Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1416/2021 12.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) İddiaçı Cavabdeh qızına qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsinə dair” iddia qaldıraraq, cavabdehin ona vurduğu 6000 manat məbləğində zərərin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin avqust ayından fiziki şəxs R.S.Hüseynov ilə aralarında bağlanmış əmək müqaviləsinə əsasən Bakı şəhərinin Yasamal rayonunda onun işlətdiyi “xxxx” MTK-da qəlibçi vəzifəsində çalışmışdır. 2019-cu ilin avqust ayının sonlarında MTK-da işlədiyi vaxt ona bildirilmişdir ki, artıq işə gəlməsin, çünki işdən azad olunmuşdur. İşdən azad olunmasının səbəbini soruşanda onu oradan zorla uzaqlaşdırmışlar və işə buraxmamışlar. Sonradan məlum olmuşdur ki, xx.xx.2019-cu il tarixdən xəbəri olmadan onu işdən azad etmişlər. İşdən azad olma səbəbi kimi də adından işdən azad olmaq istəyi ilə əlaqədar tərtib olunmuş ərizə göstərilmişdir. Lakin adından tərtib edilmiş həmin ərizədən xəbəri yoxdur, heç bir ərizə yazmamış və imzalamamışdır. MTK-da işlədiyi müddətdə işinə vicdanla yanaşmış, öhdəsinə düşən vəzifənin məsuliyyətini dərk edərək daima yüksək keyfiyyətli çalışqanlıq göstərmişdir. Orada işlədiyi müddətdə rəhbərliyin tapşırığına əsasən iş saatlarından əlavə çalışmış, istirahət günləri və bir çox hallarda isə bayram günlərində də çalışmışdır. Müdriyyət iş günlərindən əlavə çalışdığı günlər üçün əlavə əmək haqqı ödəyəcəyini bildirsə də heç bir ödəmə aparılmamışdır. İşə qəbul edilərkən MTK-nın adından çıxış edən cavabdeh onunla əmək müqaviləsi bağlamışdır. Lakin hal-hazıra kimi nə həmin müqavilənin surətini, nə işə qəbul edilmə barədə əmrin surətini, nə də işdən azad olunmağı barədəki əmrin surətini ala bilməmişdir. Dəfələrlə müraciətləri olmasına baxmayaraq cavabdeh tərəf ona heç bir sənəd təqdim etməmişdir. Müxtəlif təşkilatlara etdiyi müraciətlərlə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti 5 saylı region üzrə X6 tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı araşdırma aparılmışdır. 5 saylı region üzrə X6 tərəfindən ona ünvanlanmış **********1 saylı xx xxxxxxx 2019-cu il tarixli məktubun məzmunundan aydın olur ki, cavabdeh yalnız özünün maraqlarını təmin edən sənədləri və saxta tərtib edilmiş ərizə ilə bağlı məlumatı Müfəttişliyə təqdim etmiş, izahatında işçilərin bayram günləri, istirahət günləri və artıq iş saatlarında işləmədiklərini bildirmişdir. Lakin araşdırma zamanı cavabdehin qanunvericiliyin tələblərini pozması faktı aşkarlandığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və o, inzibati məsuliyyətə cəlb edilmişdir. Cavabdeh onun adından saxta ərizə tərtib etmiş, həmin ərizəni özü və ya digər bilmədiyi şəxs imzalamışdır. Bundan əlavə iki il ərzində onu istismar etmiş, lakin bu əlavə iş saatları üçün heç bir əmək haqqı ödəməmişdir. Üstəlik də işdən azad olunmağı barədə adından saxta sənəd tərtib etmişdir. Cavabdeh hərəkətləri ilə işsiz qalmasına maddi ziyana düşməsinə səbəb olmuşdur. Orada əlavə iş saatlarında və bayram günlərində işləməyini onunla işləmiş aşağıda qeyd etdiyi şahidlər də təsdiq edə bilər, X4, X5 və X7. Cavabdehin adından tərtib etdiyi və ya tərtib etdirdiyi ərizə ilə orada olan imza ilə şübhələrin aradan qaldırılması üçün məhkəmə-xəttştinaslıq ekspertizası təyin edilməlidir. Cavabdehin hərəkətləri nəticəsində 6000 manat məbləğində zərər vurulduğu qənaətindədir və həmin məbləğin cavabdehdən alınaraq ona verilməsini tələb edir. Belə ki, faktiki olaraq MTK-da baş qəlibçi işləmiş və əmək haqqı 20 manat yox 25 manat təşkil etməsinə baxmayaraq ona cəmi gündəlik 20 manat vermişdir. Şənbə və bazar günləri isə ikiqat ödəməli olduğu halda yenə də 20 manatdan ödəmiş və bununla ona maddi və mənəvi zərər vurmuşdur. Həftədə iş saatı 40 saatdan artıq olmamalı olduğu halda əmək qanunvericiliyini kobud surətdə pozmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsində bütün məsələləri göstərərək məhkəmə çıxışında bildirmişdir, lakin məhkəmə işə qərəzli baxaraq onun məlum olmayan səbəbə görə qeyd etdiyi halların heç birini araşdırmamışdır. Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(074)-860/2020 saylı qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, cavabdeh tərəfindən iddiaçıya maddi zərər dəyməsinin sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh, İddiaçı xx xxxxxx 2018-ci il tarixdən qəlibçi peşəsi üzrə işə götürmüşdür. İşçinin iş ili xx.xx.2018-xx.xx.2019-cu illəri əhatə edir. İşdə olan xx.xx.2018-ci il tarixli № 77/K saylı əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixindən əmək müqaviləsinə uyğun ödənilməklə, qəlibçi peşəsinə qəbul edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, o, Cavabdeh tikinti briqadasında qəlibçi vəzifəsindən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İşə əlavə olan xx.xx.2019-cu il tarixli № 224/K saylı əmrin surətindən görünür ki, Əmək müqaviləsinə xx.xx.2019-cu il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilməsi, istifadə etmədiyi 17 təqvim günü mqddətində əsas əmək məzuniyyət günlərinə görə pul əvəzinin verilməsi əmr edilmişdir. İş materiallarında olan ƏƏSMN yanında DƏMX 5 saylı region üzrə X1 İddiaçı ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli **********1 saylı məktubunun surətindən görünür ki, Cavabdeh 5 saylı region üzrə X2 təqdim etdiyi 05 nömrəli, xx.xx.2019-cu il tarixli məktubda və sənədlərə əsasən müəyyən edildi ki, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmiş və Cavabdeh 5 saylı region üzrə X2 təqdim etdiyi 05 nömrəli, xx.xx.2019-cu il tarixli məktubda onun istirahət və bayram günləri işləmədiyi bildirilmişdir. Eyni zamanda onun 5 saylı region üzrə X2 verdiyi sənədin olmadığını bildirməsi, Qeyd edilənlərlə razılaşmadığı halda müəssisə ilə aralarında yaranmış mübahisənin həlli məqsədilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə kollegiyası iddiaçının birinci instansiya məhkəməsi tərəfindən işin hər tərəfli araşdırmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaların müvafıq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tələbini, işlədiyi müddətdə rəhbərliyin vəd etsə də, tapşırığına əsasən çalışdığı iş saatlarından əlavə vaxtlar, istirahət günləri və bir çox hallarda isə bayram günləri üçün əlavə əmək haqqı ödəməməsi, əmək müqaviləsinin, işə qəbul və işdən azad olunması barədəki əmrlərin surətini ona verməməsi, cavabdehin onun adından saxta ərizə tərtib etməsi, MTK-da faktiki olaraq baş qəlibçi işləməsi və əmək haqqının 20 manat deyil, 25 manat təşkil etməsinə baxmayaraq ona cəmi gündəlik 20 manat verilməsi, şənbə və bazar günləri isə ikiqat ödəməli olduğu halda yenə də 20 manatdan ödəniş etməsi, həftədə iş saatı 40 saatdan artıq olmamalı olduğu halda əmək qanunvericiliyinin kobud surətdə pozulması, bununla da ona maddi vurması ilə əsaslandırmış, lakin tələblərin əsası kimi istinad etdiyi həmin halların təsdiqi üçün sübut təqdim etməmişdir. Cavabdeh iddiaçının bayram günləri, istirahət günləri və artıq iş saatlarında işə cəlb edilməməsi əsası ilə iddiaya etiraz etmişdir. İddiaçının əmək müqaviləsinin qüvvədə olduğu dövrdə iş vaxtından artıq vaxtda işə cəlb olunması ilə bağlı əlavə əmək haqqının verilməsini tələb etmək hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etməməsi, onun iş vaxtından artıq vaxtda işə cəlb olunmadığına dair cavabdehin bildirdiklərinin işin hallarına uyğun olduğunu təsdiq edir. Yanaşı yoxlanılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən qəlibçi peşəsinə işə qəbul edilmiş və bu müqaviləyə, iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən xx.xx.2019-cu il tarixli № 224/K saylı əmrlə xx.xx.2019-cu il tarixindən xitam verilmişdir. İddiaçı əmrin verilməsinə əsas olmuş ərizənin onun tərəfindən imzalanmadığını iddia etsə də, həmin ərizəni və əmri mübahisələndirməmişdir. Qeyd edilən sənədlər hazırda qüvvədədir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, iddiaçının 2019-cu ilin avqust ayının sonlarında onu iş yerindən zorla uzaqlaşdıran cavabdehin hərəkətlərinin onun işsiz qalmasına, maddi ziyana düşməsinə səbəb olması barədə bildirdikləri iddianın təmin edilməsinə əsas ola bilməz. Belə ki, iddiaçının iş yerinə uzaqlaşdırılmasına əmək müqaviləsinə xitam verildiyi üçün hüquqi əsas olmuşdur. Bundan başqa, əmək qanunvericiliyinin tələblərinə əsasən iddiaçı iş yerindən uzaqlaşdırılmasını qanunsuz hesab etdiyi halda, cavabdehdən əmək funksiyasının yerinə yetirilməsi üçün əmək şəraiti ilə təmin edilməsini tələb etmək hüququnu həyata keçirməli və ya iş yerinə uzaqlaşdırılmasına əsas olan sənədləri mübahisələndirməli idi ki, iddiaçı da bunu etməmişdir. Yeni əmək müqaviləsinin bağlanması üçün isə əvvəllər mövcud olmuş əmək müqaviləsinin, işə qəbul və işdən azad olunma barədəki əmrlərin surətləri tələb olunmadığından həmin sənədlərin verilməməsi, iddiaçının işsiz qalmasına, maddi ziyana düşməsinə yönəlmiş hərəkətlər olaraq dəyərləndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007ci il tarixli qərarında xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). İş üzrə sübutlarla cavabdehin əmək münasibətləri prosesində iddiaçıya ziyan vurması halı təsdiq edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; b) əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə; c) işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə; ç) əmək funksiyasını yerinə yetirərkən işçinin şəxsi əşyalarının və ya digər əmlakının işəgötürən tərəfindən mühafizəsi, saxlanılması lazımi qaydada təşkil olunmadığına görə onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda, həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə; d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; e) əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə; ə) əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda; f) əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə; g) işçi seksual qısnamaya məruz qaldıqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(074)-860/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1416/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1416/2021
12.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver