Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1410/2024 17.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və X1 ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair” mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(028)- 240/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Qubadlı Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(028)-240/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, NRNPU- 10733 saylı kredit müqaviləsi üzrə 6818,51 manat əsas borc, 418,70 manat faiz borcu, 150 manat cərimə borcu olmaqla cəmi 7387,21 manat məbləğində kredit borcunun və 93,87 manat məbləğində ödənilmiş dövlət rüsumu əvəzinin İddiaçı ASC-nin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 6,13 manat məbləğinin iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Elmir Hüseynov). Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023cü il tarixli, NRNPU-10733 saylı kredit müqaviləsi üzrə 6818,51 manat əsas borc, 418,70 manat faiz borcu, 703,58 manat dəbbə (cərimə) borcu olmaqla cəmi 7940,79 manat məbləğində kredit borcunun və ödənilmiş 100 manat dövlət rüsumu əvəzinin ASC-nin xeyirinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nərimanov filialı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, NRNPU-10733 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 14 % dərəcəsi ilə 48 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. Borc alan Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Bununla bağlı ona xəbərdarlıqlar edilsə də, nəticəsi olmamışdır. Cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 24-dən gec olmayaraq aylıq 218,62 manat ödəniş etməli olduğu halda öhdəliyini vaxtlı-vaxtında icra edə bilməmişdir. Təqdim olunan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli, NRNPU10733 saylı kredit müqaviləsi üzrə yaranmış borcu - əsas borca görə 6818,51 manat, faiz borcuna görə 418,70 manat və dəbbə borcuna görə 703,58 manat olmaqla cəmi 7940,79 manat məbləğində təşkil etmişdir. İddiaçı ASC həmin borcu məhkəmə qaydasında tələb etməyə məcbur olmuş, buna görə də məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qətnamə qəbul etmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Qubadlı Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(028)-240/2024 nömrəli qətnaməsinin ondan iddiaçının xeyrinə “418,70 manat faiz borcu, 150 manat cərimə borcu və 93,87 manat dövlət rüsumu əvəzinin tutulması” hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işdən azad edilən andan banka yazılı olaraq həmin kredit borcu üzrə ödəmə edə bilməyəcəyi barədə ərizə ilə müraciət etmişdir. Lakin bank iki ay keçəndən sonra iddia qaldırmışdır. O, müraciət edən vaxtdan faiz hesablanması dayandırılmalı idi. Bu barədə Mərkəzi Bankın qərarında qeyd edilib ki, faizlərin və yaxud əsas məbləğin ödənişi kredit müqaviləsində nəzərdə tutulmuş vaxtdan 90 gün və daha çox gecikdirilərsə, faizlərin hesablanması dayandırıla bilər. Yəni, əgər vətəndaş 90 gün müddətində borcunu qaytarmırsa, faiz saxlanılır və kreditin yerdə qalan əsas məbləğinin geri alınması üzərində iş aparılır... Habelə, kredit üzrə əsas borcun və yaxud faizlərin ödənilə bilməməsi borcludan asılı olmayan səbəblərdən baş verərsə, tətbiq olunan faizlər dayandırıla bilər. İşdən azad olunma halı da borcludan asılı olmayan səbəblər sırasına daxil edilir. Ona görə də hesab edir ki, onun işdən azad olunması barədə banka müraciət etdiyi vaxtdan bankın iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixədək olan müddət ərzində hesablanmış faizlər və dəbbə pulu silinməlidir... Bundan başqa, “Dövlət rüsumu haqqında” Qanuna əsasən dövlət rüsumu ödəməkdən azad olunmuş şəxslər kateqoriyasına məcburi köçkünlər də aiddir, lakin məhkəmə onun məcburi köçkün olmasını nəzərə almayaraq 93,87 manat dövlət rüsumunun ondan tutulmasını qət etmişdir... Beləliklə, məhkəmə işin baxılması və həll olunması zamanı maddi və prosessual hüquq normalarına riayət etməmişdir. Məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Hesab edir ki, hazırkı iş üzrə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamışdır. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, mülki iş üzrə cavabdeh tərəfin verdiyi şikayətin təmin edilməməsini və Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir... Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə və işdə olan sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Qubadlı Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(028)-240/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, NRNPU-10733 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 14% dərəcəsi ilə 48 ay müddətinə 8000 (səkkiz min) manat kredit verilmişdir. İş materiallarında olan “Ödəniş cədvəli”ndən görünür ki, borc alan Cavabdeh İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixdən başlayaraq 4 il ərzində hər ayın həmin gününədək 218,63 manat məbləğində aylıq ödəniş etməlidir. İş materiallarında olan “Kreditin tarixi”ndən görünür ki, borclu Cavabdeh 2023-cü ilin noyabr ayından kredit üzrə heç bir ödəniş etməmişdir. İddiaçı ASC tərəfindən borclu Cavabdeh xx.xx.2024-cü il tarixli bildiriş göndərmiş, bildirişdə kredit üzrə yaranan borcun İddiaçı ASC-yə ödənilməsinin 3 iş günü müddətində təmin edilməsi tələb olunmuş, əks təqdirdə borcun məcburi alınması üçün bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, RB-02/PK-1270 saylı maliyyə arayışından görünür ki, borc alan Cavabdeh İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli, NRNPU-10733 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 6818,51 manat məbləğdə əsas borcu, 418,70 manat məbləğdə faiz borcu, 703,58 manat məbləğdə cərimə (dəbbə) borcu olmaqla cəmi 7940,79 manat məbləğdə kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə görə isə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunvericiliyin müddəalarından göründüyü kimi, iddiaçı cavabdehlə aralarında bağlanılmış kredit müqaviləsindən vaxtından əvvəl birtərəfli qaydada imtina və müqaviləni ləğv edərək (Mülki Məcəllənin 421.2, 447.1-ci maddələrinə əsasən) cavabdehdən həmin müqavilə üzrə xx.xx.2024-cü il tarixə olan vəziyyətə görə əsas borcun ödənilməmiş hissəsini (6818,51 manat məbləğində) və ona hesablanmış faiz borcunu (418,70 manat məbləğində), habelə ödənişin gecikdirilməsinə görə hesablanmış dəbbə (cərimə) borcu (703,58 manat məbləğində) tələb etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi də əsas borcun və faiz borcunun məbləğlərini iddia tələbi həcmində, cərimə borcunun məbləğini isə Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azaldaraq qismən (150 manat məbləğində) təmin etmişdir. Məhkəmə hüquqi mövqeyini Mülki Məcəllənin 739, 385.1, 442, 443.1, 445, 449.4-cü, Mülki Prosessual Məcəllənin 77, 106, 217-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Cavabdehin apellyasiya şikayətindən görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsi ilə əsas borca aid hissədə razılaşmış, qətnaməni ondan iddiaçının xeyrinə “418,70 manat faiz borcu, 150 manat cərimə borcu və 93,87 manat dövlət rüsumu əvəzinin tutulması” hissələrində mübahisələndirmişdir. Cavabdeh ondan faiz və cərimə borclarının tutulması ilə razılaşmamasını belə əsaslandırmışdır ki, o, banka işdən azad edilməsi ilə əlaqədar daha ödəniş edə bilməyəcəyi barədə məlumat vermişdir və Mərkəzi Bankın müvafiq qərarına əsasən həmin vaxtdan bank (iddiaçı) ona faiz və cərimə borclarının hesablanmasını dayandırmalı idi... Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili qanuna müvafiq deyildir. Ona görə ki, qanuna görə (Mülki Məcəllənin 421.2, 447.1-ci maddələri) kredit müqaviləsindən vaxtından əvvəl birtərəfli qaydada imtina etmək hüququ kreditora (banka) aiddir, borclu isə belə hüquqa malik deyildir. Bu baxımdan kredit müqaviləsinin qüvvədə olduğu müddətdə borclunun öz öhdəliyini yerinə yetirməməsi (yetirə bilməməsi) səbəbindən müqavilədən birtərəfli qaydada nə vaxt imtina edilməsi, habelə qalan borcun məhkəmə qaydasında nə vaxt tələb edilməsi məsələləri kreditorun iradəsindən asılıdır. İddiaçının xx.xx.2024-cü il tarixdə cavabdehə bildiriş göndərərək kredit borclarının ödənilməsi üçün 3 iş günü vaxt verməsi, əks təqdirdə borcun məcburi alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etməsi onun kredit müqaviləsindən birtərəfli qaydada vaxtından əvvəl imtina etməsi ilə bağlı iradə ifadəsini ehtiva etmişdir. İddiaçı onun tələbi ilə tərəflər arasındakı kredit müqaviləsinin ləğv olunduğu günədək həmin müqavilə üzrə faiz və cərimə borcları hesablamaqda haqlı olmuşdur. Ona görə də cavabdehin ondan faiz və cərimə borclarının tutulmasına etirazının dəlilləri əsassızdır. Cavabdeh ondan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu əvəzinin tutulması ilə razılaşmamasını isə belə əsaslandırmışdır ki, o, məcburi köçkündür və buna görə “Dövlət rüsumu haqqında” Qanuna əsasən dövlət rüsumu ödəməkdən azad olunmuş şəxslər kateqoriyasına aiddir... Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili də qanuna müvafiq deyildir. Ona görə ki, istinad edilən qanuna görə məcburi köçkün olan şəxslər məhkəməyə verilən iddialar üzrə dövlət rüsumundan azad edilmişlər. Yəni, məcburi köçkün iddiaçı olduğu halda məhkəməyə iddia ərizəsinin verilməsi üçün müəyyən olunmuş dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır... MPM-in 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir... Göründüyü kimi, məcburi köçkün cavabdeh olduqda məhkəmə xərcləri, o cümlədən ödənilmiş dövlət rüsumu təmin olunmuş iddia tələblərinin məbləğinə mütənasib olaraq ona da aid edilir. Bu baxımdan hazırkı iş üzrə cavabdehdən iddiaçının xeyrinə 93,87 manat məbləğində dövlət rüsumu əvəzinin tutulmasının məhkəmə tərəfindən qət edilməsi MPM-in 191.1-ci maddəsinin tələbinə uyğun olmuşdur və cavabdehin apellyasiya şikayətinin müvafiq dəlili əsaslı deyildir. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisənin həllinə maddi hüquq normalarını düzgün tətbiq etmiş, işə baxarkən qəbul edilmiş qətnamənin ləğvinə əsas ola biləcək prosessual pozuntulara yol verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsini qanuni və əsaslı hesab edir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə əsassız və formal mülahizələrdən ibarət olmaqla qəbuledilən deyildir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Qubadlı Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(028)-240/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə müvafiq olaraq mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini ondan iddiaçının xeyrinə “418,70 manat faiz borcu, 150 manat cərimə borcu və 93,87 manat dövlət rüsumu əvəzinin tutulması” hissələrində mübahisələndirdiyindən, həmin məbləğlərin cəmi isə beş min manatdan az olduğuna görə hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qubadlı Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(028)-240/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1410/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1410/2024
17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver