** dövlət nömrə nişanlı avtomaşının sürücüsü tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət nömrə nişanlı avtomaşına 69614,11 manat məbləğində ziyan dəymişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə sığortalı olan «Mersedes Benz E 270 CDİ» markalı, ** RX *** dövlət nömrə nişanlı avtomaşının yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan «BMW» markalı avtomaşına dəymiş ziyanın 5000 manat hissəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti Sığorta Şirkəti tərəfindən ödənilmişdir. Vurulmuş ziyanın qalan hissəsi isə ödənilməmişdir. Onun tərəfindən 10 avqust 2020-ci il tarixli məktubla cavabdehə dəymiş ziyanın ödənilməmiş qalan hissəsinin 10 gün müddətinə ödəməsi xahiş olunmuş, lakin cavabdeh vurduğu ziyanı ödəməmişdir. Bu səbəbdən o, vurulmuş zərərin əvəzinin ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur və göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, İ Ş D Ə İ Ş T İ R A K Ş Ə X S L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tutulmuş məbləğ real zərərin həcmini əks etdirmir və şişirdilmişdir. Tələb olunan pul məbləği həqiqətdən uzaqdır. Rela zərər 6240 manat təşkil etmişdir. Bunu "xxxx" Sığorta şirkətinin agenti qəza baş verən gün iddiaçının avtomobilini tədqiq edərək müəyənləşdirmişdir. Həmin şirkət tərəfindən iddiaçıya 5000 manat sığorta ödənişi edilmişdir və hazırda iddiaçıya dəymiş zərərin əsl miqdarı 1240 manat təşkil edir ki, bunu ödəməyə hazırdı. Həm ekspert rəyində, həm də qətnamədə istinad olunan “AVTO SİSTEM” ehtiyat hissələri mağazasının verdiyi 11 sentyabr 2020-ci il tarixli, 59163 nömrəli ödəniş çeki isə mötəbər sübut deyil. Bu çekdə sadalanan bütün detallar qəza nəticəsində zərər görmüş avtomobilə quraşdırılmaya da bilər. Digər tərəfdən həmin çekdə alıcı kimi iddiaçı deyil, Samir Akifzadə adlı şəxs göstərilmişdir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, ondan 1200 manat məbləğində pulun tutulması barədə yeni qətnamə çıxarılmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil şikayətin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi, əlavə etdi ki, "xxxx" tərəfindən verilən qüsur aktları qəbuledilməzdir. Avtomaşının sol qabaq hissəsi zədə almasına baxmayaraq, qüsur aktında belə görünür ki, maşın sahibi zədə almayan hissələri də dəyişdirmişdir. Maşının buraxılış ilinin 2012-ci olması, işlənməmiş halda bazar qiymətini təxminən 30000-40000 manat olması nəzərə alınsa, belə çıxır ki, iddiaçı onlardan yeni maşının alınıb verilməsini tələb edir. Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsində günahını etiraf edir və hesab edirlər ki, dəymiş ziyan təxminən 10000-15000 manat ola bilər. Ona görə də vurulmuş ziyanın əvəzi olaraq hazırda sığorta ödənişini nəzərə almadan əlavə ödəniş etməyə razıdır. Doğrudur, ekspert rəyi ilə razı olsalar da, 9505,00 manat ödəməyə cavabdehin imkanı yoxdur, o, 6000 manat ödəməyə razıdır. Qətnamə qəbul edilərkən dediklərinin nəzərə alınmasını xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdiilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan AD seriyalı, 263315 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, kabriolet tipli, ağ rəngli, WBSLZ91060C985045 ban nömrəli nəqliyyat vasitəsi İddiaçı adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş 08 iyul 2020-ci il tarixli, İXP seriyalı, ******* inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yenə iş materiallarında olan 08 iyul 2020-ci il tarixli, YP seriyalı, 380828 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh 08 iyul 2020-ci il tarixdə idarə etdiyi «Mersedes Benz E270 CDİ» markalı, ** RX *** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri Neftçilər prospektində törətdiyi yol-nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 60 manat məbləğində cərimə inzibati tənbeh edilmişdir. Mülki iş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 20 iyul 2020-ci il tarixli, 137 nömrəli qüsur aktından və əlavə olunmuş fotoşəkillərdən müəyyən olunur ki, BMW AĞ konserninin Azərbaycanda rəsmi idxalçısı "xxxx" MMC-nin texniki xidmət mərkəzinə 08 iyul 2020-ci il tarixdə daxil olmuş “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı, WBSLZ91060C985045 ban nömrəli avtomobil hadisə nəticəsində sol yan hissəsindən güclü zərbə almışdır. Zədələnmiş hissələrin dəyişdirilməsinə-təmirinə ümumilikdə 69614,11 manat vəsait tələb olunur. İşdə olan, iddiaçı tərəfin təqdim etdiyi Bakı şəhəri, Babək prospekti 2315 ünvanında yerləşən “AVTO SİSTEM” ehtiyat hissələri mağazasının verdiyi 11 sentyabr 2020-ci il tarixli, 59163 nömrəli ödəniş çekindən görünür ki, həmin satış mərkəzindən “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hissələrinin alınması üçün mağazaya ümumilikdə 37950 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş, iddiaçı tərəfin təqdim etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi 19 oktyabr 2020-ci il tarixli, 24 nömrəli satış çekindən, həmin tarixli, S- 0RD89754 nömrəli, S-0RD98754 nömrəli və S-ORD89754 nömrəli qaimələrin surətlərindən “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmirinin həyata keçirilməsi ilə bağlı cəmiyyətin hesabına ümumilikdə 6300 manat pul ödənilmişdir. Mülki işə əlavə olunmuş "xxxx" Sığorta Şirkətinin 10 iyul 2020-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatından görünür ki, “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin 6240 manat həcmində olması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2021-ci il tarixli, 9/5375 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə “Avto Sistem” ehtiyat hissələri mağazasının verdiyi 11 sentyabr 2021-ci il tarixli, 59163 nömrəli ödəniş çeki, "xxxx" MMCnin xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı, “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 35.321,0 manat müəyyən edilir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2021-ci il tarixli, 9/5711 nömrəli ekspert rəyinin nəticə hissəsində nəzəri hesablama yolu ilə iş materialında olan "xxxx" S.Ş-nin xx.xx.2020-ci il tarixli dəymiş zərərin qiymətləndirilməsi barədə “Hesabata əsasən 2012-ci il buraxılışlı, mühərrik tutumu 4395 sm3 markalı, “BMW M6 Kabriolet markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 11700.00 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 9505,00 manat təşkil edir, nəzəri hesablama yolu ilə, iş materialında olan “xx.xx.2020-ci il tarixli, 59163 №-li çekdə olan məlumata əsasən isə həmin avtomobilin təmir-bərpa xərci təxminən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 42681.00 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 34121,00 manat təşkil etdiyi qeyd olunur. Mülki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2022-ci il tarixli, 9/8626 nömrəli rəyi də, 27 sentyabr 2021-ci il tarixli, 9/5711 nömrəli ekspert rəyi ilə eynilik təşkil edir. MƏHKƏMƏNİNHÜQUQİMÖVQEYİ Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları tədqiq edərək, həmçinin prosessual qənaət prinsipini, tərəflərin tələbini nəzərə alır və hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-199/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri, Neftçilər prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iş üzrə Cavabdeh idarə etdiyi «Mersedes Benz E270 CDİ» markalı, ** RX *** dövlət nömrə nişanlı avtomaşınla İddiaçı məxsus “BMW M6 Cabriolet” markalı, ** KO *** dövlət nömrə nişanlı avtomaşını əzməklə iddiaçıya maddi ziyan vurmuşdur. Bu barədə inzibati tənbeh vermə haqqında ******* nömrəli, 08 iyul 2020-ci il tarixli qərar ilə yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirkar olan Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 60 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Hazırda mübahisə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət nömrə nişanlı avtomaşına vurulmuş ziyanın məbləği ilə bağlıdır. İddiaçı «BMW» avtomobillərinin Azərbaycanda rəsmi distribyutoru və servisi olan "xxxx" şirkətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş qüsur aktına istinad edərək maşına 43950 manat ziyan dəydiyini, həmin məbləğdən 5000 manat sığorta ödənişini aldığını bildirərək, son olaraq 39250 manat tələb edir. Cavabdeh isə "xxxx" Sığorta Şirkətinin 10 iyul 2020-ci il tarixli, nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatına əsasən dəymiş zərərin 6240 manat həcmində olmasını, sığorta ödənişini çıxmaqla 1200 manat ödəməli olduğunu bildirir. Sonuncu məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi sığorta təşkilatının hesabatına uyğun ekspert tərəfindən müəyyən edilmiş 9505 manat ziyanı qəbul etdiklərini, lakin hazırki şəraitdə 9505 manat ödəmək imkanları olmadığı üçün, ödənilmiş 5000 manat sığorta haqqı nəzərə alınmadan, əlavə olaraq 6000 manat ödəməyə hazır olduqlarını bildirdi. Məhkəmə kollegiyası tərəfindən, vurulmuş ziyana dair qiymətlər arasındakı kəskin fərq nəzərə alınaraq, real ziyanın müəyyən edilib obyektiv nəticəyə gəlmək üçün ekspertiza və təkrar ekspertiza təyin edilmiş, lakin ekspertlər qoyulmuş sualları tam cavablandırmamış, nəqliyyat vasitəsinə baxış keçirməklə, vurulmuş ziyanın məbləğinə dair yuxarıda qeyd edilən iki fərqli rəyin hansının daha ağlabatan, həqiqətə uyğun olmasını müəyyən etməklə konkret rəy verməkdən yayınmış, tərəflərin rəyini və prosessual qənaət prinsipini əsas götürərək məhkəmə kollegiyası işə, işdə olan sübutlar əsasında baxmaq qərarına gəlmişdir. Məhkəmə kollegiyası iş materiallarında olan sübutlara istinad edərək hesab edir ki, iş üzrə avtomaşına dəymiş ziyanın məbləği ilə bağlı işin hallarına uyğun daha ağlabatan məbləğ ekspert rəyində qeyd olunan 9505,00 manat məbləğidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən ona əsaslanır ki, iddiaçı öz iddiasının əsası kimi iş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 20 iyul 2020ci il tarixli, 137 nömrəli qüsur aktına istinad edir ki, kollegiya həmin aktı yaranmış mübahisənin həllində əsaslı sübut kimi qəbul etmir. Belə ki, iş materiallarına əlavə edilmiş avtomaşının fotoşəkillərinə, eləcə də hadisədən dərhal sonra nəqliyyat vasitəsinə baxış keçirib zədələnmiş hissələrə dair tərtib edilmiş hesabata nəzər saldıqda həmin avtomaşının yalnız bir hissəsinin, əsasən sol hissəsinin zədə aldığı müəyyən olunur. İddiaçının işə əlavə etdiyi sübutlardan isə belə qənaətə gəlmək olar ki, iddiaçı avtomaşının, öz istəyinə uyğun şəkildə, digər hissələrini də təmir etdirmişdir ki, həmin xərclərin cavabdehdən tələb edilməsi əsaslı hesab edilə bilməz. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş "xxxx" Sığorta Şirkətinin 10 iyul 2020-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatından görünür ki, “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin həcmi 6240 manat məbləğində müəyyən edilmiş və Sığorta Şirkəti tərəfindən iddiaçıya 5000 (beş min) manat məbləğində pul ödənilmişdir. İddiaçı həmin hesabatı mübahisələndirməmiş, ödənişi isə qəbul etmişdir. Nəhayət, cavabdeh 9505 manat ödəməli olduqları ilə razılaşır, ödənilmiş 5000 manat sığorta məbləğindən əlavə, maddi imkanlarına uyğun 6000 manat da ödəmək istədiklərini bəyan edir. “Məhkəmələr və hakimlər haqqında” AR Qanununun 100-ci maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hər bir halda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşına vurulmuş ziyanın 9505,00 manat məbləğində qəbul edilməsi həm işin tədqiq olunan faktiki hallarına uyğundur, həm də cavabdeh tərəfin də qəbul etdiyi məbləğdir. Belə ki, cavabdeh tərəf də, vurulmuş ziyanın həmin məbləğdə olmasını qəbul edib razılaşdığını, lakin hazırki vəziyyətdə maddi imkanına uyğun olaraq, sığorta ödənişindən əlavə 6000 manat ödəməyə hazır oduğunu bildirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçı qarşısında zərər vurmaqdan doğan öhdəliyi yaranmışdır və o, bütün hallarda bu öhdəlyin icrası üçün məsuliyyət daşıyır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə uyğun olaraq öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yenə həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Mülki Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-199/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh əmlaka dəyən zərərin əvəzi olaraq 9505,00 (doqquz min beş yüz beş) manat pul alınaraq İddiaçı verilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir və bu qətnamənin ləğvi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayətinə dair istinad etdiyi halları qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməldir. Keçirilmiş ekspertizaların dəyəri olan 175 manatın 87,50 manatı iddiaçıdan, 87,50 manat hissəsi isə cavabdehdən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-199/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh əmlaka dəyən zərərin əvəzi olaraq 9505,00 (doqquz min beş yüz beş) manat pul alınaraq İddiaçı verilsin. Tərəflərin ödədikləri dövlət rüsumları özlərinə aid edilsin. 175 manat ekspertiza xərcinin 87,50 manatı İddiaçı, digər 87,50 manatı isə Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SFİFT BİK CTREAZ22 Hesab № AZ34CTRE******************** hesabına ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar