Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1429/2025 24.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-2132/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış BPM**********88 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borcverən borcalana 48 ay müddətində 8500 manat məbləğində kreditdən istifadəyə görə illik 23 faiz ödəmək şərtilə kredit verməyi öhdəsinə götürmüşdür.
2. BPM**********88 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, həmin kredit müqaviləsi üzrə ödənişlərin icra edilməsi müddəti 29 aprel 2023-cü il tarixdən 29 mart 2027-ci il tarixədək müəyyənləşdirilmişdir.
3. AZ-İİ 318294 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2023-cü ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü ildə 702 nömrə ilə qeyd edilmişdir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 2460 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş X4 adına xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmışdır. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun mirası qəbul etmiş vərəsələridir. Vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.
5. 27.01.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehlərə X1nın banka olan 8250,92 manat məbləğində əsas borcunu və bu borca görə müvafiq olaraq hesablanmış faiz məbləğini 3 gün müddətində banka ödənilməsi tələb edilmiş, əks halda tərəfindən borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
6. İddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş maliyyə arayışında qeyd olunmuşdur ki, X4 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 8250,92 manat əsas borc, 0,01 manat faiz borcu, cəmi 8250,93 manat borcu vardır.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mərhum X3 pensiya işi üzrə alınmamış məbləği aşkar edilməmişdir.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, X4 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin 8250,92 manat əsas borcu, vəfat etdiyi tarixə 0,01 faiz borcu olmaqla, cəmi 8250,93 manat borc borc, ödənilmiş 102,51 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin yeni Sumqayıt filialı ilə X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********88 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən X5 48 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə hesablanmaqla, 8500 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X4 adına xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmışdır. X4 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, X4 banka ödənilməmiş 8250,92 manat əsas borcu, vəfat etdiyi tarixə 0,01 faiz borcu olmaqla, cəmi 8250,93 manat borcu qalmışdır. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 102,51 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.
11. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh3 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir.
13. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh2 izahatında bildirmişdir ki, anası xəstə idi. Müalicə məqsədi ilə bankdan kredit götürmüşdür. Kredit götürdükdən 2 ay sonra, 2023-cü ilin may ayında vəfat etmişdir. Mərhum anasından onlara miras qalmamışdır. 4 uşağı var və gecəqonduda yaşayır. Dövlət tərəfindən ona köməklik göstərilir. Anası vəfat edəndən dərhal sonra ölüm haqqında şəhadətnaməni banka təqdim etmişdir. Anası sağ olan zaman 272 manat ödəniş edilmişdir. Sosial Müdafiə Fondundan onlarla əlaqə saxlanılaraq anasına məxsus olan alınmamış pensiya məbləği olduğunu bildirmişdirlər. Həmin məbləğ barədə məlumat verilməmişdir. Məbləği əldə etmək üçün “ASAN xidmət” mərkəzinə yaxınlaşmışdır. Orada pul vəsaitini əldə etmək üçün vərəsə olmadığını bildirmişdirlər. Bunun üçün vərəsəliyi qəbul etmişdirlər. İddiaçı tərəfindən şirnikləndirilmiş, mirası qəbul etməyə sövq edilmişdir. Mərhum anasının alınmamış pensiya vəsaiti və əmlakı yoxdur.
14. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh1 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir.
15. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2132/2025 nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki işdə də cavabdeh tərəfindən məhkəməyə daşınmaz əmlakın dövlət reyestrindən arayış təqdim edilmişdir. Hansı ki, həmin arayışda mərhumun adına hər hansı bir əmlakın olmadığı öz əksini tapmışdır. Bundan başqa Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının 16 avqust 2023-cü il tarixli məktubunda da P.Ə.Hüseynəliyevanın heç bir növ sosial müavinət, təqaüd və pensiya alan şəxs kimi qeydiyyatda olmadığı qeyd edilmişdir. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, mərhumun adına hər hansı bir əmlak olmadığından onun vərəsələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə də verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər mərhum analarının adına hər hansı bir əmlakın olmadığını sübuta yetirə bilmişlər.
17. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 425.1, 442, 443.1, 448.1, 739, 1133.1, 1133.2, 1151.1, 1307, 1309-cu, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 119.1, 218.3-cü maddələrinin və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 04 iyun 2018-ci il tarixli qərarının tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2132/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 "xxxx" ASCnin xeyrinə 8250.92 manat əsas borcu, vəfat etdiyi tarixə 0.01 faiz borcu olmaqla, cəmi 8250.93 manat borc və ödənilmiş 102.51 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Hazırki icraat zamanı isə birinci instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuş olmuşdur. Qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən vərəsələr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 miras əmlakdan tam hissədə pay almışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 miras əmlakını yəni miras qoyanının aktivlərini tam həcmdə qəbul edərək, miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə, miras əmlakını tam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi öz üzərinə götürmüşdür. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki işdə isə cavabdeh qəbul etdiyi miras əmlakının borc məbləğindən az olmasını sübuta yetirməli idi. Lakin birinci instansiyası məhkəməsi qeyd edilən halları araşdırmamışdır. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, X4 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müəyyən edilmişdir. Məhkəmə vərəsənin qəbul etdiyi miras kütləsini müəyyən etməmişdir. Belə ki, cavabdehlər miras kütləsinin əhatəsinin müəyyən edilməməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişlər. Bu isə mülki və mülkiprosessual qanunvericiliyin kobud pozulmasıdır. Eyni zamanda məhkəmə Mülki 1307-ci maddəsini nəzərə almamışdır. Belə ki, MM-in 1307-ci maddəsinin tələbinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Göründüyü kimi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə mirasın qəbul edilməsi üçün ərizə ilə müraciət etmiş və həmin ərizə əsasında vərəsəlik işi açılaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla da cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mirası qəbul etmişdir. Lakin vərəsəlik haqqında şəhadətnamə mirasın notarius tərəfindən siyahıya alınması demək deyil. Ona görə də vərəsə vərəsəlik haqqında şəhadətnamədə göstərilən miras əmlakdan başqa miras əmlak qəbul etmədiyini sübut etmək vəzifəsi daşıyır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən miras qoyanın borcunun mirasdan çox olduğu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi qətnamədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışına əsasən, X4 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilmədiyini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubuna əsasən isə, mərhum X3 pensiya işi üzrə alınmamış məbləği aşkar edilmədiyini qeyd etsə də, sübut olaraq təqdim etməmiş və elektron kabinetə yerləşdirməmişdir. Həmçinin mərhum X6 və onun vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatdadırlar və cavabdehlər əmlakın kimə məxsus olması barədə də heç bir sübut təqdim etməyərək, şifahi şəkildə gecəqonduda yaşadığlarını iddia etmişdirlər. Əlavə olaraqda bildirir ki, cavabdehlərin 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə mirasın qəbul edilməsi üçün müraciət ərizələrində miras əmlak olaraq pul qəbul etdiklərini təsdiq etmişdirlər. Lakin həmin pul məbləğinin həcmi barədə rəsmi sübut cavabdehlər tərəfindən məhkəməyə təqdim olunmamışdır. Qeyd edilən pul məbləğinin fiziki şəxslərdən alınan borc məbləğinin olması və ya olmaması barədə də sübut məhkəməyə təqdim edilməmişdir. 1-ci instansiya məhkəməsi prosessual hüquq normalarını pozaraq öz mülahizəsinə əsasən iddianı təmin etməmişdir. Hesab edirlər ki, qətnamə əsassızdır. Məhkəmə tərəfindən miras qoyanın borcunun mirasdan çox olması araşdırmadan və sübut olmadan mülki iş üzrə qətnamə qəbul etmişdir. Belə ki, MM-nin 1307-ci maddəsinin tələbinə əsasən vərəsə tərəfindən miras qoyanın borclarının mirasdan çox olduğunu vərəsə sübut edilməli olduğundan və bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilmədiyindən iddia tam təmin edilməlidir. Yuxarda qeyd edilən hüquq normalarından da görünür ki, vərəsələr miras qoyanın borclarını kreditor qarşısında miras aktivi həddində ödəməyə borcludur. Həmçinin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsi vərəsələrin üzərinə qoyulmuşdur. Nəticədə, iddia ərizəsində göstərilən borc tələbi cavabdehlərdən tam tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Lakin məhkəmə qeyd edilən halları, nəzərə almadan, qanunsuz yekun məhkəmə qərarı qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.
22. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
23. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
24. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
25. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)
27. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)
28. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)
29. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
30. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
31.Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
32.Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir
33. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti və kreditorların təmin edilməsi zamanı sübutetmə yükü 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. 1306.4. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. 1306.5. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.
“Notariat haqqında”Azərbaycan Respublikasının Qanunu:
34. Miras əmlakın siyahıya alınması və saxlanılmaq üçün verilməsi Notariat orqanı mirasın qorunması üçün mirası siyahıya ala bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
36. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
37. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)
39. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
41. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
42. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Belə ki, işin hallarından müəyyən olunur ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış BPM**********88 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən borcverən borcalana 48 ay müddətində 8500 manat məbləğində kreditdən istifadəyə görə illik 23 faiz ödəmək şərtilə kredit verməyi öhdəsinə götürmüşdür.
46. AZ-İİ 318294 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2023-cü ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü ildə 702 nömrə ilə qeyd edilmişdir.
47. Mülki Məcəllənin 1306.4-cü maddəsinə əsasən, mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.
48. Həmin Məcəllənin 1306.5-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.
49. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mərhum X3 pensiya işi üzrə alınmamış məbləği aşkar edilməmişdir. O, heç bir növ sosial müavinət, təqaüd və kompensasiya alan şəxs kimi qeydiyyatda olmamışdır.
50. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, X4 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. 51 İş materiallarında oloan 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 2460 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş X4 adına xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmışdır. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun mirası qəbul etmiş vərəsələridir. Vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.
52. Məhkəmə tərəfindən həmin məktubda Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mirası qəbul etmiş vərəsələr olduğu halda onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməməsinin səbəbi və qəbul edilmiş miras əmlakın nədən ibarət olması barədə 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə sorğu göndərmiş və Notariat Ofisi xx.xx.2025-ci il tarixli, 2200 nömrəli məktubunda qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə ölmüş X4 adına xx.xx.2023-cü ildə 8V-220 reyestr nömrəli vərəsəlik işi açılmışdır. Vərəsəlik işi çərçivəsində hazırki tarixədək X2 hər hansı miras əmlakın qaldığı müəyyən edilmədiyi üçün vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır.
53. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla mərhum X2 (borclu) vərəsələri olan cavabdehlərə hər hansı miras əmlakın qaldığı müəyyən olunmadı.
54. Məhkəmə iclasında həmçinin cavabdeh tərəfin izahatı ilə müəyyən olundu ki, mərhum tərəfindən götürülmüş krediti öz xəstəliyinə görə aldığı müalicələrə sərf etmişdir.
55. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumatlardan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X4 diaqnozu: “İnsulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İİ tip ağır forma, dekompensasiya mərhələsi. Aşağı ətrafların diabetik neyropatiyası İİ mər. Diabetik nefropatiya İİ mər. OU Diabetik retinopatiya. Hər iki aşağı ətrafın diabetik angiopatiyası Xroniki işemiya. Asteno nevrotik sindrom Ürəyin hipertenziv xəstəliyi, Arterial hipertenziya İİİ dər. Əlavə risk İİİ Dəmir defisitli anemiya” olmuşdur.
56. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə mövcud apellyasiya şikayəti əsasında məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-2132/2025 nömrəli dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.