Məhkəmə qərarları › İş №2(105)-1421/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1421/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1421/2021 04.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı qıznın, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı qıznın Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-577/2020 saylı, 23 yanvar 2020-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(060)-577/2019 saylı qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddianın təmin edilməsi, Cavabdeh 3.500 (üç min beş yüz) manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1463/2020 nömrəli, 20 iyul 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 23 yanvar 2020-ci il tarixli 2(060)-577/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. AR Ali Məhkəməsinin 2(102)-374/2021 saylı, 02.02.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1463/2020 nömrəli, 20 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 3.500 (üç min beş yüz) manat məbləğində pulun, habelə tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia bununla əsaslandırılmışdır ki, Cavabdeh onunla şifahi formada borc müqaviləsi bağlayaraq, 2015-ci il tarixdə ondan 3500 manatlıq qızıl-zinət əşyaları almışdır ki, tezliklə pulunu qaytaracaqdır. Lakin indiyə qədər ondan aldığı qızılların dəyərini ödəməmişdir. 29 may 2019-cu il tarixdə cavabdeh öz imzası ilə təsdiq etdiyi qəbz yazaraq ona vermişdir ki, aldığı borcu təsdiq edir və bu borcu pensiyasından ödəyəcəyinə söz verir. Qızıl-zinət əşyaları onun mülkiyyətində olan əmlak olduğundan və cavabdeh həmin əmlakı özündə saxlayıb qaytarmadığından həmin əmlakın mülkiyyətçisi kimi o, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Uzun müddət keçməsinə baxmayaraq cavabdeh pulu qaytarmır və buna görə də iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdehin apelyasiya şikayəti bununla əsaslandırılmışdır ki, məhkəmə mübahisəni düzgün həll etməmiş, maddi və prosessual hüquq normalarını pozmuş, işin faktiki hallarını nəzərə almamış, natamam araşdırma aparmışdır. Belə ki, o, iddiaçıdan 3500 manatlıq qızıl-zinət əşyaları yox, 300 manatlıq bir ədəd 10% artıq ödəməklə qızıl üzük almışdır. Onun əvəzində 2015-ci ildən pensiya kartı iddiaçıdadır. İddaçı onun evinə 6 ədəd gödəkçə, 4 ədəd cins şalvar, 5 kq ət, 4 kq yağ, 10 ədəd tut arağı satmağa gətirib qoymuşdur. Oğlu onları dostlarına satmış və dostları pulu vermədiyindən ona pensiya kartını vermişdir ki, pulunu tutarsan, aralarında olan borc qurtarar. Sonra oğluna onun xəbəri olmadan 300 (üç yüz) manata telefon satmışdır. Həmin telefona görə iddiaçıya kağız yazıb vermişdir. İddiaçı onunla razılaşıb və ona yazıb vermiş olduğu kağıza düzəliş edib onu aldadaraq məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, guya ondan 3500 manatlıq qızıl-zinət əşyaları almışdır və ona borcludur. 2015-ci ildən onun pensiya kartı iddiaçıdadır. İddiaçı tələb etdiyi məbləği ona ödəyib tamamilə qurtarmışdır, ona görə də 10 fevral 2020-ci ildə pensiya kartını bloklamışdır. Məhkəmə proseslərində oğlunun Naxçıvan MR-da ölümü ilə əlaqədar Naxçıvanda olduğu üçün məhkəmədə iştirak edə bilməmişdir. Digər tərəfdən, məhkəmə nəzərə almamışdır ki, tərəflər borc münasibətlərinə görə müqavilə bağlamamışlar. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməlidir. Apelyasiya baxışı zamanı Cavabdeh nümayəndəsi X2 şikayəti müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. O, əlavə etdi ki, təqdim edilmiş 29.05.2019-cu il tarixli qəbzdəki xətt və imza arvadı Cavabdeh məxsusdu. Lakin borc həm onun, həm də arvadının pensiya kartları iddiaçıya təqdim edilməklə hissə-hissə çoxdan ödənilmişdir. Buna görə də iddianın əsası yoxdur və təmin oluna bilməz. Məhkəmə kollegiyasının iclasında İddiaçı bildirdi ki, onun tələb etdiyi pul sırf Cavabdeh verdiyi qızıl-zinət əşyaları ilə bağlıdır. Lakin cavabdehdən başqa, həm onun oğlu, həm də əri ondan borca pul götürmüşlər və o məsələlərin hazırkı iddiaya dəxli yoxdur. Cavabdeh 3500 manat puldan heç bir məbləğ ödəməmişdir. Pensiya kartlarının onda olması və həmin kartlar vasitəsilə borcun ödənilməsi barədə cavabdeh tərəfin dəlilləri əsassızdır və heç bir sübuta söykənmir. Qətnamə qanunidir və buna görə də şikayət rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Cavabdeh 29 may 2019-cu il tarixli əlyazmasından görünür ki, o, Q.A.Allhyarovadan 3500 manat dəyərində qızıl-zinət əşyaları aldığını və dəyərini ödəyəcəyini öz imzası ilə təsdiq etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, habelə Ali Məhkəmənin mübahisə üzrə hüquqi mövqeyinə və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh 2015-ci ildə ümumi dəyəri 3500 manat olan qızıl-zinət əşyalarını İddiaçı nisyə alqı-satqı yolu ilə almışdır. Əşyaların pulu vaxtında ödənilmədiyindən Cavabdeh 29 may 2019-cu ildə qəbz yazaraq iddiaçıya vermiş və pulu pensiyası vasitəsilə ödəməsi barədə öhdəlik götürmüşdür. İşin tədqiq olunan faktiki hallarından görünür ki, cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə aldığı mallar üçün tələb olunan borcu yaranmışdır. İddiaçı hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3500 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci inctansiya məhkəməsi iddianı təmin etmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, işdən görünür ki, iş üzrə tərəflərin işgüzar münasibətdə olması, cavabdehin iddiaçıdan qızıl-zinət əşyalarını götürməsi işin mübahisəsiz halıdır. Əsas mübahisə nisyə götürülmüş həmin malların ümumi dəyəri və ödənilməsi ilə bağlıdır. Cavabdeh iddiaçıdan mal götürdüyünü, lakin pulunu ödədiyini bildirir, iddiaçı isə həmin malların dəyərinin ödənilməməsini iddia edir. Cavabdeh tərəfindən tərtib edilmiş 29.05.2019-cu il tarixli qəbzin əsli(Ali Məhkəmənin iş üzrə göstərişində xüsusi olaraq nəzərdə tutulmuşdur) məhkəmə kollegiyasına təqdim edilmişdir və cavabdehin nümayəndəsi (əri) bu qəbzin onun tərəfindən tərtib edilməsini təsdiq etmişdir. Başqa sözlə, cavabdeh tərəf iş materiallarına sübut kimi əlavə edilmiş öz aralarında sadə formada tərtib olunmuş qəbzi mübahisələndirməmişdir, lakin o, bildirir ki, nisyə aldığı qızıl-zinət əşyalarının dəyərini ödəmişdir və onun borcu yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsaslar gətirilməmiş, o, iddiaçıdan qızıl-zinət əşyalarını aldığını, buna görə borcu yarandığını etiraf etsə də, aldığı malların dəyərinin ödənilməsini, sübutetmə yükü onun üzərinə düşməsinə baxmayaraq, öz dəlillərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir və əsaslı şübhələrdən kənar hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, tərəflər alqı-satqı münasibətlərində olmuş, qəbz tərtib edilməklə nisyə götürülmüş qızıl-zinət əşyalarının dəyəri ödənilmədiyindən cavabdehin tələb olunan borcu yaranmışdır. AR Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Yenə həmin Məcəllənin 601.1-ci madəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından aydın olur ki, tərəflər arasında yazılı müqavilə olmamış, bağlanmış şifahi müqavilədə isə müddət müəyyən edilməmiş, lakin alınmış əşyaların qiymətləri 29.05.2019-cu il tarixli qəbzdə nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 427.2-ci maddəsinin tələblərinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış şifahi müqaviləyə əsasən, Cavabdeh həmin müqavilədə müəyyən edilmiş əmlakları iddiaçıdan almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında onların dəyərini iddiaçıya ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh müqavilə əsasında iddiaçıdan müqavilə predmetlərini almasına dair hüququndan istifadə etmiş, lakin onların dəyərini ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə 3500 manat borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, 29.05.2019-cu il tarixli qəbzlə və tərəflərin izahatları ilə də təsdiq olunur. Borcun cavabdehin pensiya kartı vasitəsilə uzun müddət hissə-hissə ödənilməsi və borcun olmaması barədə apelyasiya şikayətinin dəlilləri əsassızdır, çünki bu halları təsdiq edən mötəbər sübutlar iş materiallarında mövcud deyildir. Məhkəmə kollegiyasına təqdim edilmiş 16.03.2019-cu il tarixli iltizama gəlincə isə kollegiya qeyd edir ki, bu iltizamla hüquqi münasibətlər İddiaçı ilə M.M.Şıxbabayev arasında yaranmışdır və nisyə mal alınması barədə deyil, borc münasibətləri barədədir. Buna görə də həmin iltizam üzrə nəticələr hazırkı mübahisəyə tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.3, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-577/2020 saylı, 23 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,50 manat dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar