Məhkəmə qərarları › İş №2(105)-1424/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1424/2022

16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1424/2022 16.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-832/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-832/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən edilərək, Cavabdeh 411.000 (dörd yüz on bir min) manat pul və 25 (iyirmi beş) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.(hakim İ.Xəlilov) Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 411.000 manat məbləğində kredit borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 51.375 manat pulun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2018-ci il tarixədək 411.000 manat kredit verilmişdir. Lakin, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, bu günədək borcu qaytarmaqdan boyun qaçırır. Öhdəliyin yerinə yetirilməsi ilə bağlı cavabdehə pretenziya məktubu da göndərilmiş, ancaq nəticəsi olmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbi təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən narazıdır. Belə ki, əslində iddianın qaldırılması üçün müəyyən edilmiş iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. İddia ərizəsində haqqında söhbət gedən borc müqaviləsi 18 noyabr 2017-ci ildə bağlanmışdır. MM-nin 373.2-ci maddəsinə görə, pul tələbləri üzrə iddia müddəti bir ildir. 18 noyabr 2017-ci ildə bağlanmış borc müqaviləsinin icra müddəti 18 fevral 2018-ci ilədək müəyyən edilib. Göründüyü kimi, iddia müddəti xx.xx.2019-cu ildə bitir və 1 ildən yuxarı müddətə buraxılıb. MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Onun ilkin instansiyada işə baxılarkən iddia müddətinin tətbiq olunması barədə vəsatət ərizəsi verməməyinin səbəbi odur ki, bu ərizəni 29 aprel 2021-ci il tarixli iclas təxirə salındıqdan sonra növbəti məhkəmə iclasında təqdim edəcəkdi. Bundan əlavə o, iddiaçı ilə göstərilən borc müqaviləsini bağlamamışdır. Həmin gün o, iddiaçının nümayəndəsi ilə həmin notariat kontorunda başqa bir müqavilə bağlamışdır. Hesab edir ki, ona həmin müqaviləni imzalatdırarkən bu müqaviləyə də qol çəkdirilib, ya da ki, müqavilədəki imza ümumiyyətlə ona məxsus deyil. Bu məsələnin aydınlaşması üçün imzanın ona məxsus olub-olmamasının müəyyənləşməsi məqsədi ilə məhkəmə-xəttşünaslıq ekspertizası təyin olunmalıdır. Lakin birinci instansiya məhkəməsi bu məsələləri araşdırmamış tez-tələsik qərar qəbul etmişdir. Ona iddiaçı tərəfindən borc pul verilməmişdir. İlkin instansiyada işə baxarkən hakim ona borc pulun verilibverilməməsini araşdırmalı olmasına baxmayaraq, bunun üçün heç nə etməmiş, heç olmasa müqavilənin bağlandığı notariat kontorunu prosesə cəlb etməmişdir. Qeyd olunanlar əsasında şikayət təmin edilməlidir. Apellyasiya baxışı zamanı Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə3 şikayətin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdilər və şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdeh əlavə olaraq bildirdi ki, o keçmiş polis işçisidir, ali təhsilli şəxsdir, sözügedən kredit müqaviləsinin mahiyyəti ona izah edilməyib, o həmin vaxt notariat orqanında başqa bir müqavilə imzalayıb, bu müqaviləni ona mexaniki şəkildə imzaladıblar. Hazırda pensiyadadır, heç bir kommersiya fəaliyyəti ilə məşğul olmamışdır, heç kəsə də borcu yoxdur. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 cavabdehin izahatını təstiq etdi, əlavə olaraq bildirdi ki, kredit müqaviləsi imzalansa belə, qeyd olunan kredit cavabdehə verilməmişdir, bu da o deməkdir ki, həqiqətən cavabdeh həmin müqavilədən xəbərsiz olmuşdur. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 şikayətin dəlillərini qəbul etmədi, əlavə olaraq bildirdi ki, cavabdehin izahatında qeyd olunanlar həqiqətlə uzlaşmır, belə ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur və sözügedən kreditin təyinatı əslində həmin fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar olmuşdur. Hazırki məhkəmə çəkişməsi Ağası Abdullayevin birinci işi deyil, elə Sumqayıt Apellyasiya Məhkəməsində onun bir neçə məhkəmə çəkişməsi olub, hamısı da borcla bağlı olub. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olmasını bildirərək, şikayətin rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. T ərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 18 noyabr 2017-ci il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2018-ci il tarixədək, faizsiz olaraq 411.000 (dörd yüz on bir min) manat məbləğində borc pul verilmişdir. Yenə işdə olan İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 18 noyabr 2017-ci il tarixli Razılaşma müqaviləsindən görünür ki, Abdullayev X1 yerləşən ona məxsus soyuducuda İddiaçı MMC-yə məxsus 416900 kq alamanı 3 ay müddətində saxlamağı və yararlı vəziyyətdə təhvil verməsini, MMC isə hər ay təqdim olunan hesab-faktura üzrə 8338 manat ödəməyi öhdəsinə götürür. İşə əlavə edilmiş notariat işindən məlum olur ki, İddiaçı MMC kommersiya qurumudur, istehsal və ticarət sahəsində təsərüfat fəaliyyətini həyata keçirir. MMC-nin ümumi yığıncağının xx.xx.2017-ci il tarixli qərarı ilə cavabdeh Ağası Abdullayevlə daha öncə qeyd olunan müqavilələrin bağlanması qərara alınmışdır. Yenə işə əlavə edilmiş 04 fevral 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi barədə iddiaçı tərəfindən bildiriş göndərilərək xəbərdarlıq edilmişdir. Yenə də mülki iş materiallarına əlavə edilmiş Bakı şəhəri 14 saylı Notariat Ofisinin iş üzrə Cavabdeh vəkili Nümayəndə3 ünvanladığı 03 avqust 2022-ci il tarixli, 2999 nömrəli məktubunda qeyd olunur ki, 18 noyabr 2017-ci il tarixli, 3m-1194 reyestr nömrəli kredit müqaviləsi rəsmiləşdirilən zaman qüvvədə olan qanunvericiliyə əsasən borc məbləğinin notariusun bankda açdığı depozit hesabı vasitəsilə verilməsi tələb edilmədiyindən, borc məbləği notariusun bankda açdığı depozit hesabı vasitəsilə verilməmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbinin təmin edilməmiş hissəsindən şikayət verilmədiyindən məhkəmə kollegiyası, AR MPM-in 372.6-cı maddəsinə əsasən həmin hissədə araşdırma aparmır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-832/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixədək 411.000 manat kredit verilmişdir. Lakin, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və onun iddiaçıya borcu yaranmışdır. Öhdəliyin yerinə yetirilməsi ilə bağlı cavabdehə pretenziya məktubu da göndərilmiş, nəticəsi olmadığından iddiaçı məhkəməyə müraciət etmişdir. İşə baxan birinci instansiya məhkəməsi mübahisəni yuxarıdakı qaydada həll etmişdir. Bundan narazı qalan Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməyən məhkəmə kollegiyası şikayətlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh şikayətinin əsas dəlili kimi qeyd edir ki, sözügedən kredit müqaviləsinin mahiyyətini dərk etməmiş, yəni ki, həmin vaxt eyni notariat orqanında başqa bir müqavilə ilə bağlı iddiaçı ilə razılaşdığını və həmin müqaviləni imzaladığını bildirərək, hazırkı kredit müqaviləsinin ona mexaniki şəkildə imzaladıldığını qeyd edir. Şikayətin dəlillərini işin faktiki halları ilə birlikdə araşdıran məhkəmə kollegiyası bu dəlilə tənqidi yanaşaraq qeyd edir ki, iddiaçının izahatından məlum olduğu kimi o ali təhsillidir, hazırda pensiyada olan keçmiş polis əməkdaşıdır. Apellyasiya kollegiyasının qənaətincə, belə bir şəxsin bu qədər sadəlövh şəkildə kiməsə inanaraq, notariat orqanında hüquqi mahiyyətini dərk etmədən hər hansı sənədi imzalamağı ağlabatan mühakimə hesab edilə bilməz. Həmçinin cavabdeh məhkəmə iclasında verdiyi izahatında yuxarıda sadalanan keçmiş imtiyazına istinad edərək bildirir ki, onun ümumiyyətlə bu tip məsələlərlə əlaqədar məhkəmə mübahisəsi olmamışdır. Lakin iş materiallarına əlavə edilmiş məhkəmə aktlarından aydın olur ki, cavabdehin hazırkı mübahisədən əvvəl də, analoji qaydada məhkəmə mübahisələri olmuş və hər birində borclu qismində cavabdehin ziyanına məhkəmə aktları qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh həmin kredit müqaviləsi üzrə bankdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, cavabdeh kredit vəsaitinin ödənilməsinə dair vəzifəsini yerinə yetirməmişdir. İş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Yenə həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə də həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının borcunu məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh iddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclunun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə yaranmış borcu işdə olan obyektiv sübutlarla təsdiq olunur. Cavabdeh apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı öz tələbinin əsası kimi notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsaslanır, cavabdeh tərəfindən isə həmin müqavilədən doğan tələbi istisna edən heç bir tutarlı əsas gətirilməmiş, onun tərəfindən əsaslı şübhələrdən kənar hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Buna əsasən də, kollegiya yaranmış mübahisə barədə birinci instanasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15, manat dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-832/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar