Məhkəmə qərarları › İş №2(105)-1399/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1399/2022

03.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1399/2022 03.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, e-2(012)-3001/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, hazırki iddia ərizəsi məhkəmənin icraatına daxil olduğu gündən hesablanmaqla 29.11.2013-cü təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq, hər ay 200 manat məbləğində pulun, mediatora ödənilmiş 50 manatın və vəkilə ödənilmiş 150 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(012)-3001/2022 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı Əliyeva X4 rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(012)-3001/2022 saylı qərardadından şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmiş və öz şikayətini bununla əsaslandırmışdır ki, qərardad prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarıldığından ləğv edilməli, iddia ərizəsinin icraata götürülməsi ilə bağlı yeni qərardad qəbul edilməlidir. Belə ki, iddiaçı yetkinlik yaşına çatmayan övladı X3 ilə birlikdə Abşeron rayonu, Digah qəsəbəsi, Bakıxanov küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayır. Bununla bağlı Abşeron RİH-nin Digah qəsəbə İnzibati Ərazi Dairəs üzrə Nümayəndəliyiinn 02.03.2022-ci il tarixli, 126 saylı arayışı iş materiallarına əlavə edilmişdir. Həmçinin, iddiaçının himayəsində olan övladı Abşeron rayonu, Digah qəsəbə tam orta məktəbinin 3-cü sinfində təhsil alır. Məktəb tərəfindən verilmiş, 02.03.2022-ci il tarixli, 251 saylı arayış iş materiallarına əlavə olunmuşdur. Beləliklə İddiaçı yetkinlik yaşına çatmayan övladı ilə birlikdə faktiki olaraq Abşeron rayonu Digah qəsəbəsi, Bakıxanov küçəsində nömrəsiz fərdi yaşayış evində yaşaması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası MPM-nin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. İddiaçı qanunla müəyyən edilən hüququndan istifadə edərək özünün yaşadığı rayonun məhkəməsinə müraciət etmişdir. Yəni iddiaçı tərəfindən iddia ərizəsi verilərkən AR MPM-nin 149-150-ci maddələrinin tələblərinə əməl edilmişdir. Buna baxmayaraq, məhkəmə heç bir əsas olmadan iddia ərizəsini geri qaytarmışdır. Sadalanan hallar nəzərə alınmalı, şikayət təmin edilməli, qərardad ləğv edilərək, iddia ərizəsi icraata qəbul edilməlidir. Abşeron Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(012)-3001/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. AR MPM-nin 10.8-1-ci maddəsinə görə bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, e- 2(012)-3001/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası əlavə edir ki, AR MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Eyni Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, iş üzrə Cavabdeh Laçın rayonu Minkənd kəndində qeydiyyatdadır. Həmçinin, iddiaçının və cavabdehin Abşeron rayonu ərazisində məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olmalarına dair hər hansı bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin qeyd olunan əsasla geri qaytarılması barədə birinci instansiya məhkəməsinin mövqeyi qanunidir. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 395- 396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, e-2(012)-3001/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar