Məhkəmə qərarları › İş №2(105)-1410/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1410/2022

22.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1410/2022 22.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının dəyişdirilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(060)- 2023/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2018-ci il tarixli, 2(105)-1418/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş 145 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh övladı xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2018-ci il tarixli, 2(105)-1418/2018 nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(060)-210/2018 nömrəli qətnaməsi dəyişdirilib, 08 yanvar 2018-ci il tarixdən başlayaraq Cavabdeh 11 yanvar 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 145 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət olunmuşdur. Oğlunun tələbatı günü-gündən artır, maddi imkanı çətinləşmişdir. Cavabdehin gəliri yüksəkdir, övladı artıq böyümüş və onun xərcləri artmışdır. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü Ziya adlı övladları vardır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-1418/2018 nömrəli qətnaməsi ilə müəyyən olur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-210/2018 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış nikah pozulmuş, xx.xx.2016-cı il təvəllüdlü X3 anası İddiaçı himayəsinə verilmiş, xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 145 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət olunmuşdur. Sumqayıt şəhər “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X2 arasında xx.xx.2018-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 3320 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Rəcəbli soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və Yusifova (Rəcəcbli) Tünzalə Əkrəm qızının birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü Gülarə adlı övladları vardır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh "xxxx" MMC-də aparıcı mühasib vəzifəsində çalışır, aylıq əmək haqqı 1302 manat təşkil edir. Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(060)-2023/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddia təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-1418/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi, iddianın verilməsinə görə 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Əfqan Ələkbərov) Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün müəyyən edilən 145 manat sabit pul məbləğində alimentin məbləği hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının dəyişdirilməsini tələb etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1, 78.2, 112.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(060)-2023/2022 nömrəli qətnaməsinin ləğv edilib, övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 250 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: İddiaçı ilə aralarında olan nikaha xitam verildikdən sonra Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə qismən dəyişiklik edilərək, xx.xx.2018-ci il tarixindən başlayaraq ondan xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 145 manat məbləğində alimentin iddiaçının xeyrinə tutulmsı qət edilmişdir. O, hər ay övladının saxlanması üçün bu məbləği gecikdirmədən, vaxtı-vaxtında ödəmişdir. Daha sonra İddiaçı yenidən iddia ilə məhkəməyə müraciət edərək alimentin miqdarının dəyişdirilməsini xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsində iddiyaya baxılmış və onun "xxxx" MMC-də aparıcı mühasib vəzifəsində çalışaraq aylıq 1302 manat əmək haqqı almağını əsas gətirərək, hər ay onun qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi ilə bağlı qətnamə qəbul edilmişdir. Lakin, o, qərarı düzgün hesab etmir, çünki, məhkəmə qətnamə çıxararkən onun vəziyyətini tam nəzərə almamışdır. Bildirmək istəyir ki, o, xx.xx.2018-ci il tarixində X2 ilə nikaha daxil olmuş, hazırda evlidir və bu nikahdan xx.xx.2019-cu il təvəllüdlü X4 adlı övladları var. Həmçinin anası X1 2019-cu ildən Xərçəng xəstəliyindən əziyyət çəkir. Belə ki, anasının müalicə olunması ilə bağlı o, 2021-ci il tarixli FN-00079-17/21 A saylı kredit müqaviləsinə əsasən Bank BTB-ASC, Sumqayıt filialından 5000 manat məbləğində pulu kreditlə götürmüş və hər ay banka 269 manat pul ödəyir. Onda olan qeyri-rəsmi məlumata görə hazırda işlədiyi yerdə ixtisarlar olacaq və bu onun hazırki, işini itirməyinə səbəb ola bilər. İddiaçı hazırda həm işləyir, həm də sosial yardım alır və müəyyən qədər gəliri vardır. Bütün bunları nəzərə alaraq Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini ödəməyə imkanı çatmır. Lakin övladının saxlanılması üçün şəraitin dəyişməsi və yaşayış minimumunun artmasını nəzərə alaraq, 2022-ci ildə 1 uşağın saxlanması üçün yaşayış minimumu 193 manat müəyyən olunsa belə, hər ay 250 manat sabit pul məbləğində alimenti ödəməyə hazırdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. İddiaçı məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstıtusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. Maddə 34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Ailə Məcəlləsi Maddə 75.4. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1 və 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Maddə 76.2. Alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm-dəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur (Ailə Məcəlləsinin 76.1.1-ci maddəsi). Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (Ailə Məcəlləsinin 112.1ci maddəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (145 manat) isə hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Alimentin artırılması barədə qətnamənin qəbul edilməsindən sonra minimum yaşayış tələbatları və uşaq böyüdükcə saxlanması üçün çəkilməli olan xərclərin həcmi artmışdır. Tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Göründüyü kimi istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, tələb xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş 145 manat sabit pul məbləğində alimentin artırılıb cavabdehin qazancının ¼ hissəsi məbləğində müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda müəyyən edilmiş aliment məbləği ilə artırılması tələb olunan aliment məbləği arasında fərq – cavabdehin əmək haqqı 1302 manat, əmək haqqının ¼ hissəsi 325,5 manat, həmin məbləğin bir il ərzində məcmusu isə (325,5 X 12 ay) 3906 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Ona görə də hazırkı iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(060)-2023/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar