Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1418/2024 30.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar söz: borc tələbinə dair) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-961/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş 13050 manat məbləğində maddi ziyanın və 129.15 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 əvvəllər onunla şərik olmuşdur. Daha sonra o, cavabdehlə şəriklikdən çıxmışdır. Cavabdehin ona 9000 manat məbləğində borcu olmuşdur. O, bir müddət sonra borcu geri qaytarmadığı üçün Sumqayıt şəhəri Polis İdarəsinin 4-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Xəyal polis Bölməsinə dəvət edilib ifadəsi alınmışdır. Orada da o borcunun olduğunu təsdiq etmişdir. Bundan sonra qardaşı Cavabdeh1 ona olan 9000 manatdan borcdan hissə-hissə 1750 manat məbləğində olan borcunu ödəmişdir. Hal-hazırda Cavabdeh2 ona 7250 manat məbləğində borcu vardır. Cavabdeh2 məhkəmə hökmü ilə müəyyən müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Xəyalın ona olan borcunu qardaşı Cavabdeh1 da təsdiqləyir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-113/2023 saylı işi üzrə şahid qismində dindirilərkən o öz ifadəsində qeyd etmişdir ki, Xəyalın ona 9000 manat borcu olmuşdur. Cavabdeh2 şərik olduqları zaman onun aldığı “Merkuri” qayığını Xəyalın əsgər yoldaşı olmuş Rövşən adlı şəxsdən 2700 manat məbləğində almışdır. Halbuki həmin qayığı o, şəxsi vəsaitləri hesabına almışdır. Belə ki, o, həmin qayığı almaqda məqsədi o idi ki, Rövşənlə Xəyal həmin qayıqdan birgə istifadə edib gəlir əldə etsinlər və ordan Xəyalın əldə etdiyi gəliri onunla bərabər paylar şəklində bölünsün. O, Xəyal ilə şəriklikdən çıxdıqdan sonra cavabdehlər həmin qayığı Rövşəndən almışdılar. Bundan başqa şərik olduqları dövrdə 2 ədəd inək almışdır. Onlardan birinin qiyməti 1800 manat, digərinin qiyməti isə 1300 manat təşkil edir. O, şəriklikdən ayrıldıqdan sonra həmin inəkləri də cavabdehlər ələ keçirmişlər. Bununla da qeyd olunan halla üzrə ona 13050 manat məbləğində maddi ziyan vurmuşlar.
3. Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı İlqar oğlunun ona qarşı qaldırdığı iddia ilə razı deyildir və bildirir ki, onun iddiaçıya heç bir borcu yoxdur. İddiaçı ona məxsus torpaq sahəsinə özbaşına soxulmuş, orada olan tikililəri sökmüş, ona külli miqdarda ziyan vurmuşdur.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-961/2024 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) iddia qismən təmin edilmiş, Cavabdeh2 7150 (yeddi min yüz əlli) manat məbləğində maddi ziyanın və 129 (bir yüz iyirmi doqquz) manat 15 (on beş) qəpik dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin Cavabdeh1 qarşı hissədə təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddia tələbi üzrə iddiaçıya Xəyalın 9000 (doqquz min) manat borcu olmuş və həmin borcdan 1850 (bir min səkkiz yüz əlli) manat qaytarıldığı üçün məhkəmə hesab edir ki, iddia tələbi yalnız Cavabdeh2 qarşı hissədə qismən təmin edilməklə 7150 (yeddi min yüz əlli) manat pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi digər Cavabdeh1 qarşı hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı Cavabdeh2 şərik olduqları zaman aldığı Rövşənlə Xəyalın qayıqdan birgə istifadə edib gəlir əldə etməklə və əldə edilən gəlirin onunla bərabər paylar şəklində bölünməsi üçün “Merkuri” qayığını Xəyalın əsgər yoldaşı olmuş Rövşən adlı şəxsdən 2700 manat məbləğində aldığını və daha sonra Rövşənin həmin qayığı Cavabdeh1 verdiyini iddia etsə də bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Cavabdeh2 tərəfindən İddiaçı maddi ziyan vurulmuşdur.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1115, 1108.1, Mülki Prosessual Məcəlləsinin 77.1, 82.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh2 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-961/2024 nömrəli qətnaməsinin Cavabdeh2 aid hissədə ləğv edilərək iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından da görünür ki, məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı qardaşı ilə şərik olub və tələb olunan pul məbləği qardaşı Xəyal tərəfindən alınıb. Xəyalın Fəxriyə 9000 manat borcu olub və həmin məbləğdə tam şəkildə Fəxriyə ödənilib. Bundan əlavə Fəxri onlara məxsus torpaq sahəsini zəbt edib ona şər-böhtan atır. Məhkəmədə cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının qeyd etdikərini onun oğlu Xəyal almışdır. Xəyal həbsə düşməmişdən əvvəl ondan heç nə tələb etməmişdir. Hazırda həbsdə olduğuna görə Xəyala qarşı belə bir iddia qaldırmışdır. Bundan əlavə iddiaçı özü onun bağ evini talan edib. Qeyd edir ki, Cavabdeh2 iddiaçıya heç bir borcu yoxdur. İddiaçı ona məxsus torpaq sahəsinə özbaşına soxulmuş, orada olan tikililəri sökmüş, ona külli miqdarda ziyan vurmuşdur. Cavabdehin iddiaçıya heç bir borcunun olmadığını, buna baxmayaraq iddiaçının cavabdehə məxsus torpaq sahəsinə öz başına soxulduğunu nəzərə alaraq hesab edik ki, iddia tələbi əsassız olduğundan ləğv edilməlidir. Bu səbəblə də çıxarılmış qətnaməni əsassız və qanunsuz hesab edir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı təmsil etdiyi şəxsə qarşı iddia qaldırmış və Xəyalın ona 9000 manat borcu olduğunu bildirmişdir. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsində Vüqarın ifadəsini əsas götürərək bu qənaətə gəmişdir. Məsələ ondan ibarətdir ki, bundan əvvəl Xəyalın anası və hazırki iddiaçı arasında torpaq mübahisəsi olmuşdur. Həmin torpaq sahəsi şifahi razılaşmaya əsasən Xəyalgilə verilmişdir. Həmin torpaq müqabilində Xəyal qarşı tərəfə 9000 manat pul verməli idi. Qarşı tərəf torpaq sahəsini aldıqdan sonra vurduğu ziyana görə 12.000 manat məbləğində zərər müəyyən edilmiş və digər tərəfə ödənilməlidir. Həmin işdə iddiaçı Nümayəndə cavabdehlər X2 və İddiaçı qarşı dəymiş zərərin geri qaytarılması tələb olunmuşdur. İddiaçı 35400 manat məbləğində pul vəsaitinin ona ödənilməsinə dair iddia qaldırmış və iddiasını onunla əsaslandırmışdır ki, 2017-ci ildə X4 üzv qəbul olunmuş və 803 saylı, sahəsi 600 kv.m olan bağ sahəsi onun istifdəsinə verilmişdir. Cavabdehlər isə həmin bağ sahəsini zəbt etmiş bütün avadanlıqları məhv etmiş və ziyan vurmuşlar. Ekspertiza təyin olunmuş və bundan sonra 11.872 manat məbləğində dəymiş ziyanın ödənilməsi barədə qətnamə qəbul edilmiş və qüvvəyə minmişdir. Bundan sonra icraya yönəldilmişdir. Cavabdeh qətnamədən şikayət verməmişdir. Qətnamə icraya yönəldikdən sonra qarşı tərəf 9000 manat və əlavə digər hissələr barəsində iddia qaldırmışdır. İddia məbləği 13.050 manat həcmində olmuşdur. Əlavə tələblər rədd olunmuşdur. İddiaçı isə həmin hissələrə dair apellyasiya şikayəti verməmişdir. Halbuki 13050 manatdan, 7000 manatı təmin olunmuşdur. 6000 manatdan imtina edərək, apellyasiya şikayəti verməməsi sual doğrurur. 9000 manat torpaq mübahisəsi zamanı meydana gələn borcdur. Əvvəl şərikli münasibət olmuş, sonradan tərəflərin münasibətləri pozulmuşdur. Cavabdeh Xəyal torpaq sahəsinin onlara qalması müqabilində 9000 manat verməyi öhdəsinə götürüb. İddiaçı torpaq sahəsini zəbt edərək, ona ziyan vurduqdan sonra 9000 manat borcdan söhbət gedə bilməz. xx.xx.2023-cü il tarixli qətnamədə Xəyalın qardaşı Fəxriyə 9000 manat borcu olduğunu bildirdiyi qeyd olunmuşdur. Xəyal 9000 manat verməyi, Fəxri isə torpağı onlara verməyi öhdəsinə götürmüşdü. Buna baxmayaraq torpaq sahəsi Xəyala verilməmiş və Fəxri tərəfindən zəbt edilmişdir. Hazırda torpaq onlardadır. Məhkəmə iclasları keçirilib, qətnamə çıxıb, qanuni qüvvəyə minib icra prosesində qətnamədəki cümlədən istifadə edərək iddia qaldırılmışdır. Vüqar isə heç bir məhkəmə çəkişməsində iddiaçının 9000 manat alacağı olduğunu deməmişdir. Məhkəmə isə iddianı həmin hissədə təmin etmişdir. Xəyal hazırda həbsdədir. Qətnamədə Xəyalın çağırılsa da, məhkəmə iclaslarına gəlmədiyi vurğulanmışdır. Dəfələrlə məhkəməyə Xəyalın onlayn-konfrans şəklində qoşularaq izahat verməsini təklif etmişlər. Məhkəmə Xəyalı dinləməyib. 9000 manat borcun bir hissəsini verib. Daha sonra Fəxrinin anası məhkəmədə torpaq sahəsinin tələbi ilə bağlı iddia qaldırıb. Bununla bağlı qətnamə çıxarıldıqdan sonra hesab edir ki, Fəxriyə ödəniş edilməməli idi. İddiaçı həm torpağı almış, həm də pulu tələn etmişdir. Bununla yanaşı Vüqar bildirir ki, o qətnamədə qeyd olunan şəkildə ifadə verməmişdir, onun izahatı protokolda təhrif olunmuş şəkildə yazılmış ola bilər. Ona görə həmin mülki işdə olan protokol və audio-video yazı ilə tanış olmağı təkif edir. Vüqar həmin iş üzrə şahid qismində dindirilmişdir. 9000 manat torpaq mübahisəsi zamanı meydana gələn borcdur. Əvvəl şərikli münasibət olmuş, sonradan tərəflərin araları dəymişdir. İddiaçının torpaq sahəsini zəbt etməməsi, ona ziyan vurmaması üçün Xəyal ona 9000 manat verməyi öhdəsinə götürüb. İddiaçı torpaq sahəsini zəbt edərək, ona ziyan vurduqdan sonra 9000 manat borcdan söhbət gedə bilməz. Razılaşma ondan ibarət olur ki, torpaq Xəyalgilə qalır, pul iddiaçıya ödənilir. Ancaq qarşı tərəf həm torpağı almış, həm də pulu tələb etmişdir. İddiaçı dolayı yolla cavabdehlə aralarında bu barədə danışıq olduğunu etiraf edir. Şəriklikdə iki torpaq sahəsi olmuş, biri iddiaçının digəri isə cavabdehlərin analarının adına rəsmiləşdirilmişdir. Söhbət iddiaçının anasının adına olan torpaq sahəsindən gedir, cavabdelər həmin torpaq sahəsinin onların adına rəsmiləşdiriləcəyi təqdirdə 9000 manatı verməyə razılıq veriblər. Şahidin ifadəsindən də görünür ki, danışıq bu şəkildə olmuşdur. Şərikliyi pozarkən tərəflər arasında iki məsələ ilə əlaqədar fikir ayrılığı olmuşdur. Belə ki, ya iddiaçı bağı götürür, 9000 onlarda qalır, ya da 9000 manatı verir, bağ onların adına rəsmiləşdirilir. 1850 manatı cavabdehlərinin anasının geri tələb etməsinin səbəbi ondan ibarətdir ki, bağın onların adına rəsmiləşdirilməsi üçün müəyyən məbləğdə pul ödənilməsinə baxmayaraq, iddiaçının torpaq sahəsinə yiyələnməsi olmuşdur. Məhkəmə tələbi rədd etmiş, qərardan şikayət verilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, borc verilmiş pula görə iddia qaldırmışdır. Pul tələbinə gəldikdə isə 4-cü polis bölməsinə şikayət etmişdir. Həmin vaxtlar Xəyal azadlıqda idi. Özü də polis bölməsində ona 9000 manat borcu olmasına dair izahat vermişdi. Qətnamədə Vüqarın 9000 manat borcu olduğunu etiraf etdiyi izahatı da əks olunmuşdur. Məhkəmə bunun əsasında qərar çıxarmışdır. Ona borclarının olmadığı halda ödəniş etmələri maraq doğrurur. Xəyala 9000 manat məbləğində borc vermiş, borc verəndə Xəyalla birgə işləməklə şəriki idi. Şərikliklə əlaqədar 9000 manat o, 9000 manat isə Xəyal sərmayə qoymalı idi. Lakin, Xəyal sərmayə üçün pulu olmadından ondan 9000 manat borc almışdır. Borcu nə zaman verdiyini dəqiq xatırlamır. Maşınını satıb bir dəfəyə 9000 manat borc vermişdir. Birinci instansiya məhkəməsində Vüqar şahid kimi dindiriləndə 9000 manatın borc olduğu, yaxud nəyinsə əvəzi olaraq verilməli olduğu barədə ifadəsini xatırlamır. Bağ tamamilə qarşı tərəfə məxsus deyil. Bağın yarısı onların, yarısı isə onundur. Qarşı tərəfin bağının ona qalması ilə bağlı razılaşma olmamış, ümumiyyətlə öz bağını satmamışdır. Qarşı tərəf 9000 manat verdikləri halda bağı onların adına keçirməyini istəyirdi. O, isə bağın 9000 manat borca aidiyyəti olmadığını bildirmişdir. Bağı qarşı tərəfdən almamışdan qabaq polis bölməsində Xəyal, həmçinin Vüqar 9000 manat borcunun olmasına dair izahat vermişdir. Buna görə də apellyasiya şikayətinin təmin olunmaması və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir.
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 izahat verib bildirmişdir ki, qardaşı Xəyal və iddiaçı ilə şərik olmuşlar. İddiaçı torpağı sataraq şəriklikdən çıxıb. Sonradan pul tələb edib. 6 sot anasının, 6 sot isə qarşı tərəfin olmuşdur. Əlavə şərik gələndə Fəxri şəriklikdən çıxmaq istəmiş və çıxmışdır. 6 sot anasının adına qalmışdır. Nə qoyubsa onu götürərək çıxmışdır. Həmçinin, 9000 manatı ödədikdən sonra qarşı tərəf anasının adına olan 6 sotluq torpağı qaytarmalı idi. Müstəntiq vasitəsilə Fəxriyə 1850 manat ödəniş dı buna görə həyata keçirmişdir. Qeyd olunanlara digər cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir.
İşdə olan sübutlar
13. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, cavabdeh İddiaçı 11872 (on bir min səkkiz yüz yetmiş iki) manat və ödənilmiş 125,62 (bir yüz iyirmi beş manat altmış iki qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Nümayəndə ödənilməsi qət edilmişdir.
14. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-584/2022 saylı, xx.xx.2022-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Nümayəndə cavabdeh X3ma qarşı, 803 saylı bağ sahəsində çıxarılma tələbinə dair iddiası təmin edilmişdir.
15. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2692/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 cavabdeh Nümayəndə qarşı, 802 saylı bağ sahəsində çıxarılma tələbinə dair iddiası təmin edilmişdir.
16. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin təhqiqatçısının 05 aprel 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, İddiaçı tanışı Xəyal adlı şəxsin ondan 9000 manat pul alması, lakin geri qaytarmaması barədə şikayəti üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan görünür ki, həmin araşdırma zamanı Xəyal adlı şəxsin yerinin müəyyən edilə bilməməsi səbəbindən izahatı alına bilməmişdir. İddiaçı isə izahatında 2017-2018-ci illər ərzində Xəyalın ondan 7500 manat, 1400 manat və 100 manat hissə-hissə olmaqla borc aldığını bildirmişdir.
17. Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 2(060)-113/2023 saylı mülki iş üzrə məhkəmə iclasının videogörüntüsündən və məhkəmə iclasının protokolundan görünür ki, iddiaçının nümayəndəsi və məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh1 cavabdeh İddiaçı 802 saylı bağı onlara satması müqabilində 9000 manat pul öhdəliyinin olmasını bildirmişlər. Lakin, bağ onlara satılmadığından pulun ödənilməsi məsələsi də ləğv olunmuşdur.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (24 avqust 2023-cü il tarixədək qüvvədə olan redaksiya)
739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya baxışının hədləri
20. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-961/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya şikayətinə münasibətdə yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-961/2024 nömrəli qətnaməsi Cavabdeh2 7150 manat və 129,15 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia təmin edilməməlidir.
22. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsinin izahatını və iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1 şahid kimi ifadəsini sübut qismində qəbul edərək, Cavabdeh2 münasibətdə iddianı qismən təmin etmişdir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan 03 iyun 2024-cü il tarixli məhkəmə iclas protokolundan görünür ki, Cavabdeh2 nümayəndəsi iddianı qəbul etmədiyini, iddiaçının cavabdeh olan oğlu Cavabdeh2 ilə şərik olduğunu, şərik olan zaman torpaq sahəsi alındığını, Xəyalın Fəxriyə 9000 manatı torpaq sahəsini onun adına keçirməsi müqabilində verməli olduğunu, lakin sonradan Fəxrinin torpaq sahəsini verməməsini, buna görə də 9000 manatın ödənilməməklə, iddiaçıya hər hansı pul öhdəliyinin olmamasına dair izahat vermişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində isə Cavabdeh2 nümayəndəsinin izahatı başqa cür qeyd olunmuşdur. Belə ki, qətnamədə olan izahatda nümayəndə iddiaçının qeyd etdiklərini onun oğlu olan Xəyalın almasını bildirmişdir. Buna görə də məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iddianı etirafedici yöndə izahat verməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşamamıdşır.
24. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1 şahid kimi ifadəsini sübut qismində qəbul etmişdir ki, həmin qətnamədə Cavabdeh1 qardaşı Cavabdeh2 iddiaçıya 9000 manat borcunun olmasına dair ifadə vermişdir. Lakin, Cavabdeh1 həmin mülki iş üzrə izahatının qətnamədə tam əks olunmadığını iddia etdiyindən məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 2(060)-113/2023 saylı mülki iş üzrə də məhkəmə iclasının videogörüntüsü və məhkəmə iclasının protokolu əldə edilərək iş materillarına əlavə olunmuşdur. Həmin videogörüntüdən və məhkəmə iclasının protokolundan görünür ki, iddiaçının nümayəndəsi və məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh1 cavabdeh İddiaçı 802 saylı bağı onlara satması müqabilində 9000 manat pul öhdəliyinin olmasını bildirmişlər. Lakin, bağ onlara satılmadığından pulun ödənilməsi məsələsi də ləğv olunmuşdur. Buna görə də məhkəmə kollegiyası Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsaslanmaqla, dolayısı sübut qismində tərəflər arasında hər hansı bir öhdəliyin mövcud olması ilə bağlı gəldiyi nəticəni də əsassız hesab etmişdir.
25. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı, şikayəti üzrə Sumqayıt şəhəri Polis İdaərsinin 4-cü Polis Bölməsində araşdırma aparıldığını və həmin araşdırma zaman cavabdehin ondan 9000 manat borc almasının təsdiq etdiyini bildirmişdir ki, məhkəmə kollegiyası tərəfindən Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin təhqiqatçısının 05 aprel 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı əldə edilmiş, lakin həmin qərarda araşdırma zamanı Xəyal adlı şəxsin yerinin müəyyən edilə bilməməsi səbəbindən izahatının alına bilməməsi qeyd olunmuşdur.
26. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyasının iclasında məhkəmənin sualı üzrə iddiaçı cavabdehə 9000 manatı bir dəfəyə borc qismində verməsinə dair izahat vermişdir ki, onun bu izahatı Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsində verdiyi izahatla ziddiyyət təşkil etmişdir. Belə ki, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin təhqiqatçısının 05 aprel 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, İddiaçı tanışı Xəyal adlı şəxsin ondan 9000 manat pul alması, lakin geri qaytarmaması barədə şikayəti üzrə verdiyi izahatında 2017-2018-ci illər ərzində Xəyalın ondan 7500 manat, 1400 manat və 100 manat hissə-hissə olmaqla borc aldığını bildirmişdir ki, qeyd edilən hal da iddiaçının iddiasının əsassızlığını təsdiq edən faktlardan olmuşdur.
27. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Cavabdeh2 9000 manat borc pul verməsi iş materialları ilə təsdiq olunmamışdır. Cavabdeh tərəf isə həmin məbləğin torpaq sahəsinin alqı-satqısına dair razılaşmadan irəli gəldiyini, lakin iddiaçının torpağı onların mülkiyyətinə keçirməkdən imtina etdiyindən 9000 manat ödənilmə ilə bağlı razılaşmanın da ləğv edildiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-584/2022 saylı, xx.xx.2022-cü il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2692/2021 saylı, 07 may 2021-ci il tarixli qətnamələrinin surətindən isə görünür ki, hazırkı iş üzrə iddiaçının və cavabdehlərin valideynləri arasında bağ sahələrindən çıxarılma tələbinə dair mübahisələr olmuş və həmin qətnamələrlə 802 saylı bağ X1, 803 saylı bağ isə Nümayəndə sahibliyinə qaytarılmişdir ki, bununla da məhkəmə kollegiyası 9000 manat pul tələbinin cavabdeh tərəfin iddiaya qarşı olan etirazına uyğun olaraq məhz tərəflər arasında bağ sahəsinə dair ilkin şifahi razılaşmadan irəli gəlməsi qənaətinə gəlmişdir. Lakin həmin razılaşma sonradan pozulmuşdur ki, bunula da Cavabdeh2 iddiaçı qarşısında borc müqaviləsindən irəli gələn öhdəliyinin olması istisna olunmuşdur.
28. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçının tələbinin maddi hüquqi əsası borc müqaviləsindən irəli gəlsə də birinci instaniya məhkəməsi anlaşılmaz səbəbdən mübahisəyə mülki hüquq pozuntusu və ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət dair maddi hüquq normalarını tətbiq etmişdir. Bundan başqa birinci instansiya məhkəməsi mübahisəyə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsini tətbiq etməklə də səhvə yol vermişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-113/2023 saylı mülki iş üzrə Cavabdeh2 işdə iştirak edən şəxs olmamışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələbinə görə isə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
29. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış və birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun gəlməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-961/2024 nömrəli qətnaməsi Cavabdeh2 7150 manat və 129,15 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia təmin edilməməlidir.
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-961/2024 nömrəli qətnaməsi Cavabdeh2 7150 manat və 129,15 manat dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.