Məhkəmə qərarları › İş №2(105)-1384/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1384/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1384/2021 14.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(012)-373/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Y.Əhmədov) iddianın qismən təmin edilməsi, İddiaçı QSC-nin xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 25.02.2014-cü il tarixli, 33R000000124 saylı kredit razılaşması üzrə 17396.97 (on yeddi min üç yüz doxsan altı dollar doxsan yeddi sent) ABŞ dolları məbləğində kredit borcu, 200 (iki yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 21202.79 (iyirmi bir min iki yüz iki dollar yetmiş doqquz sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaitinin tutulması, tutma ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllədə xüsusi mülkiyyətdə olan 0.0295 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evi açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiyməti 35.000 (otuz beş min) manat məbləğində müəyyən edilməsi, satışdan əldə olunmuş pul vəsaitindən ümumilikdə 21202.79 (iyirmi bir min iki yüz iki dollar yetmiş doqquz sent) ABŞ dolları borc, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə İddiaçı X3 xeyrinə ödənilməsi, iddiaçıya tam ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılması, Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllədə xüsusi mülkiyyətdə olan 0.0295 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda Cavabdeh1 torpaq sahəsini və üzərindəki fərdi yaşayış evini boşaldaraq ən geci bir ay ərzində torpaq sahəsindən və və üzərindəki fərdi yaşayış evindən çıxarılması, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 61 (altmış bir) manat məhkəmə xərclərinin (dövlət rüsumu 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı) cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatına görə ümumilikdə 244 (iki yüz qırx dörd) manat məbləğində pul vəsaiti cavabdehlərdən müşdərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Abşeron rayon məhkəməsinin 01 fevral 2021-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Abşeron rayon məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 2(012)-373/2020 saylı qətnaməsində yanlışlığın aradan qaldırılması, qətnamənin əsaslandırıcı və nəticə hissəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 "xxxx" QSC-nin xeyrinə tutulmalı olan 3605.82 ABŞ dolları məbləğində faiz borcu qeyd edilməklə oxunması qərara alınmışdır. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 33R000000124 saylı Kredit Razılaşması üzrə 17396.97 ABŞ dolları məbləğində kredit borcu, 3605.82 ABŞ dolları məbləğində faiz borcu və 8355.55 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 29.358.34 (iyirmi doqquz min üç yüz əlli səkkiz dollar 34 sent) ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 33R000000124 saylı Kredit Razılaşması üzrə 17396.97 ABŞ dolları məbləğində kredit borcu, 3605.82 ABŞ dolları məbləğində faiz borcu və 8355.55 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 29.358.34 (iyirmi doqquz min üç yüz əlli səkkiz dollar 34 sent) ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; tələbin Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllədə xüsusi mülkiyyətdə olan 0.0295 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətində ümumi sahəsi 82.1 kv.m.yaşayış sahəsi 55.3 kv.m., yardımçı sahəsi 26.6 kv.m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 29.358.34 (iyirmi doqquz min üç yüz əlli səkkiz dollar 34 sent) ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh1 və X1 müştərək qaydada tutulması; Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllədə xüsusi mülkiyyətdə olan 0.0295 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətində ümumi sahəsi 82.1 kv.m.yaşayış sahəsi 55.3 kv.m., yardımçı sahəsi 26.6 kv.m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan bir ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirlməsinə, onların həmin fərdi evdən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC-ilə bağladığı 27.05.2010-cu il tarixli, 21L000000393 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1, İddiaçı QSC-ilə bağladığı 25.02.2014-cü il tarixli, 33R000000124 saylı Kredit Razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 16.03.2015-ci il tarixli, 33R000000124S saylı, 29.06.2015-ci il tarixli, 33R000000124SA saylı, 27.10.2015-ci il tarixli, 33R000000124SB saylı, 22.02.2016-cı il tarixli, 33R000000124SC saylı,13.10.2016-cı il tarixli, 33R000000124SD saylı, 26.05.2017-ci il tarixli, 33R000000124SE saylı və 17.01.2018-ci il tarixli, 33R000000124SF saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 Kredit Razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 19.03.2018-ci il tarixdən etibarən banka qaytarmamışdır. Cavabdeh1 kredit borcundan 12603.03 ABŞ dolları ödəniş etmiş, onun 17396.97 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit Müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri İddiaçı QSC-yə qaytarmadığı üçün 30.11.2018-ci il tarixə 256 gün üçün hesablanmış faiz borcu 3605.82 ABŞ dolları, cərimə borcu 8355.55 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1nun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən İddiaçı QSC qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar, zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Kreditor qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Əzizova X2 rayon məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunvericiliklə nəzərdə tutulan maddi və prosessual hüquq normalarını pozmuşdur. Qətnamə əsassızdır və işin faktiki hallarına uyğun gəlmir. Sübutlara düzgün qiymət verilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçı və digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdehlərin müqavilə üzrə öhdəliyi lazımınca icra etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən Cavabdeh1 apellyasiya şikayəti vermiş və şikayətin məzmunundan göründüyü kimi o, qətnaməni faiz borcu və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissələrdə baxılaraq hüquqi qiymət verilməlidir. İşdən görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə pulun verilməsinə dair əlavə təminat kimi də cavabdehin mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllədə xüsusi mülkiyyətdə olan 0.0295 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi bağlanmışdır. Müqavilə üzrə iddiaçı öhdəliyi yerinə yetirərək, pulu cavabdehlərə vermiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliyi icra etməyərək, müqavilənin şərtlərini pozmuşdur. İddiaçı tərəfindən cavabdehə müqavilə üzrə öhdəliklərin icra edilməsindən ötrü pretenziya qaydasında müraciətlər edilməsinə baxmayaraq, öhdəlik icra edilməmiş və nəticədə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, bu nəticədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bankın Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 442, 445,448.1, 739.1. maddələrinin tələbləri baxımından cavabdehlərdən kredit müqaviləsi üzrə borc tələb etmək hüququ yaranmışdır. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış faiz məbləğinin cavabdeh tərəfindən mübahisələndirilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş və ekspertiza tədqiqatı ilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 oktyabr 2020-ci il tarixli 9/4126 №li ekspert rəyinə əsasən 17.05.2018-ci il tarixə, əsas borc məbləğinin 17396,97 ABŞ dolları, faiz məbləği 2566,62 ABŞ dolları olması müəyyən edilmişdir. Qeyd edilməlidir ki, faiz məbləğinə dair iddiaçının istinad etdiyi maliyyə arayışı iddiaçı təşkilatın əməkdaşları tərəfindən hazırlandığından, iddiaçının subyektiv mülahizəsinə və maraqlarına əsaslanır. Bu isə faiz məbləği barədə tələb edilən tarixə ekspert rəyinin əsaslı olmasını qaçılmaz edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 25 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə 2566,62 ABŞ dolları əsas borca hesablanmış faiz məbləği cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (Mülki Məcəllənin 317.1. maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3. maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədilə ipoteka predmeti olan əmlakın likvid qiymətinin müəyyənləşdirilməsindən ötrü məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, “B+Ş Audit Konsaltinq” MMC tərəfindən verilmiş A-01/47 saylı 04 iyun 2021-ci il tarixli ekspertiza rəyi ilə Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin orta bazar qiyməti 40000 (qırx min) manat, likvid dəyəri isə 35000 (otuz beş min) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllədə ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin likvid dəyəri 35.000 manat müəyyən edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qətnaməsi qismən faiz məbləği və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron rayon məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı QSC-nin xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borca hesablanmış faiz məbləği 2566 (iki min beş yüz altmış altı) ABŞ dolları 62 (altmış iki) sent (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul tutulsun. Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllədə xüsusi mülkiyyətdə olan 0.0295 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 35000 (otuz beş min) manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar