Məhkəmə qərarları › İş №2(105)-1431/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1431/2021

22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1431/2021 22.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X4, İddiaçı1 Şirinbal oğlu, Cavabdeh1 nümayəndəsi və vəkili X3 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(060)-7011/2019 saylı qətnaməsindən İddiaçı1 Şirinbal oğlunun verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(060)-7011/2019 saylı qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) İddiaçı1 Şirinbal oğlunun Cavabdeh1 qarşı pul tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh1 118800 manat pul, vəkilə hüquqi yardıma görə ödənilən xərclərə görə 200 manat və 21 manat dövlət rüsumu olmaqla, cəmi 119021 manat pul vəsaitinin tutularaq İddiaçı1 Şirinbal oğluna ödənilməsi qət edilmişdir. İddiaçı1 Şirinbal oğlu və Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 sentyabr 2020-ci il tarixli, 2(105)-1058/2020 saylı qərardadı ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(060)-7011/2019 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi üzrə işin icraatına xitam verilmiş və İddiaçı1 Şirinbal oğlunun apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçı1 Şirinbal oğlu qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2021-ci il tarixli, 2(102)-475/2021 saylı qərarı ilə İddiaçı1 Şirinbal oğlunun kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 sentyabr 2020-ci il tarixli, 2(105)-1058/2020 saylı qərardadı qismən - mənəvi zərərin və pul vəsaitini qanunsuz saxlamaqla əlaqədar faizlərin tutulması tələblərinə aid hissədə ləğv edilmiş, həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması, qərardad qalan hissədə - kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı1 Şirinbal oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 120.000 manat pul vəsaiti olan əsas borcun, mənəvi zərərə görə 5000 manat həcmində pul vəsaitinin, 120000 manat pul vəsaitinin onun dövriyyəsindən çıxarmaqla özündə saxlaması ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə müvafiq olaraq illik beş faizinin, yəni 51200 manat pul vəsaitinin, vəkilə hüquqi yardıma görə ödənilən 500 manat pul vəsaiti və iddia ərizəsinin məhkəməyə təqdim etmək üçün ödənilən 30 manat dövlət rüsumu olmaqla, cəmi 176530 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı1 Şirinbal oğlu verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 22 oktyabr 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 Şirinbal oğlu verdiyi apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2021-ci il tarixli, 2(102)-475/2021 saylı qərarı ilə İddiaçı1 kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 sentyabr 2020-ci il tarixli, 2(105)-1058/2020 saylı qərardadı qismən - mənəvi zərərin və pul vəsaitini qanunsuz saxlamaqla əlaqədar faizlərin tutulması tələblərinə aid hissədə ləğv edilmiş, həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması, qərardad qalan hissədə - kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – mənəvi zərərin və pul vəsaitini qanunsuz saxlamaqla əlaqədar faizlərin tutulması tələblərinə aid hissəsində araşdırılır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməlidir. Belə ki, iş materiallarında olan 11 iyul 2014-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat kontorunda təsdiq edilmiş borc (kredit) müqaviləsinin surətindən görünür ki, İddiaçı1 Cavabdeh1 şəxsi ehtiyaclarını ödəmək məqsədi ilə 1 il müddətinə 130000 manat məbləğində borc pul vermişdir. 23 iyul 2015-ci il tarixli icra qeydinin surətindən görünür ki, Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusu “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən Cavabdeh1 müddət üçün vaxtında ödənilməmiş 130000 manat məbləğində pulun İddiaçı1 xeyrinə tutulması üçün icra qeydi tərtib etmişdir. İddiaçı1 25 sentyabr 2019-cu il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət edərək 23 iyul 2015-ci il tarixli icra qeydi üzrə borclu Cavabdeh1 130000 manat borcdan cəmi 10000 manat ödədiyini bildirərək 23 iyul 2015-ci il tarixli icra qeydinin ona qaytarılmasını xahiş etmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmurunun 21 oktyabr 2019-cu il tarixli qərarının surətindən görünür ki, Sumqayıt şəhər 1 saylı notariat kontorunun notariusunun 23 iyul 2015-ci il tarixli icra qeydi icra edilmədən geri qaytarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 29 oktyabr 2015-ci il tarixli, 2(060)-9867/2015 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər Sumqayıt şəhəri 1 saylı notariat kontoruna və İddiaçı1 qarşı icra qeydinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 29 oktyabr 2015-ci il tarixli, 2(060)-9867/2015 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər Sumqayıt şəhəri 1 saylı notariat kontoruna və İddiaçı1 qarşı icra qeydinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2016-cı il tarixli, 2(105)-565/2016 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 29 oktyabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2016-cı il tarixli, 2(102)-3952/2016 saylı qərarı ilə iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 aprel 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt şəhər 1 saylı notariat ofisinin 19 avqust 2020-ci il tarixli, 655 saylı məktubundan görünür ki, 23 iyul 2015-ci il tarixli icra qeydi qüvvədədir, ləğv edilməmişdir. İş materiallarından görünür ki, 11 iyul 2014-cü il tarixli borc (kredit) müqaviləsi üzrə ödənilməmiş 130000 manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı1 verilməsinə dair Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 23 iyul 2015-ci il tarixli icra qeydi verilmiş, icra qeydi icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İcra qeydinə əsasən Cavabdeh1 tərəfindən İddiaçı1 10000 manat məbləğində pul ödənilmiş, 23 iyul 2015-ci il tarixli icra qeydi İddiaçı1 ərizəsi əsasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmurunun 21 oktyabr 2019-cu il tarixli qərarı ilə icra edilmədən geri qaytarılmışdır. Göstərilən icra qeydi qüvvədədir və ləğv edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası apellyasiya instansiya məhkəməsinin qərardadını qismən ləğv edib, iş yenidən baxılması üçün geri qaytararkən qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin mənəvi zərərin və pul vəsaitini qanunsuz saxlamaqla əlaqədar faizlərin tutulması tələblərinə aid hissədə də icraata xitam verməklə, hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, həmin tələblər tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlsə də, onlarla bağlı hər hansı icra qeydi (icra sənədi) mövcud olmadığından mülki işə həmin hissələrdə istinad olunan əsaslarla xitam verilməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi 120000 manat pul vəsaitinin iddiaçının dövriyyəsindən çıxarmaqla özündə saxlaması ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə müvafiq olaraq illik beş faizinin, yəni 51200 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, məhkəməyə cavabdehin sözügedən məbləği qaytarmayaraq ondan istifadə etməklə müəyyən fayda, gəlir, artım, bəhər və s. əldə etdiyini, yəni həmin məbləğdən faydalandığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Əksinə, iddiaçı özü cavabdehin borcundan hər ay 300 manat olmaqla 4 ay ödəniş etdiyini məhkəmə iclasında etiraf etmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı ərizəsində cavabdehin hərəkətləri nəticəsində mənəvi əzab çəkdiyini və bunun nəticəsində ona 5000 manat məbləğində mənəvi ziyan dəydiyini bildirsə də, ərizəsinə bu halları da təsdiq edən hər hansı sübut əlavə etməmiş və sonradan məhkəməyə təqdim etməmişdir. Ona görə də, 5000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24.12.2014-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, kredit müqaviləsinə əsasən cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və onun bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası İddiaçı1 və Cavabdeh1 arasında bağlanmış 11 iyul 2014-cü il tarixli borc (kredit) müqaviləsinə əsasən Cavabdeh1 11 iyul 2015-ci il tarixdən 31 iyul 2019-cu il tarixədək illik 5 faiz hesablanmaqla faiz borcu nə qədər təşkil etməsi halının dəqiqləşdirilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2021-ci il tarixli, 9/3881 saylı rəyindən görünür ki, Cavabdeh1 mövcud iş materialarına əsasən qalıq borc məbləğinin 120.000 manat məbləğində olduğunu nəzərə alaraq 11 iyul 2015-ci il tarixdən 31 iyul 2019-cu il tarixədək həmin məbləğə illik 5 faiz hesablanmaqla faiz borcunun 24333,33 manat məbləğində olması müəyyən edilmişdir. Cavabdeh tərəf vəsatət verərək İddiaçı1 təqdim etdiyi sübutlar əsasında Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(160)-7011 saylı qətnaməsində borcun 118,800 manat məbləğində olmasını, iddiaçıdan borc pul deyil, «Sevinc» İKF-nı almasını, aralarındakı razılığa görə o, firmanın dövlət mülkiyyətində olan 0,30 ha torpaq sahəsini və firmanın hasarının daxlilində yerləşən bələdiyyə qərarı ilə adına olan 0,3 ha torpaq sahəsini dövlət qeydiyyatına aldırmaqla, torpağın hər sotunu ona 10 min manatdan satmasını və həmin məbləğin 11 iyul 2014-cü il tarixli borc/kredit/ müqaviləsinə daxil edilməsini göstərib, qeyd olunanların nəzərə alınmaqla Cavabdeh1 11 iyul 2015-ci il tarixdən 31 iyul 2019-cu il tarixədək illik 5 faiz hesablanmaqla faiz borcu nə qədər təşkil etməsi halının əlavə ekspertiza təyin edilməklə yenidən yoxlanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2021-ci il tarixli, 9/6196 saylı rəyindən görünür ki, hazırki tətqiqatla ekspert qarşısında qoyulmuş sual üzrə İddiaçı1 və Cavabdeh1 arasında bağlanmış 11 iyul 2014-cü il tarixli borc (kredit) müqaviləsi üzrə 118.000 manat məbləğə 11 iyul 2015-ci il tarixindən 31 iyul 2019-cu il tarixədək illik 5% hesablanmaqla faiz borcu 23927,78 manat, 108.000 manat məbləğə isə 11 iyul 2015-ci il tarixindən 31 iyul 2019-cu il tarixədək illik 5% hesablanmaqla faiz borcu 21900 manat məbləğində müəyyən edilmişdir. İddiaçı1 pul vəsaitini qanunsuz saxlamaqla əlaqədar faiz məbləğinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2021-ci il tarixli, 9/6196 saylı rəyində müəyyən edilmiş həcmdə 21900 manat məbləğində təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 və Cavabdeh1 arasında bağlanmış 11 iyul 2014-cü il tarixli borc (kredit) müqaviləsi üzrə 11 iyul 2015-ci il tarixindən 31 iyul 2019-cu il tarixədək illik 5 faiz hesablanmaqla faiz borcu 21900 manat məbləğində müəyyən edilməlidir. İddia ərizəsindən görünür ki, İddiaçı1 Şirinbal oğlunun iddia tələbindən biri də, mənəvi zərərə görə 5000 manat pul tələbidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı1 Şirinbal oğlu mənəvi zərər tələbinə dair heç bir sübut təqdim etməmiş və həmin halı sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini mənəvi zərərin əvəzinin tutulması hissəsində təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 Şirinbal oğlu apellyasiya şikayətinin dəlillərini qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin edilib, Cavabdeh1 11 iyul 2014-cü il tarixli borc (kredit) müqaviləsi üzrə 11 iyul 2015-ci il tarixindən 31 iyul 2019-cu il tarixədək illik 5 faiz hesablanmaqla faiz borcu 21900 manat məbləğində pul vəsaiti tutulub İddiaçı1 Şirinbal oğluna ödənilməli, qətnamə- təmin edilməmiş “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 3,72 manat hissəsi İddiaçı1 Şirinbal oğlunun özünə aid edilməli, 26,28 manat hissəsi isə Cavabdeh1 alınıb İddiaçı1 Şirinbal oğluna verilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2021-ci il tarixli, 9/3881 saylı rəyinin dəyəri 100 manat və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2021-ci il tarixli, 9/6196 saylı rəyinin dəyəri 150 manat təşkil edir. İddia ərizəsi qismən təmin edildiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 250 (iki yüz əlli) manat məbləğində pulun 219,00 manat hissəsi İddiaçı1 Şirinbal oğlundan və 31,00 manat hissəsi Cavabdeh1 alınıb alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. İddia ərizəsinin verilməsi üşün Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1 Şirinbal oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(060)-7011/2019 saylı qətnaməsi qismən ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 11 iyul 2014-cü il tarixli borc (kredit) müqaviləsi üzrə 11 iyul 2015-ci il tarixindən 31 iyul 2019-cu il tarixədək illik 5 faiz hesablanmaqla faiz borcu 21900 (iyirmi bir min doqquz yüz) manat məbləğində pul vəsaiti tutulub İddiaçı1 Şirinbal oğluna verilsin. Qətnamə - «İddiaçı1 Şirinbal oğlunun Cavabdeh1 qarşı iddia ərizəsi mənəvi zərər tələbinə dair hissədə təmin edilməsin» hissəsində dəyişdirilmədən saxlansın. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 3,72 (üç manat yetmiş iki qəpik) manat hissəsi İddiaçı1 Şirinbal oğlunun özünə aid edilsin, 26,28 (iyirmi altı manat iyirmi səkkiz qəpik) manat hissəsi isə Cavabdeh1 alınıb İddiaçı1 Şirinbal oğluna verilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 250 (iki yüz əlli) manat məbləğində pulun 219,00 (iki yüz on doqquz) manat hissəsi İddiaçı1 Şirinbal oğlundan və 31,00 (otuz bir) manat hissəsi Cavabdeh1 alınıb alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar