Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1391/2024 21.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3691/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-313/2020 saylı ,05 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, Cavabdeh hər ay bir uşaq üçün 235 manat olmaqla, iki uşağa görə 470 manat sabit pul məbləğində aliment tutulub birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi, həmçinin mediasiya üçün ödədiyi 60 manat rüsumu da cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-313/2020 saylı, 05 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, Cavabdeh hər ay bir uşaq üçün 235 manat olmaqla cəmi iki uşağa görə 470 manat sabit pul məbləğində aliment tutulub birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi, həmçinin mediasiya üçün ödədiyi 60 manat və 300 manat hüquqi xidmət üçün ödənilmiş rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2016-cı ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladları var: xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X8. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-313/2020 saylı 05 iyun 2020-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahlarından olan uşaqların onun yanında qalması və onların saxlanması üçün hər ay bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Qeyd edir ki, o, hazırda 240 manat aliment alır. Həmin məbləğdə aliment ilə də uşaqlarını saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onların təlabatları da günü-gündən artır. Hesab edir ki, uşaqların mənafeyi, onların normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2024-cü il respublikada uşaqlar üçün yaşayış minimumunun 235 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-313/2020 saylı 05 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay bir uşaq üçün 235 manat olmaqla cəmi iki uşağa görə 470 sabit pul məbləğində aliment tutulub ona verilməlidir.
4. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.
5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3691/2024 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) iddia qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-313/2020 saylı iş üzrə qəbul etdiyi 05 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 180 (bir yüz səksən) manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun alınıb dövlət nəfinə ödənilməsi, iş üzrə ödənilmiş mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 (altmış) manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi, dəyişdirilən aliment məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 yaşlarını, qida və digər zəruri xərclərə tələbatlarını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduğunu nəzərə alaraq iddia tələbini qismən təmin etmişdir.
7. Birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 56.1, 75, 78, 112.1-ci maddələrinə, «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa istinad edərək iddianı qismən təmin etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər
8. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3691/2024 nömrəli qətnaməsinin dəyişdirilərək iddianın tam təmin edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, 360 manat məbləğində alimentlə bir ay ərzində iki uşaq saxlamaq mümkün deyil. Çünki yaşayış minimumu 2024cü ildə uşaqlar üçün 235 manat məbləğində müəyyən olunub. İddia tələbində hər uşağa görə 235 manat aliment tələb etmişdır. Hesab edir ki, məhkəmə 2024-cü il üçün yaşayış minimumum haqqında qanunun tələbinə əsasən 235 manat aliment müəyyən edə bilərdi. Lakin işə baxan məhkəmə əsassız olaraq alimenti az məbləğdə müəyyən etmişdir. Halbuki qanunverciliyin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hazırda yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qəbul etdiyi qətnamədə uşaqların mənafelərini üstün tutmamışdır. Məhkəmə qanunun tələbini pozmuşdur. Məhkəmə bütün bu halları nəzərə almayaraq 2024-cü il üçün yaşayış minimumu haqqında qanunun və Uşaq Hüquqları haqqında Qanunun 13-cü maddəsini tətbiq etməməklə maddi normaları pozmuşdur. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmçinin hesab edir ki, 300 manat hüquqi xidmət üçün ödənilmiş rüsum da cavabdehə aid olunmalıdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 10 Apellyasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz olaraq bildirdi ki, iddiaçı bu ayın 18-i ona zəng edərək uşaqları ona verib, uşaqları gəlib götürəcəyini desə də 4 gündür ki, uşaqlar onunladır, 4 gündür işləyə bilmir. İndi də xalasıgildə olduğunu, həkimə getdiyini bildirir. Uşaqlar mart ayının sonundan may ayına qədər hər gün gedib uşaqları özbaşına küçədə qaldığına görə götürüb evə gətirib, iki dəfə polis şöbəsinə müraciət edib ki, uşaqlar təkbaşına küçədə qalır. Uşaqlar dərsdən çıxıb onun yanına gəlirlər. Hal-hazırda heç bir yerdə işləmir, fəhləliklə gündəlik işlərdə işləyir. Qeyri-rəsmi nikahından bir övladı var. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş edir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
12. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-313/2020 saylı, 05 iyun 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında 14 oktyabr 2016-cı il tarixdə bağlanmış 2864 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X8 anaları İddiaçı yanında qalması, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017ci il təvəllüdlü X8 atası Cavabdeh alınaraq anası İddiaçı verilməsi, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X8 anası İddiaçı himayəsinə faktiki verildiyi vaxtdan onların yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
13. AZ-İ № 392657 saylı, xx.xx.2021-ci il tarixli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur.
14. AZ-T №121615 saylı, xx.xx.2020-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında-X1 qeyd edilmişdir.
15. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçının nümayəndəsi və cavabdeh Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X2 xx.xx.2024-cü il tarixində saat 10:30-da təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər.
16. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (altmış) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Ödəniş qəbzindən görünür ki, 300 manat vəkil xədmətinə görə Sumqayıt Regional Vəkil Bürosunun hesabına iddiaçı tərəfindən ödənlilmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
19.“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:
1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
20. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir.
21. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
22. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3691/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya şikayəti üzrə tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3691/2024 nömrəli qətnaməsi qismən, hüquqi yardıma görə ödənilmiş pulun tutulması barədə iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razışaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq qeyd olunan qanunvericilik normalarını tətbiq etməklə aliment məbləğini qət edilən həcmdə artırarkən düzgün nəticəyə gəlmişdir.
25. Məhkəmə kollegiyası iddiaçının ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsinə və alimentin də həmin məbləğdə müəyyən edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin hər ay 470 manat aliment ödəməsinə dair maddi imkana malik olması, eləcə də cavabdehin gəlirləri barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. 2024-cü il üçün müəyyən edilmilş 235 manatlıq yaşayış minimumu məbləği nəzərə alındıqda qət edilmiş 180 manat aliment məbləği, həmin yaşayış minumumu məbləğinin əhəmiyyətli hissəsini təşkil edir. Uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, o cümlədən qeyd olunan hallar nəzərə alındıqda iddiaçının apellyasiya şikayətinin əsassız olması öz təsdiqini tapır.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hüquqi yardıma görə ödənilmiş pulun tutulması hissəsinə qiymət verərək qeyd edir ki, məhkəmə hüquqi yardımın iddiaçıya göstərilməsi əsası ilə iddia tələbini həmin hissədə təmin etməməkdə haqlı olmamışdır.
28. Belə ki, qanunvericiliyin tələbinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
29. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, təmin edilmiş hissəyə mütənasib olaraq hüquqi yardıma görə ödənilmiş məbləğin 100 manat hissəsi cavabdehdən tutulmalıdır.
30. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3691/2024 nömrəli qətnaməsi qismən, hüquqi yardıma görə ödənilmiş pulun tutulması barədə iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3691/2024 nömrəli qətnaməsi qismən, hüquqi yardıma görə ödənilmiş pulun tutulması barədə iddianın təmin edilməməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. Hüquqi yardıma görə ödənilmiş 100 (yüz) manat Cavabdeh alınaraq, İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.