Məhkəmə qərarları › İş №2(105)-1400/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1400/2023

13.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1400/2023 13.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Xaliq qızına qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, onun nümayəndəsi X2, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh Xaliq qızının iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5172/2022 nömrəli qətnaməsindən Cavabdeh Xaliq qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları

1. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1949-cu ildə anadan olmuş, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 26, mənzil 26 qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1978-ci ildə, Şəki rayonu, Cəyirli kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır.

2. 16.06.2021-ci il tarixli məktubla müəyyən edilir ki, Sumqayıt Şəhər Prokurorluğu tərəfindən iddiaçıya məsələnin həlli üçün cavabdehin yaşadığı ərazi üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

3. xx.xx.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən iddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35 A ünvanında yerləşən evi X1 50000 manata satmışdır.

4. 06.08.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən iddiaçının ərizəsi əsasında toplanmış material üzrə cavabdehin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.

5. Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Yusif Süleymanova göndərilmiş məhkəmə sorğusuna əsasən cinayət işinin başlanmasının rədd materialları Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh Xaliq qızına qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 50 000 manat məbləğində əsas pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı gəlini olan cavabdeh ilə Sumqayıt şəhəri 11-ci mikrorayon, ev 26, mənzil 26-da bir yerdə yaşamış və oğlu Vaqifin banka borcu olduğuna görə qərar almışdır ki, həmin evi satıb banka olan borcunu ödəsin. Həmin mənzili 07 dekabr 2019-cu ildə 57000 manata sataraq birbaşa oğlunun 22000 manat borcunu ödəmiş və mənzili yüklülükdən azad etmişdir. Qalan pul isə cavabdeh tərəfindən onun deməsinə görə həbsxanada yatan oğlunun yolunda sərf edilmişdir. İddiaçı mülkiyyətində olan və Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35A ünvanında yerləşən 2 otaqlı yaşayış evini də sataraq Sumqayıt şəhərində daha geniş 4 otaqlı mənzil alıb ailə üzvlərilə bir yerdə yaşamağa qərar vermişdir. Belə ki, iddiaçının himayəsində 1-ci qrup, daun sindromlu oğlu da vardır və iki otaqlı mənzildə böyük bir ailənin yaşaması bir sıra çətinliklər yaradırdı. Bu məqsədlə xx.xx.2020-ci il tarixdə iddiaçı həmin evi 50000 manata satmış və yeni mənzil alana qədər qərara gəlmişdir ki, hələlik kirayə ev tutub yaşasınlar. Həmin vaxt satışdan əldə etdiyi pulu cavabdehə vermişdir ki, saxlasın. Cavabdeh pulu Kapital Banka öz adına qoymuşdur. İddiaçı da ona inanaraq gözləmişdir. Lakin 2021-ci ilin may ayının 7-8-də qızı Tünzalə ipoteka qaydasında mənzil alınması üçün müraciət etmiş, ona bildirilmişdir ki, bunun üçün təxminən 5-6 min manat ilkin ödəniş olunmalıdır. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək ona verdiyi pulları geri istəmiş, lakin cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Onun pulunu mənimsəyən cavabdeh təxminən may ayının 21-22-də iddiaçını xəstə və əlil oğlu ilə evdən çıxarmış, hətta iddiaçı evdə olan əmlaklarını polisin köməyi ilə götürə bilmişdir. Yalnız bundan sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh sonuncu evin satışından əldə edilmiş 50000 manat pulu mənimsəmişdir. Cavabdeh ondan mənimsədiyi pulları faizə buraxmış, notarial qaydada bir neçə şəxslə borc müqaviləsi bağlamışdır. Onu isə xəstə uşaqla ağır və acınacaqlı vəziyyətdə buraxmışdır.

8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5172/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, 50 000 (əlli min) manat pul və 240 (iki yüz qırx ) manat dövlət rüsumunun Cavabdeh Xaliq qızından tutularaq İddiaçı verilməsi qət edilmişdir (hakim Emin Abdullayev).

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan və qərarın qəbul edilməsinə əsas olmuş materiallardan görünür ki, cavabdeh istintaqa verdiyi ifadəsində iddiaçının Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35A ünvanında yerləşən 2 otaqlı yaşayış evini satdıqdan sonra 47800 manatı ona verdiyini, həmin pulun onun tərəfindən iddiaçının oğlu və onun həyat yoldaşı olan Vaqif adlı şəxsin cinayət işi üzrə vəkil xərclərinin ödənilməsinə və Vaqifin razılığı ilə müxtəlif şəxslərə ödənilməsinə sərf edildiyini bildirmişdir. Məhkəmə iclasında da cavabdeh iddiaçı tərəfindən 50000 manat pulun ona verildiyini və müxtəlif məqsədlər üçün sərf edildiyini bildirmişdir. Beləliklə, iddiaçı tərəfindən 50000 manat pulun cavabdehə verilməsi və həmin pulun cavabdehə qaytarılmadığı işin müəyyən edilmiş halıdır.

10. Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi cavabdeh iddiaçının məhrum olması hesabına əsassız varlanmışdır. O, həmin məbləğin iddiaçının oğlu Vaqifin cinayət işi ilə bağlı vəkil xərclərinin ödənilməsinə və Vaqifin razılığı ilə müxtəlif şəxslərə ödənilməsinə sərf edildiyini bildirsə də qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur (1087.1.). İcraçı işləri idarəetməyə qəbul etməsi barədə sahibkarı mümkün qədər qısa müddətdə xəbərdar etməli və əgər ləngimə hər hansı risklə bağlı deyilsə, onun qərarını gözləməlidir (1088.1.). İcraçı işləri aparması gedişində qəsdən və ya ehtiyatsızlıq üzündən vurulan zərərin kompensasiyası üçün sahibkar qarşısında məsuliyyət daşıyır (1089.1.). Qeyd edilməlidir ki, hətta cavabdehin həmin məbləği iddiaçının oğlunun razılığı ilə sərf etdiyi sübuta yetirilərsə belə, bu iddiaçının məlumatı və razılığı ilə həyata keçirilmədiyindən iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Bu səbəbdən iddia təmin edilməlidir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinnin 385.1, 386.1, 442, 445.2.1, 1091.1, 1091.2, 1092.1, 1087.1, 1088.1, 1089.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh Xaliq qızı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-(060)-5172/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddianın tam həcmdə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Məhkəmənin həmin qətnaməsini qanunsuz və əsassız hesab edir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddianın mahiyyəti barədə bildirmişdir ki, Bakı şəhəri Xətai rayonu Gəncə prospekti-29\35A ünvanında olan 2 otaqlı mənzil formal olaraq iddiaçının adına sənədləşdirilsə də faktiki olaraq cavabdehin oğlu, onun isə həyat yoldaşı olan X3 məxüsus olmuşdur. Belə ki, həmin mənzili əvvəllər həmin binanı inşa edən MTK da işləmişvə buna görə məhkum olunmuş Vaqif Rəhimov öz vəsaiti hesabına almışdır. Və mənzil elə Vaqif Rəhimovun tapşırığı ilə də satılmışdır. Hal-hazırda Cəzaçəkmə müəssisəsində saxlanılan Vaqıf Rəhimov həbs yerindən ona və anası İddiaçı həminmənzili sataraq ailənin saxlanılmasına xərcləməyi tapşırmışdır. Buna görə mənzil satılmış və pulu saxlanılması üçün ona verilımişdir.O, da həyat yoldaşı Vaqif Rəhimovun göstərişi ilə pulu “Kapital Bank” Kommersiya bankına depozitə qoymuşdur. Sonradan isə həmin pul hissə-hissə ilə çıxarılaraq ailənin ehtiyacları üçün xərclənmişdir. Bu xüsusatların araşdırılması üçün Cavabdeh həyat yoldaşı Vaqif Rəhimovun və digər ailə üzvlərinin məhkəmə prosesinə şahid kimi cəlb edilərək izahatının alınmasını məhkəmədən xahiş etsə də buna məhəl qoyulmamışdır. Belə olan halda ailənin hər hansı bir üzvünün digər üzvünə qarşı iddia qaldıraraq pul tələbi irəli sürməsi çox mücərrəddir. Birinci instansiyası məhkəməsi işə baxarkənprosessual hüquq normalarının tətbiqində kobud pozuntulara yol verib, ədalətli məhkəmə araşdırmasını təmin etməyib, cavabdehin xeyrinə olan sübutlara qeyri-obyektiv, qərəzli və ədalətsiz yanaşıb. Qanun və məhkəmə qarşısında bərabərlik, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərini pozub. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini hər hansı maddi sübutlarla deyil, yalnız İddiaçı nümayəndəsi kimi işə iştirak edən qızı Tünzalə Rəhimovanın izahatı ilə əsaslandırıb, onlaraistinad edib. Məhkəmə bu zaman həmin izahatı işdə olan başqa sübutlarla qarşılıqlı araşdırmayıb, onları hər hansı əsaslı şübhəyə məruz qoymayıb.

14. Birinci instansiya məhkəməsi bu maddi hüquq normasının tətbiqində kobud yanlışlığa yol verərək qanunsiz qətnamə çıxarmışdır. Mülki Məcəlləninhəmin maddəsinin tələbləri nəzərə alınsa idi müəyyən olardı ki, iddiaçı ilə cavabdeh bir ailənin üzvü olmuşlar, birgə təsərrüfat aparmışlar, ailənin gəlirləri və xərcləri birgə olmuşdur. Belə olan halda ailənin bir üzvünün ümumi istifadədə olan pulunu digər üzvü necə ələ keçirə bilərdi və ya onun pulu hesabına əsassız varlana bilərdi.

15. Cavabdeh iddiatələbini təkzibedilməz sübutlarla sübut etmişdir. İddia predmetinin iddiaçının xüsusi mülkiyyətində olmadığını, ailə üzvlərinin ümumi mülkiyyətində olmasını bildirsə və məhkəməyə sübutlar təqdim etsə də məhkəmə bu sübutlara əhəmiyyət verməyərək iddianın təmin edilməsi qərarına gəlmişdir. Lakin birinci instansiya məhkəməsi təqdim edilmiş bütün sübutları məcmu halında, obyektiv qiymət versə idi iddianın təmin edilməməsi qənaətinə gələrdi.

16. İddiaçı iddia tələbində göstərdiyi pulun ona məxsus mənzilin satışından əldə edildiyini,həmin pulun ancaq saxlanılması üçün cavabdehə verildiyini bildirsə də mənzilin məhz onun xüsusi mülkiyyətində olmasını,mənzilin satışından əldə edilmiş pulun ailənin ümumi xərclərinin çəkilməsi üçün deyil saxlanılması üçün cavabdehə verilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Bununla o, MPM-in 77.1-ci maddəsində təsbit edilmiş sübutetmə vəzifəsini icra etməyib. Buna baxmayaraq birinci instansiya məhkəməsi formal mülahizələrlə iddianın təmin edilməsi barədə qətnamə çıxarıb.Hesab edirik ki, iddiaçı tərəfindən sübutetmə vəzifəsi icra edilmədiyindən iddianın təmin edilməsi mümkün deyil.

17. Birinci instansiya məhkəməsi qətnaməsində iddia tələbi əsaslandırılmayıb. Bu zaman məhkəmə ancaq iddiaçının və onun nümayəndəsinin məhkəmə iclasında bildirdiyi əsassız arqumentlərini və iş üçün başqa əhəmiyyətli halları nəzərə almayıb. Bu zaman onların dəlillərini əsaslı şübhəyə məruz qoymayıb, iddianın predmeti olan mənzilin iddiaçının xüsusi mülkiyyətində olmasını təsdiq edən sənədləri tələb edib işə əlavə etməyib.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Xaliq qızı apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi X2, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur.

23. Maddə 1088.1. İcraçı işləri idarəetməyə qəbul etməsi barədə sahibkarı mümkün qədər qısa müddətdə xəbərdar etməli və əgər ləngimə hər hansı risklə bağlı deyilsə, onun qərarını gözləməlidir.

24. Maddə 1089.1. İcraçı işləri aparması gedişində qəsdən və ya ehtiyatsızlıq üzündən vurulan zərərin kompensasiyası üçün sahibkar qarşısında məsuliyyət daşıyır.

25. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

26. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

32. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

34. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5172/2022 nömrəli qətnaməsini bütövlükdə mübahisələndirərək, iddianın rədd edilməsini xahiş etmişdir.

35. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

37. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Sumqayıt şəhər Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan və qərarın qəbul edilməsinə əsas olmuş materiallardan görünür ki, cavabdeh istintaqa verdiyi ifadəsində iddiaçının Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35A ünvanında yerləşən 2 otaqlı yaşayış evini satdıqdan sonra 47800 manatı ona verdiyini, həmin pulun onun tərəfindən iddiaçının oğlu və onun həyat yoldaşı olan Vaqif adlı şəxsin cinayət işi üzrə vəkil xərclərinin ödənilməsinə və Vaqifin razılığı ilə müxtəlif şəxslərə ödənilməsinə sərf edildiyini bildirmişdir. Məhkəmə iclasında da cavabdeh iddiaçı tərəfindən 50000 manat pulun ona verildiyini və müxtəlif məqsədlər üçün sərf edildiyini vbildirmişdir. Beləliklə, iddiaçı tərəfindən 50000 manat pulun cavabdehə verilməsi və həmin pulun cavabdehə qaytarılmadığı işin müəyyən edilmiş halıdır.

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tam həcmdə təmin etməklə səhvə yol vermişdir.

39. Belə ki, apellyasiya baxışı zamanı Cavabdeh Xaliq qızı izahatında göstərmişdir ki, iddiaçı ilə bir yerdə yaşamışlar. Əri həbsdədir. Mənzil ərinə məxsusdur. Qayınanasının təklifi ilə ev 50000 manata satılmış, 1000 manat maklerə vermiş, 47000 manatı banka yerləşdirmişdir. Daha sonra ondan 10000 manat pul istəmiş, lakin ifadəsində 50000 manatın hamsını istədiyini demişdir.

40. Cavabdeh daha sonra əlavə etmişdir ki, ona əvvəl 49000 manat verilmiş, 2000 manatı evdə saxlamış, 47000 manatı banka qoymuşdur. 47000 manatdan 17000 manatı İddiaçı rəfiqəsinə 17.03.23-cü il və 07.05.23-cü il tarixli müqavilələr ilə borc vermiş, 19000 manatı isə götürmüşdür. 32000 manat ailə məsrəflərinə xərclənmişdir.

41. Apellyasiya baxışı zamanı İddiaçı izahatında göstərmişdir ki, evi o almışdır. Pensiyaçı və sahibkar olmuş, oğlu da, gəlini də işləməyib, evə o baxmışdır. Ev ona məxsusdur. Ev satıldıqdan sonra ona pul verməyərək evdən qovmuşlar. 700 manat maklerə vermişlər, qalanı, yəni 49300 manatı da gəlininə vermişdir.

42. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, həmçinin, mülki iş materiallarına əlavə olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar” ilə Cavabdeh Xaliq qızının etirafı əsasında iddiaçının Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35A ünvanında yerləşən 2 otaqlı yaşayış evinin 50000 manata satılması, satışdan əldə olunan vəsaitin 1000 manatının daşınmaz əmlakın alqı-satqısında vasitəçilik etmiş şəxsə (maklerə) verilməsi öz təsdiqini tapmışdır. Bu xüsusata qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iddia cavabdeh tərəfindən qəbul edilən həddə əsaslıdır və təmin edilməlidir.

43. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

44. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

45. X5 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

46. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməli, 49000 (qırx doqquz min) manat Cavabdeh Xaliq qızından alınaraq İddiaçı verilməlidir.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh Xaliq qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5172/2022 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh Xaliq qızından 49000 (qırx doqquz min) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar