Məhkəmə qərarları › İş №2(105)-1413/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1413/2022

08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1413/2022 08.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı "xxxx" MMM QBKT-nin cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı borc tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3613/2022 nömrəli 04 may 2022-ci il tarixli qərardadından iddiaçı "xxxx" MMM QBKT tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2022-ci il tarixli qərardadı ilə (hakim A.Süleymanova) iddiaçı "xxxx" MMM QBKT-nin cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı «borc tələbinə dair» ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı "xxxx" MMM QBKT qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2022-ci il tarixli 2(060)-3613/2022 saylı qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayət əsassız hesab edilərək mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı "xxxx" QBKT MMM cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı "xxxx" QBKT MMM Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunması, mülki işin baxılması üçün icraata qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, hazırki mübahisə vətəndaşla kredit təşkilatı arasında mülki xarakterli mübahisə olmaqla açıq şəkildə müəyyən edir ki, qanunla bu kateqoriya işlər üzrə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydası ümumiyyətlə nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəməyə təqdim edilmiş və mübahisənin yaranmasına əsas olan müqavilədə də nəinki pretenziya qaydası nəzərd ətutulmamışdır, hətta bu qəbildən olan şübhələrə yol verməmək üçün kredit müqaviləsinin 6.2-ci bəndində qeyd edilmişdir ki, kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyə qədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Göründüyü kimi nə müqavilə ilə, nə də qanunla məhkəməyəqədər mübahisələrin həlli qaydası nəzərdə tutulmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2022-ci il tarixli və 16 may 2022-ci il tarixli qərardadları ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin geri qaytarılmasını iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması qaydasına riayət edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (M.Hüseynovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı). İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2014-cü il tarixli qərarı). Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Mülki Prosessual Məcəllənin 151.1. maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticə ilə razılaşmaq olmaz. Belə ki, mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsində iddia ərizəsinin geri qaytarılması əsasları göstərilmiş, lakin bu əsaslarla iddia ərizəsinin geri qaytarılması nəzərdə tutulmamışdır. Həmçinin hazırkı iş üzrə kredit müqaviləsinin 6.2-ci bəndində qeyd edilmişdir ki, kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyə qədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilməməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2022-ci il tarixli və 16 may 2022-ci il tarixli qərardadları ləğv edilməli və iddia ərizəsi icraata qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3. maddəsinə görə, apellyasiya instansiyası qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 152.3. maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" MMM QBKT-nin şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2022-ci il tarixli və 16 may 2022-ci il tarixli qərardadları ləğv edilsin. İddia ərizəsi icraata qəbul edilsin və mülki iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar