Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1429/2021 02.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Heydər Əliyev adına X4rşı mülkiyyətə yaradılmış maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 2(012)-2731/2019 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin 23 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın təmin edilməsi, İddiaçı mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0.06 ha ölçüdə torpaq sahəsində tikinti işlərinin aparılmasına cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Heydər Əliyev adına Neft Emalı zavodu tərəfindən maneələrın aradan qaldırılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.G.Rəhimov, G.F.Tağızadə, T.O.Quliyev) apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron rayon məhkəməsinin 23 iyul 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər A.Abbasov (sədrlik edən və məruzəçi), E.Vəliyeva və E.Şamayev) kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona mülkiyyət hüququ ilə mənsub olan torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilməsi, tikinti işlərinin aparılmasına qarşı hər hansı maneənin törədilməsinin cavabdehə qadağan edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi və əlavə cavabdehin cəlb edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Heydər Əliyev adına Neft Emalı zavodunu da cavabdeh kimi cəlb edilməsini və ona mülkiyyət hüququ ilə mənsub olan torpaq sahəsində tikinti işlərinin aparılmasına cavabdehlər tərəfindən maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin aparılmasına razılıq verilməsini xahiş etmişdir. Dövlət Neft Şirkəti tərəfindən müraciətinə 29 aprel 2019-cu il tarixdə göndərilmiş cavabla sözügedən torpaq sahəsində hüquqi rejimli mühafizə sahələrinin yaradılması əsas gətirilərək tikinti aparılması qadağan edilmişdir. Göstərilən torpaq sahəsinə mülkiyyət hüququ tanınan zaman torpaq sahəsi əslində qeyd olunan neft boru kəmərlərindən 50 metr məsafədə olmuş, sonradan Dövlət Neft Şirkəti tərəfindən ərazidə aparılan konstruksiya tədbirləri ilə əlaqədar həmin ərazidən yeni neft boru kəmərləri istifadəyə verilmiş, beləcə məsafə yaxınlaşmışdır. Belə ki, 26 aprel 2011-ci il və 28 dekabr 2011-ci il tarixdə Bakı Neft Emalı Zavodu tərəfindən neft boru kəmərlərinin istismara buraxılması ilə qeyd olunan məsafə azalmış, bunun məntiqi nəticəsi olaraq mülkiyyət hüququ kobud surətdə pozulmuşdur. Məhz sözügedən neft kəmərlərinin istifadəyə verilməsi ilə o, mülkiyyətində olan əmlakla bağlı sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmir. Beləliklə, Dövlət Neft Şirkəti tərəfindən əlavə konstruksiya işlərinin aprılması, yeni neft boru kəmərlərinin istifadəyə verilməsi nəticəsində məsafə 50 metrdən aşağı düşmüşdür ki, bu da onun mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin aparılmasına süni surətdə qadağanın qoyulmasına gətirib çıxarmışdır. Ona mənsub olan torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin 2008-ci il tarixdən mövcud olmasına baxmayaraq, tikinti işlərinin aparılmasına cavabdehlər tərəfindən maneəçilik törədilir ki, bu da son nəticədə onun öz mülkiyyətindən sərbəst istifadə etmək hüququnun pozulması ilə nəticələnir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Abşeron rayon məhkəməsinin 23 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mülki iş üzrə qərar qəbul edən zaman qeyd olunan boru kəmərlərinin iddiaçının özünün və ailə üzvlərinin həyatı üçün təhlükəli olduğunu nəzərə almamışdır. Mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadan hazırkı mülki iş üzrə düzgün hüquqi qiymət verilməmişdir. Neft və qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorunmaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə neft və qaz təchizatında təhlükəsizlik zonası və təhlükəsizlik tədbirləri qaydalarına uyğun olaraq həmin zonada tikinti və sair işlərin aparılması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 02 noyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndinin 1-ci hissəsinə görə ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq, zədələnmə ehtimalınını qarşısının alınmasını təmin etmək məqsədilə borunun marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədə mühafizə zonası müəyyən edilir. Bundan əlavə, “Texniki təhlükəsizlik haqqında” Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 10 may tarixli, 94 nömrəli Qərarına əsasən neft hasılatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına daxil edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh Heydər Əliyev adına X6 məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehlərin İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0.06 ha ölçüdə torpaq sahəsinə dair müdaxilənin iddiaçının mülkiyyət hüququnun pozulması ilə əsaslandırmışdır. Bu nəticəni apellyasiya instansiya məhkəməsi qüvvədə saxlamış, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdehlər qətnamədən kassasiya şikayəti vermişlər. İşə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxiləsi halı müəyyən edilmədiyi, məhkəmənin iddia tələbinə Abşeron rayon İcra Hakimiyyəti Başçısının 13 oktyabr 2008-ci il tarixli, 1141 saylı sərəncamı baxımından qiymət verilmədiyini, qeyd olunan sərəncamı məhkəmə araşdırmasından kənarda qoyduğunu və şərh olunan pozuntular aradan qaldırılmaqla, tərəflərin hüquq münasibətinə bu işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul edilməsi ilə əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (M.Hüseynovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 04 mart 2015-ci il tarixli qərarı). İşdən görünür ki, iddia tələbi iddiaçıya mülkiyyətində torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilməsi və bu işlərin aparılmasına maneənin törədilməsinin cavabdehə qadağan edilməsi barədədir. Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İşdən həmçinin müəyyən olunur ki, İddiaçı Abşeron rayon İcra Hakimiyyəti başçısının 13.10.2008-ci il tarixli 1141 saylı sərəncamı ilə ona məxsus torpaqda fərdi yaşayış evinin tikintisinə icazə verilmiş və həmin sərəncamda iddiaçıya bir neçə, o cümlədən tikinti nəzərdə tutulan ərazi rayonun müvafiq təşkilatları ilə razılaşdırılması tapşırılmışdır. İşdə olan cavabdehin nümayəndəsinin yazılı etirazından görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi X5 10 №li sahəyə neft məhsulu nəql edən neft boru kəmərinin 26,5-31 metrliyində mühafizə zonası daxilində yerləşir. Həmin ərazidən neft boru kəməri ilə paralel zavoda məxsus reaktiv mühərrik yanacağı və dizel neft boru kəmərləri keçir. Məhkəmə Ekspertiza Mərkəzinin 30.04.2020-ci il tarixli 10/166 saylı rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə yerüstü neft boru kəmərinin faktiki olaraq ara məsafəsi 30.5 metr təşkil edir. “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarının 4.1-ci bəndində göstərilən 50.0 metrlik zonasına düşdüyü müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsinin mühəndisi Azər Əhmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 02 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin mühafizə zonasının müəyyənləşdirilməsi qaydaları”nın 4.1 yarımbəndində istismar olunan ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə ixrac neft boru kəmərlərinin mühafizə zonası marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılması, kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılması göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsinin mühəndisi Azər Əhmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Abşeron RİH Başçısının 13.10.2008-ci il tarixli, 1141 saylı sərəncamı ilə Xırdalan bələdiyyəsinin 28.06.2006-cı il tarixli, 173 saylı sərəncamı ilə ayrılmış Xırdalan şəhərindəki 0,06 ha torpaq sahəsində fərdi yaşayış evi olmadığından sualın cavablandırılması mümkün olmamışdır. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər (Mülki Məcəllənin 240.1. maddəsi). Göründüyü kimi iddiaçı tikinti işlərinin aparılmasını arzuladığı torpaq sahəsi ilə yerüstü neft boru kəmərinin faktiki olaraq ara məsafəsi 30,5 metr təşkil edir, yəni Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarın 4.1. bəndində göstərilən 50.0 metrlik mühafizə zonasına düşür. Bununla yanaşı məhkəmə həmçinin qeyd edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə cavabdehllərin müdaxiləsi (tikinti işlərinin aparılmasına qarşı hər hansı maneənin törədilməsi) halı müəyyən edilmir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş 26 iyul 2007-ci il tarixli qərarında insan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiyanın araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non, neganti incumbiti probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qeyd etdiyi halları təsdiq edəcək hər hansı bir tutarlı sübut təqdim edə bilmədiyindən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Heydər Əliyev adına X4rşı iddia tələbi təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Beləliklə, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin apellyasiya şikayəti təmin edilsin. Abşeron rayon məhkəməsinin 23 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Heydər Əliyev adına X4rşı mülkiyyətə yaradılmış maneənin aradan qaldırılmasına dair iddia tələbi rədd edilsin. İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1429/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1429/2021
02.06.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver