Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1436/2022 05.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə,ilk İddiaçı nümayəndə və vəkili Vəkil1, qarşılıqlı iddiaçı Cavabdeh, onun nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və dəymiş ziyan tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı əqdin mövcud olmadığının müəyyən edilməsi və s. tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(060)-94/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(060)-94/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul və dəymiş ziyan tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı əqdin mövcud olmadığının müəyyən edilməsi, iltizamların etibarsız hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddia tələblərinin təmin edilməməsi, iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xərci olaraq İddiaçı 70 (yetmiş) manat və Cavabdeh 70 (yetmiş) manatın tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı bank hesabına köçürülməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(060)-94/2022 nömrəli qətnaməsinin ilk iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 55000 manat məbləğində borcun, 10000 manat məbləğində mənəvi ziyana görə təzminatın, 141 manat hüquqi yardıma görə ödənilən vəsaitin və 31 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, iş üzrə tərəflər arasında 23000 manat məbləğində borcun verilməsi barədə əqdin mövcud olmadığının müəyyən edilməsi, iş üzrə tərəflər arasında 33000 manat məbləğində borcun verilməsi barədə əqdin mövcud olmadığının müəyyən edilməsi, 05 dekabr 2017-ci il tarixli iltizamın qismən, yəni onun İddiaçı 31000 manat pul götürülməsi hissəsində etibarsız hesab edilməsi, 22000 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilməsi, bu məqsədlə ondan 30 manat məbləğində pulun tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra qarşılıqlı iddiaçı Cavabdeh məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, iş üzrə tərəflər arasında 23.000 manat məbləğində borcun verilməsi barədə əqdin mövcud olmadığının müəyyən edilməsi, iş üzrə tərəflər arasında 33.000 manat məbləğində borcun verilməsi barədə əqdin mövcud olmadığının müəyyən edilməsi, 23.000 manat məbləğində pulun alınması barədə 20 sentyabr 2017-ci il tarixli “iltizamın"' etibarsız hesab edilməsi, 33.000 manat məbləğində pulun alınması barədə 05 dekabr 2017-ci il tarixli “iltizamın” etibarsız hesab edilməsi, 22.000 manat məbləğində pulun İddiaçı tutularaq X4 ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilməsi, bu məqsədlə ondan 30 manat məbləğində pulun tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında ilk İddiaçı nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, təmsil etdiyi şəxs cavabdehin öz əli ilə yazdığı qəbzin əsasını təşkil edən borcu tələb edir. Bu barədə ekspert rəyi də var. Rəyə əsasən imzalar cavabdeh tərəfindən və heç bir təzyiq altında olmadan icra olunub. Məhkəmə ilk iddianı rədd edərkən ona əsaslanıb ki, məhkəməyə 4-5 ay gec müraciət olunub. Lakin iş materiallarından görünür ki, iddiaçı pulu verəndən sonra cavabdeh onu əmin edib ki, pulu qaytaracaq, evini onun adına keçirəcək. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etməyib və gözləmə mövqeyi tutub. Sonra cavabdehin qaynatası ölüb. İddiaçı evi istəyəndə cavabdeh bildirib ki, vərəsəlik işi 6 ay sonra açılacaq, 6 aydan sonra evi adına keçirəcəyini bildirir, lakin keçirmir. 2021-ci ilin mart ayında cavabdeh bildirir ki, hər ay 1000 (min) manat qaytaracaq. Bundan sonra 1000 manat qaytarıb, borc məbləğindən 1000 manat çıxılıb Sonra yenə ödəniş olmayıb. 2021-ci ilin mart ayında cavabdeh iddiaçının bacısı qızından 84 min manat məbləğində qızıl-zinyət əşyalarını götürür, onları satıb borcunu qaytaracağını deyir. Lakin nə qızılları, nə də borcu qaytarmır. Qızıllar iddiaçının iştirakı ilə verilir. Qəbzə iddiaçı da imza edir. Qızıllar ona görə verildi ki, Cavabdeh qızıl alveri ilə məşğul idi. Satıb gəlir əldə edəcək və pulu qaytaracaqdı. Buradan da görünür ki, müddət boş yerə ötürülməmişdir. Bütün bu müddət ərzində borcun ödəniləcəyi təkidlə vəd olunub. 2017-ci ilin dekabrında pul verilib. 2021-ci ildə polisə müraciət zamanı bu borcu qeyd etməməyinin səbəbi odur ki, əvvəl 39 min manat borc verilsə də, cavabdehin atası 24 min manat pul qaytarıb. 15 min manat borc ödənilməmiş qalıb. Əlavə olaraq da 8 min manat borc verilib və 23 min manata qəbz alınıb. 2021-ci ildə polisdə Zaidə xanımın izahatını alan təhqiqatçı bildirib ki, qəbzlə olan borcu mülki məhkəmə icraatı qaydasında mübahisələndirməlidir. Polisin qərarından iddiaçı Sumqayıt şəhər Prokurorluğuna iddiaçı şikayət versə də, şahid qismində olduğu üçün ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(060)-94/2022 nömrəli qətnaməsinin ilkin iddia tələbinin təmin edilməməsinə dair hissədə ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2022ci il tarixli, 2(060)-94/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, ekspertiza barədə vəsatətlərinə diqqət yetirilsə, görünər ki, vəsatətdə qeyd edir ki, Cavabdeh dəfələrlə təzyiq altında İddiaçı verdiyi sənədlərə imza edib. Bu səbəbdən imzaya şübhə ilə yanaşır. İmzanı Cavabdeh adından da icra etmiş ola bilərdilər. Bu səbəbdən məhkəmədən ekspertiza keçirilməsini xahiş etmişdirş. Cavabdeh İddiaçı cəmi 2000 manat borc alıb. Həmin 39000 manat da şişirdilmiş faizdir. 1000 manat qaytarılma məsələsinə gəldikdə, qarşı tərəfin bu məsələ barəsində də hər hansı sübutu yoxdur. Sadəcə iddia müddətinin ötürüldüyünü bilir və belə bir ifadə işlədir. Müddətin kəsilməsini iddia edirlər. İddiaçının təklifi ilə dindirilən şahid 20 yaşlı bir qızdır. Dediyinə görə 3 il ərzində bütün hadisələrdə İddiaçı yanında olub. Amma Cavabdeh fotoşəkildə ayırd edə bilmədi. Bu da yalançı şahidliyə dəlalət edir. 23000 və 33000 manat borcdan söhbət gedə bilməz, həmin qəbzlər tam əsassız olaraq, təzyiq altında cavabdehə yazdırılıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(060)-94/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, ilk iddia tələbini təmin edilməməsi hissəsini mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddia tələbinin təmin edilməməsi hissəsində müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X7 bildirmişdir ki, Zaidənin 4-cü mikrorayonda salonu var. O vaxtdan onunla tanış olmuşdurlar, heç bir qohumluq əlaqələri mövcud deyil. Zaidəni 2007-ci ildən bəri tanıyır. Əvvəl anası saç ustası kimi onun salonuna getmişdir, daha sonra bacısı və o getmişdir. Bildiyinə görə Zaidə xanım evini sataraq bacısı Tamellanın 14-cü məhəllədəki evinə köçmüşdür. Bacısının adı Tamelladır. Cavabdeh Tamellanın qonşusu idi. Cavabdeh Zaidə xanımı aldadaraq bildirmişdir ki, evi 1-ci mərtəbədədir, balkona çıxışı var, onun mənzilini alsa, gözəllik salonu edərək istifadə edə bilər. Zaidə Sevdaya inanaraq yazılı iltizamla ona 39 min manat məbləğində pul vermişdir. Həmin pulu Sevdanın atası götürmüşdür. Daha sonra Nizami 24 min manat məbləğində pulu 16 nömrəli məktəbin yanında Zaidəyə qaytarmışdır. Zaidə onu çağırmış, qalan 15 min manat üçün iltizam yazılmışdır. Daha sonra cavabdehə 8 min manat məbləğində pul verilmiş, birlikdə 23 min manat məbləğin verilməsinə dair iltizam yazılmışdır. Qarşı tərəf pulu qaytarmaq məqsədilə ya maşını, ya da evi satacaqlarını bildirmişdir. Bütün bu məsələlərdə zamin qismində Sevdanın atası Nizami çıxış etmişdir. 2017-ci ilin dekabr ayında yenidən 33 min manat məbləğində pul alınmışdır. Alınan məbləğdən sadəcə bu ilin fevral ayında 1000 manat Zaidənin evində qaytarılmışdır. Həmin ödəniş edilərkən o da orada olmuşdur. Sonra heç bir ödəniş edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh Rufulla qızı İddiaçı yoldaşına maşın almaq məqsədi ilə qaytarmaq şərti ilə 23.000 manat məbləğində pul alması barədə qeyd etmiş və onu imzalamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh Rufulla qızı İddiaçı maşın aldığına görə dekabrın 25-də qaytarmaq şərti ilə 33.000 manat məbləğində pul alması barədə qeyd etmiş və onu imzalamışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin 28 may 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, X1 müraciəti əsasında aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə xəttşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 4/133 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 24-cü vərəqində Cavabdeh adından olan xx.xx.2017-ci il tarixli və 25-ci vərəqdə olan xx.xx.2017-ci il tarixli iltizamlardakı yazılar və həmin iltizamların sonunda “İmza: Cavabdeh” yazılarının qarşısındakı imzalar ilə mülki işin 129-135-ci vərəqələrində olan Cavabdeh eksperimental xətt və imza nümunələri-eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 24-cü vərəqində Cavabdeh adından olan xx.xx.2017-ci il tarixli və 25-ci vərəqində olan xx.xx.2017-ci il tarixli iltizamlardakı yazılarda-əlyazmanın qeyri-adi psixofizioloji və hər hansı qeyri-adi şəraitdə (fiziki və psixi təsir altında) icra olunmasını xarakterizə edən əlamətlər müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsi ilk iddia tələbinə münasibətdə hesab etmişdir ki, borc tələbi üzrə iddia müddəti ötürüldüyündən iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edək qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, hazırkı iş üzrə tərəflər arasında borc münasibətləri mövcud olmuşdur və ilkin iddia tələbi borc münasibətlərindən irəli gəldiyindən ilkin İddiaçı Cavabdeh qarşı pul tələbinə üç illik iddia müddəti şamil edilməlidir. İş materiallarındakı mübahisə predmeti olan iltizamlardan görünür ki, xx.xx.2017-ci il tarixli iltizamda borcun hansı tarixdə qaytarılmalı olduğu qeyd edilməsə də, tarixinə görə ondan sonra – xx.xx.2017-ci il tarixdə verilən iltizamda borcun xx.xx.2017-ci il tarixdə qaytarılmaq şərtilə verildiyi qeyd edilmişdir. Bundan başqa İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh hər iki iltizam üzrə aldığı borcu ən geci 2017-ci ilin sonunadək qaytarmağı öhdəsinə götürmüşdür. Qanunvericiliyin iddia müddəti ilə əlaqədar münasibətləri tənzimləyən normalarına görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (Mülki Məcəllə maddə 377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (maddə 377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (maddə 377.3). Göründüyü kimi hər iki iltizam üzrə icra müddəti ən geci xx.xx.2017-ci il tarixdə bitmiş, müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin axımı xx.xx.2018-ci il tarixdə başlaması nəzərə alınarsa xx.xx.2021-ci il tarixdə bitmişdir. Hazırki işdən görünür ki, ilkin iddiaçı hazırki iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, bununla da qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddətini ötürmüşdür. İş materiallarından müəyyən edilir ki, öhdəliyin icra müddəti başa çatsa da, iddiaçı iddia müddəti ərzində, yəni 3 il müddətində cavabdehə qarşı iddia qaldırmamış, iddia müddətini ötürmüş, iddia müddətinin axımının dayandırılması və kəsilməsi halı da baş verməmişdir. Belə olan halda da, mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin iddia müddəti və onun tətbiqini müəyyən edən normalar baxımından iddia tələbi təmin edilə bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi və sair tələbləri barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “iltizamın etibarsız hesab edilməsi və sair tələbləri barədə” qarşılıqlı iddiasına dair 2(060)-5406/2021 saylı mülki iş vardır. Hesab edir ki, ilk iddia üzrə İddiaçı iddianın verilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, ilk İddiaçı 23.000 manat məbləğində pulu xx.xx.2017-ci il də həmin ilin sonunadək qaytarmaq şərtilə verdiyini bildirir. İlin sonundan 3 il hesablansa, bu 2020-ci ilin sonuncu gününə təsadüf edir. İddia ərizəsi isə 2021-ci ilin ortalarında verilmişdir. Bu tələb üzrə 3 illik iddia müddəti ötürülmüşdür. İlk İddiaçı 33.000 manat məbləğində borcu xx.xx.2017-ci il tarixdə xx.xx.2017-ci il tarixdə qaytarmaq şərtilə verdiyini bildirir. İstinad etdiyi iltizamdan da bu görünür. Müqavilə şərtinin yerinə yetirilməsi ilə bağlı 3 illik iddia müddəti xx.xx.2020ci il də bitmişdir. İddiaçı isə iddia tələbini 2021-ci ilin ortalarında irəli sürmüşdür. Bu tələb də 3 illik iddia müddəti ötürülmüşdür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2 və 373.3-cü maddələrinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn və müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli Qərarında qeyd edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir (380.1). Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir (380.2). İş materiallarından müəyyən edilir ki, ilkin iddiaçı qarşılıqlı iddiaçı tərəfindən borc üzrə 2021-ci ilin fevral ayında 1000 manat ödənildiyini bildirmişdir. Lakin qarşılıqlı iddiaçı belə bir ödəniş etmədiyini bildirmişdir. İlkin iddiaçı isə məhkəməyə qarşılıqlı iddiaçı tərəfindən ödəniş edildiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İlkin iddiaçının nümayəndəsi məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsinin 4cü Polis Bölməsinin 28 may 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında tərəflərin izahatında qeyd edilən 1000 manat ödənişin bu borca aid olduğunu, ilkin iddiaçı tərəfindən bu borca silindiyini bildirmişdir. Həmçinin şahid X3 həm borc verilərkən, həm iltizamlar yazılarkən, həm həmin borc üzrə edilən bütün ödənişlər zamanı tərəflərin yanında olması, tərəflərin borc münasibətləri ilə bağlı bütün xırdalıqları dəqiq bilməsi barədə ifadələrini inandırıcı və əsaslı şübhədən kənar mötəbər sübut hesab edilmir. Bundan başqa Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin 28 may 2021ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, ilkin İddiaçı Cavabdeh 39000 manat borc verdiyini, həmin məbləğdən 24000 manatın ödənildiyini, qalan 15000 manat borcun isə ödənilmədiyini bildirmişdir. Göründüyü kimi həm ilkin iddiaçı, həm də qarşılıqlı iddiaçı izahatlarında 24000 manat borcun qaytarıldığını etiraf etmişlər. Lakin onların hər ikisi bu ödənişin 39000 manat məbləğində olan borcla bağlı olduğunu bildirmişdir. İlkin iddiaçı məhkəmə iclasında verdiyi izahatında da qarşılıqlı iddiaçı tərəfindən edilən 24000 manat ödənişin bu iltizamlardan əvvəl tərtib edilmiş, başqa bir iltizamla, 39000 manat borcun alınması barədə iltizamla bağlı olduğunu bir daha təsdiqləmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbi üzrə iddia müddətinin kəsilməsinə səbəb olan hərəkət edilməmişdir. Qanunun tələbinə görə iddia müddətinin axımı o hallarda kəsilir ki, yalnız məhkəmədə iddia qaldırılmış olsun. Şəxsin polis və prokurorluq orqanlarına müraciət etməsi iddia müddətinin axımının kəsilməsinə əsas ola bilməz Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia tələbinin maddi ziyanın tutulması hissəsində əsassız olduğundan və təmin edilmədiyindən tələbin mənəvi ziyana dair hissəsi də təmin edilə bilməz. Belə ki, borcun vaxtında qaytarılmaması ilə əlaqədar ilkin iddiaçı tərəfindən tələb edilən mənəvi ziyan maddi ziyana dair hissə ilə əlaqəli tələb olduğundan həmin hissədə də təmin edilməməlidir. Bundan əlavə tələbin 141 manat hüquqi yardıma görə ödənilən vəsaitin cavabdehdən tutulması tələbinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, xidmət haqqının ödənilməsinə dair iş materiallarında hər hansı sübut mövcud olmadığından tələb həmin hissədə də təmin edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edək qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qanunvericiliyin tələblərinə görə iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə ilk iddia tələbinin təmin edilməməsinə dair gəlmiş olduğu nəticə ilə razılaşır. İş materiallarından görünür ki, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv olunmasını və iddiasının təmin olunmasını xahiş etsə də buna dair hər hansı bir sübüt təqdim etməmişdir. Onun apellyasiya şikayətində qeyd etdiyi dəlillər dəlillər də məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmişdir. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Rnespublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(060)-94/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İlk iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1436/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1436/2022
05.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver