Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1432/2023 20.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(067)-1391/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci ildə anadan olmuş X1 üçün müəyyən olunmuş alimentin miqdarını artıraraq hər ay 250 manat sabit pul məbləğində müəyyən edilməsi, habelə ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat mediasiya xərcinin də cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(067)-1506/2012 nömrəli qətnaməsi ilə cavabdehlə onun arasında xx.xx.2011-ci il tarixdə bağlanmış rəsmi nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2012-ci ildə anadan olmuş X4 onun himayəsində saxlanılmış, uşağın saxlanılması üçün onun xeyrinə 75 manat miqdarında aliment kəsilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-2727/2019 nömrəli qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(067)-1506/2012 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 120 manat müəyyən edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2019-cu il tarixli, 2(105)-4686/2019 nömrəli qətnaməsi ilə isə alimentin miqdarı 160 manat müəyyən edilmişdir. Belə ki, ötən müddət ərzində cavabdeh uşaqla maraqlanmamış, uşaqla görüşməyə heç bir səy göstərməmiş, uşaqla görüş və ünsiyyət üçün Qəyyumluq və Himayəçilik Komissiyasına, habelə məhkəməyə müraciət etməmiş, uşağın səhhəti ilə əlaqədar hər hansı maddi dəstək göstərməmişdir. Uşaq bir müddət bundan qabaq “Tofiqoğlu” Tibb Mərkəzində “ikitərəfli qasıq yırtığı” diaqnozu ilə əməliyyat olunmuşdur. Məlum olduğu kimi hazırda sənayə və ərzaq mallarının qiymətlərində bahalaşma olmuş, uşağın saxlanması üçün müəyyən olunmuş 160 manat məbləğində aliment uşağın ehtiyaclarını ödəmir. Xaçmaz Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(067)-1391/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2019-cu il tarixli, 2(105)-4686/2019 nömrəli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2012-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 200 manat məbləğində sabit pul şəklində alimentin və 50 manat ödənilmiş mediasiya xərcinin alınaraq İddiaçı verilməsi qət edilmişdir (hakim Anar Sadıqov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(067)-1391/2023 nömrəli qətnaməsinin dəyişdirilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Apellyasiya Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş 160 manat məbləğində aliment təbii ki, uşağın ehtiyaclarını ödəmir. Ötən müddət ərzində cavabdeh uşaqla maraqlanmamış, uşaqla görüşməyə heç bir səy göstərməmiş, uşaqla görüş və ünsiyyət üçün Qəyyumluq və Himayəçilik Komissiyasına, habelə məhkəməyə müraciət etməmiş, uşağın səhhəti ilə əlaqədar hər hansı maddi dəstək göstərməmişdir. Uşaq bir müddət bundan qabaq “Tofiqoğlu” Tibb Mərkəzində “ikitərəfli qasıq yırtığı” diaqnozu ilə əməliyyat olunmuşdur. Məlum olduğu kimi hazırda sənayə və ərzaq mallarının qiymətlərində bahalaşma olmuş, uşağın saxlanması üçün müəyyən olunmuş160 manat məbləğində aliment uşağın ehtiyaclarını ödəmir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, iddiaçı məhkəməyə teleqram ünvanlayaraq xəstəliyi ilə əlaqədar üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmiş, cavabdeh isə heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2019-cu il tarixli, 2(105)-4686/2019 nömrəli qətnamənin surətindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(067)-1506/2012 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2012-ci ildə anadan olmuş X1 üçün 160 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2012-ci il tarixdə X4 doğulmuş, sonradan tərəflər arasında olan münasibətlər pozulmuş və Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(067)-1506/2012 nömrəli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında xx.xx.2011-ci il tarixdə bağlanmış rəsmi nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəlldülü X4 iddiaçının himayəsində saxlanılmış və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 75 manat miqdarında aliment tutulmuş, daha sonra Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(067)-2727/2019 nömrəli qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(067)-1506/2012 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 120 manat, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2019-cu il tarixli, 2(105)-4686/2019 nömrəli qətnaməsi ilə isə alimentin miqdarı 160 manat müəyyən edilmişdir. Hazırda tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2012-ci il təvəlldülü X4 iddiaçının himayəsindədir və uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği onun artan tələbatını ödəmək üçün kifayət etmir. Bu səbəbdən iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək tutulan 160 manat alimentin miqdarını artıraraq hər ay 250 manat məbləğində müəyyən edilməsini xahiş edir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən isə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (AM-in 78.2-ci maddəsi). Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Məhkəmə alimentin miqdarını müəyyən edərkən uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olması ilə yanaşı, yalnız bir tərəfin deyil, hər iki tərəfin də ailə və maddi vəziyyətinin öyrənilməli olmasını nəzərə alır. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarını qismən artırarkən uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olması və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlarının olması ilə yanaşı, həmçinin yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyətini, eləcə də diqqətəlayiq digər halları nəzərə almışdır. Eləcə də, məhkəmə kollegiyasının iclasında hazırki apellyasiya şikayəti üzrə cavabdehin maddi vəziyyətinin yaxşı olması, eləcə də onun sabit gəlirinin olması ilə bağlı hər hansı bir hal müəyyən edilməmiş, iddiaçı tərəfindən də bu barədə məhkəmə kollegiyasına hər hansı bir sübut növü təqdim edilməmişdir. İddiaçı apellyasiya şikayətinin dəlili kimi xx.xx.2012-ci il təvəlldülü X2 xəstəliyi ilə əlaqədar əməliyyat olunduğunu, cavabdehin uşağın səhhəti ilə əlaqədar hər hansı maddi köməklik etmədiyini göstərmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı uşağın xəstəliyi ilə əlaqədar əlavə xərclərin ödənilməsi məqsədilə ayrıca iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, hazırki apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar olmadığından birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehin maddi vəziyyəti daha da yaxşılaşdığı halda, iddiaçı yenidən birinci instansiya məhkəməsinə müraciət edərək alimentin müəyyən olunmuş miqdarının yenidən artırılmasını tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin hər ikisinin maddi vəziyyətini, azyaşlı uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını nəzərə alaraq, qeyd edilən miqdarda alimentin tutulması barədə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(067)-1391/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1432/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1432/2023
20.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver