Məhkəmə qərarları › İş №2(105)-1381/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1381/2024

23.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1381/2024 23.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair (Açar sözlər: maddi ziyanın ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi tələbi»nə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(060)-2742/2024 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-216/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinməsi və onun 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəzasının əvvəlinin İddiaçındə qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh üzərinə İddiaçınə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, hökmün icrası Cavabdeh yaşayış yeri üzrə İddiaçınə tapşırılması, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 təqsirləndirilən şəxs Cavabdeh göstərdiyi hüquqi yardıma görə 48 manat pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməsi hökm edilmişdir

2. İddiaçı böyük icra məmuru Nümayəndə məhkum Cavabdeh iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 216/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinmiş və o, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkumun üzərinə İddiaçınə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı evi tərk etməmək Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonu hüdudlarından çıxamamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına edən nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmuşdur. Həmin hökmün icrası ilə əlaqədar Cavabdeh yaşadığı ünvanda olmuş, ona hüquq və vəzifələri izah olunduqdan sonra elektron nəzarət vasitəsi məhkumun tətbiq üzərinə tətbiq olundu. Məhkuma bir daha elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi barədə xəbərdarlıq edildi. Bundan sonra məhkuma “Attenti” markalı elektron qurğu tətbiq olunaraq 1 ədəd mobil qurğu və 1 ədəd enerji adaptrı təhvil verildi. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edildi və ona protokolun surəti təqdim edilərək yaddaş kitabçası verilmişdir.

3. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ED 000498 №-li elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyə əsasən, “Attenti V6” markalı mobil qurğuya texniki baxış keçirilmiş, zərbə nəticəsində ana platada kondensator qopub, təmiri mümkün olmadığından istifadəyə tam yararsız olması müəyən edilmişdir.

4. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Attenti” markalı elektron nəzarət qurğusunun qiyməti 2277,40 manat təşkil edir.

5. Apellyasiya icraatı zamanı sorğu əsasında əldə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən edilir ki, “Attenti” markalı ağıllı elektron qolbağın dəyəri (sadə elektron qolbaq-1mobil nəzarət qurğusu-1 əd. Elektron adapteri-1 əd-klipsa-1 cüt proqram lisenziyası-1 əd) 2277.7 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-216/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə üzərinə saat 22:00-dan növbəti gün 07:00-dək yaşadığı ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması ona üçün xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri qoyulmuşdur. Hökmün icrası barədə göstəriş icra olunması üçün xx.xx.2023-cü il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ, bir ədəd enerji bankı təhvil verilmişdir. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, cəzanın çəkilmə qaydalarının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitənin zədəlikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkum cəzasını çəkib qurtardığı üçün nəzarət işi qeydiyyatdan çıxarılmış və ona verilmiş ENV geri alınmışdır. AR Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitorinq İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyə əsasən zərbə nəticəsində ana platada kondensatorun qopduğu, təmiri mümkün olmadığı üçün istifadəyə tam yararsız olduğu qeyd edilmişdir. Belə olan halda hesab edilir ki, cavabdeh məsuliyyətli olmadığından mobil nəzarət qurğusu istifadəyə tam yararsız olduğu üçün maddi ziyan vurulmuşdur. Avadanlığın dəyəri 2277,40 manat təşkil edir. Göstərilənlərə əsasən iddia təmin edilmişdir.

8. Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(060)-2742/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.(hakim Ş.Həxiyeva)

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən edilib ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-216/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsi tətbiq edilmiş, Cavabdeh elektron nəzarət vasitəsini zədələmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin verdiyi məlumata görə həmin elektron nəzarət vasitələrinin dəyəri 2277,40 manat təşkil edir. Məhkəmə hesab edib ki, törədilmiş mülki hüquq pozuntusuna görə cavabdeh iddiaçı qarşısında mülki məsuliyyət daşıyır və iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur.

10. Məhkəmə öz mövqeyini “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli Qərarın 7.5-ci bəndinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1115-ci maddələrinə və Azərbaycan Respublikası Cəzalrın İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti vermişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki qətnamə əsassızdır. Məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir. Cavabdeh olaraq o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Probasiya İdarəsi tərəfindən təhvil verilmiş elektron nəzarət vasitəsinə qəsdən, bilərək zərər vurmamışdır. Elektron nəzarət vasitəsinin enerji yığması üçün lazım olan diod qırılıb. Həmin diodun üstündən basıb saxlayanda dərhal enerji yığmağa başlayır. Həmin aparatın diod hissəsini təmir edərək əvvəlki vəziyyətinə gətirmək mümkündür. Hal-hazırda həmin avadanlığı öz vəsaiti hesabına təmir etdirə bilər. Elektron nəzarət vasitəsinin zərər dəymiş diodunun qiyməti 2277,40 manat təşkil edə bilməz. Sumqayit şəhər Probasiya şöbəsi qanunsuz olaraq ondan dəymiş zərər məbləğindən qat-qat artıq ödəniş etməyi tələb edir. Həmin elektron nəzarət vasitəsi məhkəmə tərəfindən çıxarılmış hökmə əsasən bir il müddət ərzində üzərində olmuş, bu müdddətdə ona heç bir zərər dəyməmişdir. Cəzanın sonunda yaşadığı ərazidə olduğu zaman nərdivana çıxıb internet və kamera kabelini düzəltdiyi zaman oradan yıxılmış, həm özü zədələnmişəm, həm də, üzərində olan elektron nəzarət vasitəsi zədələnmişdir. Elektron nəzarət vasitəsi qəsdən zədələnməmişdir. Bu qəza nəticəsində baş vermişdir. Məhkəmə iddia ərizəsində qeyd etdiyi tələblə razılaşmış eyni zamanda işin hallarını iddiaçının bildirdiyi kimi qəbul etmişdir. Məhkəmə Sumqayıt şəhəri Probasiya Şöbəsinin məhkəməyə verdiyi sənədlərdə çoxlu çatışmazlıq və qüsurları nəzərə almamışdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zmaanı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə (etibarnamə) AR Ədliyyə Nazirliyi tərəfindən verilən xidməti tapşırıqların yerinə yetirilməsinə dair qanunla müəyyən edilmiş hərəkətlər etmək Probasiya Xidmətinin bütün yerli qurumlarının rəsilərinə və icra məmurlarına etibar edildiyi göstərilmişdir. Etibarnamə Probasiya Xidmətinin rəisi, Baş probasiya məmuru Akşin Ziyadov tərəfindən imzalandığı görünsədə yerli probasiya rəisinə verilmiş etibarnamədə etibarnamənin verildiyi tarix həmçinin həmin etibarnamənin nömrəsi qeyd edilməmiş, həmin hissələr boş saxlanılmışdır. Bu eitbarnamədə həmin çatışmazlıqlar olduğundan etibarnamənin qanuniliyi və əsaslılığı şübhə yaradır. Qanuna əsasən həmin etibarnamə qüvvədə deyildir və bu səbəbdən iddia ərizəsini imzalamış İddiaçı rəisi vəzifəsini icra edən şəxsin iddia ərizəsini imzalamaq səlahiyyəti mövcud deyildir. İşə baxan məhkəmə bu hallara əhəmiyyət verməmiş, yalnız iddia ərizəsinə uyğun olaraq formal qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak etmiş iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayət əsassızdır. Belə ki, cavabdeh apellyasiya şikayətində tələb edilən məbləği mübahisələndirir ki, Probasiya Xidmətinin müvafiq məktubunda elektron nəzarət vasitəsinin dəyərinin 2277,40 manat təşkil etməsi göstərilmişdir. Həmin sənəd birinci instansiya məhkəməsində icraat zamanı iş materiallarına əlavə edilmişdir. Bundan əlavə məhkuma (cavabdeh) həmin cihaz verildikdə onunla birlikdə qoruyucu rezin üzlük də verilmişdir. Cavabdehin öz izahatında qurğunun arxa cibində olmasını, yıxıldığı zaman qırıldığını bildirmişdir, bu zaman qurğunun qoruyucu üzlüyü olmamışdır. Daha sonra cavabdeh ona müraciət edərək qurğunun qırıldığını bildirmişdir. Müvafiq qaydada Probasiya Xidmətinə müraciət etdikdən sonra qurğunun vəziyyəti barədə rəy təqdim edilmişdir, həmin rəy də iş materiallarına əlavə edilmişdir. Elektron qurğunun nasaz vəziyyətə gətirilməsində cavabdeh təsqsirli olduğundan dəymiş ziyan onun tərəfindən ödənilməlidir. Göstərilənlərə əsasən sonda apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

16. Cavabdeh məhkəməyə elektron kabinet vasitəsilə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsində apellyasiya şikayətində yol verilən texniki qüsurlara düzəliş edərək, (elektron nəzarət vasitəsinin yenisini ala bilmək imkanı olmamasının nəzərə alınması) sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Kollegiya Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin;

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

18. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur.

19. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli Qərarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilər tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2742/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Kollegiya Sumqayıt şəhəri Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 2742/2024 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İddia tələbi elektron nəzarət qurğusuna vurulmuş zərərin ödənilməsi barədədir.

25. Hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.

26. Bu iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir ki, birinci instansiya məhkəməsi də öz səlahiyyətləri çərçivəsində araşdırma apararaq mübahisənin həllinə həmin maddi hüquq normalarını tətbiq etmişdir.

27. Araşdırılan işin faktiki hallarından müəyyən edilmişdir ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-216/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə, üzərinə saat 22:00dan növbəti gün 07:00-dək yaşadığı ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması ona üçün xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri qoyulmuşdur.

28. Hökmün icrası barədə göstəriş icra olunması üçün xx.xx.2023-cü il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır.

29. Cavabdeh xx.xx.2023-cü il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ, bir ədəd enerji bankı təhvil verilmişdir.

30. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, cəzanın çəkilmə qaydalarının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitənin zədəlikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir.

31. Məhkum cəzasını çəkib qurtardığı üçün nəzarət işi qeydiyyatdan çıxarılmış və ona verilmiş ENV geri alınmışdır. Elektron nəzarət vasitəsi Cavabdeh geri alınarkən izahat alınmış və sonuncu qurğunu arxa cibində saxladığını və nərdivana çıxaraq iş gördüyü zaman yıxıldığını və qurğu arxa cibində olduğu üçün altında qalaraq bir müddət sonra eherji ilə təmin olunmadığını bildirmişdir.

32. AR Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitorinq İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyə əsasən zərbə nəticəsində ana platada kondensatorun qopduğu, təmiri mümkün olmadığı üçün istifadəyə tam yararsız olduğu qeyd edilmişdir. Əlavə olaraq apellyasiya icraatı zamanı Ədliyyə Nazirliyinə sorğu verilmiş və eyni məzmunlu cavab verilmişdir.

33. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi tam yerinə yetirməyərək, qurğuya qarşı məsuliyyərsiz davrandığından, nəzarət subyekti olaraq elektron nəzarət vasitəsini zədələdiyindən həmin vasitənin dəyəri ondan tutulmalıdır.

34. Apellyasiya şikayətinin digər bir dəlilinə, yəni qurğunun dəyəri ilə razılaşmamasına qiymət verən kollegiya bildirir ki, bununla bağlı aidiyyəti orqanlara yenidən sorğu verilmiş və mobil qurğunun xüsusi proqram lisenziyası ilə dəyərinin 2277,40 manat təşkil etdiyi bildirilmişdir.

35. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

36. Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı)

37. MM-nin 1096.1-ci maddəsində mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlikdir) kimi təsbit edilmişdir.

38. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, MM-in sözügedən maddəsi zərərvuranın davranışını təqsirin növlərinə görə (qəsd və ya ehtiyatsızlıq) ayırmadan təqsirin olmasını zərərçəkənə zərər vurulması əsası kimi yetərli saymışdır. Başqa sözlə, zərərin vurulması halında növündən asılı olmayaraq təqsirin olması kifayət edir ki, zərər çəkən şəxsin zərər vurandan ona dəymiş maddi ziyanı tələb etmək hüququ yaransın. Bu zaman zərər vuranın özünə zərər dəyib-dəyməməsi də heç bir əhəmiyyət kəsb etmir, çünki, bu hal qarşı tərəfə vurulmuş zərərin həcminin artıb azalmasına təsir etmir.

39. Beləlilkə yuxarıda qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir

40. Sonda məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti vermək hüququ istisna edilir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(060)-2742/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar