Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1434/2025 17.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X14 qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(067)-14/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 85000 (səksən beş min) manat məbləğində pulun və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 345 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qohumudur, birbirilərini yaxından tanıyırlar. Təxminən 2019-ci ilin noyabr ayında o, torpaq sahəsi alaraq ev tikmək qərarına gəlib. Bu söhbəti Cavabdeh da eşidib. Bundan sonra Cavabdeh iddiaçıya onun əlaqələrinin geniş olmasını bildirərək, onlar üçün ev tikə biləcəyini bildirib. O, cavabdehə inanmışdır. Cavabdeh ona müəyyən məbləğdə pul ödəmələri olduğunu bildirib. Onlar razılaşmış və ilkin olaraq cavabdehə 10000 manat məbləğində pulu ödəyib və torpaq alaraq onun işə başlamasını bildirib. Cavabdeh bundan sonra gəlib əlavə pul lazım olduğunu bildirib və o, yenə cavabdehə pul verməyə başlayıb. Hər dəfə işin gedişi ilə maraqlananda cavabdeh ona özünə aid olan tikilini göstərərək işin getdiyini bildirib. O, cavabdehə 2021-ci ilin dekabr ayına kimi cəmi 85000 manat məbləğində pul ödəyib. Lakin sonradan cavabdeh həmin tikilini verməyib və üzərinə düşən öhdəliyi yerinə yetirməyib. Bundan sonra o, dəfələrlə cavabdehdən pulunu tələb edərkən cavabdeh yalan vədlər verməyə başlayıb, pulu qaytaracağını bildirib. Onlar aralarında aparılan danışıq zamanı cavabdeh ondan həqiqətən 85000 manat məbləğində pul almasını etiraf edib. Lakin hazırkı vaxtadək onun pulunu ödəmir. Buna görə də o, məhkəməyə müraciət etmişdir.
3. Cavabdeh xx.xx.2022-ci il tarixli etiraz ərizəsində qeyd etmişdir ki, iddiaçı olan İddiaçı 2016-cı ildə özünə torpaq almışdır və ona şəxsən özü müraciət etmişdir ki, onun üçün ev tiksin. İddiaçı evinin tikintisinin dayanıqlı, möhkəm və keyfiyyətli materiallardan tikilməsini tələb etmişdir. Ona həmin evin tikintisi xidmətini göstərə biləcəyini bildirmişdir. İddiaçı bunun üçün ona hissə-hissə müəyyən məbləğlər ödədi. İddiaçı üçün həmin evin tikintisinə başlamışdır. Bu zaman Xaçmaz Rayonunda satılıq bağ sahəsi var idi. İddiaçı həmin bağ sahəsini almış, sonra ona müraciət edərək bağ sahəsinin ətrafını daş hasara aldırmağı xahiş etmişdir. O da iddiaçının xahişi ilə onun bağ sahəsinin ətrafını daş hasara aldırmış və xərcini iddiaçı çəkmişdir. Bundan əlavə iddiaçı Xaçmaz Rayonu, Ağtala kəndində yerləşən bağ sahəsində 0.5 ha torpaq sahəsi almışdır. Həmin bağ sahəsini də almağa köməklik etmişdir. Bunun üçün də iddiaçı 8000 manat məbləğdə onun köməkliyi ilə bağ sahəsinin sahibinə pul ödəmişdir. Bundan sonra həmin bağ sahəsində şaftalı bağı salmaq üçün texnika gətirildi və bağ abadlaşdırılaraq meyvə bağı salındı. İddiaçı Bakı şəhərində yaşadığı üçün, aldığı torpaq sahəsi də Abşeron Rayonu X11 ərazisində yerləşdiyi üçün mütəmadi olaraq tikinti yerinə gələrək evin tikilişinə şəxsən nəzarət etmişdir. Həmçinin bundan başqa iddiaçının qohumları və yaxınları da mütəmadi olaraq tikinti yerində olmuşlar. Evin tikintisinin qanuni standartlara cavab verən, keyfiyyətli materiallardan tikildiyini görmüşlər. Bu yaxın günlərə qədər iddiaçı ilə onun arasında heç bir mübahisə olmayıb və tikinti gedişatını bəyənib. Ev 2 mərtəbəlidir. Evin tikintisinə küllü miqdarda beton, armatur, taxta, mişar daşı, usta pulu və digər xərclər çıxmışdır. Həmçinin bildirirmişdir ki, iddiaçı işin gedişatına şəxsən nəzarət etmişdir. Pulu da hissə-hissə ödəmişdir. Həmin evin tikintisi üçün iddiaçı təxminən 50.000 manat pul göndərmişdir. Həmin ödənilən pulları iddiaçının evinin tikintisinə xərcləmişdir. Əgər tikintinin gedişatından narazı olmasaydı, 5000-10000 ödədikdən sonra işi dayandırardı və ona pul göndərməzdi. İddiaçı iddia edir ki, guya ki, tikintinin gedişatından xəbəri olmayıb, bu tamamilə yalandır. Şəxsən özü tez-tez gəlib xəbər tuturdu. Evin tikintisindən başqa, Xaçmaz rayonunda torpaq sahəsi almaq üçün xərclədiyi pulları, torpaq sahəsinin daş hasarına xərclədiyi pulları, meyvə bağı salınması üçün xərclədiyi pulları, guya ki evin tikintisi üçün ona vermiş kimi, indi də ondan tələb idir. Hazırda onun verdiyi 50000 manat pul müqabilində ona keyfiyyətli ev tikdirmişdir. O həmin pulu iddiaçının evinin tikintisinə xərcləmişdir. Əgər pulunu geri götürmək istəyirsə, getsin tikilini satsın. O, onun evinə xərclədiyi pulu geri qaytara bilməz. İddiaçının iddia tələbi reallığı əks etdirmir. O, bir qohum kimi ona kömək etmişdir. Çəkdiyi bütün əziyyəti və məqsədi onun üçün keyfiyyətli ev tikdirmək idi. İddiaçının tələbindən belə çıxır ki, o ona həm ev tikintisinə, həm də 2 yerdə bağ sahəsi alınması, meyvə bağının salınması üçün ödədiyi pulları ondan geri alacaq, nəticədədə, həm evi, həm də aldığı bağ sahələri ona pulsuz başa gələcək. İddiaçı tikintiyə xərclənən pulun və bu məbləği şişirdərək ondan geri tələb etməsi əsassızdır.
4. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəf izahatında bildirmişdir ki, ekspert rəyləri ilə razıdırlar. Onların verdiyi 85000 manat pulu cavabdeh evin tikintisinə sərf etməyib. Hər dəfə də deyib ki, pulu alanda Xaçmaza vermişəm, amma bir dəfə də olsun sübut təqdim etməyib ki, nə tikib. 15386 manat pul xərcləyib, qalan məbləği xərcləməyib. Səs yazısının diskini də, stenoqramını da məhkəməyə təqdim etmişdir. Pulun verilməsi ilə bağlı şahidləri də təqdim etmişlər. Özü də etiraf edir. Məsələn həmin səs yazısının 01:06cı dəqiqəsində İddiaçı bildirir ki, “Sənin deməyinlə hesabladım, 80 manat oldu ya olmadı?”. Abbas bildirir ki, ”83400 manat oldu, Səni yaradan Allaha and olsun ki, 100 manat vermisən, onu da yazmışam”. İddiaçı: “Abbas mən hər şeyi evdə yazmışam, bu gün səninlə üz-üzə oturub hesablayaq”. Abbas: “Ay qız 1400 manat söhbəti gedirsə, sənin yazdığınla mənim yazdığım arasında 1400 manat söhbəti gedir, səninlə mənim dediyim arasında 1400 manat söhbəti var da, düzdür?”. İddiaçı bildirir ki, ”Onda sənin deməyindən belə çıxır ki, mən sənə 85000 manat yox, 83000 manat vermişəm, sənə 85000 manat verməmişəm?”. Abbas bildirir ki, “Səni yaradan Allaha and olsun ki, yazdığımız 83400 manatdır, sən əlavə verdiyin 100, 200, 300 manatı da qəpiyinə kimi yazmışam”. İddiaçı sonuncu diskin 02:56-cı dəqiqəsində bildirir ki, “Sən deyirsən 85000 manat yox, 83400 manat?”. Abbas da bildirir ki, “Bəli”. Yəni etiraf edir, göründüyü kimi ev tikilib. Ekspert rəyləri verilib, şahidlər dindirilib. Ona görə onlar iddia tələbini tam müdafiə edirlər.
5. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə razı deyil. Təkrar ekspertiza təyin edilməsini xahiş edir, bu barədə vəsatətini məhkəməyə təqdim etmişdir. Rəydə göstərilən məbləğ evə xərclənən məbləğ deyil. Ekspert düzgün ölçməyib, hesablamanı düzgün aparmayıb. Bir damın altında iki ev var, evin 2 açarı da iddiaçıdadır. O, 2 sot torpaq sahəsinin pulunu almışdır. Tikintiyə aid pullar özlərinin iştirakı ilə verilmişdir. 2 sot torpaq sahəsinin dəyəri kimi 8500 manat pul ona çatıb. Cavabdehlə torpaq söhbəti olmayıb. Ona 2 sot torpaq sahəsinə görə 8500 manat pul verilib. Ramanada bacısının adına olan 4 sot torpaq sahəsindən 2 sotunu iddiaçıya satmışdır. Bacısının adına həmin 4 sot torpaq sahəsinin 99 illik icarəyə verilməsinə dair çıxarış var. 2 sot torpaq sahəsini iddiaçıya nisyə satmış, o da 3 dəfəyə pulu ona vermişdir. Aralarında notarial qaydada alqı-satqı olmayıb. 4 sot torpaq 99 illik icarədə olub. 2 sot torpaq sahəsini iddiaçı ilə ərinə onların xahişinə əsasən satmışdır. Həmin torpaq sahəsinə görə ona 3 dəfəyə 8500 manat pul veriblər. Həmin torpaq sahəsində o özü üçün də ev tikməyə başlayanda ona demişlər ki, evin divarı 1,40-lıq olsun deyə onlar üçün də ev tiksin. 2016-cı ildə tikintiyə başlamış, keyfiyyətli materiallardan istifadə edilməklə tikilib. 3000 manat pulu materiallara görə ustaya da, ona da veriblər. Ona müxtəlif vaxtlarda 3000 manat, 2000 manat, 7-8 min manat 2-ci mərtəbəyə görə veriblər. Özü 2 pilləkən qoydurmuş, heç xəbərləri də yoxdur.
6. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddiaçı cavabdehə 85000 manat pulu özü üçün ev tikmək üçün vermişdir. İddiaçı cavabdehə pul verəndə bilirdi ki, cavabdeh 2 ev tikəcək, birini özü üçün, o birini iddiaçı üçün. İddiaçı bir damın altında 2 evin tikilməsinə razılıq vermişdir. İddiaçı torpaq sahəsinin cavabdehin bacısının adına olduğunu bilmişdir. 5000 manata torpaq sahəsi alınıb. Notariat kontorunda iddiaçı ilə cavabdehin bacısı arasında icarə hüquqlarının alqı-satqısı müqaviləsi bağlanılıb. İddiaçının əri pul göndərib, o, da pulu evin tikintisi üçün cavabdehə vermişdir.
7. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, torpaq sahəsi bacısının adına olmuşdur. İddiaçı ilə telefon danışığındakı səs yazısı ona məxsusdur. Etiraz ərizəsində də göstərmişdir ki, ona pul verilib torpaq alınıb, bağ salınıb, şəxsi istifadəsi üçün verilməyib. 2020-ci ildə evin 2-ci mərtəbəsinin tikintisi üçün 8500 manat pul verilib.
8. 06 yanvar 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən iddiaçının oğlu Şahid ifadəsində göstərmişdir ki, cavabdeh anasının əmisi oğludur. 2019cu ilin noyabr-dekabr aylarında onlar üçün Ramanada ev tikmək üçün pul götürmüşdür. Evi üç ildə bir dəfə gördüyünü, evin üstünün yarımçıq olduğunu, üstünün vurulmadığını, evin quru divar olduğunu bildirir. İddiaçı - yəni anası cavabdehə pulu evlərində onun yanında verib. Cavabdeh iddiaçıdan bir dəfə 1000 manat, bir dəfə 1500 manat, bir dəfə 2000 manat alıb.
9. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Ramanı qəsəbəsində tikilmiş (yarı tikilmiş) evin faktiki vəziyyətinə görə bir dam altında iki təcrid olunmuş mənzilin olması mövcuddur. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Ramanı qəsəbəsində yerləşən tədqiq olunan yaşayış evində təqdim edilmiş tikililərdə aparılmış yenidənqurma və təmir-tikinti işlərinin təqribən bazar qiymətlərinə uyğun olaraq 30773 manat məbləğində müəyyən olunur.
10. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Ramanı qəsəbəsində yerləşən iki təcrid olunmuş mənzillər arasında tikinti və konstruktiv xüsusiyyətlərinə görə fərqlərin olmadığı müəyyən olunmuşdur. Bakı şəhəri, Ramanı qəsəbəsində yerləşən iki təcrid olunmuş mənzillərin hər birinin tikintisində eyni keyfiyyətli tikinti materiallarından istifadə edildiyi müəyyən olunmuşdur. Bakı şəhəri, Ramanı qəsəbəsində yerləşən iki təcrid olunmuş mənzillərin hər birinin tikintisində görülmüş işlərin həcmi tərtib olunmuş smeta 1 və smeta 2-də ətraflı göstərilmişdir. Eyni zamanda qeyd olunur ki, qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir.
11. İş materiallarında olan 01 ədəd səs yazılarını özündə əks etdirən diskə məhkəmə iclası zamanı baxış keçirilərkən cavabdeh etiraf etmişdir ki, səs yazıları ona məxsusdur. Səs yazılardan o da müəyyən edilir ki, həqiqətən də, Cavabdeh İddiaçı evin tikintisi üçün 83400 manat məbləğində pul almışdır.
12. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(067)-14/2025 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddia qismən təmin edilmiş, Cavabdeh 68013.5 manat məbləğində pul, ödənilmiş 345 manat dövlət rüsumunun 294.04 manatının alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat məbləğində pulun Cavabdeh alınaraq Məhkəmə Eksperizası Mərkəzinin hesaba keçirilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı üçün Ramanı qəsəbəsində fərdi yaşayış evin tikintisini aparmaq üçün sonuncudan 83400 manat məbləğində pulu almış, lakin pulu tam şəkildə təyinatı üzrə istifadə etməmişdir. İş üzrə keçirilmiş ekspertizalar nəticəsində müəyyən olunur ki, Cavabdeh bir dam altında iki ayrı-ayrı evin tikintisini aparmış və hər iki evə cəmi 30773 manat pul xərcləmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh iddiaçının vəsaiti hesabına özünə də ev tikmək niyyətinə gəlmiş, lakin ona verilən vəsait hesabına istədiyinə nail ola bilməmişdir. Nəticədə cavabdeh iddiaçının hesabına əsassız olaraq varlanmışdır.
14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 752.1, 756.1, 1096.1, 1096.2, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddəsinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 2016-cı ildən bugünə kimi ona müxtəlif işlərin görülməsi üçün 83400 manat pul vermişdir. Həmin pulun müqabilində bacısına məxsus kənd təsərrüfat təyinatlı torpaqdan 0,02 ha hissəsini 8500 manata almışdır. Həmin pulu şəxsən özü iddiaçıdan götürərək bacısına vermişdir. Həmçinin iddiaçı özü Xaçmaz rayonunda bağ sahəsi almışdır. Ona ödədiyi 83400 manat puldan həmin bağ sahəsinin daş hasara alınması, abadlaşdırılması və orada şaftalı bağının salınması da ona həvalə edilmişdir. Həmçinin iddiaçının aldığı bağ sahəsinin yanında X3 məxsus 0,5 ha torpaq sahəsini də ümumilikdə 7000 manata, əlavə olaraq 110 manat da X2 özünə ödəməklə, satdığı torpaq sahəsinin düzləşdirilməsinə və abadlaşdırılması üçün xərclənilmişdir. Beləliklə, ona ödənilən 83400 manat puldan iddiaçının öz istəyi ilə 8100 manat X3 ödəmişdir. Daha sonra iddiaçı Xaçmaz rayonunda yerləşən torpaq sahəsinin 4 tərəfinin daş hasara alınmasını xahiş etmişdir. O da həmin torpaq sahəsinin daş hasara alınması üçün iddiaçının ödədiyi 83400 manatdan tikinti materialları alaraq X9 adlı usta ilə danışaraq materialları gətirmiş və daş hasarı tikdirmişdir. Daha sonra həmin bağda iddiaçının sifarişi əsasında şaftalı bağı saldırmışdır. Bütün bunları iddiaçının ödədiyi 83400 manatdan xərcləyərək etmişdir. Lakin iddiaçı bütün bu işlərin görülməsi ilə bağlı heç bir mövqe bildirməmiş, guya ki, bu işlər üçün əlavə pul ödədiyini bildirmişdir. Halbuki, əlavə ödəniş barədə heç bir sübut yoxdur. Ona ödənilən 83400 manat puldan iddiaçının istəyi ilə X3 məxsus 0,5 ha torpaq sahəsini almağa 7000 manata, əlavə olaraq 1100 manat da X2 özünə ödəməklə, satdığı torpaq sahəsinin düzləşdirilməsi və abadlaşdırılması üçün xərclənilmişdir. İddiaçının sifarişi ilə Xaçmaz rayonundakı torpaq sahəsinin daş hasara alınması üçün usta X6 4911 manat xərclənilmişdir. İddiaçının sifarişi ilə Xaçmaz rayonundakı torpaq sahəsinin daş hasara alınması üçün tikinti materiallarına 10762 manat pul xərclənilmişdir. İddiaçının sifarişi ilə Xaçmaz rayonunda yerləşən iddiaçıya məxsus torpaq sahəsində bağın salınması və həmin bağ sahəsinə 6 illik aqro-texniki qulluq üçün ümumilikdə 13220 manat pul xərclənilmişdir. Həmçinin bacısının adına olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 4 sot torpaq sahəsindən 2 sot hissəsinin alışı üçün 8500 manat pul ödəmişdir. Həmin pulu ona ödəmiş və o bacısına vermişdir. İddiaçının öz sifarişi ilə olan Abşeron rayonu, X11 ərazisində (Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi) yerləşən 2 sot torpaq sahəsinin üzərində iddiaçı üçün keyfiyyətli evin tikintisi üçün 35.000 manat pul xərcləmişdir. Həmin pulu da iddiaçının ona ödədiyi 83400 manatdan xərcləmişdir. Bütün bu yuxarıda göstərilən xərclər ona ödədiyi 83400 manat puldan iddiaçının öz sifarişi ilə xərclənilmişdir. Həmçinin bundan əlavə olaraq o həm Xaçmaz rayonuna gedib-gəlməyə yol xərci, həm də Abşeron X11 ərazisində yerləşən torpaq sahəsinin abadlaşdırılmasına, yolların düzəldilməsinə və digər işlərə də xərci çıxmışdır. Bu səbəbdən də hesab edir ki, iddiaçı ona ödədiyi 83400 manat müqabilində verdiyi sifarişləri gizlədir. Guya ki, ancaq Abşeron rayon X11 ərazisində yerləşən evin tikintisi üçün ödədiyini bildirir. Bu heç də inandırıcı deyil. Çünki, heç kəs evin tikintisi üçün 83400 manat pul ödəməz. Həmçinin iddiaçı həmin məbləği ona hissə-hissə olmaqla 2016-cı ildən ödəməyə başlamışdır. Halbuki hazırda 2025-ci ildir və həmin pulu ödədiyi vaxtdan artıq 10 ilə yaxın vaxt keçmişdir. Bu müddət ərzində iddiaçı onun sifarişi ilə görülən bütün işlərdən razı qalmışdır. Yuxarıda göstərilən səbəblərdən, hesab edir ki, Abşeron rayonu X8 ərzisində yerləşən 0,02 ha torpaq sahəsi üzərində yerləşən evin tikintisi üçün çəkilən xərclərin müəyyən edilməsi üçün təkrar ekspertiza keçirilməlidir. Həmçinin Xaçmaz rayonunda yerləşən iddiaçıya məxsus torpaq sahəsinin daş hasara alınmasına və orada şaftalı bağının salınmasına həmçinin həmin bağ sahəsinə 6 illik qulluğa çəkilmiş xərci müəyyən etmək üçün ekspertiza təyin edilməlidir. Həmçinin Xaçmaz rayonunda yerləşən iddiaçıya məxsus torpaq sahəsinin yanında yerləşən X3 məxsus 0,5 ha torpaq sahəsi üçün ödənilən pulun məbləğinin dəqiqləşdirilməsi, həmin yerdə yerləşən torpaq sahəsinin dəyərinin müəyyənləşdirilməsi üçün də ekspertiza təyin edilməlidir. Eyni zamanda, birinci instansiya məhkəməsində Xaçmaz rayonunda iddiaçının istəyi ilə torpaq aldığı X2 və iddiaçıya məxsus olan Xaçmaz rayonunda yerləşən torpaq sahəsinin daş hasara alınması üçün usta X5 apellyasiya məhkəməsində şahid ifadələrinin alınmalı olduğunu hesab edir. Belə ki, birinci instansiya məhkəməsində hər iki şahid üzrlü səbəbdən məhkəməyə gələ bilməmişdirlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iştirak edən Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və idianın rədd edilməsini xahiş etmişdirlər.
19. Məhkəmə kollegiyasının iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
20. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
21. Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir.
22. Maddə 756. Sifarişçinin zərərin əvəzini ödəmək vəzifəsi 756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur.
23. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
25. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
26. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
29. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. İş materiallarına əsasən müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı üçün Ramana qəsəbəsində fərdi yaşayış evin tikintisini aparmaq üçün 83400 manat məbləğində pulu almış, lakin pulu tam şəkildə təyinatı üzrə istifadə etməmişdir.
33. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 08 iyul 2024-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Ramana qəsəbəsində tikilmiş (yarı tikilmiş) evin faktiki vəziyyətinə görə bir dam altında iki təcrid olunmuş mənzilin olması mövcuddur. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Ramanı qəsəbəsində yerləşən tədqiq olunan yaşayış evində təqdim edilmiş tikililərdə aparılmış yenidənqurma və təmir-tikinti işlərinin təqribən bazar qiymətlərinə uyğun olaraq 30773 manat məbləğində müəyyən olunur.
34. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar hazırkı işin halları üzrə sübut olunmur.
35. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, Xaçmazda yerləşən ona məxsus torpaq sahəsini Cavabdeh 7000 (yeddi min) manata satmış, həmçinin 1100 (bir min yüz) manat da texnikaya görə verib. O, İddiaçı tanımır, pulu Cavabdeh alıb. O, torpaq sahəsini satarkən torpağın Bələdiyyə torpağı olduğunu bildirib. Rəna xanımı yalnız bir dəfə görüb, onda da ondan Abbasa torpaq sahəsi satıb-atmadığını soruşublar və o satdığı sahəni göstərib.
36. Məhkəmə iclasında iddiaçı göstərilən halı etiraf etməmiş, 85000 manat məbləğində pulu cavabdehə yalnız Ramana qəsəbəsindəki evin tikintisi üçün verdiyini bildirmişdir. Cavabdeh onun üçün torpaq sahələri və ya digər işlər görmək üçün tapşırıq almamış və pul xərcləməmişdir.
37. Cavabdeh tərəf isə iddiaçıdan aldığı 83400 manatın Ramana qəsəbəsindəki tikilidən başqa iddiaçının tapşırığı ilə digər işlərə sərf etməsinə dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir.
38. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə qənaətə gəlir ki, qeyd edilən evin tikintisi üçün Cavabdeh iddiaçıdan aldığı 83400 manat pul vəsaitindən 15386,5 manatının (ekspert rəyi ilə müəyyən olunmuş 30773:2=15386,5) iddiaçının tapşırığı ilə xərcləndiyi tədqiq edilmiş sübutlarla müəyyən edildiyindən, birinci instansiya məhkəməsi 68013,5 (83400-15386,5) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə düzgün nəticəyə gəlmişdir.
39. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
40. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
41. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
42. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətinin təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(067)-14/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.