Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1385/2024 16.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X7 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı X2 cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə və Cavabdeh2 qarşı kirayə müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin geri qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-716/2024 nömrəli 05 iyul 2024-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Mirhəsənli) iddianın təmin edilməsi, Abşeron rayonu, “st.Sumqayıt” ərazisində, məcburi köçkünlər üçün inşa edilmiş “1001 ailəlik” yaşayış kompleksində 2 nömrəli binada 11 nömrəli 2 otaqlı mənzil ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə Cavabdeh2 arasında 2/11 saylı, xx.xx.2021ci il tarixdə bağlanmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin etibarsız hesab edilməsi, Abşeron rayonu, “st.Sumqayıt” ərazisində, məcburi köçkünlər üçün inşa edilmiş “1001 ailəlik” yaşayış kompleksində 2 nömrəli binada 11 nömrəli 2 otaqlı mənzilin X2 istifadəsinə geri qaytarılması qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə və qətnamədən apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli qərardadı ilə Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin 2(012)-716/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin rədd edilməsi, Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin 2(012)-716/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin 2(012)-716/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından vermiş olduğu şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı mənzilin geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 11 nömrəli mənzilə dair Cavabdeh2 ilə bağlanmış kirayə müqaviləsinin ləğv edilməsi və həmin mənzilin ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, apellyasiya şikayəti vermək üçün prosessual müddətin bərpa olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, keçirilmiş məhkəmə iclaslarından və qətnamədən təzəliklə xəbəri olmuşdur. Belə ki, o, İİ qrup əlildir. Bir gözü protezdir, digər gözü isə görmür. Elektron məhkəmə kabinetini yoxlaya bilməmişdir. Bu səbəbdən də qətnamədən şikayət vermə müddətini ötürmüşdür. Lakin bu üzrlü səbəbdən olmuşdur. Hesab edir ki, prosesual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən MPM-nin 133.1-ci maddəsinə müvafiq olaraq bərpa edilməlidir. Məhkəmə onun müddəti ötürməyini üzrsüz səbəb kimi qiymətləndirmişdir. Lakin qeyd etdiyi kimi, müddətin ötürülməsi tamamilə onun gözlərinin zəif görməsindən və elektron sistemdən məlumatı olmamasından irəli gəlmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. və 397.2. maddələrinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini dinləyib, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli və onunla bağlı 19 iyul 2024-cü il tarixli qərardadları ləğv edilməli, buraxılmış prosessual müddətin bərpası barədə vəsatətə yenidən baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi vəsatətin təmin edilməməsini müddətin buraxılmasının üzürsüz səbəbdən olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab etmir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.5. maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz (Mülki Prosessual Məcəllənin 10-1.3., 10-1.5. maddələri). Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 13 fevral 2007-ci il tarixli qərarında hüquqi mövqeyini qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti, qətnamə rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində verilə bilər. Bu müddət şəxsin qətnaməni rəsmi qaydada aldığı vaxtdan hesablanır. Əgər şəxs məhkəmə aktını aldığı vaxtdan bir ay müddətində apellyasiya şikayəti vermirsə, məhkəmə aktı qanuni qüvvəyə minir. Bir aylıq prosessual müddətdən sonra apellyasiya şikayəti verilərsə, apellyasiya şikayəti ilə yanaşı prosessual müddətin bərpasına dair ərizə də verilməlidir. Cavabdeh prosessual müddətin bərpasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən prosessual müddətin bərpasına dair ərizə ilə müraciət edilsə də, ilk öncə həmin prosessual müddətin bərpasına dair ərizə verməyə əsasların olub-olmaması yoxlanılmalı, əgər prosessual müddət ötürülmüşdürsə, həmin müddətin bərpasına dair ərizəyə baxılmalı, əks halda şəxs şikayət vermək üçün prosessual müddəti ötürməmişdirsə, apellyasiya şikayəti prosessual müddət ötürülməmiş hesab edilməklə baxılması üçün aidiyyatı üzrə göndərilməlidir. Hazırkı işdən göründüyü kimi, cavabdeh tərəfindən müddətin bərpasına dair ərizədə müddətin ötürülməsinə səbəb kimi görmə imkanlarının məhdud olması, bu səbəbdən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyinin müəyyən edilməsini qeyd etmişdir. Lakin müddətin bərpası ərizəsinə baxan birinci instansiya məhkəməsi işin bu halları ətraflı araşdırmamış, onun əlilliyinin olub-olmaması barədə məsələni müzakirə etməmiş, zərurət yarandığı halda sənədləri tələb edib baxış keçirməmiş, nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli və onunla bağlı 19 iyul 2024-cü il tarixli qərardadları ləğv edilməli, Cavabdeh2 iştirakı təmin edilməklə, sonuncu tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpası barədə vəsatətə yenidən baxılması zamanı qərardadın təsviri və əsaslandırıcı hissəsində göstərilən nöqsanlar aradan qaldırılmaqla qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli və onunla bağlı 19 iyul 2024cü il tarixli qərardadları ləğv edilsin. Cavabdeh2 tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpası barədə vəsatətə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1385/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1385/2024
16.08.2024 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver