Məhkəmə qərarları › İş №2(105)-142/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-142/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-142/2021 17.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-9395/2019 saylı qətnaməsindən Cavabdeh2 verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-9395/2019 saylı qətnaməsi ilə (hakim A.M.Behbudova) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 Firuddin oğlu və Cavabdeh1 qarşı kredit və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddiası təmin edilib, cavabdehlər Cavabdeh2 Firuddin oğlu və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 5948,3 ABŞ dolları əsas borc və 3073,63 ABŞ dolları faiz borcu, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 9021,93 (doqquz min iyirmi bir dollar doxsan üç sent) ABŞ dolları məbləğində borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun tutulması, cavabdehlər Cavabdeh2 Firuddin oğlu və Cavabdeh1 müştərək qaydada 10 (on) manat məbləğində dövlət rüsumunun tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh2 apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-9395/2019 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 və İddiaçı ASC arasında bağlanmış xx xxx 2015-ci il tarixli kredit sazişinə əsasən bank borcluya 18 ay müddətinə, illik 29 faiz olmaqla 10000 məbləğində ABŞ dolları kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Borclu ilə bank arasında bağlanmış müqavilənin müddətinin bitməsinə baxmayaraq hazırkı vaxtadək cavabdehin banka olan borcu ödənilməmiş qalır. Cavabdeh2 həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 aid bütün öhdəlikləri icra etməlidir. Ona görə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 6608,35 ABŞ dolları əsas borc və 4946,15 ABŞ dolları faiz boru olmaqla, cəmi 11554,5 ABŞ dolları məbləğində bocun tutulmasını xahiş etmişdir. İddiaçı ASC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə ərizə verərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 5948,3 ABŞ dolları əsas borc və 3073,63 ABŞ dolları məbləğində faiz bocun tutulmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh2 verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Bank tərəfindən tələb edilən kredit borcu əsas borclu Cavabdeh1 məxsusdur. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləği onun əmək haqqının 50 faiz hissəsinə yönəldilmişdir. Onun isə başqa banka borcu var və həmin borcu ödəməlidir. Bu borcun onun əmək haqqına yönəldilməsi onun maddi vəziyyətini çətinləşdirir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh2 verdiyi apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan xx xxx 2015-ci il tarixli, MK/29308/51/27 saylı kredit sazişindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 Firuddin oğluna illik 29 faizlə, 18 ay müddətinə 10000 ABŞ dolları məbləğində istehlak məqsədləri üçün kredit verilmiş, borcalan müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi, müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri Bank ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəlik zaminliklə təmin olunur. Zamin Cavabdeh1dur. xx xxx 2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 Firuddin oğlu İddiaçı ASC-nin “Yeni Sumqayıt” filialından 10000 ABŞ dolları məbləğində pul almışdır. xx xxx 2015-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 Firuddin oğlu ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni xx xxxx 2015-ci il tarixdən başlayaraq hər ay Bank Standarda 691,7 ABŞ dolları, sonuncu ay 694,66 manat, ümumilikdə 12453,56 ABŞ dolları ödəməklə qaytarmalıdır. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 Firuddin oğlunun İddiaçı ASC-yə xx xxx 2015-ci il tarixli saziş üzrə 6608,35 ABŞ dolları əsas borc, 4946,15 ABŞ dolları faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, kredit və zaminlik müqavilələrinə əsasən cavabdehlərin bank qarşısında öhdəliyi yaranmış, cavabdehlər öz üzərlərinə götürmüş olduqları öhdəliyi icra etməmiş və onlar birlikdə bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası verilmiş apelyasiya şikayəti əsasında işin həqiqi hallarını və tərəflər arasında yaranmış mübahisə üzrə araşdırma apararkən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış iş üzrə kredit borcun müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/3106 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən xx xxx 2015-ci il tarixli, MK/29308/51/27 saylı kredit sazişi müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh2 Furuddin oğlunun İddiaçı ASC-yə xx xxxxxx 2016-cı il tarixinə olan borcu 6566,42 ABŞ dolları və faiz borcu 1729,70 ABŞ dolları olması müəyyən edilmişdir. Sadalanan hallardan başqa rəydə qeyd edilmişdir ki, İddiaçı ASC və Cavabdeh2 Furuddin oğlu arasında bağlanmış xx xxx 2015-ci il tarixli, MK/29308/51/27 saylı kredit sazişi müqaviləsi üzrə olan kredit borcundan «Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın şərtlərinə əsasən 660,05 ABŞ dolları kompensasiya köçürülərək əsas borcundan silinməsi və həmin silinmə nəzərə alınmaqla cavabdehin əsas borcunun 5906,37 ABŞ dollar olması müəyyən edilir. İş materiallarında olan xx xxx 2015-ci il tarixli, MK/29308/51/27 saylı kredit sazişindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 Firuddin oğluna illik 29 faizlə, 18 ay müddətinə 10000 ABŞ dolları məbləğində istehlak məqsədləri üçün kredit verilmiş, borcalan müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi, müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi MK/29308/51/27 saylı kredit sazişinin qüvvədə olması müddəti xx xxx 2015-ci il tarixdən xx xxxxxx 2016-cı il tarixə qədər qüvvədə olması nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, hesablanması nəzərdə tutulan faiz borcu kredit müqaviləsinin qüvvədə olan dövr üçün və ödənilmədən qalmış borca münasibətdə hesablanır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.6-cı maddəsinə əsasən kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. İş materiallarında olan MK/29308/51/27 saylı kredit sazişinin şərtlərindən müəyyən edilir ki, tərəflər faiz borcunun kredit müqaviləsinin qüvvədə olması anı üçün razılaşmışlar, ona görə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/3106 saylı ekspert rəyi iş üzrə maddi sübut kimi qəbul edilib, digər iş materialları ilə birgə tədqiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, alınmış ekspert rəyi cavabdehlərin banka olan son ödənişləri nəzərə alınmaqla işin faktiki hallarına uyğun olub, digər sübutlarla öz təsdiqini tapdığına görə əsas sübut kimi qəbul edilib, kredit müqaviləsi üzrə əsas borc 5906,37 ABŞ dolları və faiz borcu 1729,70 ABŞ dolları məbləğində müəyyən olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apelyasiya şikayətinin dəlillərini qismən sübut edə bilmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya şikayətinin tam təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/3106 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilib, iddia qismən təmin olunaraq cavabdehlər Cavabdeh2 Firuddin oğlu və Cavabdeh1 müştərək qaydada 5906 (beş min doqquz yüz altı) ABŞ dolları 37 (otuz yeddi) sent məbləğində əsas borc və 1729 (bir min yeddi yüz iyirmi doqquz) ABŞ dolları 70 (yetmiş) sent məbləğində faiz bocu olmaqla, cəmi 7.636,07 (yeddi min altı yüz otuz altı manat yeddi sent) ABŞ dolları məbləğndə pul vəsaiti (icra zamanı Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) İddiaçı ASC-nin xeyrinə tutulmalı, İddiaçı ASC tərəfindən ödənilmiş 20 manat Dövlət rüsumunun 13,21 manat hissəsi cavabdehlər Cavabdeh2 Firuddin oğlu və Cavabdeh1 müştərək qaydada tutulub İddiaçı ASC-nin hesabına keçirilməli, 6,79 manat hissəsi isə iddiaçının özünə aid edilməli, cavabdehlər Cavabdeh2 Firuddin oğlu və Cavabdeh1 müştərək qaydada 10 (on) manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilməli və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat pulun 49,18 manat hissəsi İddiaçı ASC-dən, 95,82 manat hissəsi isə cavabdehlər Cavabdeh2 Firuddin oğlu və Cavabdeh1 müştərək qaydada alınıb AZ.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-9395/2019 saylı qətnaməsi qismən ləğv edilsin. İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh2 Firuddin oğlu və Cavabdeh1 müştərək qaydada 5906 (beş min doqquz yüz altı) ABŞ dolları 37 (otuz yeddi) sent məbləğində əsas borc və 1729 (bir min yeddi yüz iyirmi doqquz) ABŞ dolları 70 (yetmiş) sent məbləğində faiz bocu olmaqla, cəmi 7.636,07 (yeddi min altı yüz otuz altı manat yeddi sent) ABŞ dolları məbləğndə pul vəsaiti (icra zamanı Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) İddiaçı ASC-nin xeyrinə tutulsun. İddiaçı ASC tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun 13,21 manat hissəsi cavabdehlər Cavabdeh2 Firuddin oğlu və Cavabdeh1 müştərək qaydada tutulub İddiaçı ASCnin hesabına keçirilsin, 6,79 manat hissəsi isə iddiaçının özünə aid edilsin. Cavabdehlər Cavabdeh2 Firuddin oğlu və Cavabdeh1 müştərək qaydada 10 (on) manat məbləğində dövlət rüsumu tutulub Dövlət büdcəsinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat pulun 49,18 manat hissəsi İddiaçı ASC-dən, 95,82 manat hissəsi isə cavabdehlər Cavabdeh2 Firuddin oğlu və Cavabdeh1 müştərək qaydada alınıb AZ.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar