Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1394/2024 08.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X14 və X2 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə1 Museyib oğlunun, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1986/2024 saylı qətnaməsindən cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2022-ci il tarixli Sumqayıt ŞPİ-nin 4-cü PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilmiş, qəbul edilmiş qərarın surəti məlumat üçün prosessual rəhbərliyi həyata keçirən prokurora və maraqlı şəxslərə göndərilmişdir.
2. Həmin qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan İddiaçı, Sumqayıt ŞPİ-nin 4-cü PB-nə müraciət edərək, təxminən 2021-ci ilin yanvar ayında əvvəllər tanıdığı Alagöz adlı şəxsin ona müraciət edərək ondan qızıl-zinət əşyası almaq istəyən müştərilərin olduğunu, Alagözlə razılaşıb özünə məxsis qızıl-zinət əşyalarını aparıb satmış və dəyər qiymətini danışdıqları kimi qaytarmamışdır. Bundan təxminən 2 ay sonra Alagöz adlı qadın ondan 750 qram çəkisi olan qızıl-zinət əşyalarını hissə-hissə yaşadıqları mənzildə öz aralarında danışıb razılaşmış, Alagöz onun etibarından sui istifadə etməklə 61000 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə mənimsəmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh İddiaçı aldığı 61000 manat dəyərində qızıl-zinət əşyalarını səmimi etiraf etmiş və həmin qızılları Vüsalə adlı qadına satdığını və pulunu ala bilmədiyini bildirmişdir. Araşdırma zamanı izahatı alınmış X1 adlı qadından adlığı 61000 manat dəyərindən qızıl-zinət əşyalarının pulunu verdiyini bildirmişdir.
3. Sumqayıt şəhər Polis İdarəsinin istintaq şöbəsinin HK-2581 nömrəli araşdırma materialından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmiş, İddiaçı ilə Cavabdeh arasında olan mübahisə mülki xarakter daşıdığından, onlara məhkəməyə müraciət etməli olduğu izah olunmuş, qərarın surətin Sumqayıt Şəhər Prokurorluğuna və maraqlı tərəflərə göndərilmiş, material isə saxlanılması üçün Sumqayıt Şəhər Pİ-nin arxivinə verilmişdir.
4. Həmin qərardan görünür ki, araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, tanışı Cavabdeh sərfəli qiymətə satıb dəyər qiymətini tezliklə qaytarmaq şərti ilə 2021-ci ilin yanvar ayından başlayaraq ondan hissə-hissə qızıl-zinət əşyalarını alıb aparmış və nəticədə onun özünə, qızı X5 və mərhum qızı X4 məxsus 61000 manat dəyərində qızılzinət əşyalarını ələ keçirmişdir. Belə ki, o, Alagözü uzun müddətdir ki, tanımış və bilmişdir ki, o xırda alverlə məşğul olur. 2021-ci ilin yanvar ayında Alagöz ona müraciət edib bildirmişdir ki, onun qızıl-zinət əşyası almaq istəyən müştəriləri var, əgər onda belə əşyalar varsa yaxşı qiymətə sata bilər. Beləliklə bir neçə dəfə Alagöz onun özünə məxsus qızılzinət əşyalarını aparıb satmış və dəyər qiymətini danışdıqları kimi qaytarmışdır. Buna görə də ona inanmış və etibar edib qızıl zinət əşyalarını vermişdir. Bundan bir neçə ay sonra Alagöz ondan əyarı 750 və çəkisi ağır olan qızıl-zinət əşyalarını istəmiş və o da özünə və qızlarına məxsus qızıl-zinət əşyalarını hissə-hissə, yaşadıqları evdə əri X10 yanında Alagözə vermişdir. Hər dəfə Alagözə qızıl-zinət əşyalarını verəndə siyahı tutmuş və hər bir qızıl-zinət əşyasının çəkisi, forması və əyarı yazılmışdır. Qiymətini isə özləri öz aralarında danışıb razılaşmışlar. Nəticədə Alagöz onu aldadaraq 61000 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirmişdir. Ondan qızıl-zinət əşyalarını qəbul etməsinə və ona 61000 manat məbləğində borcu olmasına görə aralarında olan siyahıya imza etməsinə baxmayaraq, Alagöz hal-hazıradək onun nə qızıl-zinət əşyalarını, nə də onların dəyər qiymətini qaytarmamış, Alagöz ondan qəbul etdiyi qızıl-zinət əşyalarını Vüsalə adlı qadına satdığını bildirmişdir. Araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, o Sənəmlə əvvəllər qonşuluqda yaşamış, münasibətləri yaxşı olmuşdur. Sənəm ticarətlə məşğul olduğu üçün ondan müəyyən əşyalar götürüb öz tanışlarına satmışdır. 2020-ci ildə o Sənəmdən müəyyən miqdarda qızıl götürüb satmış pulunu Sənəmə vermişdir. Təxminən bir neçə aydan sonra o, Sənəmdən ayrı-ayrı vaxtlarda 11000, 5600, 16.000, 14.500, 17000, 16150, 8500, 1880 manat dəyərində qızıllar götürüb satmaqla ümumilikdə Sənəmdən 90730 manat dəyərində qızılını satıb 29730 manat ödəmiş və onun Sənəmə 61000 manat dəyərində qızılın pulunu vermişdir. O, Sənəmdən götürdüyü qızılları qonşuluqda yaşayan Vüsalə adlı qadına vermişdir. Vüsalə ilə razılıqları o olmuşdur ki, hər ay Vüsalə ona 2100 manat ödəniş edəcəkdir. Hal-hazırda Vüsalənin ona 69080 manat borcu olmuşdur. O, Sənəmi aldatmamış, Vüsalə nə vaxt onun pulunu verərsə Sənəmin pulunu da o vaxt qaytaracağını bildirmişdir. Araşdırma zamanı X6 izahatında göstərmişdir ki, o İddiaçı tanımamış, onun qonşuluğunda yaşayan Cavabdeh ilə münasibəti olmuş, Alagöz xırda alver ilə məşğul olmuşdur. O, ondan əvvəllər müxtəlif vaxtlarda geyim əşyaları almış, 2020-ci ildə Alagöz ona qızıl da satdığını bildirmişdir. O da ona inanaraq bir qramını 250 manatdan razılaşaraq müxtəlif vaxtlarda qızıllar götürmüş və pulunu ödəmişdir. Hal-hazıradək Alagözə 60.000 manata yaxın pul ödəmiş, Alagözün qızıl verməkdə şərti ilkin ödəniş pul ödəyib, daha sonra qızılın dəyərinə görə aylığa bölüb ona ödətdirmək olmuşdur. O, Alagözdən çox qızıllar götürmüş, heç bir yerdə qeydiyyat aparmamışdır. Yadında qalan 11.000, 5.600, 17.000, 16000, 14.500,16.150, 8500, 8.800 manatlıq qızılları Alagözdən götürüb ödəniş etmiş, Alagöz sonradan artırıb ona bu qədər borc yarandırmış, onun ona borcu olmamışdır. Alagöz ona 61.000 manat ödəsə də, həmin qızılları qramına kimi qaytarmışdır. O Alagözdən götürdüyü qızılları Lombarda qoyub pul götürmüş, Alagözə ödəmişdir.
5. Cavabdeh tərəfindən yazılmış ərizədən görünür ki, o, İddiaçı 61000 manat borcu olduğunu etiraf etmişdir. Həmin pul və onun pulu, cəmi 69 min 493 manatı Vüsalədədir. Alıb, vermir. Neçə ildir ki, onun başına oyun açır.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 61.000 (altmış bir min) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmçinin onun əməlinə hüquqi qiymət verilməsi üçün barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsini onunla əsaslandırmışdır ki, 2021-ci ilin yanvar ayından başlayaraq cavabdeh ondan hissə-hissə qızıl-zinət əşyaları alıb aparmış və nəticədə ona məxsus 61.000 (altmış bir min) manat dəyərində qızıl-zinət əşyalarını mənimsəmişdir. Belə ki, o, Cavabdeh uzun müddətdir ki, tanıyır və bildirir ki, o xırda alverlə məşğul olur. 2021-ci ilin yanvar ayında Cavabdeh ona müraciət etmiş və demişdir ki, onun qızıl-zinət əşyası almaq istəyən müştəriləri vardır. Əgər onlarda belə əşyalar varsa yaxşı qiymətə sata bilər. Beləliklə bir neçə dəfə Cavabdeh onun özünə məxsus qızıl-zinət əşyalarını aparmış, satmış və dəyər qiymətini danışdıqları kimi qaytarmışdır. Buna görə də o, ona inanmış və etibar edərək qızıl-zinət əşyalarını vermişdir. Bundan təxminən bir neçə ay sonra Cavabdeh ondan əyarı 750 və çəkisi ağır olan qızıl-zinət əşyaları istəmiş və o da özünə və qızlarına məxsus qızıl-zinət əşyalarını hissə-hissə, yaşadıqları evdə həyat yoldaşı X10 yanında Cavabdeh vermişdir. Hər dəfə Cavabdeh qızıl-zinət əşyalarını verəndə siyahı tutulmuş və hər bir qızıl-zinət əşyasının çəkisi, forması və əyarı yazılmışdır. Qiymətini isə özləri öz aralarında danışıb, razılaşmışlar. Nəticədə, Cavabdeh onun etibarnamədən suiistifadə etməklə onu aldatmış və 61.000 (altmış bir min) manat dəyərində qızıl-zinət əşyalarını mənimsəmişdir. 2022-ci ildən başlayaraq cavabdeh barəsində mütəmadi olaraq şikayətlər etmişdir ki, cavabdeh ona qarşı dələduzluq etmiş və külli miqdarda əmlakını mənimsəmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin təhqiqatçısı tərəfindən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Yuxarı instansiyalara etdikləri şikayətlər bir nəticə verməmiş, lakin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar ləğv edilmişdir. Bundan sonra iş yenidən araşdırılmağa başlanmış, lakin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başanması yenidən rədd edilmişdir. Yenə də, yuxarı instansiyalara şikayətlər etmişdir. Lakin Cavabdeh məsuliyyətə cəlb olunmamış, hətta instintaq orqanları Cavabdeh adını çəkdiyi, onun tanımadığı Vüsalə adlı xanımla onu üzləşdirməmişlər. Yəni istintaq orqanı işə barmaqarası yanaşmış, nəticədə ona mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Lakin o, bu gündə hesab edir ki, Cavabdeh ona qarşı dələduzluq etmişdir. Onun əməlləri nəticəsində o, maddi və mənəvi zərər çəkmişdir. Hətta onun bu əməli onun sağlamlığına belə ciddi zərər vurmuşdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur.
8. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, video-diskə baxış keçirmişdir. Nümayəndəsi olduğu şəxsin dediklərində həqiqət vardır. Onun dediklərini aşkar etmişdir. Birinci məhkəmə iclasında xanıma sual vermişlər ki, iddianı qəbul edirsən? O isə demişdir ki, xeyir, qəbul etmir. Onların arasında mübahisə vardır. Etiraf vardır ki, tərəflər arasında alış-veriş olmuşdur. Hər iclasda vəkil deyir ki, pulu ona vermişlər. Birinci olaraq məsələ pul deyildir. Burada qızıldan söhbət gedir. Qızılın dəyərini isə xanım bilmir. Cavabdeh etiraf edir ki, qızıl almışdır. Məhkəmə hər bir iddianın etirafını etiraf kimi qəbul etməməlidir. Həqiqətən iddiaçıya verilən qızılların dəyəri 61000 manat deyildir. İddiaçının nümayəndəsi bildirir ki, onlar siyahını cinayət işinin materiallarına əlavə edilməsi üçün təqdim etmişlər. Mövcud olmayan bir şeyin sübutunu necə təqdim etsinlər? İddiaçı sübutetmə yükünə malikdir. Cavabdeh Vüsalə xanıma çoxlu müraciətlər etdiyi üçün, Vüsalə xanım onu 102 qaynar xəttinə şikayət etmişdir. İddiaçı bildirir ki, qızılları cavabdehə hissə-hissə vermişdir. Heç vaxt bütünlüklə ona qızıl verməmişdir. Hər dəfə verdikdə də ilkin ödənişlərini etmiş və aylıqlarını başqa-başqa vaxtlarda vermişdir. Cavabdeh qızılları aldığını inkar etmir. Sadəcə qızılların dəyərini müəyyən etmək lazımdır. İddiaçı qeyri-səmimi izahatları ilə hansı hallarda özünün haqlı, hansı hallarda haqsız olduğunu sübuta yetirir. O halda haqlıdır ki, qızıl vermişdir. Nümayəndəsi olduğu şəxs də qızılları qəbul etmişdir. Bu həqiqətdə də belədir. Onların arasında olan mübahisə qızılların sayı və növləri ilə bağlıdır. Özü müəyyən etmişdir ki, iddiaçının verdiyi qızılların ümumi dəyəri maksimum 30000 manatdır. Qızılların dəyəri iki qat qiymətdə şişirdilmişdir. Cavabdeh savadsız adamdır. O qızılların qiymətini bilmir. Onlar iddia tələbini 30000 manat civarında qəbul edə bilərlər. Özü müəyyən etmişdir ki, iddiaçının verdiyi və cavabdehin qəbul etdiyi qızılların dəyəri 30000 manat dəyərində olar. İddiaçı qismən haqlıdır. Lakin özü əsassız varlanmaq istəyir. Ona görə də iddiaçının verdiyi tələb həcmində deyil, 30000 manat dəyərində iddia tələbini qəbul edirlər. İddia tələbinin xüsusi qərar hissəsi tamamilə absurddur. Belə ki, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar vardır. Ona hüquqi qiymət verilmiş, digər şəxs də dindirilmiş və etiraf etmişdir ki, qızılları almışdır.
9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1986/2024 saylı qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 61000 manat pul tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 273 manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi iddia ərizəsini pul tələbi hissəsində təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar və işin araşdırılan halları o qənaətə gəlməyə imkan verir ki, iddia tələbi 61.000 manat pul tələbi hissəsində əsaslıdır. Məhkəmənin bu qənaətə gəlməsinə əsas işin tədqiq olunan halları, cinayət işinin tədqiq edilən halları, tərəflərin izahatları, “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda qeyd olunan hallardır. İddia tələbinin qismən qəbul edərək Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 gətirdiyi dəlillər (qızılların dəyəri və sair) formal mülahizələrlə bağlı olub qeyd etdikləri etirazın öz gətirdikləri dəlillərlə təkzib edilməsidir. Belə ki, bir tərəfdən qızılların dəyərini (işin mübahisə edilməyən halını) mübahisələndirən cavabdehin nümayəndəsi vəkil, digər tərəfdən yəni 30.000 manatın qəbul edərək cavabdeh tərəfindən ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Qeyd olunanlar məhkəmə tərəfindən əsaslı sayılmayaraq, işin tədqiq olunan hallarına uyğunluq təşkil etmir.
11. Eyni zamanda birinci instansiya məhkəməsi cavabdehin əməlinə hüquqi qiymət verilməsi üçün barəsində xüsusi qərardad çıxarılması barədə iddia tələbi hissəsinə qiymət göstərmişdir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Məhkəmə isə iddia tələbi üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlmişdir ki, cavabdehin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir.
12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 5.3, 329.2, 385.1, 386.1, 442, 448.1, 1091.1, 1091.2, 1092.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1, 217.4-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ondan 61.000 manat pulun tutulması hissəsində ləğv edilməsi, iddianın tələbinin qismən təmin edilərək ondan 30.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh savadsız adamdır. O, qızılların qiymətini bilmir. Məsələ orasındadır ki, iddiaçının özü belə verdiyi qızılların dəyərini bilmir. Hesab edir ki, iddiaçının verdiyi və cavabdehin qəbul etdiyi qızılların dəyəri 30000 manat dəyərində olar. İddiaçı qismən haqlıdır. Lakin özü əsassız varlanmaq istəyir. İddia tələbinin xüsusi qərar hissəsi tamamilə absurddur. Belə ki, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar vardır. Ona hüquqi qiymət verilmiş, digər şəxs də dindirilmiş və etiraf etmişdir ki, qızılları almışdır. Hazırda məhkəmə tərəfindən qəbul edilən qanunsuz və əsassız qətnamə iddiaçının heç bir hüquqi əsas olmadan cavabdehin əmlakı hesabına əsassız varlanmasına səbəb olacaqdır. Qanunvericliyin sadalanan müddəalarını işin halları ilə müqayisə edəndə müəyyən olunur ki, məhkəmə yalnız birtərəfli, yəni sırf iddiaçının maraqlarını üstün tutaraq qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən yuxarıda qeyd olunan maddi hüquq normaları kobud surətdə pozulmuş, işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, əldə olunan sübutlara düzgün hüquqi qiymət verilməmiş və sonda ədalətsiz qətnamə qəbul edilmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticə və çıxardığı qətnamə açıq-aşkar hüquq pozuntusuna zəmin yaratmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edib, onun təmin edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə1 Museyib oğlu apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...)
19. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
22. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
23. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
25. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
26. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
29. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası məruzəçi-hakimi işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Hazırki iddia tələbinin mahiyyətindən görünür ki, iddiaçının tələbi qızıl-zinət əşyalarının onunla tanışlıq münasibətində olan Cavabdeh verməsi, lakin onların dəyərini təşkil edən 61000 manat pulun qaytarılmamasından ibarətdir.
33. İddiaçı tələbinin əsası kimi ona istinad edir ki, o, Cavabdeh özünə məxsus olan qızılları vermiş, sonuncu ilə onları sataraq pulunu ödəməsi barədə razılaşmaları olsa da, sonuncu 61000 manat dəyərində qızılı almış, lakin pulunu ödəməkdən yayınmışdır.
34. Məhkəmə kollegiyası qeyd edir ki, qızılların dəyəri olan pul vəsaitinin ödənilməsini tələb edən iddiaçı cavabdehin bu barədə onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.
35. Cavabdeh tərəf hazırda iddiaçı tərəfindən ona verilmiş qızılların ümumi dəyərinin 61000 manat deyil, təqribi hesablamalara əsasən 30000 manat olduğu, həmin məbləği də ona ödəməkdən imtina etmədiyini göstərir.
36. İşin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh İddiaçı qızıl-zinət əşyaları aldığı, ona 61000 manat məbləğində pul vəsaiti ödəməli olması iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda və cavabdehin yazılı formada verdiyi izahatında öz təsdiqini tapır. Bu hal həmçinin cavabdehin birinci instansiya məhkəməsində yazdığı ərizə ilə də təsdiq olunur.
37. Göründüyü kimi cavabdeh həm polis bölməsində, həm də məhkəmə iclasında verdiyi izahatlara əsasən iddiaçıya 61000 manat ödəməli olduğunu yazılı olaraq etiraf etmişdir.
38. İşin müəyyən olunmuş hallarına görə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mövcud tələbi əsasında cavabdehdən 61000 manat pulun alınaraq iddiaçıya qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin mahiyyətinə uyğun olaraq düzgündür.
39. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).
40. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
42. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara və iş üzrə müəyyən olunmuş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır.
43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1986/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.