Məhkəmə qərarları › İş №2(105)-1424/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1424/2025

08.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1424/2025 08.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-38/2025 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Qusar Rayon Məhkəməsinin xx.xx.2024; xx.xx.2024; xx.xx.2025-ci il tarixli qərardadları məhkəmə texniki ekspertizası təyin edilmiş, JN:652 KOD 30311018 saylı torpağa mülkiyyət hüququna dair Quba rayonu Vladimirovka kəndində yerləşən torpaq sahəsindən kabel xətti keçirmi və ya keçibməmsi; JN:652 KOD 30311018 saylı torpağa mülkiyyət hüququna dair Quba rayonu Vladimirovka kəndində yerləşən torpaq sahəsindən kabel xətti keçirsə və ya keçibsə hansı dərinlikdən keçib və ya keçməməsi; JN:652 KOD 30311018 saylı torpağa mülkiyyət hüququna dair Quba rayonu Vladimirovka kəndində yerləşən torpaq sahəsindən kabel xətti keçirsə və keçibsə kabel xəttinin mühafizəsi və qorunması ilə bağlı qaydalara riayət olunub-olunmaması sualları qoyulmuş, lakin məhkəmə ekspertizasının aparılmasından imtina edilmiş, səbəb olaraq tikinti-texniki obyektlərin tədqiq ekspertizasinin həll etdiyi məsələlər dairəsinə aid olmaması ilə əlaqədərləndirilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1020,60 (bir min iyirmi manat altmış qəpik) manat məbləğində ziyanın və ödənilmiş 31.00 manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixində saat 18:40 radələrində Quba rayonunun Vladimirovka kəndi ərazisində ekskovatorla qazıntı işləri aparılan zaman İddiaçı (bundan sonra İddiaçı MMC) Xətt Təsərrüfatına Xidmət Şöbəsinin (əvvəlki X1 Qovşağı) balansında olan FO-24 markalı rabitə kabeli qırılmışdır. FO- 24 rabitə kabelinin qırılması nəticəsinə İddiaçı MMC-yə 1020,60 (bir min iyirmi manat altmış qəpik) manat məbləğində ziyan dəymişdir. Rabitə kabelinin Cavabdeh oğul tərəfindən qırılması ilə əlaqədar cavabdehin iştirakları ilə xx.xx.2020-ci il tarixdə akt tərtib olunmuşdur. Cavabdeh vurulmuş zərərin ödənilməsi xahiş edilmiş, bununla bağlı olaraq onun ünvanına xx.xx.2020-ci il tarixdə zərərin könüllü ödənilməsi barədə məktub göndərilmiş, lakin zərər bu günədək ödənilməmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-38/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Əli Cəlilov). Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1108.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 78.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı MMC apellyasiya şikayəti verib Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-38/2025 nömrəli qətnaməsinin ləğv olunması, Cavabdeh tərəfindən 1020.60 (min iyirmi manat altmış qəpik) manat maddi ziyanın ödənilməsi barədə iddia tələbinin təmin olunması və ödənilmiş dövlət rüsumunun geri qaytarılmaqla yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə Quba rayonunun Vladimirovka kəndi ərazisində ekskavatorla qazıntı işləri apararkən İddiaçı (bundan sonra İddiaçı MMC) Xətt Təsərrüfatına Xidmət Şöbəsinin (əvvəlki X1 Qovşağı) balansında olan FO-24 markalı rabitə kabelini qırılmışdır. FO-24 rabitə kabelinin qırılması nəticəsində İddiaçı MMC-yə 1020,60 (bir min iyirmi manat altmış qəpik) manat məbləğində ziyan dəymişdir. Rabitə kabelinin Cavabdeh tərəfindən qırılması ilə əlaqədar cavabdehin iştirakları ilə xx.xx.2020-ci il tarixdə akt tərtib olunmuşdur. Cavabdeh vurulmuş zərərin ödənilməsi xahiş edilmiş, bununla bağlı olaraq onun ünvanına xx.xx.2020-ci il tarixdə zərərin könüllü ödənilməsi barədə məktub göndərilmiş, lakin zərər ödənilməmişdir. Bundan sonra İddiaçı MMC tərəfindən vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsilə Qusar Rayoun Məhkəməsinə müraciət edilmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-38/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmənin Cavabdeh qarşı 1020.60 manat maddi ziyanın ödənilməsi tələbinin rədd edilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına və qanunvericiliyin tələblərinə ziddir. Belə ki, birinci instansiya məhkəməsi qərarını cavabdehin rabitə kabeli keçən ərazinin ona məxsus olması və həmin ərazidən rabitə kabeli keçməsinə dair xəbərdaredici nişanın olmaması barədə izahatına əsaslanaraq qəbul etmişdir. Lakin məhkəmə rabitə kabelinin Cavabdeh oğul tərəfindən qırılması faktını onun öz imzası ilə təsdiq etdiyi aktın olmasını və qırılmış xəttin Nazirlər Kabinetinin 14 dekabr 2005-ci il tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları”nın 3-cü bəndinin tələblərinə uyğun olaraq xəttin keçdiyi magistral boyu nişanlar quraşdırılmasını nəzərə almamışdır. Belə ki, qeyd edilən ərazidə xəbərdaredici nişanların olmasını hadisə yerində və hadisə zamanı çəkilmiş və məhkəməyə sübut qismində təqdim edilmiş fotoşəkillər də təsdiq edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticənin işin faktiki hallarına və qanunvericiliyin tələblərinə zidd olmasını təsdiq edən digər bir hal isə ondan ibarətdir ki, məhkəmə tərəfindən qəbul edilmiş qətnamədə ərazinin Cavabdeh mülkiyyətində olduğu qeyd edilsə də, faktiki olaraq həmin ərazi onun ailə üzvlərinə ayrılmış pay torpağıdır. Bu isə cavabdehi xəbərdaredici nişangahların olduğu ərazidə nizamnamə kapitalının yüz faizi dövlətə məxsus olan bir təşkilatın əmlakına zərər vurmasına haqq qazandıra bilməz. Birinci instansiya məhkəməsi qeyd edilən faktları dəqiq araşdırmamış, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutları tədqiq etməmiş, sübutlara və faktlara heç bir hüquqi qiymət verməmiş və bütün bunlar azmış kimi heç bir hüquqi əsas olmadan cavabdehin dediyi sözlərə, fikirlərə və mülahizələrə istinad edərək iddianın rədd edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasında telekommunikasiya şəbəkələri, vasitələri və qurğularının mühafizəsinə dövlət tərəfindən hüquqi təminat verilir. Telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Telekommunikasiya şəbəkələrinə, vasitə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Məhkəmə işin halları üzrə mövcud sübutları hərtərəfli və tam araşdırmamışdır. İşin əsas faktiki halı ondan ibarətdir ki, Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə Quba rayonunun Vladimirovka kəndi ərazisində ekskavatorla qazıntı işləri aparılarkən İddiaçı MMC Xətt Təsərrüfatına Xidmət Şöbəsinin (əvvəlki X1 Qovşağı) balansında olan FO-24 markalı rabitə kabeli qırılmışdır. FO- 24 rabitə kabelinin qırılması nəticəsinə İddiaçı MMCyə 1020,60 (bir min iyirmi manat altmış qəpik) manat məbləğində ziyan dəymişdir. Hadisənin baş verməsinə və səbəbkarın Cavabdeh olmasına dair onun iştirakı və imzası ilə xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Bundan başqa birinci instansiya məhkəməsi sübut qismində təqdim edilmiş hadisə yerinə dair fotoşəkilləri düzgün tədqiq etməmişdir. Əgər fotoşəkillər düzgün tədqiq edilsəydi məhkəmə rabitə kabellərinin keçdiyi ərazidə qanunvericiliyin tələbinə uyğun olaraq xəbərdaredici nişanların basdırıldığını müəyyən edə bilərdi. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları dəqiq aydınlaşdırmamış və təqdim olunan sənədləri nəzərə almamışdır. Yekun qərarın qəbul edilməsi zamanı Qusar Rayon Məhkəməsi tərəflərin təqdim etdiyi sübutlara əsaslandığını bildirmiş, lakin Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə Quba rayonunun Vladimirovka kəndi ərazisində ekskavatorla qazıntı işləri aparılan zaman İddiaçı MMC Xətt Təsərrüfatına Xidmət Şöbəsinin (əvvəlki X1 Qovşağı) balansında olan FO-24 markalı rabitə kabelinin qırması faktını və hadisənin baş verdiyi torpaq sahəsinin məhz ona deyil, onun ailə üzvlərinə aid pay torpağı olduğunu nəzərə almamışdır. Məhkəmə iddiaçıya məlum olmayan səbəblərdən yalnız zərər vurmuş cavabdeh şəxsin fikir və mülahizələrinə əsaslanaraq nizamnamə kapitalı yüz faiz dövlətə məxsus olan təşkilatın əlmakına vurulmuş zərərin tələbinə dair iddia ərizəsini rədd etmişdir. Qeyd olunan hadisə ilə bağlı zədələnmə hadisəsi baş verən ərazinin fotoşəkilləri mövcuddur. Qeyd olunan fotoşəkillər zədələnmə hadisəsi baş verən vaxt çəkilmişdir (həmin sübutlar şikayətə əlavə olunur). Birinci instansiya məhkəməsi yekun olaraq qətnamədə cavabdehin verdiyi ifadəyə əsaslanaraq, iş üzrə cavabdehin imzası və iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli Aktı nəzərə almayaraq qərar qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, İddiaçı MMC Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-38/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı əvvəla qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Apellyator şikayətini iddia tələbi ilə eyni məzmunda əsaslandırmış, tələbini təsdiq edən sübutları nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiya məhkəməsində təqdim etməmişdir. İddiaçının iddia tələbinində əmlakına vurulmuş zərərin əvəzi olaraq 1020,60 manat məbləğində pulun tutulması ilə bağlı isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi, işin hallarından müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin mülkiyyətində olan Quba rayonu Vladimirovka kəndində yerləşən torpaq sahəsində yeraltı kabel xəttini yerləşdirmişdir. Həmin kabelin yerləşdirilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehin qabaqcadan hər hansı məlumatlandırılması və ya razılığın alınması məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Cavabdeh özünə məxsus torpaq qazıntı işlər aparakən qeyd olunan kabeli zədələmişdir. Kollegiya hesab edir ki, işin hallarından iddiaçıya zərərin vurulmasına gətirib çıxaran hərəkətin mövcudluğu öz təsdiqini tapsa da, deliktin əsas əlamətlərində biri olan cavabdehin hərəkətində təqsiri sübut olunmamışdır. Belə olan halda isə iddia təmin oluna bilməz. Belə ki, Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətlərinin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından sadalanan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmlakına dair iddiasının tam təmin edilməsi üçün əsaslı şübhələrdən kənar sübutlar kifayət deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədə göstərilən qaydada iddianı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı). Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)- 38/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-38/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar