Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1396/2023 13.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2(060)-2266/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3099/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay 100 manat sabit pul məbləğində alimentin məbləğini dəyişdirərək cavabdehdən xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə 2010-cu il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X4 adlı bir övladları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3099/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun cavabdehə qarşı atalığın müəyyən edilməsi və sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehin xx.xx.2011-ci il təvəllüdlü X1 atası olması faktı müəyyən olunması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. Qeyd edir ki, alimentin məbləği uşağın saxlanılması üçün bəs etmir. Belə ki, cavabdeh 2-ci qurp əlildir, qətnamə qət olunarkən cavabdeh 259.78 manat pensiya alırdı. Hal-hazırda isə pensiya məbləği artırılaraq 327.22 manat məbləğində olmuşdur. Bu da o deməkdir ki, cavabdehin gəlirlərində dəyişiklik olmuşdur. Bundan əlavə olaraq həmçinin cavabdeh özünə avtomaşın almışdır. Ona ödənilən aliment məbləği bugünkü iqtisadi münasibətlərə uyğun gəlmir. Uşaq günügündən böyüyür. Böyüdükcə xərcləri də artmaqdadır. Qızı məktəblidir. Onun ehtiyaclarını və tələbatlarını ödəməkdə çətinlik çəkir. Özü heç bir yerdə işləmir. Əlavə olaraq onu da qeyd edir ki, cavabdeh 2-ci qrup əlil kimi pensiya alsa da əmək qabiliyyətlidir. Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bir uşağın minimum yaşayış məbləği 220 manat təşkil edir. Mediasiya sessiyasında iştirakları məcburi olduğundan cavabdehlə ilkin olaraq Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X5 xx.xx.2023-cü il tarix, saat 15:00 saatlarında təşkil etdiyi mediasiya sessiyasında iştirak etmişlər. Lakin cavabdehlə aralarında heç bir razılığa gələ bilmədilər. Qanunda nəzərdə tutulmuş məcburi mediasiya üçün 50 manat məbləğində mediasiya xərci onun tərəfindən ödənilmişdir. Bunun nəticəsi olaraq Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X7 tərəfindən MŞS/MT030/2023-00300 №-li, xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə arayış” verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2(060)-2266/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3099/2021 nömrəli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 14 dekabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 163 (bir yüz altmış üç) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iş üzrə ödənilmiş mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manatın əvəzi olaraq Cavabdeh alınaraq İddiaçı ödənilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilməsi qət edilmişdir (hakim Gülnarə Tağızadə). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2(060)-2266/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, heç bir yerdə işləmir, epilepsiya xəstəliyindən əziyyət çəkir, İİ qrup əlildir. Digər bir yerdən qazancı yoxdur. Anası xəstədir. Onun himayəsindədir. Xəstəliyi ilə əlaqədar olaraq "xxxx" ASC-dən 4000 manat kredit götürmüşdür. Hər ay həmin kreditə görə 102,80 manat ödəniş edir. Hər ay səhhətinə görə 80 manat dərmanlara pul ödəyir. Maddi imkanında yaxşılığa doğru heç bir dəyişiklik olmamışdır. İddianı qəbul etmir, hər ay 100 manat aliment ödəməyə imkanı çatır. Məhkəmə qətnamə qəbul etdikdə bunları nəzərə almamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 619961 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2011-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3099/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 14 dekabr 2011-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş X2 atası olması faktı müəyyən edilərək, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 26 fevral 2021-ci il tarixdən başlayaraq hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 422163 nömrəli, xx.xx.2021-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 14 dekabr 2011-ci ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF publik hüquqi şəxsinin 2 saylı Qazax-Tovuz regional filialının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Qazax- Tovuz regional filialından (Şəmkir və Gədəbəy) İİ qrup (ümumi xəstəlik) əlilliyə görə 327,22 (üç yüz iyirmi yeddi manat 22 qəpik) əmək pensiyası alır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 2010-cu il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuşlar, həmin münasibətlərindən xx.xx.2011-ci il tarixdə X4 adlı bir övladları anadan olmuş, tərəflər bir müddət mehriban yaşasalar da sonradan münasibətləri pisləşmiş və bu səbəbdən ayrılmışlar, daha sonra iddiaçı atalığın müəyyən edilməsi və alimentin tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3099/2021 nömrəli qətnaməsi ilə Cavabdeh 14 dekabr 2011ci il tarixdə Sumqayıt şəhərində doğulmuş X2 atası olması faktı müəyyən edilərək ondan xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 26 fevral 2021-ci il tarixdən başlayaraq hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Hazırda tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X6 iddiaçının himayəsindədir və uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği onun artan tələbatını ödəmək üçün kifayət etmədiyindən iddiaçı alimentin miqdarının artırılması ilə məhkəməyə müraciət etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən isə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (AM-in 78.2-ci maddəsi). Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, həmçinin cavabdehin daimi iş yeri olmaqla, müntəzəm gəlirə sahib olması tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3099/2021 nömrəli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirərək 14 dekabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 163 (bir yüz altmış üç) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qənaətinə gəlmişdir. Cavabdeh apellyasiya şikayəti verərək təyin edilmiş alimentin miqdarının azaldılmasını xahiş etmiş və şikayətini heç bir yerdə işləməməsi, epilepsiya xəstəliyindən əziyyət çəkməsi, İİ qrup əlil olması, anasının da xəstə olması, onun himayəsində olması, xəstəliyi ilə əlaqədar olaraq Bankdan kredit götürməsi, hər ay həmin kreditə görə 102,80 manat ödəniş etməsi və bundan əlavə hər ay səhhətinə görə 80 manat dərmanlara pul ödəməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin bu dəlilləri onun azyaşlı uşağının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Təyin olunmuş aliment uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət edir. Eləcə də, birinci instansiya məhkəməsi alimentin miqdarını müəyyən edərkən uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, Respublikada 2023-cü il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini nəzərə almışdır. Odur ki, tərəflərin azyaşlı uşağı 14 dekabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 163 (bir yüz altmış üç) manat sabit pul məbləğində alimentin tutulması uşağın mənafeyi baxımından məqsədəuyğundur. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2(060)-2266/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1396/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1396/2023
13.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver