Məhkəmə qərarları › İş №2(105)-143/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-143/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-143/2021 08.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər X1 və X2 ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X4, Cavabdehin nümayəndəsi və vəkili: X3 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddianın təmin edilməsi, 12.2269,48 manat əsas borc, 9292,94 manat faiz borcu, 10.354,51 manat cərimə, 1986,88 manat Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 143.903 (yüz qırx üç min doqquz yüz üç) manat 81 (səksən bir) qəpik məbləğində və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 122.269,48 manat əsas, 9.292.94 manat faiz borcu, 10.354.51 manat cərimə, 1986,88 manat Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli 133 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə 7% ödəmək şərtilə 200.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Hazırda cavabdehin 122.269,48 manat əsas borc, 9292,94 manat faiz borcu, 10.354,51 manat cərimə, 1986,88 manat Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu mövcuddur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə aidiyyət qaydalarını pozmuşdur. Fərdi sahibkarla hüquqi şəxsin mübahisəsinə inzibati-İqtisadi Məhkəmədə baxılmalıdır. Bank tərəfindən əsas və faiz borcları şişirdilmişdir. Onun tərəfindən ödənişlər nəzərə alınmamışdır. Məhkəmə tərəfindən heç bir ekspertiza keçirilmədən qətnamə qəbul edilmişdir. Onun iddiaçıya cəmi 95.492 manat məbləğində borcu qalmışdır. Həmin borcu hissə-hissə, ayda 100 manat ödəyə biləcəyini bildirmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi N.K.Nağıyev apellyasiya şikayətini müdafiə etdi, ona oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi X.K.Əliyev apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, tərəflər arasında kredit müqaviləsinin olmasına və cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarına əlavə edilmiş LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 133 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 7% olmaqla 200.000 manat məbləğində kredit verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, cavabdehin Banka xx xxxxxx 2019-cu il tarixinə əsas borcu 122.269.48 manat, 9292,94 manat faiz borcu, 10.354,51 manat cərimə, 1986,88 manat Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 143.903,81 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən,öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi,o cümlədən icranın gecikdirdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Cavabdeh tərəfindən götürülmüş kreditin miqdarını, hesablanmış cərimənin miqdarını müqayisə edərək, məhkəmə kollegiyası hesab edir ki, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası cavabdehin maddi durumunun nəzərə alaraq, hesab edir ki, cərimə borcu 1000 manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Bundan əlavə olaraq cavabdehin məhkəmə tərəfindən əsas və faiz borcunun düzgün müəyyən edilməməsi barədə gətirdiyi dəlilə qiymət verərək, məhkəmə kollegiyası həmin dəlili faiz hissəsində əsaslı hesab edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 9/5112 saylı rəyindən görünür ki, xx xxxxxx 2014-cü il tarixli 133 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixədək banka olan əsas borc üzrə 140.939,56 manat, faiz borcu 575,50 manat təşkil edir. Məhkəmə prosesi zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verdikdən sonra və qətnamə qəbul edilənədək Cavabdeh tərəfindən borcun ödənilməsi davam edilmişdir. Bununla əlaqədar olaraq cavabdehin xx xxxxxx 2019-cu il tarixə əsas borc 117.971,77 manat, faiz borcu üzrə 0,00 manat təşkil edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə cavabdehdən əsas və faiz borcunun iddiaçının tələb etdiyi məbləğdə tutulması düzgün hesab etmir, belə ki, iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu ekspertiza rəyi ilə öz əksini tapmamışdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası cavabdehin iş üzrə borcun hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsi barədə gətirdiyi dəlilə qiymət verərək hesab edir ki, həmin məsələ qətnamənin icra zamanı öz həllini tapa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, apellyasiya şikayəti təmin qismən edilməli və hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.3-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə xx xxxxxxx 2019-cu il tarixli 2(060)- 8548/2019 saylı qətnaməsi dəyişdirilsin. 117.971 (yüz on yeddi min doqquz yüz yetmiş bir) manat 77 (yetmiş yeddi) qəpik borc, 1000 (min) manat cərimə, 1986,88 manat Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 120.958 (yüz iyirmi min doqquz yüz əlli səkkiz) manat 65 (altmış beş) qəpik məbləğində və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh keçirilmiş ekspertizanın dəyəri 100 (yüz) manat tutulub Məhkəmə Ekspertizanın Mərkəzinin AZ34 JTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar