Məhkəmə qərarları › İş №2(105)-1388/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1388/2025

04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1388/2025 04.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X2 və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3936/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən 15100 manat məbləğində pulun tutularaq ona ödənilməsi, məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən 136 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə uzun illərdir ki, tanışdır və dostdur. Bir müddət əvvəl cavabdeh ona yaxınlaşaraq maddi çətinliklərinin olduğunu və ona borc pul verməyini ondan xahiş etdi. Onu çoxdan tanıdığı və etibar etdiyi üçün razılaşmışdır. Cavabdehə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə borca pul vermişdir. Cavabdeh maddi vəziyyətini düzəlmək üzrə olduğunu bildirirək borcu tez zamanda qaytaracağını bildirmişdir. Son dəfə cavabdehə pulu xx.xx.2025-ci il tarixində vermiş və bu zaman cavabdehin ona cəmi borcu 15100 manat olmuşdur. Cavabdeh 36 ay müddətində, hər ay 420 manat qaytarmaq ilə borcunu ödəyəcəyinə söz vermişdir. Aralarında etibar olduğu üçün notarial qaydada borc müqaviləsi bağlamağa lüzum görməmişdir. Amma cavabdehin öz təkidləri ilə o öz əlyazması ilə borc götürməsinə dair sənəd imzalamışdır. Həmçinin borcu nə zaman qaytarmalı olduğuna, məbləğə dair öz razılığı ilə video çəkilmişdir. Aralarında olan razılığa əsasən cavabdeh hər ay 420 manat pul qaytarmalı olsa da, bu günə kimi heç bir məbləğ qaytarmamışdır. Rəsmi olaraq işləməsinə rəğmən borcdan heç nə ödəməməsi onu məhkəməyə müraciət etməyə məcbur edir.

3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3936/2025 saylı qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia tələbi təmin edilmiş, Cavabdeh 15100 (on beş min yüz) manat pul vəsaiti və dövlət rüsumu qismində ödənilmiş 135 (yüz otuz beş) manat, 30 (otuz) qəpik məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2025-ci il tarixli iltizama əsasən Cavabdeh tanışı İddiaçı xx.xx.2025-ci ilə qədər qaytarmaq şərtilə 15100 manat məbləğində pul götürmüş, bu pulu 36 ay müddətinə hər ay 420 manat ödəyəcəyinə dair iltizam vermiş, həmin iltizamda ödənişlərini xx.xx.2025-ci ildən başlayacağını, iltizamı pozduğu halda, yəni ödənişləri vaxtı-vaxtında etmədiyi təqdirdə İddiaçı tərəfindən görülən bütün tədbirləri ilə razı olduğunu, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında baxılacağına etiraz etmədiyini, bu məlumatları və iltizamı öz istəyi ilə yazdığını bildirmişdir. Məhkəmə iclası zamanı cavabdeh işdə olan xx.xx.2025-ci il tarixli əlyazmanın onun tərəfindən yazılmasını təkzib etməmiş, lakin 2000 manat məbləğində borc götürdüyünü, iddiaçının ailəsində problem olduğu üçün iltizamı imzaladığını bildirmişdir. İddiaçı yuxarıda qeyd edilən iltizamı məhkəməyə təqdim etməklə, 15100 manat məbləğində pul vəsaitini iddiaçıya ödədiyini sübut etsə də, cavabdeh tələb olunan məbləğdə borc vəsaitini götürmədiyini təsdiq edən hər hansı sübutu, eyni zamanda cavabdehə hər hansı məbləğdə pul vəsaitinin ödənilməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir.Tərəflər arasında qanunvericiliyin imperativ tələbinə uyğun olaraq cavabdehə borc məbləği yazılı formada bağlanmış borc müqaviləsi əsasında verilmədiyindən və cavabdehin əldə olunmuş pul vəsaiti üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından iddiaçı əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Cavabdeh hər hansı bir əsas olmadan əsassız varlandığına görə onun həmin pulu geri qaytarmaq öhdəlikləri yaranmışdır.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 739.2, 337.1, 337.2, 337.3, 337.5, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(060)-3936/2025 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı təxminən 15 ildir ki, tanıyır. İddiaçı təxminən 10 ildir ki, müxtəlif şəxslərin adına olan rabitə kartlarından istifadə etməklə onun vasitəsi ilə xeyli miqdarda pul qazanmışdır. Belə ki, o, kartlara pul atırdı, həmin pulları yanacaq doldurma məntəqəsində nağdlaşdırıb Eminin həm özünün, həm də anasının pul kartına köçürürdü. Eyni zamanda, iki-üç aydan bir həmin puldan 200-300 manat özünə götürürdü. Emin bu barədə bilirdi və indi başa düşür ki, o, həmin pulları onun adına borc kimi qeyd etmşdir. Yəni, Emin ona heç vaxt nağd pul verməyib və pul kartına da atmayıb. Sadəcə, müxtəlif şəxslərin adına olan pul kartlarına köçürülmüş pulları nağdlaşdıranda, onun hərdənbir götürdüyü 200-300 manatı Emin hesablamış və onu aldadaraq 15.100 manat məbləğində pula iltizam yazdırmışdır. Halbuki, bu qədər məbləğ heç vaxt Emində olmamış və o, həmin məbləği borc kimi ona verməmişdir. 1-ci instansiya məhkəməsi bu faktı araşdırmamış, həmin pulların Emin tərəfindən ona nə vaxt, harada və kimin yanında verildiyini müəyyənləşdirməmişdir. Məhkəmə yalnız onun yazdığı iltizamla kifayətlənməklə çəkişmə prinsipini də pozaraq prosesi onun iştirakı olmadan keçirmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı ona 15100 manat məbləğində borc pul verməsi barədə tələbi əsassızdır, iddiaçı ona pul verməyib. 15 ildir ki, bir məhəllədə yaşayırlar, bir-birini tanıyırlar. İddiaçı kəşbek qazanmağı üçün ona bank kartları verib. Həmin vaxtlar yanacaqdoldurma məntəqəsində işləyirdi. Müxtəlif şəxslərin adına olan 30-35 kart verib, kartların hamısı onda olub. Müştəri ona ödənişi nağd qaydada verirdi, pulu alıb kart vasitəsilə ödəniş edərək kəşbek qazanırdı. Bu qaydada 10 il müddətində kəşbek qazanmışdır. Ayda 1300- 1400 manat kəşbek qazanırdılar. Kəşbekin bir hissəsi ona çatmalı idi. 2-3 aydan bir 200- 300 manat özünə götürürdü. Bir müddət sonra işdən çıxarılıb. Qarşı tərəfin nikahı pozuldu, aliment məsələsi ortaya çıxdı. Ona bildirdi ki, 15000 manat borcu olması ilə bağlı kağızda qeyd aparsın, o isə ailəsinə imkanının olmadığını, pulunu ona verdiyini desin. O da buna razılaşmışdır. Sonradan ona 15100 manat məbləğində borc verdiyini, məhkəmədə iddia qaldıracağını bildirmişdir. Kəşbek əməliyyatı dayanandan 1 ay sonra kağıza borcu olduğunu yazmışdır. İddiaçı dediyi üçün kağıza qeyd aparmış, gedib onun arvadına nəsə deməmişdir. İdiaçı anasının, bacısının, dostlarının kartlarını ona vermişdi. 10263 manat iddiaçının dediyinə görə ona verəcəyi pul məbləğidir, faiz borcunu bağlamağı üçün verdiyi 2000 manat da bura daxil idi, belə ki, pulu kartdan çıxarıb, iddiaçıya verməmiş, özünə xərcləmişdi. İddiaçıya dəqiq nə qədər verəcəyi olduğunu bilmirdi, iddiaçı dediyi üçün 15000 manat borcu olduğunu yazmış, amma qarşı tərəfin bunu borc olaraq nəzərdə saxladığını bilmirdi. Video çəkilən vaxt isə içkili olmuşdur. Pulu qaytarmağa imkanı yoxdur, bankda kreditləri var, 600 manat əmək haqqı alır. İddiaçı yalnız ona 2000 manatı faiz borcunun bağlanması üçün verib. Kəşbekdən 263 manat götürüb lombarda vermiş, iddiaçıya həmin məbləği qaytaracağını bildirmişdir. Dizellə bağlı kağızda qeyd olunan həqiqətə uyğun deyil. Heç bir banka ödəniş etməmişdir. Kağızda qeyd olunan “Lukoil oğurluq” qeydi onunla bağlıdır ki, işdə problem olduğundan iş yoldaşları iddiaçının kartından 1000 manat məbləğində pul vəsaiti çıxarmışdır. Lakin, həmin məbləği də iş yoldaşları ona geri verməmişdir. Şahin qardaşı, Elxan faizlə borc verən şəxsdir. İddiaçı əlbəəl ona başqa şəxsə olan 2000 manat faizi borcunu bağlamaq üçün vermişdir. İddiaçıya hər ay 150 manat olmaqla cəmi 8000 manat verə bilər. Kəşbekdən əldə etdikləri qazancdan öz xeyrini götürmüşdür. İddiaçının ailəsində problemlər olduğu üçün kağızda 15100 manat borcu olduğunu yazmışdır.

11. Məhkəmə kollegiyasının iclasında cavabdeh İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, cavabdehin ondan 15100 manat məbləğində pul almamasına dair izahatı həqiqətə uyğun deyil. İltizamda cavabdehin xx.xx.2023-cü il tarixdə 10262 manat məbləğində borc alması öz əksini tapmışdır. Cavabdehlə kəşbek əməliyyatları 2021-ci ildə başlayıb, 2023-cü ildə bitib. Cavabdehə 30 kart vermiş, razılşamaya əsasən qazancın 70 faizini cavabdeh özünə götürmüş, yalnız 30 faizini ona vermişdir. Cavabdeh üç ziddiyyətli izahat verib, dedikləri həqiqətə uyğun deyil. 15100 manatı cavabdehə hissə-hissə kart vasitəsilə, həmçinin əlbəəl vermişdir, kəşbek kartlarla əlaqəsi yoxdur. Cavabdehlə dostluq edirdi, problemləri olduğu üçün ona borc vermişdir. Bank kartından köçürmələrlə bağlı çıxarış əldə edərək, məhkəməyə təqdim edə bilər. 2024-cü ilin birinci yarısında cavabdehlə münasibətləri pozulub. Cavabdeh işdən çıxarılmaması üçün ondan pul istəyib. Qarşı tərəfə barışıq təklif etmiş, ayda 200-250 manat olsa da qaytarmağını istəmiş, cavabdeh isə ümumiyyətlə pul verməyəcəyini bildirmişdir. 15100 manatı uşaqlarının xərclərindən kəsib cavabdehə vermişdir ki, bununla bağlı yazışmalar da var. Barışıq yolu ilə 12000 manatı bir ilə ödəsə qarşı tərəflə razılıq əldə oluna bilər. 10262 manatı da cavabdehə hissə-hissə vermişdir. Cavabdeh əvvəlki borclarını qaytarmasa da problemləri olduğu və onu yaxın bildiyi üçün ona yenə də pul vermişdir. Cavabdeh faizlə borc götürmüş, borcverənin onu incitməsi, cavabdehin qardaşının spirtli içki aludəçisi olması və müalicə xərcləri səbəbindən cavabdehə borc pul vermişdir. 3000, 3500, 3300, 500 manatı xx.xx.2023-cü ildə vermişdir. Ondan sonra cavabdehə 263, 3000 və 1537 manat məbləğində borc pul verib. Qarşı tərəf 12000 manatı 1 ilə ödəməyə razıdırsa barışıq əldə oluna bilər, məbləği azalda bilməz, barışıq mümkün deyilsə, məbləği tam həcmdə tələb edir. Cavabehin borcu qaytarmağa imkanı var, atası, yeznələri yüksək məbləğdə maaş alırlar, onun öz xərcləri var, pula ehtiyacı var. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

İşdə olan sübutlar

12. xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh tanışı İddiaçı xx.xx.2023cü il tarixində iş görmək üçün 10262 manat pul götürdüyünü və bu pulu iki il ərzində ayda 200-500 manat civarında qaytarmaqğa dair iltizam verdiyini qeyd etmişdir.

13. xx.xx.2025-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh tanışı İddiaçı xx.xx.2025-ci ilə qədər qaytarmaq şərtilə 15100 manat məbləğində pul götürdüyünü, bu pulu 36 ay müddətinə hər ay 420 manat ödəyəcəyinə dair iltizam verdiyini, ödənişlərini xx.xx.2025-ci ildən başlayacağını, iltizamı pozduğu halda, yəni ödənişləri vaxtı-vaxtında etmədiyi təqdirdə İddiaçı tərəfindən görülən bütün tədbirləri ilə razı olduğunu, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında baxılacağına etiraz etmədiyini, bu məlumatları və iltizamı öz istəyi ilə yazdığını bildirmişdir.

14. İş materiallarında olan Cavabdeh video-audio yazısından görünür ki, o, iddiaçıya borcunun 15100 manat olduğunu, həmin məbləği 3 il müddətinə qaytaracağını bildirməkdədir.

15. İş materiallarında olan Cavabdeh səs yazısından görünür ki, o, iddiaçıya borcunu az-az olsa da hamısını ödəycəyini bildirməkdədir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 337.1. Həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb, sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

17. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

18. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3936/2025 saylı qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3936/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, iş materiallarında olan cavabehə məxsus pul öhdəliyinin etirafına dair yazılı sübutlarla yanaşı, cavabdehin pul öhdəliyini gələcəkdə hissə-hissə olmaqla icra edilməsinə dair video və audio yazılarla da iddianın əsaslı olması sübut olunmuşdur. Cavabdeh həmin pul öhdəliyinin iddiaçı ilə arasında olan kəşbek qazanmağa dair birgə fəaliyyət nəticəsində iddiaçının ona verdiyi pulları borc kimi hesaba almasından yarandığını iddia etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Buna görə də cavabdehin şifahi borc müqaviləsindən və əqdin formasına riayət edilmədən bağlanmış borc müqaviləsinin etibarsızlığı il əlaqədar olaraq iddiaçı qarşısında 15100 manat məbləğində pul öhdəliyinin yaranması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

21. Məhkəmə kollegiyası cəkişmə prinsipinin pozulmasına dair cavabdehin apellyasiya şikayətinin dəlillərini isə əsassız hesab edərək qeyd edir ki, məhkəmə iclasları barədə cavabdeh məlumatlandırılmış, məhkəmə hazırlıq iclasında cavabdeh iştirak edərək izahatını vermiş, sübutlarını məhkəməyə təqdim edilməsi üçün prosessual imkana malik olmuş, işin məhkəmə iclasında təyin edilməsi barədə məhkəmə qəbzinə imza edilmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyinə dair sübut təqdim etmədən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Buna görə də məhkəmə kollegiyası cəkişmə prinsipinin pozulmasına dair cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab etmişdir.

22. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3936/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3936/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar