Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1387/2023 20.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(028)-244/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından xx.xx.2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən təyin edilmiş alimentin məbləğinin artırılaraq hər ay 300 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onunla cavabdeh arasında bağlanmış nikahın pozulması, cavabdehlə birgə nikahlarından xx.xx.2019-cu il tarixdə doğulmuş X1 boşanmadan sonra onun yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Uşağın saxlanılması, yəni qidalanması, geyimi, istirahəti və s. üçün tələb edilən xərclər əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə çoxalmışdır və gündən-günə artmaqda davam edir. Özü bir ana kimi övladının ehtiyaclarının ödənilməsi üçün əlindən gələni edir. Ancaq nə cavabdehin ödədiyi ayda 170 manat alimentin miqdarı, nə də onun səyi uşağın saxlanılması üçün zəruri olan artan xərclərinin ödənilməsinə kifayət etmir və bu məbləğ hazırda çox azdır. Hər ay uşağın saxlanması üçün 600 manatdan çox pul xərcləyir. Həmçinin uşağın nevroloji problemi ilə bağlı hər ay psixoloqun yanına aparır və buna ayda 200 manat pul xərcləyir. Məhkəmənin təyin etdiyi aliment hal-hazırkı tələblərə artıq cavab vermədiyinə görə onun artırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Qubadlı Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(028)-244/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı ödənilməsi qət edilmişdir (hakim Vladimir Ruvinov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Qubadlı Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(028)-244/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun aylıq maaşı 570 manat təşkil edir, başqa gəlir mənbəyi yoxdur. "xxxx" ASC-yə və "xxxx" MMC-yə aylıq ödənişləri mövcuddur. Alimentin məbləğini müəyyən edərkən bu hall nəzərə alınmalıdır. İmkanı olsa, öz uşağına qat-qat artıq məbləğdə aliment ödəyərdi. Hazırda yaşayış vəziyyəti çox pisdir. Aldığı əmək haqqı demək olar ki, dolanışığına çatmır. Başqa iş də, tapa bilmir ki, bəlkə əmək haqqı artıq olsun. Əfsuslar olsun ki, məhkəmə yuxarıda qeyd etdiklərini nəzərə almamış, ədalətsiz qərar qəbul etmişdir. Onun əmək haqqı bu qədər pul ödəməyə imkan vermir. Onun imkanı olsa övladına daha çox pul xərcləyər. Övladın qayğısına qalmaq hər iki valideynin vəzifə borcudur. Dövlət tərəfindən uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilsə də, bu o demək deyil ki, onu bir valideyn ödəməlidir, onun kimi ana da valideyndir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(028)- 310/2020 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh və İddiaçı arasında xx.xx.2018-ci ildə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanılmış nikahın pozulması, xx.xx.2019-cu il tarixdə doğulmuş X1 X2 yanında qalması, xx.xx.2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin xx.xx.2020-ci il tarixdən başlayaraq tutulub X4 verilməsi qət edilmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2019-cu il tarixdə X5 doğulmuş, sonradan tərəflər arasında olan münasibətlər pozulmuş və Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(028)-310/2020 nömrəli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış rəsmi nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəlldülü X5 iddiaçının himayəsində saxlanılmış və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 170 manat miqdarında aliment tutulmuşdur. Hazırda tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2019-cu il təvəlldülü X5 iddiaçının himayəsindədir və uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği onun artan tələbatını ödəmək üçün kifayət etmir. Bu səbəbdən iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək tutulan 170 manat alimentin miqdarını artırılmasını xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən isə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (AM-in 78.2-ci maddəsi). Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşamsy böyüdüyü də nəzərə alınmaqla, həmçinin cavabdehin daimi iş yeri olmaqla, müntəzəm gəlirə sahib olması tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin bu dəlilləri onun azyaşlı uşağının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Təyin olunmuş aliment uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət edir. Eləcə də, birinci instansiya məhkəməsi alimentin miqdarını müəyyən edərkən uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, Respublikada 2023-cü il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini nəzərə almışdır. Odur ki, tərəflərin azyaşlı uşağı xx.xx.2019cu il təvəlldülü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması uşağın mənafeyi baxımından məqsədəuyğundur. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(028)-244/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1387/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1387/2023
20.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver