Məhkəmə qərarları › İş №2(105)-14/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-14/2022

12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-14/2022 12.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(074)-14/2018 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(074)-14/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 145780 ABŞ dolları məbləğində borc pul və gecikdirilmiş vaxt üçün qanunvericiliklə nəzərdə tutulmuş illik beş faiz olmaqla 303 ABŞ dolları, ümumi 146083,00 ABŞ dollarının icra vaxtı manata olan məzənnə ilə alınıb İddiaçı verilməsi qət edilmişdir. (E.Hümbətov) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(074)-14/2018 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı məhkəmədə Cavabdeh qarşı pul tələbinə dair iddia qaldıraraq, məhkəmədən Cavabdeh 145780,00 ABŞ dolları məbləğində borc pulun alınıb və gecikdirilmiş vaxt üçün qanunvericiliklə nəzərdə tutulmuş illik beş faiz olmaqla 303 ABŞ dolları, ümumi 146083,00 ABŞ dolları pulun ona verilməsi barədə qətnamə çıxarılmasmı xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 16 may 2014-cü il tarixdə onunla cavabdeh arasında bağlanmış borcun etirafı müqaviləsinin şərtlərinə görə, müqavilənin bağlandığı gündən 30.10.2016-cı il tarixinə qədər ödənilməsi şərti ilə 145780,00 (bir yüz qırx beş min yeddi yüz səksən) ABŞ dolları məbləğində borc pul verilmişdir və həmin məbləğin verilməsinə dair notarial təstiqli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə borc məbləğinin cavabdeh tərəfindən ödənilmə tarixi olaraq 30 oktyabr 2016-cı il tarixi müəyyən edilmişdir. Lakin bu tarixə qədər cavabdeh üzərinə düşən öhdəliyi yerinə gətirməmiş və borcun geri qaytarılması üçün müqavilədə göstərilən son tarixəcən müxtəlif bəhanələrlə onu aldadıb, etibarından sui istifadə etməklə ödəməni yerinə yetirməkdən boyun qaçırmışdır. Borc məbləği hal-hazıra kimi qaytarılmamış, iddia ərizəsi ilə müraciət etdiyi günədək cavabdeh tərəfindən borc müqaviləsində göstərilən vaxt ötürülmüşdür. Azərbaycan Respublikası MM-nin 739.1 və 742-ci maddələrinə əsasən borc alan borc məbləğini borc verənə vaxtında və borc müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır. Belə ki, cavabdeh 30 oktyabr 2016-cı il tarixindən qanunsuz olaraq borc ödəməkdən boyun qaçırır. Ona görə də Azərbyacan Respublikası MM-nin 449-cu və 743cü maddələrinə əsasən, o özgəsinin pul vəsaitinin qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə geçikdirməklə ondan faydalanmağa görə müqavilədə göstərilən müddət başa çatdıqdan sonrakı gecikən günlər üçün həmin məbləğdən faizlər də ödənilərək alınmış borc dərhal qaytarılmalıdır. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borclu olduğu göstərilmişdir. Qeyd olunanlara əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə iş üzrə bütün faktiki halları araşdırmamış, mübahisə üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, o, İddiaçı Mahir oğlu ilə əvvələr işgüzar münasibətdə olmuşdur. Lakin onun iddia tələbində qeyd olunan 145.780 ABŞ dollari məbləğində pulu ondan almamışdır. Bununla bağlı aralarında hər-hansı borc hüquq münasibəti olmamışdır. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi 16.05.2014-cü il tarixli Borcun etirafı müqaviləsi barədə isə, ümumiyyətlə məlumatı olmayıb. Həmin müqavilənin rəmiləşməsində iştirak etməmiş və onu imzalamamışdır. Lakin nədənsə iş üzrə Şamaxı rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qətnaməsində göstərilir ki, guya o məhkəmə iclasında bildirmişdir ki, qeyd olunan borc etirafı müqaviləsini imzalamışdır. Bu doğru deyil. Birinci instansiya məhkəmənin bu barədə gəliyi nəticə tamamilə yanlışdır və işin əsl mahiyyətini əks etdirmir. 16.05.2014-cü il borc etirafı müqaviləsinin onun tərəfindən imzalanmasına dair hər- hansı formada məhkəmədə izahat verməmişdir. Belə ki, bu barədə onun izahatı təhrif olunmuşdur və bununla bağlı qətnamədə qeyd olunanlar ilə razı deyil. Çünki, əgər qeyd olunan 2014-cü il tarixli borc etirafı müqaviləsinin legitimliyini qəbul etmiş olsaydı, o zaman həmin müqaviləni məhkəmə qaydasında mübahisələndirməzdi. Şamaxı Rayon Məhkəməsində iddiaçı Ali Erşenin iddia tələbi ilə razı olmadığını və ortada kifayət qədər yüksək məbləği əks etdirən (143.780 ABŞ dolları) borc müqaviləsi olmadan, həmin məbləğin etirafına dair 2014-cü il tarixli borc etirafı barədə müqavilənin mövcudluğunun şübhəli olmasını məhkəmənin diqqətinə çatdırsa da, məhkəmə bu hala diqqət etməmişdir. Habelə, şübhəli məqamların aradan qaldırılması və həqiqətin ortaya çıxarılması məqsədilə, həmin müqavilə üzrə tərəflərin imza nümünələrinin götürülərək, is üzrə xətşünaslıq ekspertizasının keçirilməsinin zəruri olduğunu məhkəmənin nəzərinə çatdırsa da, məhkəmə iş üzrə xəttşünaslıq eskpertizası təyin etməmişdir. Sadalanan xüsusatlar nəzərə alınmaqla apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz etdi və bildirdi ki, şikayət formal mülahizələrə əsaslanaraq tərtib edilmişdir. Məhkəmə qətnaməsi qanunidir və onun ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Cavabdeh Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsində 16.05.2014-cü il tarixli borcun etirafı müqaviləsini mübahisələndirmiş, məhkəmə iddianı rədd etmiş, həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Başqa sözlə, cavabdehin apellyasiya şikayətində həmin müqavilə ilə bağlı göstərdiyi dəlilləri tam təkzib olunur. Apellyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirdi ki, hazırkı iddia tələbi üzrə iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun olaraq icraata qəbul edilməmişdir. Belə ki, iddia ərizəsi onu imzalamağa səlahiyyəti olmyan şəxs tərəfindən imzalanmışdır. Bu səbəbdən hazırkı halda apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bununla belə o, növbəti məhkəmə iclasında səbəblərini bildirmədən iştirak etməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında 16.05.2014-cü il tarixli, Bakı şəhəri 51 saylı Notariat Kontorunda reyestrdə 3-M-472 №-ilə qeyd olunmuş borcun etirafı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 145780,00 ABŞ dolları pul vəsaitini aldığını etriaf etmişdir, Həmin borc məbləğini 30.10.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 769/2019 nömrəli, 18.07.2019-cu il tarixli qətnaməsindən məlum olur ki, iddiaçı Cavabdehlər Bakı şəhəri 51 saylı notariat Kontoruna və İddiaçı Mahir oğluna qarşı borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Yenə iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5117/2021 saylı, 30.06.2021-ci il tarixli qətnaməsindən görünür ki, qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-570/2022 saylı, 24.01.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5117/2021 saylı, 30.06.2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Beləliklə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-769/2019 nömrəli, 18.07.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər borc münasibətlərində olmuş, onlar arasında borcun etirafı müqaviləsi bağlanmış və notarial qaydada rəsmiləşdirilmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd olunan borcun etirafı haqqında müqavilədən məlumatsız olduğunu iddia edir. Məhkəmənin gedişi dövründə cavabdeh həmin müqaviləni məhkəmə qaydasında mübahisələndirmiş, daha öncə qeyd olunduğu kimi onun iddiası rədd olunmuşdur. Başqa sözlə, tərəflər arasında bağlanmış borcun etirafı haqqında müqavilənin legitimliyi məhkəmə qaydasında öz təsdiqini tapmışdır. Hazırda borclu cavabdeh iddiaçıdan aldığı pul vəsaitini geri qaytarmadığı üçün iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, qeyd edildiyi kimi mübahisə tərəfləri arasında 16.05.2014-cü il tarixdə, notarial qaydada təsdiq edilmiş borcun etirafı müqaviləsi bağlanmış və Cavabdeh İddiaçı 145780,00 ABŞ dolları pul vəsaitini aldığını etriaf etmiş, həmin borc məbləğini 30.10.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Yenə həmin Məcəllənin 882.2-ci maddəsinin tələblərinə görə bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Mülki Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri) İstinad olunan maddi hüquq normalarının mənasına görə əqdin bağlanılması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin razılaşdırılmış iradə ifadəsidir. İşdən göründüyü kimi, tərəflər borc münasibətində olmuş və öz iradə ifadələrini yazılı borc müqaviləsi formasında təsdiqləmişlər. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Yuxarıdakı normaların tələblərindən də aydın olur ki, borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə kreditorun bunu tələb etmək hüququ yaranır və kreditor qarşısında borclu məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı cavabdehin apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır. O, borcun etirafı müqaviləsindən xəbərsiz olduğunu iddia etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə, cavabdeh həmin müqaviləni məhkəmə qaydasında mübahisələndirmiş, daha öncə qeyd olunduğu kimi onun iddiası rədd olunmuşdur. Başqa sözlə, tərəflər arasında bağlanmış borcun etirafı haqqında müqavilənin legitimliyi məhkəmə qaydasında öz təsdiqini tapmışdır. Cavabdehin digər dəlili ondan ibarətdir ki, iddia ərizəsi onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. İşdən görünür ki, iddia ərizəsini etibarnamə əsasında X1 imzalamışdır. Etibarnamə İddiaçı tərəfindən imzalanmış və ABŞ-ın Florida ştatının notariat kontorunda təsdiq edilmişdir. Doğudur həmin etibarnamənin apostil olunması ilə bağlı məlumat olmasa da, hazırda məhkəmə iclasında iddiaçını təmsil edən vəkil Nümayəndə2 verilmiş etibarnamə apostil olunmuşdur. Nümayəndə2 isə məhkəmədə iddiaçı tərəfindən ona verilmiş səlahiyyət əsasında iddianı bir daha müdafiə etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Cavabdeh apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı qarşısında öhdəliyi yaranmışdır və o bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarına istinad etməklə mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Şamaxı Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(074)- 14/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar