Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1404/2023 22.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X7 Azərbaycan” QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(028)-287/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi İşin halları
1. İş materiallarında olan xx.xx.2015-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilədən görünür ki, “X7 Azərbaycan” QSC Cavabdeh 5 il müddətinə 800 manat məbləğində kredit kartı limiti açır. Müqavilənin şərtlərinə görə “Kart/əlavə kart sahibi” bu müqavilə ilə üzərinə düşən öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə onların maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə kartdan istifadə nəticəsində yaranmış borcun qaytarılması üçün təhlükə yaradarsa, bank kartın fəaliyyətini dayandırmaqla kart üzrə yaranmış bütün borcun (hesablanmış faizlərin, komissiyaların və s.) dərhal qaytarılmasını tələb edə bilər. Tələbləri yerinə yetirilmədikdə isə borcun qaytarılması üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirə, o cümlədən məhkəməyə müraciət edə bilər.
2. xx.xx.2020-ci tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “X7 Azərbaycan” QSC-yə 253,38 manat əsas borc, 32,93 manat faiz borcu, 50,44 manat cərimə borcu, 4,50 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 4,80 manat bildirişin göndərilməsi üzrə poçt xərcləri, cəmi 346,05 manat borcu yaranmışdır.
3. Apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 sentyabr 2023-cü il tarixli, 9/5575 nömrəli ekspert rəyinə əsasən xx.xx.2015-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilədəki şərtlər nəzərə alınmaqla Cavabdeh 18 iyun 2020ci il tarixə “X7 Azərbaycan” QSC-yə olan borcu əsas borc üzrə 267.93, faiz borcu üzrə 50.22 manat olmaqla cəmi 348.15 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı “X7 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 253,38 manat əsas borc, 32,93 manat faiz borcu, 50,44 manat cərimə borcu, 4,50 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 4,80 manat bildirişin göndərilməsi üzrə poçt xərcləri, cəmi 346,05 manat borc və 20 manat ödənilmiş dövlət rüsümuna dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, “X7 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsinə əsasən bank cavabdehə istehlak yönümlü 800 manat məbləğində kredit kartı limiti ayırmışdır. “X7 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etsə də,Cavabdeh kredit şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyi icra etməmiş və borcu bugünədək qaytarmamışdır. Cavabdehin “X7 Azərbaycan” QSC-yə 253,88 manat əsas borc, 32,93 manat faiz, borcu, 50,44 manat cərimə borcu, 4,50 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 4,80 manat bildirişin göndərilməsi üzrə poçt xərcləri borcu yaranmışdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
6. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(028)-287/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 253,38 manat əsas borc, 32,93 manat faiz borcu, 50,44 manat cərimə borcu, 4,50 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 4,80 manat bildirişin göndərilməsi üzrə poçt xərcləri,cəmi 346,05 manat borc və 20 manat məbləğində dövlət rüsumunun iddiaçı “X7 Azərbaycan” QSC-nin xeyrinə tutulması qət edilmişdir (hakim Vladimir Ruvinov).
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizləri hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda, vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir.
8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119, 233-cu maddələrinə istinadən əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(028)-287/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə onun iştirakını təmin etməmiş və yalnız iddia tələbində qeyd olunanlar əsasında qətnamə qəbul etmişdir. Qeyd olunan müqavilə üzrə o, 1044 manat məbləğində banka ödəniş etmişdir. Bu faktı edən qəbzlər vardır. Məhkəmə tərəfindən prosessual hüquq normaları pozulmuşdur. Çəkişmə prinsipi təmin edilməmiş, məhkəmə iclasından məlumatsız olmuşdur. Onun iddiaçıya borcu yoxdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 bildirdi ki, qeyd olunan borc məbləğini qrafik üzrə hissə-hissə ödəməyə cavabdeh razıdır.
13. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır.
14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
16. Maddə 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Maddə 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
20. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
21. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
22. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(028)-287/2020 saylı qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Ona görə də kollegiya iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. İddia tələbindən görünür ki, tələb öhdəlik münasibətlərindən irəli gəlib, mövcud kredit müqavilələsi üzrə yaranmış borcun (o cümlədən əsas və faiz borcunun) cavabdehdən alınması barədədir.
30. İşin faktiki hallarını apellyasiya şikayətinin dəlilləri ilə birlikdə tədqiq edən apellyasiya kollegiyası qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2015ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi əsasında “X7 Azərbaycan” QSC tərəfindən Cavabdeh 5 il müddətinə 800 manat məbləğində kredit kartı limitinin açılması və həmin vəsaitin cavabdeh tərəfindən əldə edilməsi işin mübahisəsiz halını təşkil edir.
31. İşin məhkəmə tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla cavabdeh arasında müvafiq olaraq Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanıb, həmin müqavilə üzrə cavabdehə kredit verilib, cavabdeh isə müqavilə üzrə öhdəlikləri icra etməyib.
32. Kollegiya əvvəla apellyasiya şikayətinin cavabdehin “məhkəmədə işə onun iştirakı olmadan baxılması, çəkişmə prinsipinin təmin edilməməsi, məhkəmə iclasından məlumatsız olması” barədə dəlilinə qiymət verməyi zəruri hesab edir.
33. Beləliklə işdən görünür ki, hazırki mübahisələndirilən Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(028)-287/2020 saylı qətnamə sadələşdirlmiş icraat qaydasında baxılıb qəbul edilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddiaya qarşı etirazın məhkəməyə göndərilməsi barədə cavabdehə bildirişi göndərmişdir.
34. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir.
35. Bu prinsip Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
36. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur.
37. Çəkişmə prinsipi tərəflərin prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Belə ki, məhz bərabər hüquq və vəzifələr onlara məhkəmə qarşısında çəkişmək imkanı verir. Tərəflərin prosessual hüquq bərabərliyi o deməkdir ki, onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malik olurlar və bərabər səviyyədə konkret prosessual hüquqlarla təmin edilirlər. Tərəflərin prosessual hüquq bərabərliyi prinsipi prosesin bütün mərhələlərində mühüm əhəmiyyət daşımaqla prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Bu prinsipin mahiyyəti əslində ondan ibarətdir ki, prosesin istənilən mərhələsində hər bir tərəfə bərabər prosessual imkanlar yaradılmalı, tərəflər prosesdə tam bərabər olmalı, onların hüquqları bir-birinə uyğun olmalı və uzlaşmalıdır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
39. Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə görə, məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir.
40. Göründüyü kimi birinci instansiya məhkəməsi apellyatora lazımi qaydada məlumat verməklə işə baxmışdır ki, bu da nəticə etibarı ilə tərəflərin çəkişmə, hüquq bərabərliyi prinsipinin pozulmasına səbəb olmamışdır və bu hal qətnamənin ləğvi üçün əsas deyil. Odur ki, kollegiya apellyasiya şikayətinin bu dəlilini əsaslı hesab etmir.
41. Digər tərəfdən, cavabdeh apellyasiya şikayətinə ödəniş qəbzləri əlavə edərək borcun ödənilməsini və hazırda banka hər hansı borcunun olmamasını bildirmişdir.
42. Kollegiya şikayətin dəlilləri üzrə araşdırmanı davam etdirmiş və iş üzrə 24 iyun 2023-cü il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və əldə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 sentyabr 2023-cü il tarixli, 9/5575 nömrəli ekspert rəyinə əsasən xx.xx.2015-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilədəki şərtlər nəzərə alınmaqla Cavabdeh 18 iyun 2020-ci il tarixə “X7 Azərbaycan” QSC-yə olan borcu əsas borc üzrə 267.93, faiz borcu üzrə 50.22 manat olmaqla cəmi 348.15 manat təşkil etdiyi məlum olmuşdur.
43. Beləliklə öyrənilən işin müəyyən edilmiş hallarından göründüyü iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi tam icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Odur ki, cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəlikləri vardır.
44. Kollegiya qeyd olunan ekspert rəyini nəzərə alaraq bildirir ki, ekspert rəyində qeyd olunan borc məbləği iddia tələbində qeyd olunan borc məbləğindən cüzi miqdarda artıq olduğundan kollegiya ekspert rəyinə istinad edilməsini məqsədəuyğun hesab etmir.
45. Kollegiya qeyd edir ki, yuxarıda qeyd olunan müqaviləyə əsasən, Cavabdeh həmin müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. İddia tələbindən, habelə cavabdeh tərəfindən təkzib edilməyən hallardan müəyyən olunur ki, cavabdeh sözügedən kredit vəsaitini əldə etmiş, lakin kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir.
46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Kollegiya MPM-in 119.1-ci maddəsinə əsasən qeyd edir ki, hazırkı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına keçirilməlidir.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(028)-287/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğdə pul Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.