Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1430/2021 15.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil İsa oğlunun iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2(027)-2085/2019 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2(027)-2085/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rahim Həsənov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia qismən edilmiş, Cavabdeh 54500 manat və 500 avro məbləğində pulun (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli, 2(105)-2089/2020 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 2(027)-2085/2019 saylı, 26 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Cavabdeh apellyasiya şikayəti təmin olunmamışdır. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(102)-1580/2021 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2089/2020 nömrəli iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 265000 manat məbləğində pulun və 8 il ərzində vurulmuş ziyanın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, 2011-ci ildə o, heyvandarlıqla məşğul olmaq istəmiş, torpaq alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıdığı Quba rayonu, Digah kənd sakini Cavabdeh inanaraq 750 baş ana qoyun və içərisində bir neçə erkək olmaqla, xırda buynuzlu heyvan almaq istədiyini bildirmişdir. Cavabdeh bir neçə yerdə xırda buynuzlu heyvan satan tanışları olduğunu demiş, alacağı xırda buynuzlu heyvanları dostunun fermasında saxlamağı təklif etmiş, sonradan yeni ferma alaraq həmin heyvanları ora yerləşdirməyi məsləhət görmüşdür. Cavabdeh dediyinə görə ailəliklə heyvandarlıqla məşğul olur, hazırda 50-60 baş xırda buynuzlu heyvanlarını Şabran rayonunda yerləşən dostunun fermasında saxlayır. 2011-ci ilin noyabr ayında Cavabdeh ona zəng edərək 450 baş sağlam xırda buynuzlu heyvan (ana qoyun) tapdığını, qoyunları almaq üçün 55000 manat pul lazım olduğunu demişdir. O, qohumu X4 vasitəsilə 55000 manat pulu Cavabdeh göndərmişdir. Cavabdeh həmin pulla 450 baş xırda buynuzlu heyvan (ana qoyun) alıb dostunun Şabran rayonundakı fermasında yerləşdirdiyini bildirmiş, təxminən bir neçə gündən sonra yenidən 450 baş sağlam xırda buynuzlu heyvan (ana qoyun) aldığını və dostunun Şabran rayonundakı fermasında yerləşdirdiyini bildirmişdir. Bir neçə gündən sonra Cavabdeh yenidən ona zəng edərək 300 baş sağlam xırda buynuzlu heyvan (ana qoyun) satıldığını və bu qoyunların alınması üçün 50000 manat pul lazım olduğunu bildirmişdir. O da qohumu X5 maşını ilə Quba şəhərinə getmiş, 50000 manat pulu Qəçrəş yolunda evin qabağında 300 baş sağlam xırda buynuzlu heyvan (ana qoyun) almaq üçün Cavabdeh vermişlər. Bir gündən sonra Cavabdeh zəng vuraraq 300 baş sağlam xırda buynuzlu heyvan (ana qoyun) aldığını və dostunun Şabran rayonundakı fermasında yerləşdirdiyini demişdir. 2011-ci ilin dekabr ayında Cavabdeh ona zəng edərək 750 baş sağlam xırda buynuzlu heyvanın (ana qoyun) saxlanması üçün yem, icarə haqqı, çobanların əmək haqqı, dərman pulu, həkim pulu, fermaya gediş gəliş üçün maşın, benzin pulu və digər xərclər üçün 25000 manat pul lazım olduğunu bildirmişdir. O da Quba şəhərinə gələrək Nizami parkı yaxınlığında 25000 manat pulu Cavabdeh vermişdir. 2012-ci ilin mart-aprel aylarında o, heyvanları görmək istədiyini dedikdə, Cavabdeh 1-2 aya həmin heyvanların Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən yaylaqlara gətirəcəyini, həmin vaxt yaylağa gəlməyini demişdir. 2012-ci ilin iyun ayında o, sürücü X3 və Cavabdehlə yaylağa gedib heyvanlara baxmışdır. Cavabdehlə razılaşmaya görə 750 baş sağlam xırda buynuzlu heyvanın (ana qoyundan) hər birindən ildə ona 1 baş quzu verməli idi. 2013-cü ilin may ayında qoyunların olduğu Siyəzən rayonunun ərazisində yerləşən Xıdırzında ziyarətgahının arxasında olan fermalara getmişlər. O, Cavabdeh quzuları və ya pulları istədikdə, 2012-ci ildə qışın sərt keçməsi ilə əlaqədar quzular arıq olduğundan payızda sataraq pullarını ona verəcəyini bildirmiş, lakin o, quzuları gördüyü üçün Cavabdeh onu aldatdığını başa düşmüşdür. O, pullarını tələb etdikdə Cavabdeh Sumqayıtda yaşayan Tofiq adlı şəxsdən Xızı rayonu ərazisində yerləşən ferma və qışlaq sahələrini, Quba rayonu Qırız-Dəhnə kəndində yerləşən yaylaq sahələrini 160000 manata, Siyəzən rayonu ərazisində yerləşən Xıdırzında ziyarətgahının arxasında olan fermaları və qışlaq sahələrini 60000 manata aldığı üçün hazırda ona pul verə bilməyəcəyini demişdir. Aldadıldığını başa düşdüyü üçün o, Quba rayon prokurorluğuna və Quba rayon Polis şöbəsinə şikayət edərək, Cavabdeh onu aldadaraq aldığı 130000 manat pulu və ya sağlam xırda buynuzlu heyvanları (ana qoyun və quzuları) ona verməsini tələb etmişdir. Araşdırma zamanı Cavabdeh pulları hissə-hissə ödəyəcəyini bildirmiş, lakin bu günə qədər pulları ödəməmişdir. 2011-ci ilin noyabr ayına qədər Cavabdeh Quba rayonunun Digah kəndinin ərazisində yerləşən 25 hektar torpaq sahəsini ona satması ilə əlaqədar 90000 manat, əlavə 15 hektar torpaq sahəsini ona satmaq üçün ondan 45000 manat pul almışdır. Lakin bu günə qədər Cavabdeh həmin torpaqları özü əkib becərərək istifadə edir. Torpaq sahələrini almaq üçün verdiyi pulları Cavabdeh nə geri qaytarmamış, nə də torpaqları adına sənədləşdirməmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddia ərizəsindən də göründüyü kimi, tələb üzrə 3 illik iddia müddəti ötürülmüşdür. Belə ki, mübahisə olunan hadisələr 2011-ci ildə baş vermiş, həmin vaxt nəinki İddiaçı, əksinə, o özü ziyana düşmüş, evini sataraq banklardan kredit alıb İddiaçı əməlləri nəticəsində düşdüyü ziyana görə başqa şəxslərə olan borcunu qaytarmışdır. Mübahisədən 9 il müddət keçmişdir. O, dəftərxana vasitəsi ilə iddia müddətinin keçməsi barədə məhkəməyə ərizə göndərmiş, lakin məhkəmə iddia müddətinin keçməsinə baxmayaraq iddianı rədd etməmiş, iddia müddətini tətbiq etməmişdir. Bundan başqa, məhkəmə iclasında onun iddianı etiraf etməsi göstərilmişdir. Halbuki, iddianın etiraf edilməsi məhkəmə iclasında ərizə ilə və ya iclas protokoluna onun tərəfindən edilən imza ilə təsdiq oluna bilər. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə almamış və iş materiallarına əlavə etməmişdir. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh və nümayəndəsi Vəkil İsa oğlu apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verərək üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissədə təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. İddiaçı nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Cavabdeh tərəfindən 05.03.2014-cü il tarixdə verilmiş iltizamdan görünür ki, İddiaçı umumilikdə aldığı 54500 manat və 500 Avro məbləğində pulu 02 iyun 2014-cü il tarixdə qaytaracağını öhdəsinə götürmüşdür. İş materiallarında olan Quba rayon prokurorluğunun 57ş-14 nömrəli materialından görünür ki, İddiaçı müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı Cavabdeh izahatında xırda buynuzlu heyvan alınması üçün İddiaçı 54500 manat və 500 avro məbləğində pul almasını etiraf etmişdir. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi apellyasiya qaydasında yenidən baxılmağa göndərərkən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasına istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MM-nin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsini 24 sentyabr 2019-cu il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi tərəflərin məhkəməyə gəlməmələri əsası ilə baxılmamış saxlanılmışdır. Elə həmin gün, yəni 24 sentyabr 2019-cu il tarixdə məhkəməyə Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsi daxil olmuş və ərizə işə əlavə edilmişdir. 30 oktyabr 2019-cu il tarixdə İddiaçı 24 sentyabr 2019-cu il tarixli iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsi və işin baxılmağa təyin olunması barədə məhkəməyə ərizə ilə müraciət etmiş və Quba Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli qərardadı ilə həmin məhkəmənin 24 sentyabr 2019-cu il tarixli qərardadı ləğv edilmiş və iş baxılması üçün 14 noyabr 2019-cu il tarixə təyin edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə qiymət verilməmiş, cavabdehin iddianı qismən etiraf etməsi əsas göstərilməklə iddia etiraf olunan həcmdə qismən təmin edilmişdir. Digər tərəfdən, iş materiallarından görünür ki, tərəflər arasında mübahisəli hüquq münasibəti 2011-ci ildə yaranmış, lakin iddiaçı həmin mübahisənin həlli üçün məhkəmədə 2019-cu ilin avqust ayında, təxminən 8 ildən sonra iddia qaldırmışdır. İşin 20-ci vərəqəsində olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, qanunda müəyyən olunmuş iddia müddətinin keçməsi ilə əlaqədar iddia müddətinin tətbiq olunmasını xahiş etmiş və həmin ərizə məhkəməyə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edildiyi gün daxil olmuşdur. İddianın baxılmamış saxlanılması barədə məhkəmənin qərardadının ləğvindən sonra işə baxılarkən cavabdeh həmin ərizədən imtina etmədiyindən işə baxan məhkəmə iddia müddətinin ötürülübötürülməməsi məsələsini müzakirə etməli idi. İddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın ləğvindən sonra işə baxılarkən cavabdeh tərəfindən yenidən iddia müddətinin tətbiqi barədə ərizənin verilməsinin zəruriliyi qanunda nəzərdə tutulmadığından birinci instansiyası məhkəməsinin bu barədə olan nəticəsi qanuni və əsaslı sayıla bilməz. Qətnamədə cavabdeh tərəfindən iddianın qismən etiraf olunması qeyd olunsa da, cavabdeh bununla razılaşmayaraq iddianı etiraf etməsini inkar etmiş, apellyasiya şikayətində də iddianın etiraf etməsi barədə məhkəmə iclasında ərizə vermədiyini və ya iclas protokolunda da bu halı imzası ilə təsdiq etmədiyini göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İşdən görünür ki, cavabdeh iddianı etiraf etməsi barədə ərizə verməmiş və bu barədə məhkəmə iclas protokoluna imza etməmişdir. Belə olduqda, cavabdeh tərəfindən iddianın qismən etiraf olunması və iddianın həmin həcmdə təmin olunması qanunun tələbinə uyğun olmamışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Cavabdeh tərəfindən pulların 02 iyun 2014-cü il tarixdə qaytaracağına dair 05.03.2014-cü il tarixdə verilmiş iltizamdan 5 ildən artıq müddət keçdikdən sonra İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərinin əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2(027)-2085/2019 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilsin, bu hissədə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1430/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1430/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver