Məhkəmə qərarları › İş №2(105)-1430/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1430/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1430/2023 20.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X10 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-461/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh adından olan əlyazma iltizamdan görünür ki, sonuncu Arzu Mikayilovadan uzun müddətdir ki, 14.000 manat borca pul aldığını və qaytara bilmədiyini, evinin satışda olmasını, evini satan kimi borcu qaytaracağını bildirmiş və iltizama imza edərək, xx.xx.2022 tarixini qoyaraq öz soyad, ad və ata adını yazmışdır.

2. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh 1UAJ6RV000200 nömrəli xx.xx.2019-cu il tarixli Əmək Müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ünvan 1 ünvanında yerləşən “Şirniyyat evi-ndə” qənnadçı şirniyyatçı vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində iş buraxma halları olmamışdır. Sonuncu əmək haqqı 2020-ci ilin mart ayı üçün verilmiş və məlum pandemiya ilə əlaqədar “Şirniyyat evi”-nin işində də fasilə olduğuna görə Cavabdeh xx.xx.2020-ci ildən sonra işləməmişdir.

3. Azercell Telecom MMC-nin xx.xx.2023-cü il tarixli, 7903 saylı məktubundan görünür ki, ***-***-**-** saylı nömrə Azercell şəbəkəsinə məxsus deyildir. ***-***-**-** saylı nömrə xx.xx.2018-ci il tarixdən etibarən Azercell abunəçisidir. ***-***-**-** saylı nömrənin müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Qeyd olunan nömrələr arasında zənglər aşkar edilməmişdir

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona borclu olduğu 14.000 manat pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh onun tanışıdır və yaxın münasibəti olmuşdur. 2020-ci ilin əvvəllərində cavabdeh ona yaxınlaşıb xəstəsi olduğunu, ona təcili 10.000 ABŞ dollar pul lazım olduğunu bildirərək ondan borc pul istəmişdir. Aralarında inam və etibar olduğundan və cavabdehə ev almaq üçün topladığı 14.000 min manat pulu borc vermişdir. Cavabdeh 2020-ci ilin fevral ayında pulu ondan almış və həmin pulun ona verilməsi barədə borc müqaviləsi tərtib etmişdir. Cavabdeh 2021-ci ilin fevral ayında aldığı 14.000 manat borc pulu evini sataraq qaytaracağına söz vermiş və öhdəlik götürmüşdür. Lakin cavabdeh telefon zənglərinə, rəsmi müraciətinə baxmayaraq pulu ödəməkdən yayınmış, onu süründürməçiliyə salmış, sonda isə borclu olduğu pulu ödəməkdən imtina etmişdir.

6. Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, tərəflər arasında faktiki olaraq borc müqaviləsi bağlanmamış yalnız təhdid altına məcburən imzalatdırılan formal bir qəbz vardır. Həmin qəbzə nəzər yetirəndə onun həqiqətə belə uyğun olmaması da aydın görünməkdədir. Qəbzin harada, hansı ünvanda, hansı tarixdə imzalanması bəlli deyil, qəzbdə o da qeyd olunur ki, borcun əvəzinə qızıl və sənəd qirov qoymamışam. Qəbzdə qızıl və sənəd qoymamışam kəlməsinin işlədilməsinə hansı zərurət var idi? Həmin zərurət yalan əqdi pərdələmək məqsədi ilə yanaşı digər həqiqi şifahi əqdə olan münasibətləri qabartmamaq tələbindən irəli gəlmişdir. İddiaçı cavabdehə qəbzdə bu kəlmələri məcburən yazdırtmaqla bir növ özünün ifşa etmişdir. Qəbzdə göstərilən 14.000 manat vəsait uydurmadır, iddiaçı bu məbləğdə pulu cavabdehə verməmiş və cavabdehdə həmin məbləğdə pulu iddiaçıdan almamışdır. Həqiqət də ondan ibarətdir ki, cavabdeh iddiaçının anası, X2 2008-ci ilin fevral ayında ayda 20 faiz ödəmək şərti ilə 2.400 ABŞ dolları sələmə pul almışdır, qarşılığında isə qarant, təminat olaraq cəmi 42 qram çəkisi olan qızıl vermişdir, 30 qram çəkidə Kardinal boyunbağı sep və əlavə olaraq 10 qramlıq Kardinal sep üstündə 2 qramlıq kulon, ümumvətəndaş (xarici) pasportu və sürücülük vəsiqəsi almaqdan ötəri həkim arayışını da vermişdir. Bundan sonra cavabdeh 2008-ci ilin fevral ayından başlayaraq 2011-ci ilin mart ayi daxil olmaqla X4 hər ay 550 manat (100 manatını əsas borcan silmək şərti ilə) faiz ödəmişdir. Ümumilikdə isə cavabdeh iddiaçının anasına 37 ay ərzində (37x550 =20.350) 20.230 manat pul ödəmişdir. 2009-cu ilin dekabr ayında cavabdeh X5 faiz ödəniş etməkdə çətinlik çəkdiyinə görə Zahidə Mirzəxanovanın təkidi ilə onlar "xxxx" ASC-nin Quba filialına gedərək Cülnarə Qədirovaya məxsus olan, lakin Zadidə Mirzəxanovada girovda saxlanılan 42 qram qızılı girov qoyaraq bankdan Zahidə Mirzəxanova 1200 manat kreditə pul götürmüşdür, həmin kreditin ödənişini isə banka Cavabdeh aylar üzrə ödəniş qəbzlərini imzalayaraq krediti bağlamışdır. 2009-cu ilin dekabr 2010-cu ilin yanvar-fevral ayları üzrə həmin 1200 manat kreditin cavabdehin imzası olan qəbzləri bankda saxlanılmaqdadır, kredit bağlanandan sonra zinət əşyaları yenədə Zahidə Mirzəxanovaya qaytarılmış və hal-hazıra kimi də onda qalmaqdadır. Yəni Cavabdeh ilə iddiaçının anası X6 arasında şifahi əqd mövcud olmuş, həmin əqdin İddiaçı heç bir aidiyyəti olmamışdır. 2011-ci ilin aprel ayında cavabdeh işdən çıxarıldıqdan sonra X4 heç bir ödəniş edə bilməmişdir. Bundan sonra X6 cavabdehin üzərinə faiz hesablamağa başlamış və onu təhdid etmişdir. 2015-2016-cı illərdə X6 cavabdehdən 7000 manat faiz tələb etmiş və cavabdeh tərəfindən ödənilən və əsas puldan çıxmalı olan 100 manatı da faiz üstünə faiz hesablayaraq yenə də cavadehi süni olaraq borclu çıxarmış, verilmiş zinət əşyalarını da mənimsəmişdir. Cavabdehin maddi durumunu məhv edən X1 da onun yaşadığı evə göz tikmiş və evin həyətindən torpaq sahəsi istəməyə başlamışdır. Lakin cabadehin yaşadığı ev ata evi olduğundan, ana-atası vəfat edəndən sonra vərəsələr müəyyən edilmədiyindən hal-hazıra kimi vərəsəlik haqqında şəhadətnamə alınmamışdır. Buna baxmayaraq Zahidə Mirzəxanova cavabdehi təhdid etdiyinə görə məcbur olub Bakı şəhərində işə düzəlmiş və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək Bakıda yaşamışdır. Məlum pandemiyadan sonra iş bağlandığı üçün xx.xx.2020-ci tarixdə cavabdeh Quba şəhərinə qayıtmışdır. Yəni iddiaçının məhkəməyə təqdim etdiyi qəbz həqiqəti əks etdirmir, çünki cavabdeh ümumiyyətlə 2020-ci ilin yanvar-mart ayları Qubaya gəlməmiş və nə əvvəl nə 2020-ci ilin fevral ayında nə də daha sonra iddiaçıdan 14.000 manat borc pul almamışdır. Belə olan halda 2020-ci ilin fevral ayında məlum borc qəbzini də cavabdehə verə bilməzdi. Qəbzə dair həqiqətsə ondan ibarətdir ki, iddiaçı anası ilə birlikdə 2022-ci ilin iyul ayının əvvəli cavabdehin evinə gələrək fazi borcunun 14.000 manata yaxınlaşdığını bəyan etmiş və yenədə tələb etmişlər ki, ata evinin həyətindən iki sot torpaq ayırıb onlara versin. Cavabdeh evin vərəsəlik, miras işi həll olunmadığına görə onlara torpaq verilməsinin mümkün olmamasını bildirmişdir. Bir həftədən sonra iddiaçı anası ilə yenə cavabdehin evinə gələrək ümumvətəndaş (xarici) pasportu və sürücülük vəsiqəsi almaqdan ötəri həkim arayışını müddətləri keçdiyindən qaytarmışlar və cavabdehi təhdid edərək məlum qəbzi onlara verilməsinə nail olmuşlar. Yəni qəbz onlara 2022-ci ilin iyul ayında verilib sadəcə iddiaçı və anasının təkidi ilə 2020-ci ilin fevral ayına aid edilmişdir. X6 bildirmişdir ki, o şəkər xəstəsidir və təzyiqdən əziyyət çəkir bu səbəbdən qəbz qızının adına yazılsın ki, bundan sonra qızı, iş üzrə İddiaçı cavabdehdən 14.000 manat faiz borcunu tələb etməkdən ötəri bir əsas olsun. Yəni hazırki iddia tələbi yalan əqd əsasına verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. İddiaçının məhkəməyə təqdim etdiyi əqd 2008-ci ildə iddiaçının anası X6 ilə Cavabdeh arasına olan əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqdir, yəni yalan əqddir. Şərh olunanlara əsaslanaraq İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasını rədd edilməsini xahiş etmişdir.

7. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-461/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. (hakim Vüqar Seyidov)

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verib Quba Rayon Məhkəməsinin 2(027)-461/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə ekspertiza təyin edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:

10. Quba Rayon Məhkəməsinin 2(027)-461/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində hakim məsələyə sübutetmə yükü baxımından yanaşaraq, iddia ərizəsini rədd etmişdir. Lakin o, iddia ərizəsinə cavabdeh tərəfindən imzalanmış iltizamları əlavə etmişdir. Cavabdehin nümayəndəsi də həmin imzanın Cavabdeh aid olmasını etiraf etmişdir. Lakin cavabdeh guya həmin iltizama təhdid altında imzaladığını qeyd edir. Cavabdeh tərəf bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməsələr də, məhkəmə onların müdafiələrini əsaslı sayaraq iddia tələbini təmin etməmişdir. Bundan başqa, imzanın cavabdehə aid olduğunu, lakin iltizamda qeyd olunan rəqəmlərin cavabdeh tərəfindən icra olunmadığını bildirmişdir. Bu zaman mülki işə baxan hakimdən iş üzrə məhkəmə xəttşünaslıq ekspertizasının keçirilməsini tələb etsə də, hakim şifahi vəsatəti qəbul etməmişdir. Ona görə də, hesab edir ki, işə baxılan zaman iş üzrə ekspertiza təyin edilməlidir.

11. Məhkəmə qeyd olunan mülki iş üzrə qərəzli mövqeydən yanaşmışdır. Belə ki, əgər qeyd olunan 14000 rəqəmini o yazsaydı, ekspertizanın keçirilməsini tələb etməzdi. Lakin qarşı tərəf borcun olmaması barədə heç bir sübut təqdim etmədiyi halda, öz təqsirsizliklərini sübuta yetirmədikləri halda hakim iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul etmişdir.

12. Bundan başqa, mübahisələndirdiyi mülki işdən başqa, Quba rayon məhkəməsinin icraatında iddiası əsasında bir mülki iş olmuş, həmin zaman cavabdeh ilk öncə iltizamda qeyd olunan imzanın ona məxsus olmamasını qeyd etmişdir, həmin şəxsdən imza nümunələri alınaraq ekspertiza təyin edilmiş, ekspertiza zamanı iltizamda qeyd olunan imzaların cavabdehə məxus olması müəyyən olunmuşdur. İş məhkəmə icraatına qayıtdıqdan sonra cavabdeh qeyd olunan rəqəmin onun tərəfindən icra olunmadığını qeyd etmiş, hakim ikinci dəfə ekspertiza təyin edərək, iltizamda qeyd olunan rəqəmin cavabdeh tərəfindən icra olunub-olunmadığını mübahisələndirmiş, ekspertiza zamanı iltizamda qeyd olunan rəqəmin cavabdeh tərəfindən icra olunduğu öz təsdiqini tapmış və hakim tərəfindən iddia tələbi tam təmin edilmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə verdiyi etirazla eyni məzmunlu apellyasiya şikayətinə yazılı etiraz vermişdir. Əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsində, məhkəmə baxışı zamanı iddiaçı ziddiyyətli izahat verərək bildirmişdir ki, guya o cavabdehə 2020-ci ilin fevral ayının birinci ongünlüyündə 14 000 manat pul vermişdir, hakimin eləcə də cavabdehin nümayənəsinin suallarına cavab olaraq bildirmişdir ki, cavabdehə 10 000 ABŞ dolları vermişdir, daha sonra isə bildirmişdir ki, 2020ci ilin fevral ayının birinci ongünlüyündə 5 000 ABŞ dolları vermişdir və fevral ayının 20-nə kimi də əlavə 5 000 ABŞ dolları vermişdir. İddiaçının həqiqəti söyləmədiyinə sübut olaraq bildidir ki, iş materiallarında olan Azercell Telecom MMC-nin xx.xx.2023-cü il tarixli, 7903 saylı məktubundan görünür ki, ***-***-**-** saylı nömrə Azercell şəbəkəsinə məxsus deyildir. ***-***-**-** saylı nömrə xx.xx.2018-ci il tarixdən etibarən Azercell abunəçisidir. ***-***-**-** saylı nömrənin müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Qeyd olunan nömrələr arasında zənglər aşkar edilməmişdir. Yəni iddiaçı ilə cavabdeh arasında 2020-ci ilin yanvar fevral aylarında heç bir əlaqə və danışıqlar olmamışdır. Belə olan halda iddiaçının cavabdehə 14 000 manat pul verməsi də qeyri-mümkündur. Şərh olunanlara əsaslanaraq İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-461/2023 saylı qətnaməsinin dəyişmədən saxlanılmasını xahiş etmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

17. Maddə 425.1. Tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir

18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

20. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

26. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Quba Rayon Məhkəməsinin 2(027)- 461/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

30. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia təmin edilməlidir.

32. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi sübutetmə yükünün bölüşdürülməsinə dair özünün də vurğuladığı qaydalara əməl etməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.

33. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

34. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

35. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, o, cavabdehə 14000 manat məbləğində borc vermiş, həmin pulun veriməsi isə cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbz ilə öz təsdiqini tapır. Kollegiya hesab edir ki, nə qədər ki cavabdeh tərəf həmin əlyazmanın özü tərəfindən yazılmasını və imzalanmasını təsdiq edir, həmin halın araşdırılması üçün ekspertizanın keçirilməsi məqsədəmüvafiq deyil.

36. Belə olan halda, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 882.1-ci maddəsi nəzərdən keçirilə bilər; bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə onu irəli sürən şəxsin üzərinə düşür və məhz iddiaçı, iddiasını əsaslandırdığı faktiki halların mövcudluğunu sübuta yetirməlidir.

37. Kollegiya hesab edir ki, iddiaçı mübahisə predmeti olan pul vəsaitin verilməsini sübut edə bilmiş, lakin cavabdeh tərəf həmin pulun qaytarılmasını və ya pulun verilməsini təsdiq edən qəbzin hədə təsiri altında yazılmasını sübuta yetirə bilməmişdir.

38. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. Kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

39. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

40. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

41. X7 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

42. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmişdir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut edə bilməmişdir.

43. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)- 461/2023 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia təmin edilməlidir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-461/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdeh 14000 (on dörd min) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar