Məhkəmə qərarları › İş №2(105)-142/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-142/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-142/2024 10.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X4 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, Cavabdeh1 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)- 180/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Zəngilan Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.İmanova) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10.585,67 ABŞ dolları əsas borc, 6569,71 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 17.355,38 ABŞ dolları məbləğində borc və 179 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan 35.91 manatı iddiaçının özünə aid edilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2014-cü il tarixli müqavilə üzrə 10.585,67 ABŞ dolları əsas borc, 6569.71 ABŞ dolları faiz, 4289.16 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3047.75 ABŞ dolları məbəlğində əldə çıxmış fayda olmaqla, ümumilikdə cəmi 24.492,29 ABŞ dolları borcun və 214.91 manat ödənilmiş dövlət rüsmunun tututlması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 17 aprel 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən kredit kartı vastəsilə illik 28 %-lə 24 ay müddətinə 12.700 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 17 aprel 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 04 fevral 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 17 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 10585.67 ABŞ dolları əsas borcu, 6569.71 ABŞ dolları faiz borcu,17156.64 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdə xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 3047.75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 37359.77 ABŞ dolları borcu vardır. Cavabdeh1 17 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 17156.64 ABŞ dolları təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 4289.16 ABŞ dolları məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır.17 aprel 2014-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Müqavilənin müddəti 2016-cı ildə bitmiş, müddətin keçməsi ilə bağlı qarşı tərəf ərizə verməmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Zəngilan Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi və məhkəmənin çıxardığı qətnamə ilə razı deyil. Qətnamənin əsassız və qanunsuz hesab edir. Belə ki, bankla bağlanmış 17 aprel 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən kredit kartı vasitəsilə illik 28 %-lə 24 ay müddətinə 12.700 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı kimi isə oğlu Cavabdeh2 ilə bank arasında 17 aprel 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bank tərəfindən tərtib edilmiş 04 fevral 2022-ci il tarixli maliyyə arayışına əsasən 17 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 10585.67 ABŞ dolları əsas borc, 6569.71 ABŞ dolları faiz borcu,17156.64 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdə xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 3047.75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 37359.77 ABŞ dolları borcum vardır. 17 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 17156.64 ABŞ dolları təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 4289.16 ABŞ dolları məbləğində tələb olunur. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə düzgün deyildir. Bank iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, müqavilə 2014-cü il tarixdə bağlanmış və müqavilənin icra müddəti isə 2016-cı il tarixdə bitmişdir. Müqavilənin icra müddəti bitdikdən sonra onun tərəfdən banka heç bir ödəniş edilməmişdir. Qanunvericiliyin tələblərinə görə müqavilə tələbləri üzrə üzrə iddia müddəti üç ildir və məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbədar edilmədiyi üçün iddia müddətinin tətbiqi ilə barədə vaxtında ərizə verə bilməmişdir. Bundan başqa müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən edilməsinə baxmayaraq hüququ pozulmuş və pozulmasını bilməli olan şəxsin qanunla müəyyən edilmiş müddətlərin ən sonunda məhkəməyə müraciət etməsi ilə hüququnun bərpa edilməsinə çalışması onun mülki hüquq və vəzifələrinin vicdanla həyata keçirilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, bu müddət axımında qarşı tərəfin hüququ pozulmasını iddia edən şəxsin ona qarşı məhkəməyə müraciət edib-etməməsini gözləməsi ona müəyyən mənada öz mənfi təsirini göstərməyə bilməz. Məsələn, vaxtında iddia verilib öz təsdiqini tapdığı halda qarşı tərəf maddi imkanı baxımından verilən həmin iddianın (tam və ya qismən) təmini üçün müvafiq tədbirlər görmək imkanına malik olduğu halda, iddia gec (müddətin sonuna yaxın) verildiyi halda qarşı tərəfin bu maddi imkansızlığı ona qəbul edilmiş qərarın icrası ilə bağlı əlavə çətinliklər yaratması ehtimalını özündə ehtiva edir (qərarın icra edilməməsi ilə qanunvericilik müəyyən edilmiş müvafiq tədbirlər və s.) İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçı və digər cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni cavabdehlərin kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirməmələri ilə əsaslandırmış, Cavabdeh1 isə bu nəticə ilə razılaşmayaraq qətnamənin dəyişdirilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 17 aprel 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, 24 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 12.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq digər Cavabdeh2 ilə 17 aprel 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış borcun düzgün müəyyən edilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi, tam hüquqlu məhkəmə kimi gəlinən nəticənin tam, hərtərəfli araşdırılması məqsədilə mülki iş üzrə məhkəmə ekspertizası təyin etmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 3-16-16/2-9/8955/2023 nömrəli ekspert rəyinə əsasən 17 aprel 2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsi nəzərə alınmaqla 17 aprel 2016-cı il tarixinə Cavabdeh1 əsas borc üzrə 10585,55 ABŞ dolları və faiz borcu üzrə 4684,69 ABŞ dolları, cəmi 18338,58 ABŞ dolları müəyyən edilmişdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Qeyd edilməlidir ki, iddiaçının tələb etdiyi əsas və faiz məbləğləri ilə ekspertiza rəyində göstərilən həmin məbləğ arasında fərq olduğundan, iddiaçının tələb etdiyi əsas məbləğlə ekspertiza rəyində göstərilən məbləğ eyni olduğundan, lakin faiz məbləği isə əksinə tələbdə göstərilən məbləğdən az olduğundan, qətnamə əsas məbləğə münasibətdə deyil, faiz məbləğinə münasibətdə ekspert rəyinin əsaslı olmasını qaçılmaz edir. Bu baxımdan məhkəmə kollegiyası faiz məbləğinin tutulması hissəsində keçirilmiş ekspert rəyində göstərilən 4684,69 ABŞ dolları faiz məbləğinin manata olan məzənnəsi nəzərə alınmaqla tutulmasını məqsədəuyğun hesab edir. Məhkəmə kollegiyası Cavabdeh1 iddiaçının iddia müddətini ötürməklə məhkəməyə müraciət etməsi barədə apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bununla yanaşı, B.Mürsəlovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun 12 mart 2020-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyi də nəzərə alınmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışdırsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahiş əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər. Bu halda, apellyasiya instansiya məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir (Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli və L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli qərarları). İşdən göründüyü kimi cavabdeh birinci instansiya məhkəməsində gedən icraatla əlaqədar kifayət qədər məlumatlandırılması barədə sms bildiriş, telefonoqram və poçt göndərişinin verilməsi haqqında xəbərnamənin olması öz təsdiqini tapdığından, Mülki Məcəllənin 373.2, 375.2-ci maddələrinin tələbi baxımından iddianın rədd edilməsi barədə xahişini əks etdirən ərizəni istər apellyasiya şikayətində, istərsə də ayrıca əlavə etsə də, bu hal ərizənin təmin edilməsi üçün əsas ola bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilməli, faiz məbləği 4684 (dörd min altı yüz səksən dörd) ABŞ dolları 69 (altmış doqquz) sent (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsi nəzərə alınmaqla) müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilsin və faiz borcu 4684 (dörd min altı yüz səksən dörd) ABŞ dolları 69 (altmış doqquz) sent (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsi nəzərə alınmaqla) müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar