Məhkəmə qərarları › İş №2(105)-1432/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1432/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1432/2021 26.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2(028)-405/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Qubadlı Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim V.Y.Ruvinov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Quliyev sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Lətifə Məmmədova) 19 avqust 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)-405/2019 saylı, 19 noyabr 2019-cu il tarixli qətnaməsinin İddiaçı münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Əliyev və İ.Xəlilov) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1066/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 40.000 manat məbləğində pulun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışlar ki, o, 2015-ci il tarixdə “Qayalı” marketdə satıcı işləmişdir. Həmin vaxt cavabdeh ona hədə-qorxu gəlməklə ondan 40.000 manat pul almışdır. Həmin pulu guya o, “Qayalı” marketdə işləyərək mənimsəmişdir. Bununla əlaqədar Sumqayıt Şəhər Prokurorluğunda araşdırılma aparılmış və 01 may 2018-ci il tarixdə başlanılmış cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarla onun “Qayalı” marketdə işləyərkən əmlakı mənimsəməsi öz təsdiqini tapmadığından cinayət işinin icraatına xitam verilmişdir. Həmin qərardan görünür ki, iş üzrə araşdırma zamanı şahid qismində dindirilmiş Cavabdeh əvvəlcə 23700 manat, daha sonra 7000 manat, daha sonra isə 10.000 manat ondan pul aldığını verdiyi izahatla etiraf etmişdir. Onun pulu mənimsədiyi sübuta yetirilmədiyindən cavabdeh ondan 40.000 manat pulu əsassız almışdır və həmin pul ona geri qaytarılmalıdır. Ona görə də, Cavabdeh 40.000 manat məbləğində pulun və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Qubadlı Rayon Məhkəməsi 19 noyabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qubadlı Rayon Məhkəməsi 19 noyabr 2019-cu il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29.3, 72, 129-cu maddələrinin, Azəbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 372.1, 372.7, 1091.1, 1091.2-ci maddələrinin və Azərbaycan Respublikası MPM-nin 14.2, 77, 88, 217.1, 217.4, 385.1.1-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Prosessual Məcəlləsinin 14, 77, 82.4 və 106-cı maddələrinə istinad etmişdir. Bu nəticəni apellyasiya instansiya məhkəməsi qüvvədə saxlamış, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. İşə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, məhkəmə audit rəyinə əsaslanmış, İddiaçı öz hesabında çatışmazlıq olmasını etiraf etməsini, həmin pulu ödəyəcəyinə söz verməsini göstərmiş, lakin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarda olan cavabdehin izahatında onun iddiaçıdan pul almasını etiraf etməsini sübut kimi nəzərə alınmadığını, bununla bir qərar üzrə öz əksini tapmış hallardan birinə digərinə nisbətdə üstünlük verməklə ziddiyət yaratdığını, hər hansı araşdırma aparmayaraq İddiaçı hesabından hansı məbləğdə çatışmazlıq olmasını, çatışmazlığın iddiaçının tələb etdiyi pul məbləği ilə eynilik təşkil edibetməməsini, iddiaçının işi ilə əlaqədar hesabında çatışmazlığın olmasına görə Cavabdeh adıçəkilən marketdə hansı vəzifədə işləməsini, onun iddiaçıdan pul tələb etmək hüququnun olub-olmamasının müəyyənləşdirilmədiyini əsas gətirərək apellyasiya kollegiyasının işin hallarını tam, hərtərəfli, tərəflər arasında mövcud olmuş münasibətlərə uyğun araşdırmadığını, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına, apellyasiya şikayətinin dəlillərinə və işdə olan sübutlara düzgün hüquqi qiymət vermədiyini, sübutların müqayisəli tədqiqatını həyata keçirməməklə, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası yaranmış mübahisənin tam, hərtərəfli araşdırılmasından ötrü Sumqayıt şəhər Prokurorluğuna sorğu göndərərək, hazırki iş üzrə Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə başladılmış cinayət işinin materiallarının təsdiq olunmuş surətlərinin məhkəmə göndərilməsini xahiş etmiş, həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə sorğu göndərərək, Cavabdeh dövriyyəsi ilə (malların alış-satışı ilə bağlı məlumatları əks etdirməklə) bağlı və Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli 319 ünvanında yerləşən “Qayalı market“in kimə məxsus olduğu barədə lazımi sənədlərin təsdiq olunmuş surətlərinin, eləcə də iddiaçının tələb etdiyi 40.000 manat məbləğində çatışmazlıqla bağlı eynilik təşkil etməsi barədə sənədlərin məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Məhkəmə kollegiyasının sorğusu əsasında daxil olmuş cinayət işinin materialları öyrənilərkən 01 may 2018-ci li tarixli qərarda “Qayalı market”dən şadlıq evlərinə gedən ərzaq mallarının siyahısı və pulların ödənilməsinə dair mühasibat sənədləri edilmiş, həmin sənədlər müqayisə edilərkən İddiaçı tərəfində rəsmi sənəd hesab edilməyən kağıza yazılmış cəmi yığılan pulun məbləği ilə mühasibatlığa ödənilmiş pulun məbləği arasında fərq aşkar edilmişdir. İddiaçı ilə “Qayalı market” arasında maddi məsuliyyət haqqında müqavilə, habelə rəcmi olan müvafiq icra hakimiyyətində rıcmi qeydiyyatdan keçən əmək müqaviləsi də bağlanmamışdır. Bu isə o deməkdir ki, İddiaçı həmin marketdə işçi sayıla bilməz və marketdə hər hansı mal materiala görə məsuliyyət daşıya bilməz. 24.12.2018-ci il tarixli qərarda da istintaq orqanı eyni nəticəyə gəlmişdir. Göründüyü kimi iddiaçı tərəfindən rəsmi sənəd hesab edilməyən kağıza yazılmış cəmi yığılan pulun məbləği ilə mühasibatlığa ödənilmiş pulun məbləği arasında fərq aşkaq edilmədiyi, eləcə də sonuncu ilə “Qayalı market” arasında maddi məsuliyyət haqqında müqavilə də bağlanmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəmə kollegiyasına ünvanlanmış 27 may 2021-ci il tarixli məktubdan görünür ki, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli 319 ünvanında yerləşən “Qayalı” market X1 (VÖEN **********) məxsusdur və Körpü firması ilə bağlanmış 12 yanvar 2015-ci il tarixli icarə müqaviləsinə əsasən vergi orqanında uçota alınmışdır. Bununla yanaşı “Qayalı market”in məhkəmə kollegiyasına təqdim etdiyi 07.07.2021ci il tarixli və 18.10.2021-ci il tarixli arayışlarında iddiaçının tələb etdiyi 40.000 manat pul məbləği ilə cavabdehin etirazında göstərdiyi çatışmazlıq eynilik təşkil edir və həmin məbləğ 3 dəfəyə “Qayalı market”in kassasına mədaxil edilməsi üçün təhvil verilsə də, cavabdeh tərəfindən hüquqi şəxsin kassasına mədaxil edilməsi barədə hər hansı bir sübut (mədaxil qəbzi) əlavə edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, Cavabdeh adıçəkilən marketdə hər hansı bir vəzifədə çalışması barədə məhkəmə kollegiyasına heç bir tutarlı sübut təqdim edilməmişdir. Əksinə cavabdehin məhkəmə kollegiyasının iclasında dindirilən nümayəndəsi Vəkil2 Cavabdeh rəsmi olaraq “Qayalı market”də işləmədiyini bildirmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiçının tələb etdiyi 40.000 manat pul vəsaiti ilə cavabdeh etirazda göstərdiyi çatışmazlıqla eynilik təşkil etməsi cavabdeh tərəfin nümayəndəsinin izahatından başqa işdə olan digər sübutlarla öz təsdiqini tapmadığından, eləcə də cavabdehin həmin məbləği iddiaçıdan tələb etmək hüququ olmadığından, İddiaçı Cavabdeh tərəfindən ondan alınmış 40.000 manat məbləğində pul vəsaitini tələb etməkdə haqlı olsa da, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Mülki Məcəllənin 1091.1 maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Qanunun mənasından göründüyü kimi əsassız varlanma dedikdə, bir şəxsin heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etməsi anlaşılır. Bir şəxsin əmlak itkisi hesabına başqa şəxsin qanunsuz zənginləşməsi baş verir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 14.2., 77.1 maddələri). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu baxımdan apellyasiya şikayəti təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 40.000 (qırx min) manat və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar