Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1392/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1221/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh təkrar tamah niyyətilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə, İddiaçı etibarından sui-istifadə edib onun arvadını Bakı şəhəri ərazisində yerləşən orta məktəblərdən birinə müəllimə işinə düzəldəcəyini yalandan vəd edərək aldadıb tanışı X2 vasitəsilə 04 avqust 2017-ci ildə Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 49 nömrəli ünvanda yerləşən Təhsil Nazirliyinin inzibati binasının qarşısında 7000 manatını alıb ələ keçirərək vədinə əməl etmədən İddiaçı 7000 (yeddi min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 04 dekabr 2018-ci ildən 09 may 2019-cu il tarixədək həbsdə saxlanıldığı 05 ay 05 gün və 09 may 2019-cu il tarixdən 10 iyun 2020 ci il tarixədək «ev dustaqlığında olduğu» 01 il 01 ay 01 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, cəzasının əvvəli 10 iyun 2020-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə onun üzərində qəti olaraq 02 il 11 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə vurulmuş ziyanın əvəzi kimi 7000 (yeddi min) manat məbləğində pulun tutulması və ödənilmiş 90 (doxsan) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh və məhkum olan Cavabdeh tamah niyyəti ilə etibardan istifadə etməklə onu aldatmış və mülkiyyətində olan əmlakını 7000 manatı ələ keçirməklə ona maddi ziyan vurmuşdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 04 dekabr 2018-ci ildən 09 may 2019-cu il tarixədək həbsdə saxlanıldığı 05 ay 05 gün və 09 may 2019-cu il tarixdən 10 iyun 2020-ci il tarixədək «ev dustaqlığında olduğu» 01 il 01 ay 01 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, cəzasının əvvəli 10 iyun 2020-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə onun üzərində qəti olaraq 02 il 11 ay 24 gün müddətinə azadlıqdan məhrum etsmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 oktyabr 2020ci il tarixli 1(103)-742/2020 saylı qərarı ilə Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Cinayət işi üzrə mülki iddia verilməmişdir və bu səbəbdən hazırki vaxtadək vurulmuş ziyanın təleyi həll olunmamış qalmışdır. Bu səbəbdən məcbur qalıb hazırki tələblə məhkəməyə müraciət etmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1221/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 7000 (yeddi min) manat məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 90 (doxsan) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Böyükağa oğluna ödənilməsi qət edilmişdir (hakim Gülnarə Tağızadə).
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçıya məxsus olan pulu qanunsuz yolla mənimsəmişdir və geri qaytarmamışdır. Odur ki, şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7000 (yeddi min) manat məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 90 (doxsan) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməlidir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “İnsan Hüquqları və X3 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə, “Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-c il tarixli qərarı”na, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1092.1, 1096.1, 1096.2, 1097.1, 1115, 1108.1, maddəsi, Mülki Prosessual Məcəllənin 80, 82.4, 106.1, 119, 220.5, 217-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1221/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə onun arasında hər hansı pul münasibəti olmamış və o, dəfələrlə məhkəmədə izahat versə də iddiaçını tanımır. İddiaçı hətta öz ifadələrində də bunu doğrulamışdır və iş materiallarında olan məhkəmə hökmündə də bu öz təsdiqini tapır. Həmin əməldə onun heç bir təqsiri olmamışdır və iddia rədd edilməlidir. Bundan əlavə olaraq qətnamə qəbul edilərkən qətnamə barəsində məlumatı olmamış, icra şöbəsi tərəfindən ona xəbərdarlıq edildikdən sonra, rəsmi müraciət edərək 20 iyun 2024-cü il tarixdə qətnaməni əldə etmişdir. Əgər cinayət işində irəli sürülmüş iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı iddianı baxılmamış saxlayan hökm qanuni qüvvəyə minənədək dayandırılır. Müddətin dayandırıldığı vaxt iddia müddətinə daxil edilmir. Bu zaman müddətin qalan hissəsi altı aydan az olduqda altı aya qədər uzadılır. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İddiaçının iddiasının mahiyyəti əsassız varlanma ilə bağlı olduğundan hesab edir ki, yuxarıda qeyd olunan normanın müddəaları tətbiq edilməlidir. Həmin müddət kəsici müddətdir və birbaşa hazırki iş ilə əlaqədardır. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmçinin cavabdeh iddia ərizəsi ilə müraciət edərkən iddia müddətini ötürmüşdür, lakin işə baxan məhkəmə bunu nəzərə almamış və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə qərar qəbul edərkən, Mülki Məcələnin normalarını düzgün tətbiq etməmiş və obyektiv araşdırma aparmamışdır. İddia məhkəməyə təqdim olunarkən, həmin iddianın iddia müddəti birinci instansiya məhkəməsində icraata götütülərkən, nəzərə alınmalı idi. Bu halar nəzərə alınmadığından qanunsuz və əsassız qərar qəbul olunmuşdur.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin müdafiə edib, təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
15. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
19. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
20. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1221/2023 nömrəli qətnaməsini tam ləğv edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Bu səbəbdən kollegiya Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Beləliklə, iddiaçının iddiasına görə cavabdeh tərəfindən ona cinayət əməli nəticəsində maddi ziyan vurulmuşdur. Həmin ziyanın vurulmasında cavabdehin təqsiri qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi vurulmuş ziyan məbləğinə münasibətdə cavabdehin 7000 manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə nəticəyə gəlmişdir.
28. Cavabdeh həmin nəticə ilə razılaşmayaraq apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun iddiaçıya zərərin vurulmasında təqsiri yoxdur, iş üzrə iddia müddəti keçmişdir.
29. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək müəyyən etmişdir ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli hökmünə əsasən, Cavabdeh təqsirli bilinib, tamah niyyətilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə, İddiaçı etibarından sui-istifadə edib İddiaçı 7000 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur.
30. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
31. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
32. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
33. Məhkəmə kollegiyası iddia müddətin keçməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, hazırkı iddia üzrə iddia müddəti keçməmişdir.
34. Belə ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir.
36. Kollegiya yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.
37. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
38. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1221/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1221/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.