Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1417/2024 02.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin artırılması tələbi) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(060)-3911/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları :
1. İş materialları ilə müəyyən edilir ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X9 adlı bir övladları vardır.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-4284/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı apelyasiya şikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2(060)-6023/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-735/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılıb, 20 mart 2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir.
3. İş materiallarında olan şəxs haqqında elektron məlumatdan görünür ki, Əliyev X5 Fərdi Firmasında bölmə rəhbəri, planlaşdırma vəzifəsində çalışır və aylıq əmək haqqısı 345 manat təşkil edir.
4. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X3 xx.xx.2024-cü il tarixdə saat 11:00-da təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. Mediasiya xərci olan 50 manat məbləğində pul İddiaçı tərəfindən ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən hesablanmaqla yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 235 manat sabit pul məbləğinin alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbini onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli və 2(105)-4284/2019 saylı qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş aliment məbləği dəyişdirilərək, 160 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Hal-hazırda X4 8 yaşı var. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-ci ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o, çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim- tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də iddia təmin edilməlidir.
7. Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(060)-3911/2024 nömrəli qətnaməsi ilə (hakim G.Tağızadə) iddia qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-4284/2019 saylı iş üzrə qəbul etdiyi 16 dekabr 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 210 (iki yüz on) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun alınıb dövlət nəfinə ödənilməsi və dəyişdirilən aliment məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-4284/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda uşağın saxlanması üçün kifayət etmir. Belə ki, uşağın böyüməsi ilə əlaqədar onun maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladının saxlamaqda maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. Ona görə də məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, nəzərə alaraq, xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 210 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını məqsədə müvafiq hesab etmişdir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1, 75.1, 75.4, 78.2, 112.1-ci maddələrinə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, “Uşaq hüquqları haqqında” Konvensiyanın 5, 27-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 112.1.3, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
10. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı tərəfindən apellyasiya şikаyəti verilmişdir.
11. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmənin müəyyən etdiyi aliment məbləği qənaətbəxş həddə deyil. Aliment məbləğinə münasibətdə qətnamə əsassızdır. Qətnamə onun hüquqlarını pozur. Qətnamə ilə müəyyən olunmuş aliment miqdarı hazırda uşağın saxlanması üçün kifayət etmir. Belə ki, uşağın böyüməsi ilə əlaqədar onun maddi tələbatları getdikcə artır, iddiaçı həmin tələbatları lazımınca qarşılamaq iqtidarında deyil. Uşaqları saxlamaq tək ananın yox hər iki valideyinin öhdəliyidir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmənin müəyyən etdiyi aliment məbləğindən narazıdır. Uşağın maddi və mənəvi qayğıları onun üzərindədir. O özü uşağa baxmaqla əlaqədar hazırda işləmir. Hesab edir ki, aliment məbləği yaşayış minimumuna uyğun olaraq 235 manat məbləğdə müəyyən edilməlidir. Göstərilənlərə əsasən iddiaçı sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
14. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. Kollegiya Mülki Prosessual Məcəlləin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. .
16. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
17. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
18. “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri Apellyasiya şikayətində apellyator Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(060)-3911/2024 nömrəli qətnaməsinin dəyişdirilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlillərindən görünür ki, iddiaçı iddianın təmin olunmayan hissəsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur . Hazırkı iddia tələbinin məzmunundan görünür ki, tələb yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün əvvəllər məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılması tələb edilməsi barədədir. İşə baxan məhkəmə tərəflər arasında yaranmış mübahisəni yuxarıda göstərilən formada həll etmişdir. Narazı qalan iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçı müəyyən edilmiş aliment məbləğindən narazı qaldığını bildirsə də, qət edilmiş məbləğdən daha artıq həddə aliment ödənilməsinə dair cavabdehin maddi imkanı barədə nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı bir mötəbər sübut təqdim etməmiş, göstərdiyi dəlilləri öz mülahizəsi ilə əsaslandırmağa çalışmışdır. İşə baxan məhkəmə isə haqlı olaraq uşağın əvvəlki təminat səviyyəsini və uşaqlar üçün yaşayış minimumunu əsas götürərək iddianı qeyd olunan meyarlar nəzərə alınmaqla qismən təmin etmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı qanunvericiliklə nəzərdə qaydada məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmasını və ya aliment ödəməli olan şəxsin diqqətəlayiq başqa maraqlarını nəzərə alınmasını sübut etməlidirlər. İddiaçı tərəfindən isə tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini alimentlə bağlı hissədə qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya həmçinin MPM-in 402.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(060)-3911/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.