Məhkəmə qərarları › İş №2(105)-1382/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1382/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1382/2023 23.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, cavabdeh Salmanova (İsmayılova) Sara Məmməd qızının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Şabran Rayon Məhkəməsinin 21 aprel 2017-ci il tarixli, 2(031)-381/2017 nömrəli qətnaməsindən cavabdeh Salmanova (İsmayılova) Sara Məmməd qızının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq müəyyən etdi: Şabran Rayon Məhkəməsinin 21 aprel 2017-ci il tarixli, 2(031)-381/2017 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdеhlər Cavabdeh2 və Salmanova (İsmayılova) Sara Məmməd qızından 134000 (bir yüz otuz dörd min) ABŞ dolları (ödənildiyi anda milli manat ekvivalentində) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Salmanova (İsmayılova) Sara Məmməd qızının nümayəndəsi və vəkili Nümayəndə Şabran Rayon Məhkəməsinə müraciət edərək 08 may 2023-cü il tarixdə qətnaməni almış və apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Salmanova (İsmayılova) Sara Məmməd qızının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdeh Salmanova (İsmayılova) Sara Məmməd qızının 2017-ci il tarixdə keçirilən məhkəmə proseslərindən xəbəri olmayıb. Məhkəmə qərarından yalnız yaxın zamanlarda məlumatlı olmuşdur. Bu səbəbdən apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyri-mümkündür və apellyasiya şikayətinin uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2017-ci il tarixli müşaiyət məktubu ilə işdə iştirak edən şəxslərə göndərilmişdir. İddiaçı, Cavabdeh2 göndərilmiş məhkəmə zərfləri məhkəməyə geri qayıtsa da, Cavabdeh1 göndərilmiş məhkəmə zərfinin iddiaçıya çatması barədə məlumat yoxdur. İş materiallarınadan görünür ki, Şabran Rayon Məhkəməsinin 21 aprel 2017-ci il tarixli, 2(031)-381/2017 nömrəli icra vərəqəsi icra olunması üçün 23 may 2017-ci il tarixdə Şabran rayon İcra Şöbəsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Şabran Rayon Məhkəməsi cavabdeh Salmanova (İsmayılova) Sara Məmməd qızının həqiqətən də 6 il müddətində qəbul olunmuş qətnamədən məlumatlı olub-olmamasını araşdırmadan, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti vermə müddətinin buraxılıb-buraxılmamasını, 6 il müddətində icra vərəqəsinin icra olunub-olunmamasını müəyyən etmədən, nəhayət müvafiq icra işini tələb edib öyrənmədən, bir sözlə apellyasiya şikayətinin Mülki Prosessual Məcəlləyə uyğunluğunu yoxlamadan baxılması üçün Apellyasiya məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 364. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, cavabdeh Salmanova (İsmayılova) Sara Məmməd qızının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığına görə, apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş göstərilən prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d i: Şabran Rayon Məhkəməsinin 21 aprel 2017-ci il tarixli, 2(031)-381/2017 nömrəli qətnaməsindən cavabdeh Salmanova (İsmayılova) Sara Məmməd qızının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş göstərilən prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar