Məhkəmə qərarları › İş №2(105)-1412/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1412/2023

03.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1412/2023 03.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı sabit pul məbləğində alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X5 və Dəmirov İlqar Kamal ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(034)-193/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh ilə xx.xx.2009-cu ildə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2014-ci il təvəllüdlü X13 doğulmuşdur.

2. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(034)-59/2017 nömrəli qətnaməsi ilə X8 ilə X9 arasında xx.xx.2009-cu il tarixdə bağlanmış və həmin tarixdə Zəngilan rayon qeydiyyat şöbəsindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 71 sayla qeydə alınmış nikah qeydiyyatının pozulması, 20 avqust 2010-cu il tarixdə doğulan X2 və 22 aprel 2014-cü il tarixdə doğulan X6 anası X3 yanında saxlanması, uşaqların saxlanması üçün 11 oktyabr 2017-ci il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşına çatanadək cavabdeh X1 hər ay hər uşağa 100 manat, cəmi 200 manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

3. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(034)-328/2019 nömrəli qətnaməsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2585/2017 saylı, 05 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2014-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, cavabdehdən Zəngilan Rayon Məhkəməsinin xx.xx.2019- cu il tarixli 2(034)-328/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün sabit pul məbləğində hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2009-cı il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar və bu nikahdan xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X13 adlı övladları doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün onlar Zəngilan Rayon Məhkəməsinin 2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun yanında saxlanılmış, uşaqların saxlanması üçün aliment qət edilmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-328/2019 saylı qətnaməsi ilə uşaqların saxlanması üçün hər uşağa 160 manat, cəmi 320 manat aliment qət edilmişdir. Cəmi 320 manat alimentlə uşağı saxlamaq çox çətindir. Uşaqlar üçün yaşayış minimumu 2023-cü il üçün 220 manatdır. Uşaqlar böyüdükcə tələbatları daha da çoxalır. Ona görə də, o, alimentin artırılmasını xahiş edir. Cavabdehin aylıq normal qazancı var, belə ki, özünə hər cür şərait qurmuşdur.

6. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 35 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2022-ci il tarixdən “CDR” lahiyəsində mexaniki briqadir vəzifəsində işləyir və 555.43 manat əmək haqqı alır.

7. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh X16 ilə xx.xx.2019-cu ildə rəsmi nikaha daxil olmuşdur.

8. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin notarial təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X11 birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X12 doğulmuşdur.

9. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(034)-193/2023 nömrəli qətnaməsi ilə (hakim Gülsarə İmanova) iddia tələbi qismən təmin edilərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)-328/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 56.1, 75.1, 75.4, 78.1, 78.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh alimentdən başqa heç bir köməklik etmir, uşaqların təhsili, təlim-tərbiyəsi ilə maraqlanmır.

13. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə nikahı pozulduqdan uzun müddət sonra - xx.xx.2019-cu il tarixdə ikinci dəfə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan da onun xx.xx.2020-ci il təvəllüdlü X14 adlı övladı var. Hazırda "xxxx" MMC-də “CDP” layihəsində mexaniki briqadir vəzifəsində işləyir. Aylıq əmək haqqı rəsmi olaraq 555,43 manat təşkil etsə də məcburi tutulmalardan sonra əmək haqqı kartına 500 manat məbləğində pul yüklənilir. Hər ay aliment məbləği olan 320 manat da əmək haqqından tutulur. Əvvəlki aylarda ödənilməyən aliment borcuna görə də əlavə olaraq 30 manat tutulur. Bütün bu tutulmalardan sonra kartında 150 manat məbləğində pul qalır. Hazırda ailəsi ilə birlikdə Ramana qəsəbəsində yerləşən qayınatasına məxsus mənzildə yaşayır. İddiaçının hazırda yaşadığı ev isə onlara məxsusdur. Uşaqlarının kirayələrdə və ya başqa yerdə yaşamağına razı olmadığı üçün onları mənzildən çıxarmamışdır. Həmin mənzilin işıq, su və qaza olan bütün tələbatları da hazırda atası tərəfindən ödənilir. İddiaçı heç bir kommunal xərclərin ödənilməsində də iştirak etmir. Əksinə daha çox kommunal xərc ödənilsin deyə qərəzli olaraq daha çox istifadə etməyə çalışır. Bir neçə gün əvvəl isə su sayğacını qərəzli olaraq sındırmışdır. Uşaqlarının biri 10 yaşında, digəri isə 14 yaşındadır. Hazırda hər ikisi Səbail rayonu 49 nömrəli “İntellekt” məktəb-liseyində təhsil alır. İddiaçı uşaqların qeydinə qaldığını bəhanə gətirərək, həm də təzyiqi olduğu üçün işləyə bilmədiyini məhkəmə iclasında qeyd etmişdir. Lakin təzyiqinin olduğunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iclasa sədrlik edən hakim də təqdim olunmasını iddiaçıdan tələb etməmişdir. İddiaçı məhkəmə iclasında hakimə yalan məlumatlar verməklə özünü yazıq və köməksiz vəziyyətdə qalmış bir ana kimi nümayiş etdirməyə çalışmışdır. Belə ki, uşaqların 2 yaşından etibarən yalnız özü və valideynləri tərəfindən baxıldığını, onun isə heç bir xərcdə iştirak etmədiyini qeyd etmişdir. Qeyd olunanlar tamamilə yalandır. Belə ki, alimenti vaxtlı-vaxtında ödəmişdir, bundan əlavə olaraq valideynləri onların ehtiyaclarının ödənilməsi üçün həm ərzaq məhsullarının alınmasında, həm də maddi olaraq köməklik göstərmişdir. Məhkəmə iddiaçının mövqeyini əsaslı hesab edib, təqdim etdiyi əsaslı sənədlərə heç bir qiymət verməmiş, ümumiyyətlə həmin sübutlara toxunmamışdır. Belə ki, himayəsində azyaşlı uşağı var. Hər ay 400 manat məbləğində aliment tutulduğu təqdirdə ailəsinin zəruri ehtiyaclarını qarşılaya bilməyəcək. Aliment məbləğinin bu qədər yüksək şəkildə təyin edilməsi ilə birinci nikahdan olan uşaqları daha yaxşı şəkildə öz xərclərini ödəyə bildiyi halda ikinci nikahdan olan övladı isə ciddi çətinliklərlə üzləşməli olacaq. Uşaqlara baxmaq hər iki valideynin borcudur. Lakin hakim bu cür qətnamə qəbul etməklə uşaqlara baxmağın yalnız onun borcu olduğu qənaətinə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı iddiaçı yazılı etiraz təqdim edərək, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi halların əsassız olduğunu bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə

112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 112.2. Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar.

24. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi davam edən münasibətlərə aiddir. Mövcud vəziyyətdə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olması barədə isə məhkəməyə hər hansı sübut növü təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi uşaqların yaş həddini, diqqətəlayiq olan digər halları, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq, alimentin məbləğini dəyişərək 200 manat məbləğində müəyyən etmişdir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

26. Qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.

27. İşdən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2022-ci il tarixdən “CDR” lahiyəsində mexaniki briqadir vəzifəsində işləyir və 555.43 manat əmək haqqı alır. Bundan əlavə, o, X16 ilə xx.xx.2019-cu ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X12 doğulmuşdur.

28. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə kollegiya qeyd edir ki, cavabdehin maddi vəziyyətinin aşağı olması həm yuxarıda qeyd olunan qanunvericilik normalarına, həm də Konstitusiya Məhkəməsinin Plenumunun və Ali Məhkəmənin Plenumunun qərarlarına əsasən onu uşaqlarını saxlamaq, onların maddi təminatını ödəmək vəzifəsindən azad etmir.

29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

30. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(034)-193/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar