Məhkəmə qərarları › İş №2(105)-1385/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1385/2022

18.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1385/2022 18.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə 6865 (altı min səkkiz yüz altımış beş) manat məbləğində pulun alınıb ona ödənilməsi tələbinə dair iş üzrə Şabran Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(031)-62/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yol nəqliyyat hadisəsi nəticəsində vurduqları zərərə görə 6865 (altı min səkkiz yüz altımış beş) manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 iyun 2021-ci il tarixdə saat 17 radələrində Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə “Sara” şadlıq sarayının qarşısında Kolxoz bazarı istiqamətində “Kia” Rio markalı, ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olaraq qarşıda hərəkətdə olan Cavabdeh1 etibarnamə və sürücülük hüququ olmadan idarə etdiyi Belarus MTZ 1221 markalı traktorun sol tərəfindən ötmə əməliyyatı həyata keçirərkən traktorun sürücüsü qəflətən dönmə qadağan edilmiş yerdə dönmə əməliyyatını həyata keçirərkən idarə etdiyi avtomobil traktorun arxa təkərinə çırpılaraq yolnəqliyyat hadisəsi baş vermişdir. İş üzrə keçirilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli, 8/1639 nömrəli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Belarus MTZ-1221 markalı, dövlət qeydiyyat nişanı olmayan traktorun sürücüsü Cavabdeh1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Rəhimov traktoru dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Rəhimov traktoru sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kia Rio markalı, ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir. Şabran RPŞ-nin TQ-nun baş təhqiqatçısı İsmayıl Novruzovun məktubuna əsasən “Surra” avtomobillərə servis xidməti məntəqəsinin verdiyi xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, Kia Rio markalı, ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 6865 (altı min səkkiz yüz altımış beş) manat ziyan dəymişdir. Bütün bu qeyd olunanlar Şabran RPŞ-nin TQ-nun baş təhqiqatçısı İsmayıl Novruzovun cinayət təqibinin başlanmasının rədd olunması haqqında 15 avqust 2021-ci il tarixli qərarında öz təsdiqini tapmış və Cavabdeh1 yol hərəkəti qaydalarını pozub-pozmamasının Azərbaycan Respublikası İXM-nin 102-ci maddəsinə əsasən inzibati araşdırma aparılmasından ötrü qərarın surəti araşdırılması üçün Şabran RPŞ-nin DYPB-nə göndərilmiş, nəticədə Cavabdeh1 inzibati məsuliyyətə cəlb olunmuşdur. Göründüyü kimi, yol-nəqliyyat hadisəsinin Cavabdeh1 təqsiri ucbatından baş verdiyi və ona 6865 (altı min səkkiz yüz altımış beş) manat ziyan dəydiyi öz təsdiqini tapmışdır. Ona görə də o, maddi zərər tələbi barədə iddia ilə məhkəməyə müraciət edir. Traktorun sahibi Cavabdeh2 traktoru Cavabdeh1 idarəçiliyinə etibarnamə və sürücülük hüququ olmadan verdiyindən, o da hazırki iddia üzrə cavabdehlik daşıyır. Belə ki, 6865 manat ziyan hər iki cavabdehdən alınaraq ona ödənilməlidir. Şabran Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(031)-62/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5602.0 (beş min altı yüz iki) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. (hakim Çingiz İsgəndərov) Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ona aid olan hissədə ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Qətnamənin ona aid hissəsi ilə razı deyil. Belə ki, qətnamə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə qəbul edilmişdir. Belə ki, İddiaçı məhkəmədə Cavabdeh1 və ona qarşı iddia qaldıraraq, cavabdehlərdən yol nəqliyyat hadisəsi nəticəsində ona vurulan zərərə görə 6865 (altı min səkkiz yüz altımış beş) manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul etməsi, baş vermiş hadisədə onun heç bir təqsirinin olmaması, «Belarus MTZ 1221» markalı, 90-K-184 dövlət qeydiyyat nişanlı traktorun Cavabdeh1 hüquqazidd hərəkətləri nəticəsində onun sahibliyindən çıxması sübuta yetirildiyi halda (əks halda o özü İXM-nin 335-ci maddəsi ilə məsulliyətə cəlb edilməli idi), məhkəmə onu maddi məsuliyyətə cəlb etmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı Cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı Cavabdeh1 apellyasiya şikayətini qəbul etdiyini bildirdi və iddianı etiraf etdi, məhkəmənin qətnaməsi ilə tutulmalı olan məbləğ yalnız ondan tutularsa, hissə-hissə ödəyəcəyini bildirdi. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şabran Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(031)-62/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan AD seriyalı 608087 saylı X1 Şəhadətnaməsinin surətindən görünür ki, «KİA RİD» minik markalı, sedan tipli, 2012-ci il buraxılışlı, mühərrik nömrəsi G4FACS424643, ban nömrəsi KNADM412AD6188555 olan, **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. İş materiallarında olan AB 003047 saylı Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 07 iyul 2013-cü il tarixdə traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi verilmişdir. İşə əlavə edilmiş TH № 027569 saylı qeydiyyat şəhadətnaməsinin surətindən, 221952 saylı kassa mədaxil orderinin qəbzindən və "xxxx" ASC-nə məxsus kənd təsərrüfatı məhsullarının lizinqə verilməsi barədə 1890-GL/15 saylı müqavilənin surətindən görünür ki, «Belarus MTZ 1221» markalı, 90-K-184 dövlət qeydiyyat nişanlı traktor Cavabdeh2 lizinqə verilmişdir. İş materiallarında olan Şabran RPŞ-nin TQ-nun baş təhqiqatçısı İsmayıl Novruzovun məktubuna əsasən “Surra” avtomobillərə servis xidməti məntəqəsinin verdiyi xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, Kia Rio markalı, ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 6865 (altı min səkkiz yüz altımış beş) manat ziyan dəymişdir. İş materiallarında olan Şabran RPŞ-nin TQ-nun baş təhqiqatçısı İsmayıl Novruzovun 15 avqust 2021-ci il tarixli cinayət təqibinin başlanmasının rədd olunması haqqında 1 avqust 2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 21 fevral 2022-ci il tarixli 9/9451 saylı ekspert rəyindən görünür ki, “Surra” avtomobillərə servis xidməti məntəqəsinin verdiyi xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı «Kia Rio» markalı, ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5602.0 manat müəyyən edilir. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli 3(031)395/2021 saylı qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və hesab etmişdir ki, Cavabdeh1 25 iyun 2021-ci il tarixdə Şabran şəhərində M.Rəsulzadə küçəsində "xxxx" ASC tərəfindən 1890-GL/15 saylı müqavilə əsasında Cavabdeh2 lizinqə verilmiş «Belarus MTZ 1221» markalı, 90-K-184 dövlət qeydiyyat nişanlı traktoru sürərək hadisə törətmiş, hadisə nəticəsində İddiaçı məxsus «KİA RİD» minik markalı, 99-NJ814 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5602.0 (beş min altı yüz iki) manat məbləğində ziyan dəymişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 25 iyun 2021-ci il tarixdə Şabran şəhərində M.Rəsulzadə küçəsində "xxxx" ASC tərəfindən 1890-GL/15 saylı müqavilə əsasında Cavabdeh2 lizinqə verilmiş «Belarus MTZ 1221» markalı, 90-K-184 dövlət qeydiyyat nişanlı traktoru sürərək hadisə törətmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 21 fevral 2022-ci il tarixli 9/9451 saylı ekspert rəyi ilə «Kia Rio» markalı, ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5602.0 manat müəyyən edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verməmiş, məhkəmə kollegiyasının iclasında iddianı etiraf etmiş, məhkəmə qətnaməsi ilə cavabdeh kimi yalnız ondan 5602 manatın tutulması qət ediləcəyi halda da, həmin məbləği hissə-hissə ödəməyə hazır olduğunu bildirmişdir. Cavabdeh2 isə qətnamədən apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, ümumiyyətlə hazırki iş üzrə cavabdeh olmamalıdır. Belə ki, baş vermiş hadisədə onun heç bir təqsiri yoxdur, hazırki iş üzrə inzibati protokol tərtib olunan zaman, onun barəsində heç bir məsuliyyət tədbiri müəyyən edilməmiş, yalnız Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.4 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericilikdə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə kollegiyası istinad olunan maddi hüquq normalarının hazırki işə tətbiqi baxımından hesab edir ki, birinci instansiya məhkəməsi 5602 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalı olması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 405 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(031)-62/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar